| 
								 
								
								
								I. Ümumi müddəalar  
								
								
								1.1. Bu Əsasnamə Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 
								103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi 
								təhsil pilləsinin dövlət standartları və 
								proqramları (kurikulumları)" sənədinin 3.6-cı 
								bəndinə əsasən hazırlanmışdır. 
								
								
								1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində  
								ali idarəetmə orqanı hesab olunur, öz 
								fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. 
								
								
								1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura 
								pedaqoji kollektivin hər bir üzvünü müəssisənin 
								idarəolunmasına fəal cəlb etməklə demokratik 
								şəraitdə qarşıda duran aktual məsələləri 
								müzakirə edib kollegial qərarlar qəbul etmək 
								məqsədilə yaradılır. 
								
								
								1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət 
								pedaqoji kollektivi olan ümumi təhsil 
								müəssisəsində təşkil olunur.  
								
								
								
								II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin 
								təşkili  
								
								
								2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti 
								pedaqoji işçilər, müəssisənin həkimi və ictimai 
								əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn 
								komitəsinin) sədri daxil edilirlər. 
								
								
								2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın 
								sədri olur. Şuranın katibi hər dərs ili üçün ilk 
								şura iclasında onun üzvləri arasından seçilir. 
								
								
								2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı 
								şuranın ilk iclasında müzakirə olunduqdan sonra 
								müəssisənin illik ümumi Fəaliyyət planının 
								tərkibində təsdiq edilir.  
								
								
								2.4. Müzakirə olunan məsələlərlə bağlı zərurət 
								yarandığı hallarda Pedaqoji Şura iclaslarında 
								müəssisə rəhbərinin  dəvəti ilə bilavasitə 
								müəssisədə yaradılmış ictimai əsaslarla 
								fəaliyyət göstərən digər özünüidarə orqanlarının 
								(məktəb şurası, qəyyumlar və himayəçilər 
								şuraları, uşaq parlamenti), habelə  
								valideynlərin nümayəndələri məşvərətçi səs 
								hüququnda iştirak edə bilərlər. 
								
								
								2.5. Dərs ili ərzində müəssisədə keçirilən 
								Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət 
								qoyulmur. Şura iclaslarının keçirilməsi 
								zərurəti  müzakirəyə çıxarılan aktual 
								məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, 
								habelə özünüidarə orqanlarının təkliflərindən, 
								qaldırılan məsələlərdən asılı olaraq müəssisənin 
								direktoru tərəfindən müəyyən edilir. 
								
								
								2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə 
								Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura 
								qərarları adi səs çoxluğu ilə qəbul edilir. 
								
								
								2.7. Pedaqoji Şura qərarlarının icrasına nəzarət 
								bilavasitə müəssisənin direktoru tərəfindən 
								həyata keçirilir. 
								
								
								2.8. Pedaqoji Şuranın qərarları məktəb 
								direktorunun müvafiq əmrləri ilə 
								rəsmiləşdirilir.  
								
								
								
								III. Pedaqoji Şuranın vəzifələri  
								
								
								3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir: 
								
								
								3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti 
								və hökumətinin qərar və sərəncamlarının, Təhsil 
								Nazirliyinin kollegiya qərarlarının, əmr, 
								sərəncam və təlimatlarının, habelə digər 
								aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və 
								mahiyyəti  ilə kollektiv üzvlərini tanış etmək, 
								müəssisənin fəaliyyətinin dövlət siyasətinin 
								tələbləri əsasında qurulması üçün  səmərəli iş 
								sistemi yaradılmasına hərtərəfli köməklik 
								göstərmək. 
								
								
								3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr 
								keçirib müvafiq qərarlar qəbul etmək: 
								
								
								3.1.2.1. Müəssisənin illik və perspektiv 
								Fəaliyyət planlarının təsdiqi. 
								
								
								3.1.2.2. İllik və yarımillik hesabatların 
								dinlənilməsi*. 
								
								
								3.1.2.3. Fənlərin tədrisi vəziyyətinin 
								öyrənilməsinə dair monitorinqlərin nəticələri. 
								
								
								3.1.2.4. Pedaqoji innovasiyaların, qabaqcıl 
								pedaqoji təcrübə nümunələrinin tətbiqi, təhsilin 
								keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin 
								idarəolunmasının təkmilləşdirilməsi. 
								
								
								3.1.2.5. İstedadlı şagirdlərlə işin təşkili 
								istiqamətləri. 
								
								
								3.1.2.6. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar 
								məşğələlərin təşkili, dərnək, klub, studiya, 
								"Kiçik akademiya" və digər bu kimi şagird 
								birliklərinin fəaliyyəti. 
								
								
								3.1.2.7. Şagird kontingentinin sabit saxlanması, 
								icbari təhsilin yerinə yetirilməsi vəziyyəti. 
								
								
								3.1.2.8. Metodik şuranın və onun nəzdindəki fənn 
								komissiyalarının fəaliyyəti. 
								
								
								3.1.2.9. Müəssisənin iş rejiminin 
								təkmilləşdirilməsi. 
								
								
								3.1.2.10. Şagirdlərin sinifdən-sinfə 
								keçirilməsi, imtahanlara buraxılması, təkrar 
								sinifdə, habelə payız imtahanlarına saxlanması, 
								yay tədris tapşırığı alması. 
								
								
								3.1.2.11. Buraxılış imtahanlarının nəticələri, 
								məzunlara təhsil sənədlərinin verilməsi və s. 
								
								
								3.1.3. Pedaqoji Şura iclaslarında bunlarla 
								yanaşı, zəruri hesab edilən digər məsələlər də 
								müzakirə oluna bilər.  
								
								
								
								IV. Pedaqoji Şuranın hüquqları  
								
								
								4.1. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə 
								edib müvafiq qərar qəbul etmək hüququna 
								malikdir: 
								
								
								4.1.1. Yerli şəraitə uyğun olaraq, müəssisənin 
								iş rejimini müəyyənləşdirmək. 
								
								
								4.1.2. Tapşırılmış iş sahəsində səmərəli 
								fəaliyyəti ilə fərqlənən işçiləri, habelə 
								təlimdə uğurlu nəticələr qazanmış şagirdləri 
								təltifə təqdim etmək, rəğbətləndirmək və 
								mükafatlandırmaq. 
								
								
								4.1.3. Müəssisədaxili intizam qaydalarına və 
								əmək funksiyalarına əməl etməyən işçilər 
								barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər 
								görmək. 
								
								
								4.1.4. İbtidai təhsil səviyyəsində mövcud tədris 
								proqramlarını mənimsəməyən şagirdləri 
								psixoloji-tibbi-pedaqoji müayinəyə göndərmək. 
								
								
								4.1.5. Zəruri hallarda müəssisənin tipini 
								dəyişdirmək, müəssisədə istedadlı şagirdlər üçün 
								təmayüllü siniflər yaratmaq üçün vəsatət 
								qaldırmaq. 
								
								
								4.1.6. Ciddi tərbiyə şəraitinə ehtiyacı olan 
								oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə 
								göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar 
								qarşısında məsələ qaldırmaq. 
								
								
								4.1.7. Qanunvericiliklə müəyyən olunmuş digər 
								qərarlar qəbul etmək və s.  
								
								
								
								V. Pedaqoji Şuranın kargüzarlığı  
								
								
								5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən 
								edilmiş kitabda protokollaşdırılır. Müzakirə 
								edilən məsələlərlə bağlı hazırlanan məruzə və 
								hesabatlar ayrıca saxlanılır. 
								
								
								5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi 
								məktəb sənədi kimi nömrələnir, qaytanlanır və 
								tabe olduğu yuxarı orqanın rəhbəri və ya 
								aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən 
								təsdiq olunur. 
								
								
								5.3. Pedaqoji Şuranın protokolları kitabı 
								müəssisədə daimi saxlanılır.  
								
								
								* Müəssisənin direktoru və müavinlərinin, 
								həkimi, kitabxanaçısı və uşaq birliyi 
								rəhbərinin, metodik şuranın və fənn komissiyası 
								sədrlərinin, VMA (valideyn komitəsi) sədrinin və 
								digərlərinin hesabatları nəzərdə tutulur.  |