| 
								 
								
								Dekabrın 2-də Təhsil Nazirliyi Azərbaycan Dövlət 
								Pedaqoji Universitetinin Pedaqoji fakültəsində 
								Dünya Bankının dəstəyi ilə  "Təhsil 
								nailiyyətlərinin qiymətləndirilməsi üzrə 
								magistratura proqramı" mövzusunda tədbir 
								keçirdi. Tədbirdə Təhsil Nazirliyinin Monitorinq 
								və qiymətləndirmə şöbəsinin əməkdaşları, 
								pedaqoji fakültənin professor - müəllim heyəti 
								və  qonaqlar iştirak edirdilər. 
								
								
								ADPU-nun pedaqoji fakültəsinin dekanı, professor 
								Fərrux Rüstəmov tədbirin əhəmiyyətindən 
								danışaraq bildirdi ki,  qiymət  müəllimin 
								öyrənənin şəxsiyyətinə təsir göstərmək, onu 
								təlimə istiqamətləndirmək və motivləşdirmək 
								məqsədilə  istifadə etdiyi çox qüvvətli  
								amildir. 
								
								
								Obyektiv qiymət təhsilalanda adekvat 
								özünüqiymətləndirmə və öz fəaliyyətinə, onun 
								nəticələrinə tənqidi münasibət formalaşdırır. 
								Müasir dövrdə ali təhsil sistemində pedaqoji 
								sistemin bütün elementlərini aşkarlamağa imkan 
								verən diaqnostik texnologiyaların yaradılması 
								sahəsində ciddi axtarışlar aparılır. 
								
								
								Professor Fərrux Rüstəmov onu da əlavə etdi ki, 
								respublikada ilk dəfə pedaqoji fakültənin 
								ibtidai sinif müəllimi ixtisasında "Təhsil  
								nəticələrinin qiymətləndirilməsi" fənni 30 saat 
								həcmində  tədris  olunur  və universitetdə 
								"Azərbaycan Respublikasının ümumi təhsil 
								sistemində qiymətləndirmə konsepsiyası", təlim- 
								tərbiyə prosesində monitorinq və qiymətləndirmə 
								və s. öyrədilir. 
								
								
								Dünya Bankının beynəlxalq məsləhətçisi  
								Algirdas  Zabulionis  sözügedən proqram 
								barəsində ətraflı  çıxış etdi  və  təhsil 
								nailiyyətlərinin qiymətləndirilməsi sahəsində 
								elmi- nəzəri yanaşmaları və onun 
								xüsusiyyətlərini  şərh etdi. Həmçinin təhsildə 
								qiymətləndirmə üzrə magistratura proqramlarının 
								ümumi məqsədlərini söylədi .  Təhsil üzrə  
								bakalavriat məzunlarına təklif edilən ikiillik 
								magistratura kursu  təhsildə nailiyyətlərin 
								qiymətləndirilməsinin əsas prinsiplərini dərk 
								etməyə imkan  yaradır. 
								
								
								Tədbirdə ADPU-nun professoru  Seyidağa Həmidov, 
								dosent Yaqut Rzayeva,  fizika-riyaziyyat və 
								informatika təmayüllü liseyin direktoru, 
								fizika-riyaziyyat elmləri üzrə  fəlsəfə doktoru  
								Tariyel Talıbov və başqaları   çıxış etdilər. 
								
								
								Tədbir diskussiya formasında başa çatdı.   
								
								
								
								Şakir CƏFƏROV  |