| 
								 
								
								Dekabrın 2-də Respublika İncəsənət 
								Gimnaziyasında  Azərbaycan musiqisinin klassiki, 
								görkəmli publisist, opera sənətinin banisi, dahi 
								bəstəkar Üzeyir Hacıbəylinin 125 illik 
								yubileyinə həsr olunmuş tədbir keçirildi. 
								 
								
								
								Əvvəlcə gimnaziyanın rəsm şöbəsinin 
								şagirdlərinin hazırladıqları Üzeyir Hacıbəylinin 
								həyat və yaradıcılığına həsr olunmuş rəsmlər 
								nümayiş olundu. Məktəbin akt zalında təşkil 
								olunan tədbirdə gimnaziyanın xor kollektivinin 
								təqdimatında musiqisi dahi bəstəkara aid 
								himnimiz  ifa edildi.  Tədbiri açıq elan edən 
								aparıcılar dahi bəstəkarın ömür yoluna nəzər 
								saldılar.  Bildirildi ki, Üzeyir Hacıbəyli 
								Azərbaycan musiqisi üçün əvəzolunmaz işlər 
								görərək, ölkəmizi dünya miqyasında tanıtmışdır. 
								Dahi bəstəkarın operettaları bu gün dünyada 
								tanınır və həvəslə baxılır. Bir sözlə, Üzeyir 
								Hacıbəylini Azərbaycan musiqisinin korifeyi, 
								banisi  kimi qiymətləndirmək olar.  
								
								
								Gimnaziyanın 11-ci sinif şagirdlərinin ifasında 
								Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərindən 
								parça nümayiş olundu. Təhsil ocağının 9-cu sinif 
								şagirdləri "Koroğlu" operasından musiqi 
								parçaları, teatr şöbəsinin şagirdlərinin 
								səhnələşdirdiyi  "Leyli və Məcnun", "O olmasın, 
								bu olsun" əsərlərindən səhnələr ifa etdilər. 
								Gimnaziyanın rəqs qrupunun şagirdlərinin ifa 
								etdikləri dahi bəstəkarın musiqilərindən 
								nümunələr tədbir iştirakçıları tərəfindən 
								rəğbətlə qarşılandı. 
								
								
								Sonda gimnaziyanın direktoru Mahizər Şabanbəyova 
								tədbirin hazırlanmasında əməyi olan hər kəsə 
								təşəkkürünü bildirdi və sözü qonaqlar adından 
								Milli Konservatoriyanın rektoru, xalq artisti, 
								professor Səyavuş Kərimiyə verdi. S.Kərimi 
								təhsil ocaqlarında belə tədbirlərin 
								keçirilməsinin tərəfdarı olduğunu dedi. O, 
								tədbirdə səhnələri özünəməxsus şəkildə ifa edən 
								İncəsənət Gimnaziyasının şagirdlərini təbrik 
								etdi.   
								
								
								
								Rəşad ZİYADOV   |