| 
								 
								
								
								Məmmədov Seymur Qəhrəman oğlu   
								
								
								1971-ci il sentyabrın 18-də Füzuli rayonunda 
								anadan olmuşdu. 1988-ci ildə  rayonlarındakı 2 
								nömrəli orta məktəbi bitirmişdi. Elə həmin il 
								Azərbaycan Politexnik İnstitutunun 
								elektrotexnika fakültəsinə daxil olmuşdu. O, 
								qiyabi təhsil almaqla yanaşı, həm də Füzuli 
								şəhər rabitə şöbəsində çalışmışdı. Seymur 
								1991-ci ildə hərbi xidmətə çağırılaraq Vladimir 
								vilayətinin Kovrov şəhərində artilleriya kursu 
								keçdikdən sonra Almaniyaya göndərilmişdi. Bir 
								müddət sonra isə xidmətini Ukraynanın Çerniqov 
								şəhərində davam etdirmişdi. Hərbi xidmətini başa 
								çatdırdıqdan sonra Vətənə qayıdaraq özünümüdafiə 
								batalyonuna yazılmışdı. Qarabağda erməni 
								işğalçılarına qarşı gedən qanlı döyüşlərdə və 
								çətin əməliyyatlarda fəal iştirak etmişdi. 
								
								
								S.Məmmədov 1992-ci il aprelin 1-də Məlikcanlı 
								kəndinin erməni işğalçılarından təmizlənməsi 
								uğrunda gedən qeyri-bərabər döyüşdə 
								qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 11 avqust 
								1992-ci il tarixli 131 nömrəli Fərmanı ilə 
								Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Təhsil aldığı orta məktəb onun adını daşıyır.  
								
								
								 Məmmədov 
								Səfəralı Qurban oğlu  
								
								
								1963-cü il oktyabrın 16-da Masallı rayonunun 
								Sərçuvar kəndində anadan olmuşdu. 1981-ci ildə 
								doğma kəndlərində orta məktəbi bitirmişdi. Həmin 
								il hərbi xidmətə çağırılmışdı. Minsk şəhərində 
								xidmətini başa çatdırdıqdan sonra ordudan tərxis 
								olunaraq, Krasnodar şəhərinə getmişdi. Burada 
								müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri 
								kimi fəaliyyətə başlamışdı. 1988-ci ildə xidməti 
								nəzərə alınaraq Bakı Xüsusi Orta Milis 
								Məktəbinin qiyabi şöbəsində təhsil almağa 
								göndərilmişdi. 1990-cı ildə məktəbi bitirərək öz 
								istəyi ilə Ağdam rayon DİŞ-də post-patrul 
								xidmətində vzvod komandiri təyin olunmuşdu. Elə 
								ilk günlərdən döyüş meydanında fəallıq göstərən 
								Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd 
								kəndində xeyli erməni girov götürmüşdü. 
								
								
								S.Məmmədov 1992-ci il fevralın 16-da Xocavənd 
								rayonunun Qaradağlı kəndində gedən döyüşdə 
								düşmənə sarsıdıcı zərbələr endirərkən 
								qəlpələrdən biri  kəmərindəki qumbaraya dəyərək, 
								onun həyatına son qoyub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 iyun 
								1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə 
								Məmmədov Səfəralı Qurban oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. 
								Masallı şəhərindəki küçələrdən biri və vaxtilə 
								təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun 
								adını daşıyır.  
								
								
								 Məmmədov 
								Xanoğlan Sadıq oğlu  
								
								
								1975-ci il fevralın 13-də Neftçala rayonunun 
								Qaraqaşlı kəndində anadan olmuşdu. Kəndlərindəki 
								məktəbdə səkkizinci sinfi bitirdikdən sonra 
								rayondakı 104 nömrəli texniki peşə məktəbində 
								təhsilini davam etdirmişdi. 1993-cü il aprelin 
								13-də Neftçala rayon Hərbi Komissarlığı 
								tərəfindən əsgəri xidmətə çağırılmışdı. Xanoğlan 
								topçu kimi əvvəlcə Səngəçalda, sonra isə 
								Çuxanlı, Pirəküşkül və Qaladakı hərbi hissələrdə 
								təcrübə məqsədilə xüsusi xidmət keçmişdi. Daha 
								sonra torpaqlarımızı erməni işğalçılarından 
								müdafiə etmək üçün Murovdağa göndərilmişdi. 
								Düşmənə qarşı gedən döyüşlərdə, keçirilən çətin 
								əməliyyatlarda mətinliyi, şücaəti ilə fərqlənən 
								Xanoğlanın 1995-ci ilin martında dövlət 
								çevrilişinə cəhdin qarşısının alınmasında da 
								müstəsna xidməti olmuşdu. 
								
								
								X.Məmmədov elə həmin ilin mart hadisələri zamanı 
								bir dəstə hakimiyyət hərisinə qarşı aparılan 
								mübarizədə əsl qəhrəmanlıq nümunəsi göstərir. 
								Lakin həmin  silahlı toqquşmada qarşı tərəfdən 
								atılan güllə onun həyatına son qoyur. 
								 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Rayonun Qaraqaşlı kəndində dəfn olunub. Neftçala 
								rayon mədəniyyət evi onun adını daşıyır.  
								
								
								 Mansurov 
								Bəhruz Qəhrəman oğlu  
								
								
								1975-ci il martın 13-də Yardımlı rayonunun 
								Telavar kəndində anadan olmuşdu. Orta təhsilini 
								doğma kəndlərindəki məktəbdə almışdı. Az sonra 
								Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin 
								sərhəd qoşunları fakültəsinə qəbul olmuşdu. 
								Bəhruz da 1995-ci ilin məlum mart hadisələri 
								zamanı - Azərbaycanın başı üstünü qara buludlar 
								alanda  bir qeyrətli vətən oğlu kimi əlinə silah 
								alaraq vətənin azadlığı uğrunda ayağa 
								qalxmışdı.  Həmin vaxt çağırışa tabe olmayan bu 
								dəstə öz çirkin əməllərini həyata keçirmək üçün 
								silahlı əməliyyata başladı. Bəhruz 
								cinayətkarlara qarşı aparılan əməliyyatda fəal 
								iştirak edir, yaralıların döyüş meydanından 
								çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi 
								göstərirdi.  
								
								
								B.Mansurov dövlət çevrilişinə cəhdin qarşısını 
								alarkən  qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Mansurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Yardımlı rayonunun Telavar kəndində dəfn olunub. 
								Təhsil aldığı orta məktəb onun adını daşıyır.  
								
								
								 Məhərrəmov 
								Asif Yusif oğlu  
								
								
								1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan 
								olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta 
								məktəbi bitirmiş, rayondakı Dəzgahqayırma 
								Zavodunda fəhlə kimi əmək fəaliyyətinə 
								başlamışdı. 1971-ci ildə hərbi xidmətə getmişdi. 
								1991-ci il noyabrın 15-də Ağdamda könüllü 
								özünümüdafiə taboru yaradaraq torpaqlarımızın 
								müdafiəsində yaxından iştirak etmişdi. Asif 
								1992-ci il martın 7-də 859 nömrəli hərbi 
								minaaxtaranlar hissəsinin komandiri təyin 
								edilmişdi. 1992-ci ildə Asifin köməyi ilə 
								Aranzəmin, Pircamal, Dəhraz, Xramort, Xanabad, 
								Fərrux, Sırxavənd, Canyataq, Gülyataq, Qarakənd 
								kəndləri düşməndən azad edilmişdi. Naxçıvanik 
								uğrunda gedən döyüşdə ağır yaralanan Asif 
								müalicə olunduqdan sonra yenidən cəbhəyə 
								qayıtmışdı. 
								
								
								A.Məhərrəmov 1993-cü ildə Şelli uğrunda gedən 
								döyüşdə iştirak etmiş, səhhəti ağırlaşdığından 
								hərbi hissəni təhvil verərək, müalicə məqsədilə 
								Yalta şəhərinə gedib və 1994-cü il iyulun 1-də 
								dünyasını dəyişib. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 
								1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə 
								Məhərrəmov Asif Yusif oğlu Azərbaycanın  Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Bakı səhərində 2-ci Şəhidlər xiyabanında dəfn 
								olunub. Bakı şəhərində adına küçə var.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |