| 
								 
								
								 Azərbaycan 
								Milli Konservatoriyasının nəzdində Musiqi 
								Kollecində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 
								125 illik yubileyinə həsr olunmuş gənc 
								ifaçıların müsabiqəsi keçirilir.  3 günlük 
								proqram üzrə təşkil olunan müsabiqənin açılışı 
								dekabrın 1-də Musiqi Kollecinin böyük zalında 
								oldu.  Mərasimi Musiqi Kollecinin direktoru, 
								Azərbaycan Respublikasının əməkdar incəsənət 
								xadimi, professor Nazim Kazımov açaraq müsabiqə 
								iştirakçılarını və qonaqları salamladı, 
								Azərbaycan Prezidentinin sərəncamına əsasən bu 
								il 125 illiyi bütün ölkədə geniş qeyd olunan 
								Üzeyir Hacıbəyliyə həsr etdikləri növbəti 
								tədbirə yığışdıqlarını bildirdi.  
								
								
								N.Kazımov diqqətə çatdırdı ki, Musiqi Kollecinin 
								kollektivi indiyədək dahi bəstəkarın yubileyi 
								münasibəti ilə iki böyük tədbir keçirib. 
								Kollecin tələbələri bu ilin aprelində Azərbaycan 
								Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 
								adını daşıyan Simfonik Orkestrin müşayiəti ilə 
								konsert veriblər. May ayında isə Rəşid Behbudov 
								adına Mahnı Teatrında kollecin tələbələrinin 
								Ü.Hacıbəyliyə həsr olunmuş konserti olub. 
								Açılışına toplaşdıqları gənc ifaçıların 
								müsabiqəsi bu silsilədən üçüncü tədbirdir. 
								
								
								Kollecin direktoru klassik musiqimizin banisi, 
								Azərbaycan musiqi elminin əsasını qoyan, 
								bəstəkar, dirijor, müəllim, publisist Üzeyir 
								Hacıbəylinin musiqi mədəniyyətimizin 
								inkişafındakı  böyük  rolundan söz açaraq, 
								Azərbaycan musiqisinin yüksək səviyyəyə 
								çatmasında, dünya miqyasında diqqətəlayiq 
								nailiyyətlər əldə etməsində Üzeyir Hacıbəylinin 
								misilsiz xidmətləri olduğunu söylədi. 
								
								
								Ü.Hacıbəylinin Azərbaycanda milli musiqi 
								kadrlarının hazırlanmasına böyük önəm verdiyini 
								xüsusi qeyd edən professor N.Kazımov onun bu 
								sahədə yorulmadan çalışdığını, müxtəlif illərdə 
								iki dəfə Musiqi Kollecinə  rəhbərlik etdiyini, 
								kollecin direktoru olduğu dövrlərdə onun 
								maddi-texniki bazasının möhkəmləndirilməsi, 
								milli kadrlarla təmin olunması və buraya 
								istedadlı azərbaycanlı gənclərin cəlbi 
								istiqamətində məqsədyönlü tədbirlər həyata 
								keçirdiyini vurğuladı. N.Kazımov çıxışının 
								sonunda müsabiqəyə qoşulmuş gənc ifaçılara 
								uğurlar arzuladı. 
								
								
								 Mərasimdə 
								kollecin musiqi nəzəriyyəsi ixtisası üzrə  
								müəllimi, sənətşünaslıq namizədi, dosent Xatirə 
								Həsənzadə Üzeyir Hacıbəylinin həyat və 
								yaradıcılığı haqqında məlumat verdi. 
								
								
								Ulu öndərimiz Heydər Əliyevin hər bir xalqın 
								özünəxas xüsusiyyətlərini təcəssüm etdirən 
								mədəniyyətin ölkəmizdə inkişafına böyük diqqət 
								və qayğı göstərdiyini, bu siyasətin onun varisi, 
								Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 
								uğurla davam etdirildiyini deyən X.Həsənzadə 
								böyük sənətkarımız Üzeyir Hacıbəylinin 125 illik 
								yubileyinin də məhz Prezidentin sərəncamı ilə 
								ölkəmizdə geniş qeyd olunduğunu, bu məqsədlə 
								silsilə tədbirlər keçirildiyini diqqətə 
								çatdırdı. Həmin tədbirlər arasında Musiqi 
								Kollecinin tədbirlərinin xüsusi yeri olduğunu 
								bildirdi. 
								
								
								X.Həsənzadə Ü.Hacıbəylinin musiqi 
								incəsənətimizin inkişafı üçün gördüyü işlərdən 
								danışdı, onu böyük tədqiqatçı alim, musiqi 
								xadimi və ictimai xadim kimi səciyyələndirdi, 
								yubileyi ilə bağlı keçirilən müsabiqəni ən 
								önəmli tədbirlərdən biri adlandırdı. Məruzəçi 
								çıxışının sonunda müsabiqənin gənc ifaçıların 
								taleyində yeni səhifə olacağına əminliyini ifadə 
								etdi, tədbirin təşkilatçılarına minnətdarlığını 
								bildirdi. 
								
								
								Sonra Musiqi Kolleci tələbələrinin müsabiqənin 
								açılışına həsr edilmiş konserti oldu. Müxtəlif 
								kurslarda təhsil alan tələbələrin, onlardan 
								ibarət skripkaçılar ansamblının ifa etdikləri 
								Ü.Hacıbəylinin "Arazbari", Ş.Qardeninin "Sehrli 
								bağın melodiyası", xalq mahnısı "Sarı gəlin", 
								C.Hacıyevin "Ballada", habelə "Dilkəş ahəngi" və 
								b. musiqi nömrələri mərasim iştirakçıları 
								tərəfindən maraqla izlənildi və alqışlandı. 
								
								
								Konsertdən sonra müsabiqədəki çıxışların sıra 
								ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma 
								keçirildi. 
								
								
								Məlumat üçün bildirək ki, təsdiq olunmuş 
								proqrama əsasən müsabiqə iki turda təşkil 
								olunub. Birinci tur dekabrın 1-də açılış 
								mərasimindən sonra keçirilib. İkinci tur isə bu 
								gündür. 
								
								
								Müsabiqə iştirakçılarının çıxışları Bakı Musiqi 
								Akademiyasının dosenti Məmməd Quliyevin 
								rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən 
								qiymətləndiriləcək, qaliblərə müvafiq diplom və 
								hədiyyələr təqdim olunacaq. 
								
								
								Müsabiqənin açılış mərasimində Azərbaycan Milli 
								Konservatoriyasının prorektoru, professor Akif 
								Quliyev, respublikanın əməkdar müəllimi Elmira 
								Paşayeva, paytaxtın, Sumqayıtın musiqi 
								kollecləri və məktəblərindən qonaqlar iştirak 
								edirdilər.  
								
								
								
								Yusif ƏLİYEV  |