| 
								 
								
								İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin 
								ümumtəhsil məktəblərinin XI siniflərində 
								keçirilmiş buraxılış imtahanlarının nəticələrinə 
								həsr olunmuş mətbuat konfransı keçirildi. 
								
								
								 Təhsil 
								naziri Misir Mərdanov konfransı açaraq  KİV 
								nümayəndələrini salamladı, dəvəti  qəbul edib 
								gəldiklərinə görə onlara minnətdarlığını 
								bildirdi. Ümumtəhsil məktəblərinin XI 
								siniflərində mərkəzləşdirilmiş qaydada 
								keçirilmiş buraxılış imtahanlarının nəticələri 
								ilə media nümayəndələrini tanış edən nazir  
								imtahanlarda ölkə üzrə 88815 nəfərin (96,54 
								faiz) iştirak etdiyini və onlardan 74832- sinin 
								(84,26 faiz) müvəffəq qiymət aldığını söylədi. 
								Təhsil naziri əvvəlki illərlə müqayisədə 
								müvəffəq qiymət alanların sayının çoxaldığını 
								diqqətə çatdırdı.    
								
								
								Qeyd olundu ki, Bakı şəhərinin 11 rayonundakı, 
								Təhsil Nazirliyinə tabe olan və ali təhsil 
								müəssisələrinin nəzdindəki məktəblər üzrə 
								imtahanlarda 23222 nəfər XI sinif şagirdindən 
								23037-si (99,20 faiz) iştirak edib. Onlardan 
								21441 nəfər (93,07 faiz) müvəffəq qiymət alıb. 
								
								
								Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt 
								şəhərləri üzrə imtahanlarda  8168 şagirdin 
								iştirakı nəzərdə tutulsa da, 8048-i (98,53 faiz) 
								bu  imtahanlara qatılıb və 7420-si  (92,20 faiz) 
								müsbət nəticə göstərib.  Ölkəmizin 59 kənd 
								rayonunun ümumtəhsil məktəblərinin XI 
								siniflərini bitirmiş  60152 nəfərdən  57273-ü 
								(95,21 faiz) imtahanda iştirak edib və onlardan 
								45515-i (79,47 faiz) müvəffəqiyyət qazanıb.
								 
								
								
								Bakı şəhəri məktəbləri  üzrə imtahanlarda 24933, 
								Sumqayıt şəhəri üzrə isə 4083 nəfər iştirak 
								edib. Bakı şəhəri üzrə ümumi nəticə 92,74 
								faizdir.  Bakı şəhərinin rayonları arasında ən 
								yüksək nəticə - 95,45 faiz Xətai rayonuna  
								məxsusdur. Nazir paytaxtın digər  rayonlarında, 
								eləcə də respublikanın bölgələrində keçirilən  
								imtahanların nəticələri ilə bağlı statistik 
								rəqəmləri açıqladı,  bu il 14 minə yaxın XI 
								sinif şagirdinin  bir və ya bir neçə fəndən 
								qeyri-kafi qiymət aldığını bildirdi. 
								
								
								 Verilən 
								məlumatdan aydın oldu ki, cari dərs ilində  
								müxtəlif fənn olimpiadaları və beynəlxalq 
								səviyyəli  idman yarışlarının qalibi olduğuna 
								görə 51 və müvafiq qaydalar əsasında - xəstə 
								olmaları, evdə təhsil almaları  və digər 
								səbəblərdən isə  551 nəfər  buraxılış 
								imtahanlarından azad olunub.  
								
								
								Nazir  eksternat qaydasında imtahan vermək  üçün 
								də hər cür şəraitin yaradıldığını, əsas və orta 
								təhsil  kursu üzrə 103, habelə bu il   buraxılış 
								imtahanlarında üzrlü səbəbdən iştirak etməyən 13 
								nəfərin iyunun 23-də həmin qayda ilə  imtahan 
								verəcəyini bildirdi. 
								
								
								Təhsil naziri  imtahanlarla bağlı yaradılmış 
								apelyasiya komissiyasının fəaliyyətə başladığını 
								qeyd etdi.  Şagirdlərin apelyasiya 
								müraciətlərinin təhsil aldıqları rayon və 
								şəhərlərin təhsil şöbələrində  qəbul edildiyini 
								deyən nazir  Bakı şəhərində  həmin komissiyanın 
								276 nömrəli məktəbdə təşkil olunduğunu söylədi. 
								Qeyd olundu ki, yerlərdə imtahanlarla bağlı 
								ərizə və şikayətlərin qəbulu 2010-cu il 26 iyun 
								tarixinədək davam edəcək. 
								
								
								Mətbuat konfransında daha sonra bildirildi ki, 
								ötən tədris illərində mərkəzləşdirilmiş qaydada 
								keçirilmiş buraxılış imtahanlarında bir və ya 
								bir neçə fəndən qeyri-kafi qiymət almış  8586 
								nəfər imtahan vermək üçün müraciət edib, 6413 
								nəfərin  (74,69 faiz) orta təhsil kursu üzrə  
								təkrar buraxılış imtahanlarında iştirakı təmin 
								olunub. Onlardan  3852 nəfər (60,07 faiz) 
								müvəffəq, 2173 nəfər (25,31 faiz) isə qeyri-kafi 
								qiymət alıb. Nazir orta təhsil kursu üzrə 
								buraxılış imtahanlarının nəticələrinin  
								yekunlaşdırıldığını, imtahan aparılan fənlər 
								üzrə  imtahan verənlərin attestatına yazılan 
								yekun qiymətləri barədə məlumatların Təhsil 
								Nazirliyinin İnternet saytının  (www.edu.gov.az) 
								imtahan bölməsində yerləşdirildiyini və bu il 
								tətbiq edilən yeniliklərdən birinin  gənclərin 
								İnternetdən  imtahanların nəticələri ilə yanaşı, 
								onlara verilən attestatların seriya və 
								nömrələrini də öyrənə bilmələri olduğunu 
								söylədi. Təhsil naziri  Bakı və Sumqayıt 
								şəhərlərində artıq  attestatların verilməsinə 
								başlanıldığını diqqətə çatdırdı.  
								
								
								Nazir Misir Mərdanov ölkənin orta  ümumtəhsil 
								məktəblərində mərkəzləşdirilmiş qaydada 
								keçirilən buraxılış imtahanlarına ildən -ilə 
								daha məsuliyyət və tələbkarlıqla yanaşıldığını 
								deyərək, bunun şagirdlərin imtahan nəticələrinə 
								öz müsbət təsirini göstərdiyini söylədi. Orta 
								təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada 
								keçirilən buraxılış imtahanlarının əhəmiyyətinə 
								toxunan nazir  onu da bildirdi ki, XI sinfin 
								attestatını almaq üçün şagird minimum biliyə və 
								bacarığa malik olmalıdır. 
								
								
								Nazir  daha sonra ölkə təhsilində tətbiq edilən 
								yeni qiymətləndirmə sistemindən, məktəbdaxili,  
								milli  və beynəlxalq qiymətləndirmə 
								proqlamlarının həyata keçirilməsindən, bu sahədə 
								görüləsi vacib işlər  barədə ətraflı söz açdı.
								 
								
								
								Konfransın sonunda  təhsil naziri Misir Mərdanov 
								KİV nümayəndələrinin çoxsaylı suallarını 
								cavablandırdı. 
								
								
								
								Samirə KƏRİMOVA  |