| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə ümumi təhsil 
								sahəsində mövcud olan problemlər və onların 
								həlli istiqamətində atılacaq addımlar barədə 
								fikirlərimi sizinlə bölüşməyə çalışacağam.
								 
								
								
								 Məlumdur 
								ki, ümumi təhsilin insanın formalaşmasında 
								müstəsna əhəmiyyəti vardır. O da sirr deyil ki, 
								ümumi təhsil yeganə təhsil pilləsidir ki, bütün 
								insanlar buradan keçməli olur, gələcək həyatını 
								və fəaliyyətini müəyyənləşdirir.  
								
								
								Bu mənada, hesab edirəm ki, son 10 ildə 
								Azərbaycanda aparılan təhsil islahatlarının daha 
								çox ümumi təhsil pilləsini əhatə etməsi heç də 
								təsadüfi deyildir. Son illərdə ümumi təhsildə 
								əhəmiyyətli irəliləyişlər baş vermiş, məktəb 
								infrastrukturu əsaslı şəkildə təkmilləşdirilmiş, 
								məzmun yeniləşdirilmiş, yeni nəsil dərsliklər 
								hazırlanıb tətbiq edilmiş, yeni qiymətləndirmə 
								sisteminə keçilmiş, İKT-nin ümumi təhsilə geniş 
								inteqrasiyası baş tutmuşdur və sair. Onu da 
								vurğulamaq lazımdır ki, Azərbaycanda ümumi 
								təhsil sahəsində əldə edilən nailiyyətlər nəinki 
								MDB məkanında, demək olar ki, regionda və 
								dünyada qəbul olunmuşdur və təhsil ekspertləri 
								tərəfindən geniş müzakirə edilməkdədir. Təsadüfi 
								deyildir ki, Dünya Bankının 2010-cu ildə yaydığı 
								hesabatda qeyd olunur ki, "Azərbaycan təhsil 
								sistemi əhəmiyyətli nailiyyətlər əldə etmişdir". 
								
								
								Əlbəttə, bu yüksək nailiyyətlərə kölgə salmadan, 
								ümumi təhsil sistemində mövcud olan bir sıra 
								problemlərə öz münasibətimi bildirmək istəyirəm. 
								
								
								İlk növbədə, məktəb şəbəkəsinin 
								rasionallaşdırılması barədə. Hazırda 
								Azərbaycanda 4525 ümumtəhsil məktəbi fəaliyyət 
								göstərir. Onlardan 368-i ibtidai (I-IV 
								siniflər), 869-u ümumi orta (I-IX siniflər), 
								3288-i tam orta (I-XI siniflər) məktəblərdir. 
								Nailiyyət kimi qeyd olunmalıdır ki, böyük və ya 
								kiçik olmasından asılı olmayaraq, hazırda 
								ölkəmizin hər bir yaşayış məntəqəsində məktəb 
								fəaliyyət göstərir. 
								
								
								Lakin Təhsil Nazirliyi tərəfindən aparılmış 
								təhlillər göstərir ki, 1336 (29,5%) məktəbdə 
								şagirdlərin sayı 100 nəfərdən aşağıdır. Belə ki, 
								315 ibtidai məktəbdə şagirdlərin sayı 30-dək, 38 
								məktəbdə 50-dək, 9 məktəbdə isə 100-dəkdir. 89 
								ümumi orta məktəbdə şagirdlərin sayı 30-dək, 154 
								məktəbdə 50-dək, 325 məktəbdə 100-dəkdir. Eyni 
								zamanda 9 tam orta məktəbdə şagirdlərin sayı 
								30-dək, 74 məktəbdə 50-dək, 323 məktəbdə 
								100-dəkdir. Bölgələr üzrə problemi araşdırarkən 
								məlum olmuşdur ki, Laçın rayonunda 103, Kəlbəcər 
								rayonunda 81, Ağdam və Lerik rayonlarında 70, 
								Quba rayonunda 68, Xaçmaz rayonunda 52, 
								Cəlilabad, İsmayıllı, Ağsu, Qusar rayonlarında 
								41-45, Daşkəsən, Şamaxı, Yardımlı, Gədəbəy, 
								Fizuli rayonlarında 31-38, Goranboy, Qax, Şəki, 
								Şabran, Tovuz, Göygöl, Neftçala rayonlarında 
								20-29 belə məktəb mövcuddur ki, onlarda 
								şagirdlərin sayı kifayət qədər deyildir. 
								
								
								Ölkə üzrə 77 ibtidai məktəbdə şagirdlərin sayı 
								10 nəfərdən aşağıdır, 21 məktəbdə isə hətta 
								5-dən azdır. 
								
								
								Təhlil göstərmişdir ki, 18 ümumi orta məktəbin 
								şagirdlərinin sayı 20 nəfərdən azdır, onlardan 
								7-də isə təhsilalanların sayı 10 nəfərdən azdır. 
								
								
								Eyni zamanda 9 tam orta məktəbdə şagirdlərin 
								sayı 30 nəfərdən aşağıdır. Hətta onların 
								içərisində 19-25 nəfər şagirdi olan məktəblər də 
								mövcuddur. 74 tam orta məktəbdə isə şagirdlərin 
								sayı 50 nəfərədəkdir. 
								
								
								Aparılan təhlillər bununla bağlı olan daha bir 
								problemi aşkara çıxarmışdır. Məlum olmuşdur ki, 
								şəhərlər və məcburi köçkün rayonları istisna 
								olmaqla, 222 yaşayış məntəqəsində iki və daha 
								çox məktəb fəaliyyət göstərir. Bir sıra yaşayış 
								məntəqələrində buna ehtiyac olsa da, bəzi 
								kəndlərdə müxtəlif vaxtlarda ehtiyac olmadan 
								sayca ikinci, üçüncü, dördüncü məktəblər 
								yaradılmışdır və azsaylı şagird kontingenti ilə 
								fəaliyyət göstərir. 
								
								
								Azsaylı şagird kontingenti olan məktəblərin ən 
								böyük problemi pedaqoji kadr təminatı ilə 
								bağlıdır. Belə məktəblərdə sinif komplektləri və 
								bununla əlaqədar dərs saatları xeyli az 
								olduğundan onları ixtisaslı müəllimlərlə təmin 
								etmək qeyri-mümkün olur və əksər hallarda 
								ayrı-ayrı fənlər qeyri-ixtisaslı müəllimlər 
								tərəfindən tədris edilir. Bu səbəbdən də həmin 
								məktəblərdə keyfiyyəti təmin etmək həllolunmaz 
								bir problemə çevrilir. 
								
								
								Qeyd edim ki, bu problem məni daim düşündürürdü. 
								Bu məqsədlə beynəlxalq təcrübənin öyrənilməsi 
								qərarına gəldik. Həm bir sıra postsovet 
								ölkələrində, həm də inkişaf etmiş ölkələrdə bu 
								sahədə təcrübəni öyrəndik. Məlum oldu ki, həmin 
								ölkələrdə məktəb şagirdin yanına deyil, şagird 
								məktəbin yanına aparılır. Lakin daşınma məsələsi 
								yüksək səviyyədə həll olunur. 
								
								
								Mövcud problemlərin həlli məqsədilə Təhsil 
								Nazirliyi tərəfindən beynəlxalq təcrübə əsasında 
								pilot olaraq Ucar rayonu üçün rasionallaşdırma 
								planı hazırlanmışdır. Rasionallaşdırma planı 
								həmin rayonda aparılmış təhlillərə, monitorinq 
								və qiymətləndirmələrə əsaslanaraq 4 ümumi orta 
								məktəbin bağlanmasını, bağlanacaq məktəblərin 
								şagirdlərinin digər böyük məktəblərə 
								daşınmasını, bir sıra kadr resurslarının 
								ixtisarı nəticəsində şagird - müəllim nisbətinin 
								yüksəldilməsini və nəticədə məktəb şəbəkəsinin 
								səmərələşdirilməsini əhatə etmişdir. Bununla 
								əlaqədar hazırda Maliyyə və İqtisadi İnkişaf 
								nazirlikləri ilə məsləhətləşmələr aparılır. 
								Rasionallaşdırma aparıldıqdan sonra nəticələr 
								təhlil ediləcək, ölkə səviyyəsində məktəb 
								şəbəkəsinin rasionallaşdırılması üzrə Dövlət 
								Proqramı hazırlanacaqdır. 
								
								
								Ümumi təhsil sistemində mövcud olan ciddi 
								problemlərdən biri də ixtisasartırma ilə 
								bağlıdır. Etiraf edim ki, müəllimlərin 
								bacarıqlarının artırılmasında mühüm əhəmiyyət 
								kəsb edən ixtisasartırma təhsili üzrə beynəlxalq 
								təşkilatlarla birlikdə müəyyən işlər görsək də, 
								problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin 
								mühüm tərkib hissəsi olan bu sahədə dünya 
								təcrübəsinə uyğun müasir model və mexanizmlər 
								hazırlasaq da, praktikada səmərəli tətbiq edə 
								bilməmişik. Təhlil göstərir ki, əlavə təhsil 
								müəssisələrində "öyrədənlər" özləri kifayət 
								qədər peşəkar və səriştəli deyildir, 
								müəllimlərin ehtiyacları lazımi səviyyədə 
								qiymətləndirilmir, mövcud ixtisasartırma 
								proqramları müəllimlərin ehtiyaclarını təmin 
								etmir, fəal təlim texnologiyalarının tətbiqinə 
								diqqət yetirilmir, ixtisasartırmanın 
								nəticələrinə görə müəllim fəaliyyəti 
								stimullaşdırılmır.  
								
								
								İxtisasartırma təhsili müəssisələrində 
								müəllimlərin ixtisasları üzrə lazımi bilik və 
								bacarıqlara yiyələnməməsi cəmiyyətdə həmin 
								təhsil müəssisələrinə inamın azalmasına və haqlı 
								narazılıqlara səbəb olur. İxtisasartırma 
								təhsilinə hər il on minlərlə müəllim cəlb 
								olunur, xeyli dövlət vəsaiti sərf edilir, lakin 
								bunun müqabilində müəllimlər lazımi bacarıqlar 
								əldə etmirlər, bu kursların formal olduğunu 
								bilərək, ümumiyyətlə, ixtisasartırma 
								tədbirlərinə həvəslə gəlmirlər.  
								
								
								Qeyd etmək lazımdır ki, əlavə təhsilin əsas 
								istiqamətlərindən biri olan ixtisasartırma 
								təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili 
								sahəsində problemlərdən biri də ixtisasartırma 
								təhsili müəssisələri tərəfindən təklif edilən 
								proqramların bu təhsilə cəlb olunan müəllimlərin 
								ehtiyaclarına uyğun hazırlanmaması, ümumiyyətlə, 
								bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi 
								sahəsində etibarlı mexanizmlərin işlənməməsi ilə 
								bağlıdır.  
								
								
								Etiraf etmək lazımdır ki, bu sahədə sovet 
								dövründəki təcrübədən çox da uzağa gedə 
								bilməmişik. O zaman da hər 5 ildən bir 
								müəllimlər məcburi şəkildə ixtisasartırma 
								kurslarına göndərilirdilər, formal olaraq 
								kursdan keçmələri barədə sənəd alırdılar. 
								Xatırlayıram ki, həmin dövrdə Bakı Dövlət 
								Universitetində işləyərkən mən də belə 
								kurslardan keçmişəm, hətta Moskva Dövlət 
								Universitetində ixtisasartırma və stajkeçmə 
								tədbirlərində də iştirak etmişəm. Lakin bu 
								kurslar müddətindən asılı olmayaraq, müəllimlərə 
								praktik vərdişlər aşılamırdı, bir çox hallarda o 
								zamankı SSRİ-nin müxtəlif şəhərlərinə 
								ixtisasartırma kurslarına və stajkeçməyə 
								göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat 
								işləri ilə əlaqədar problemlərinin həllinə daha 
								çox səy göstərirdilər.  
								
								
								Hesab edirəm ki, müəllimlərin peşəkarlığının 
								artırılması sahəsində mövcud olan ciddi 
								problemlərdən biri də metodik xidmətin lazımi 
								səviyyədə təşkil edilməməsi, rayon təhsil 
								şöbələri metodkabinetlərinin öz funksiyalarını 
								lazımi səviyyədə yerinə yetirə bilməməsidir. Bu 
								yaxınlarda Təhsil Nazirliyi tərəfindən ölkədə 
								metodik xidmətin təşkili vəziyyəti 
								araşdırılarkən məlum olmuşdur ki, hazırda bu 
								xidməti həyata keçirən 763 nəfər metodistdən 221 
								nəfəri (30%) pensiya yaşındadır, 249 nəfəri 
								(32%) isə praktik pedaqoji fəaliyyətlə məşğul 
								olmur. RTŞ metodkabinetlərindən 42-də kimya, 
								50-də biologiya, 58-də fizika, 65-də 
								informatika, 44-də fiziki tərbiyə, 53-də əmək 
								hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 
								23-də isə ibtidai təhsil ixtisasları üzrə 
								metodist yoxdur.  
								
								
								Təhsilin məzmunu, xüsusilə fənn kurikulumlarının 
								tətbiqi, yeni pedaqoji texnologiyaların, müasir 
								təlim metodları və strategiyalarının öyrənilməsi 
								və tətbiqi işinin təşkili, bu sahədə məktəb və 
								metodbirləşmə rəhbərlərinin, müəllimlərin işinin 
								istiqamətləndirilməsi, fənlərin tədrisi 
								metodikasının təkmilləşdirilməsi, yeni 
								qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar 
								təlim seminarlarının keçirilməsi, 
								innovasiyaların yayılması, yeni pedaqoji 
								texnologiyalardan istifadəyə dair tövsiyələrin 
								hazırlanması məsələləri əksər metodkabinetlərin 
								fəaliyyət istiqamətinə çevrilməmişdir. 
								
								
								Əlbəttə, belə bir vəziyyətdə müəllimlərin 
								peşəkar inkişafına bilavasitə xidmət etməli olan 
								metodkabinetlərin səmərəli fəaliyyətindən 
								danışmaq olarmı? Hesab edirəm ki, yox. Bu 
								səbəbdən mövcud metodkabinetlərin strukturunun 
								təkmilləşdirilməsi, onların daha çox resurs 
								mərkəzlərinə çevrilməsi zəruri məsələlərdəndir. 
								Digər tərəfdən, metodistlərin fəaliyyətinin 
								təhlili, onların tərkibinin səriştəli müəllimlər 
								hesabına yeniləşdirilməsi də xüsusi aktuallıq 
								kəsb edir.  
								
								
								Bu sahədə ən ciddi problemlərdən biri də 
								"öyrədən"lərin hazırlıq səviyyəsinin müasir 
								tələbləri ödəməməsi ilə bağlıdır. Gələcəkdə 
								diqqət yetirəcəyimiz əsas məsələlərdən biri də 
								məhz daha çox sayda peşəkar və səriştəli 
								"trener"lərin hazırlanmasıdır.  
								
								
								Daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq 
								istəyirəm. 2008-2009-cu dərs ilindən ümumtəhsil 
								məktəblərinin I siniflərində yeni fənn 
								kurikulumlarının tətbiqinə başlamışıq. Yeni 
								kurikulum tətbiq edilən siniflərdə işləyən 18 
								minədək müəllim üçün treninqlər keçirmişik. Ötən 
								müddətdə aparılan monitorinqlər göstərir ki, heç 
								də bütün müəllimlər həmin treninqlərdə lazımi 
								bacarıqlara yiyələnməmişlər. Bunun əsas 
								səbəblərindən biri məhz kifayət qədər peşəkar 
								"trener"lərin olmamasıdır. Hazırda növbəti dərs 
								ilində I siniflərdə işləyəcək müəllimlər üçün 
								treninqlərin keçirilməsi sahəsində iş aparırıq. 
								Məni düşündürən və narahat edən odur ki, treninq 
								materialları müəllim üçün zəruri olan 
								məlumatları özündə əks etdirsin, anlaşıqlı dildə 
								olsun və müəllimə elə formada təqdim edilsin ki, 
								o, praktikada qazandığı bacarıqları tətbiq edə 
								bilsin. Təsəvvür edin ki, müəllimlər tam yeni 
								məlumatları - fənn kurikulumlarının strukturu və 
								məzmunu, yeni təlim strategiyaları, təlimin 
								planlaşdırılması, yeni qiymətləndirmə 
								mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin 
								xüsusiyyətlərini mənimsəməli, həm də praktik 
								bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta 
								təklif etdim ki, mənim iştirakımla 
								"trener"lərdən biri canlı bir treninq təşkil 
								etsin və biz qiymətləndirmə aparıb aydınlaşdıraq 
								ki, ölkəmizin ucqar bir kənd məktəbində işləyən 
								müəllim keçiriləcək treninqdən lazımi 
								bacarıqları əldə edə biləcəkmi.  
								
								
								Onu da qeyd etmək istəyirəm ki, əslində, 
								treninqlər ixtisasartırma təhsili 
								müəssisələrində bu müəssisələrin əməkdaşları 
								tərəfindən keçirilməlidir, lakin təəssüflər 
								olsun ki, həmin müəssisələrdə kifayət qədər 
								səriştəli və bu məsuliyyətli işi çiyinlərində 
								apara biləcək əməkdaşların sayı çox azdır.
								 
								
								
								Digər bir çətinlik onunla bağlıdır ki, istər 
								orta məktəb, istərsə də ali məktəb müəllimləri 
								köhnə üsullarla işləməyi daha asan yol kimi 
								seçirlər, yeniliyə, yeni metodların tətbiqinə 
								səy göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, 
								fəal/interaktiv təlim metodlarının tətbiqi 
								sahəsində iş aparır. Beynəlxalq təşkilatlarla 
								birlikdə çoxlu layihələr həyata keçirmişik, 
								minlərlə müəllim hazırlamışıq. Lakin narahatlıq 
								doğuran haldır ki, hələ də fəal/interaktiv təlim 
								ixtisasartırma təhsili müəssisələrinin 
								fəaliyyətinin əsas istiqamətinə çevrilməyib, bir 
								sıra hallarda bu sahədə iş pərakəndə formada 
								aparılır. Təəssüf ki, müasir dövrdə fəal təlim 
								texnologiyalarının keyfiyyətli təhsilin əsası 
								olması hamı tərəfindən dərk edilmir. 
								
								
								Doğrudur, son illərdə Azərbaycan Müəllimlər 
								İnstitutu tərəfindən əlavə təhsilin 
								təkmilləşdirilməsi istiqamətində müsbət addımlar 
								atılıb, bir sıra məzmun dəyişiklikləri edilib, 
								proqramlar yeniləşdirilib, təlimlərin 
								keçirilməsi üçün lazımi infrastruktur 
								formalaşdırılıb. Lakin hesab edirəm ki, 
								müəllimlərin peşəkarlıq səviyyəsinin 
								yüksəldilməsi sahəsində AMİ və onun 
								filiallarının səyləri daha da artırılmalıdır. 
								Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutu bu proseslərə daha 
								fəal cəlb olunmalı, təşəbbüskarlığı 
								artırmalıdır. İxtisasartırma təhsili 
								müəssisələrində "öyrədənlər"in tərkibinin 
								keyfiyyətcə yaxşılaşdırılması istiqamətində 
								ciddi tədbirlər həyata keçirilməlidir. 
								 
								
								
								Eyni zamanda ölkə təhsili üçün belə həlledici 
								məqamda müəllim hazırlığı ilə məşğul olan ali 
								məktəblərin seyrçi mövqe tutması daha 
								narahatedici haldır. Son illərdə yeni 
								kurikulumun tətbiqi ilə əlaqədar ümumtəhsil 
								məktəblərində bu istiqamətdə müəyyən addımlar 
								atılsa da, pedaqoji profilli ali məktəblərdə elə 
								bir iş görülməmişdir.  
								
								
								On ildir ki, Təhsil Nazirliyinin fəal təlim üzrə 
								strategiyası həyata keçirilir, ali 
								məktəblərimizin proqramlarında bununla əlaqədar 
								dəyişikliklər aparılmır, professor - müəllim 
								heyətinin müasir təlim strategiyaları haqqında 
								məlumatı yoxdur. Sual yaranır: onların 
								hazırladıqları müəllimlər bu bacarıqlara necə 
								yiyələnməlidirlər? Hesab edirəm ki, pedaqoji 
								profilli ali təhsil müəssisələri bu sahədəki 
								fəaliyyətlərini təkmilləşdirməli, təsirli 
								tədbirlər görməlidirlər. 
								
								
								Bu sahədə mövcud problemlərin aradan 
								qaldırılması məqsədilə Təhsil Nazirliyi 
								tərəfindən "Fasiləsiz pedaqoji təhsil və müəllim 
								hazırlığının konsepsiya və strategiyası" sənədi 
								hazırlandı və 2007-ci ildə hökumət tərəfindən 
								təsdiq olundu. Bu sənəddə gələcək üçün müəyyən 
								etdiyimiz perspektivlər, əsasən, təkmil 
								normativ-hüquqi bazanın yaradılması, bu sistemdə 
								zəruri struktur dəyişikliklərinin aparılması, 
								yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, 
								müasir monitorinq və qiymətləndirmə sisteminin 
								tətbiqi öz əksini tapmışdır.  
								
								
								Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq 
								təhsil ictimaiyyəti tərəfindən geniş müzakirə 
								olunan məsələlərdən biridir. Konsepsiyanın 
								yeniliyini və hazırda təhsil sistemimiz üçün 
								əhəmiyyətini nəzərə alaraq, bu barədə bir qədər 
								ətraflı məlumat vermək istərdim.  
								
								
								Müasir dövrdə əlavə təhsil və peşəkarlıq 
								səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz 
								təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas 
								müəssisəsini bitirən və təhsil haqqında dövlət 
								sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil 
								almaq imkanları sistemi kimi başa düşülür. Bu, 
								bir tərəfdən müəllimin yaradıcılıq potensialının 
								inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin 
								və onun idarə edilməsinin müasirləşdirilməsi 
								məqsədilə pedaqoji işçilərin və rəhbər pedaqoji 
								kadrların peşə hazırlığının, elmi-pedaqoji 
								qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin 
								müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət 
								edir.  
								
								
								Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf 
								etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və 
								dövlətin təhsil tələbatlarının hərtərəfli 
								ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə 
								əlavə olaraq təhsil proqramları və xidmətləri 
								vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsilin 
								hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi 
								şəxsiyyətin inkişafından, intellektual və peşə 
								baxımından onun fasiləsiz təkmilləşdirilməsindən 
								ibarətdir. Əlavə təhsil proqramlarına 
								ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil 
								müəssisələrində, dayaq məntəqələrində və 
								ümumiyyətlə, müvafiq lisenziyası olan digər 
								müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü 
								təhsil proqramları daxildir.  
								
								
								Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, 
								təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, 
								yaşlıların təhsili və s. kimi istiqamətləri 
								müəyyənləşdirilmişdir. Əlbəttə, bu 
								istiqamətlərin hamısı barədə məlumat vermək 
								çətin olardı, onlardan yalnız bəzilərinə 
								toxunmaq istəyirəm.  
								
								
								İxtisasartırma təhsili dedikdə, pedaqoji 
								kadrların və rəhbər pedaqoji işçilərin öz peşə 
								fəaliyyəti dövründə (və ya müəyyən müddət 
								pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi 
								olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, 
								elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə 
								şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o 
								cümlədən yenilikləri və dəyişiklikləri əks 
								etdirən tədris plan və proqramları üzrə təhsil 
								almaları nəzərdə tutulur.  
								
								
								Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək 
								ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri 
								biliklərin təcrübi bacarıq və vərdişlərlə 
								əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas 
								təhsili müəssisələri üzrə pedaqoji heyətin 
								ixtisasının artırılması üçün nəzərdə tutulan 
								tədris plan və proqramlarına, lazım gəldikdə, 
								stajkeçməyə dair ayrıca blok əlavə olunur. 
								Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan 
								da qabaqcıl texnika və texnologiya ilə tanış 
								olmaq məqsədilə elmi laboratoriya və 
								emalatxanalarda stajkeçmə tədbirləri təşkil 
								edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi 
								pedaqogika, psixologiya və metodika sahələri 
								üzrə bilik və bacarıqların artırılması ilə 
								tamamlanaraq, həmin kateqoriyadan olan 
								müəllimlərin tam əlavə təhsilini təmin edir. 
								
								
								Stajkeçmə ikimərhələli proses olmaqla, 
								peşə-ixtisas təhsili müəssisələrində çalışan 
								professor-müəllim, pedaqoji kadr, 
								mühəndis-müəllim kimi kateqoriyalı işçilərin 
								əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali 
								məktəblərin baza kafedraları, müvafiq 
								ixtisasartırma müəssisələri və fakültələri, 
								ixtisas profilinə uyğun elm, təhsil və 
								istehsalat müəssisələri, təcrübə-sınaq 
								stansiyaları aiddir. 
								
								
								Kadrların təkmilləşdirilməsi prosesi əlavə 
								təhsildə gedən bir proses olmaqla, tədrisin 
								keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır 
								və aşağıdakı proseslərin və ya tədbirlərin 
								vəhdətini özündə ehtiva edir: 
								
								
								- pedaqoji, psixoloji, metodiki sahədə, dərs 
								vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və 
								proqramlarında, təlim və informasiya 
								texnologiyalarında olan yeniliklərlə operativ 
								tanışlıq, öz həmkarları ilə təcrübə mübadiləsi; 
								distant ötürmə vasitəsilə yeni materialların 
								əldə olunması, bu istiqamətdə fikir 
								mübadilələrinin aparılması; aktual mövzuların 
								dinlənilməsi üçün sahə üzrə qabaqcıl 
								mütəxəssislərin dayaq məntəqələrinə dəvət 
								olunması, problem mövzular ətrafında təhlillərin 
								təşkili; dərslərdə kollektiv iştirak, konkret 
								metodikanın aprobasiyası, nəticələrin təhlili; 
								kadr hazırlığı, əlavə təhsil sahəsində tətbiq 
								olunan plan və proqramlara, eləcə də yeni 
								dərslik və dərs vəsaitlərinə dair 
								əsaslandırılmış təkliflərin verilməsi; 
								"öyrədənləri öyrədən" statuslu müəllim və 
								metodistlərlə diskussiyaların keçirilməsi; daimi 
								özünütəhsil.  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												¹  | 
												
												
												Mövcud ixtisasartırma sistemi | 
												
												
												Yeni ixtisasartırma sistemi | 
											 
											
												| 
												
												1 | 
												
												
												Kurslar həmişə eyni müəssisələr 
												tərəfindən həyata keçirilir. 
												Rəqabət mühiti olmandığınndan 
												ixtisasartırma proqramlarının 
												keyfiyyəti yüksək olmur. | 
												
												
												Kursların müxtəlif müəssisələr, 
												təşkilatlar tərəfindən təklif 
												olunması və həyata keçirilməsi 
												rəqabət mühiti formalaşdırır və 
												nəticədə ixtisasartırma 
												təhsilinin keyfiyyəti yüksəlir.      | 
											 
											
												| 
												
												2 | 
												
												
												Kurslar həmişə eyni müəssisələr 
												tərəfindən təklif olunduğundan 
												təlimlər də həmişə eyni şəxslər 
												tərəfindən həyata keçirilir. | 
												
												
												Kurslar müxtəlif müəssisələr, 
												təşkilatlar tərəfindən həyata 
												keçirildiyindən təlimçilərin də 
												sayı çoxalır, təlimçilərin 
												hazırlanmasına xüsusi diqqət 
												yetirilir.    | 
											 
											
												| 
												
												3 | 
												
												
												Mövcud ixtisasartırma sistemi 
												eyni variantda proqram təklif 
												edir və müəllimlər təklif olunan 
												yeganə proqramı qəbul etməyə 
												məcbur olurlar. Tələbat və 
												ehtiyacnlara uyğun proqramları 
												seçim imkanı olmur. | 
												
												
												Yeni modeldə 3 modul üzrə 
												çoxsaylı proqramlar təklif 
												edilir. Müəllimlər ehtiyac və 
												tələblərinə uyğun olaraq həmin 
												proqramlardan istədiklərini 
												seçirlər. | 
											 
											
												| 
												
												4 | 
												
												
												Hazırda təklif edilən 
												ixtisasartırma kursnlarının 
												məzmunu və təlimçilər əvvəlcədən 
												qiymətləndirilmir. | 
												
												
												Yeni modeldə akkreditasiya 
												prosesi nəzərdə tutulur ki, 
												burada təklif olunan kursların 
												məzmununun, o cümlədən 
												təlimçilərin minimum keyfiyyət 
												tələblərinə cavab verməsi 
												yoxlanılır. Yalnız kursun 
												məzmunu və təlimçilər tələblərə 
												cavab verdikdə proqram akkreditə 
												olunur. | 
											 
											
												| 
												
												5 | 
												
												
												İxtisasartırma təhsilinin icbari 
												olmaması müəllimlərin bu 
												təhsildən yayınmasına imkan 
												yaradır. Çünki ixtisasartırma 
												təhsilindən keçməməyə görə 
												müəllim barəsində heç bir tədbir 
												görülmür və bu onun fəaliyyətinə 
												təsir etmir. | 
												
												
												Rəhbər və pedaqoji kadrlar 
												icbari olaraq müəyyən edilmiş 
												ixtisasartırma dövründə təlim 
												kursundan keçirlər. 
												İxtisasartırma kreditlərinin 
												toplanması növbəti dövr üçün 
												əmək müqaviləsinin uzadılması 
												üçün əsas şərtlərdən birinə 
												çevrilir. | 
											 
											
												| 
												
												6 | 
												
												
												Bütün kateqoriyalardan olan 
												rəhbər və pedaqoji kadrlar üçün 
												eyni müddətli (5 il) 
												ixtisasartırma dövrü müəyyən 
												edilir. | 
												
												
												Rəhbər və pedaqoji kadrların bu 
												və ya digər kateqoriyası üçün 
												müxtəlif müddətli ixtisasartırma 
												dövrü müəyyən edilir. Məsələn, 
												idarəetmə sahəsində kadr 
												dəyişiklikləri tez-tez baş 
												verdiyi üçün onların 
												ixtisasartırması üçün 5 illik 
												müddət optimal hesab olunmur. 
												 | 
											 
											
												| 
												
												7 | 
												
												
												Stimullaşdırıcı amillərin 
												olmaması ixtisasnartırma 
												təhsilinə marağı azaldır. | 
												
												
												Stimullaşdırıcı amillərin olması 
												nəticəsində ixtisasartırma 
												təhsilinə maraq artır. Belə ki, 
												ixtisasartırma təhsilinin 
												nəticəsi hər bir rəhbər və 
												pedaqoji işçinin əməkhaqqına 
												müvafiq artımların edilməsində, 
												nəticədə irəli çəkilməsində, 
												fəxri adlara və dövlət 
												təltiflərinə layiq görülməsində 
												və sair hallarda nəzərə alınır. | 
											 
											
												| 
												
												8 | 
												
												
												Hazırkı ixtisasartırma 
												sistemində keyfiyyətin təminatı, 
												monitorinqi və dəyərləndirməsi 
												sistemi mövcud deyil. | 
												
												
												Yeni modeldə Təhsil Nazirliyində 
												ixtisasartırma ilə bağlı müvafiq 
												struktur bölmənin yaradılması 
												nəzərdə tutulur ki, bu bölmənin 
												də əsas funksiyalarından biri 
												həyata keçirilən ixtisasartırma 
												təhsilinin keyfiyyətinin 
												təminatı, monitorinqi və 
												dəyərləndirilməsi kimi 
												müəyyənləşdirilir. | 
											 
											
												| 
												
												9 | 
												
												
												Kurslar əsasən ixtisasartırma 
												təhsili müəsnsinsələrində 
												keçirilir. Bu da bir sıra 
												hallarda müəlnlimlərin 
												ixtisasartırma təhnsinlinndən 
												yanyınnmasına səbəb olur (ezamiyyə 
												xərclərinin ödənilməməsi, qadın 
												müəllimlərin rayondan kənara 
												çıxmaq istəməməsi və s.). | 
												
												
												Yeni modeldə ixtisasartırma 
												təhsili bütün mümkün hallarda 
												yerlərdə həyata keçirilir (hazırda 
												yeni kurikulum üzrə aparılan 
												təlimlər kimi). | 
											 
											
												| 
												
												10 | 
												
												
												Bir ixtisasartırma dövründə nə 
												zaman və harada kursdan keçmək 
												məsələsi müəssisələr tərəfindən 
												müəyyənləşdirilir. | 
												
												
												Bir ixtisasartırma dövründə 
												modullar üzrə nə zaman və harada 
												kursdan keçməyi hər bir rəhbər 
												və pedaqoji kadr özü müəyyən 
												edir.  | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə 
								təhsilin yuxarıda göstərilən digər tərkib 
								hissələrinə təkanverici proses xarakteri 
								daşıyır, özünütəhsil formasında müəllim 
								hazırlığının fasiləsizliyini təmin edir. 
								Pedaqoji kadrların mütəmadi olaraq 
								təkmilləşdirilməsi gələcək ixtisasartırma və 
								yenidənhazırlanma təhsilini formalaşdırır, 
								müəllimlərin ilkin hazırlığı prosesində mövcud 
								olan çatışmazlıqların aradan qaldırılmasını və 
								onların hazırlığının keyfiyyətcə yüksək 
								səviyyədə olmasını təmin edir.  
								
								
								Müasir dövrdə əlavə təhsil və peşəkarlıq 
								səviyyəsinin inkişaf etdirilməsi ixtisasartırma 
								və ya baza peşə-ixtisas təhsili müəssisələrində 
								treninqlər, təhsil müəssisəsi şəraitində 
								treninqlər, kaskad modeli üzrə treninqlər 
								("öyrədən"lərin öyrədilməsi və müəllimlərin 
								dayaq məntəqələri vasitəsilə ixtisasartırma və 
								təkmilləşmə proseslərinə cəlb edilməsi), 
								texnologiyalara əsaslanan treninqlər, distant 
								təhsil, mentorluq, şəxsi tədqiqata əsaslanan 
								ixtisasartırma və təkmilləşmə, müxtəlif 
								təşkilatlar tərəfindən ixtisasartırma 
								sistemindən kənar keçirilən kurslar və 
								treninqlər kimi modellər üzrə həyata keçirilir. 
								
								
								İxtisasartırma təhsili sahəsində beynəlxalq 
								təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu 
								sahədə fərqli mexanizmlər tətbiq olunur, 
								ixtisasartırma təhsili modul-kredit sisteminə 
								əsaslanaraq 3 moduldan ibarət təşkil olunur. Hər 
								modul üzrə kreditin həcmi müəyyənləşdirilir. 
								Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji 
								məsələləri, ikinci modul tədris metodikası və 
								təlim strategiyalarını, üçüncü modul isə sərbəst 
								modul adlanır və seçmə kursları, yəni müəllimin 
								arzusuna uyğun təşkil ediləcək kursları əhatə 
								edir. Xüsusi vurğulamaq lazımdır ki, 
								ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl 
								hər bir müəllimin bacarıqlarının ilkin 
								diaqnostikası aparılır (giriş 
								qiymətləndirilməsi), treninq proqramları da 
								qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. 
								Sonda isə yekun monitorinq aparılır (çıxış 
								qiymətləndirilməsi). Modullar üzrə zəruri 
								kreditləri toplayan müəllimlər sertifikat alır, 
								bu sertifikatlarda kursun adı, müəllimin əldə 
								etdiyi bacarıqların səviyyəsi, saatların 
								miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. 
								Bu sənəd müəllimin karyerasının inkişafı və 
								əməyinin stimullaşdırılmasında mühüm rol oynayır 
								ki, bu da ixtisasartırma təhsilinin statusunu 
								yüksəldir və ona marağı artırır.  
								
								
								Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir 
								ki, təhsil müəssisələri və ictimaiyyət 
								müəllimlərə verilən sertifikatlara inanır və onu 
								qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl 
								kursun, treninqin monitorinqi aparılır, həm 
								"öyrədən"lərin, həm də "öyrənən"lərin fəaliyyəti 
								dəqiq qiymətləndirilir. Eyni zamanda bu 
								monitorinq və qiymətləndirmə mexanizmi işinin 
								daha da təkmilləşdirilməsi üçün təkliflərin 
								hazırlanmasına imkan verir.  
								
								
								Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin 
								maliyyələşdirilməsi də bizdə olduğundan tam 
								fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili 
								üçün vəsait əsasən bu təhsili həyata keçirən 
								müəssisələrə verilir. Yəni həmin müəssisənin 
								təqdim etdiyi xidmətin səviyyəsindən asılı 
								olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili 
								müəssisəsinə yönəldilir. 
								
								
								Dünya təcrübəsində isə belə təhsil müəssisələri 
								vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını 
								elan edirlər, bu proqramlar akkreditasiyadan 
								keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin 
								seçimi əsasında kurslar təşkil edilir və 
								ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait 
								həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin 
								təklif etdiyi proqramlar müəllimlər tərəfindən 
								seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə 
								bilmir. Bir fərq də ondan ibarətdir ki, 
								ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət 
								təhsil müəssisələrində həyata keçirilir, 
								beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə 
								yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, 
								QHT-lər məşğul olurlar ki, bu da rəqabət 
								mühitinin formalaşmasına gətirib çıxarır. 
								 
								
								
								Onu da qeyd edim ki, son illərdə mütəxəssislərin 
								və beynəlxalq məsləhətçilərin iştirakı ilə 
								Təhsil Nazirliyinin müvafiq şöbələri tərəfindən 
								əlavə təhsil sahəsində yuxarıda sadalanan yeni 
								mexanizmlərə keçidi nəzərdə tutan qaydalar 
								hazırlanmış və təsdiq üçün hökumətə təqdim 
								edilmişdir. Eyni zamanda Dünya Bankı ilə birgə 
								həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı 
								üzrə İkinci Layihə çərçivəsində növbəti dərs 
								ilində I siniflərdə işləyəcək müəllimlərin 
								ixtisasının artırılması sahəsində yeni 
								mexanizmlərin tətbiqinə başlamışıq.  
								
								
								Tətbiq edilən yeni ixtisasartırma modeli mövcud 
								modelə nisbətən bir sıra üstünlüklərə malikdir.
								 
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri,  
								fizika-riyaziyyat elmləri doktoru, professor  |