| 
								 
								
								İyunun 21-də "Park İnn" mehmanxanasında 
								"Elektron təhsil" müsabiqəsinin yekunları ilə 
								bağlı mərasim keçirildi. 
								
								
								Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, 
								Təşkilat Komitəsi və münsiflər heyətinin 
								üzvləri, müsabiqəni dəstəkləyən şirkət və 
								qurumların,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, 
								Sumqayıt Şəhər Təhsil Şöbəsinin, bir sıra rayon 
								təhsil şöbələrinin və təhsil müəssisələrinin 
								rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər və 
								KİV təmsilçiləri iştirak edirdilər. 
								
								
								 Tədbirdə 
								öncə "Elektron təhsil" müsabiqəsinin təşkili və 
								keçirilməsi ilə bağlı videoçarx nümayiş 
								etdirildi. 
								
								
								Mərasimdə bildirildi ki, Təhsil Nazirliyinin 
								təşəbbüsü ilə təşkil edilən müsabiqəyə aprelin 
								6-dan start verilib. "2008-2012-ci illərdə 
								Azərbaycan Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
								çərçivəsində həyata keçirilən müsabiqə 
								"Microsoft Azərbaycan", "İntel" korporasiyasının 
								"Gələcək üçün təhsil" proqramı, "AZEDUNET", 
								"Ultra", HP, "Azerfon-Vodafone" və "Mədəd" 
								təşkilatları tərəfindən dəstəklənib.  
								
								
								Sonra çıxış üçün söz Azərbaycan Respublikasının 
								təhsil naziri Misir Mərdanova verildi. 2010-cu 
								ilin Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT 
								ili" elan edildiyini xatırladan Misir Mərdanov 
								keçən müddət ərzində İKT ilə bağlı silsilə 
								tədbirlərin həyata keçirildiyini dedi və bugünkü 
								mərasimin həmin tədbirlərin ən önəmlisi olduğunu 
								vurğuladı. Nazir təklifi qəbul edib müsabiqənin 
								keçirilməsində yaxından iştirak edən bütün 
								təşkilat və şirkətlərə Azərbaycanın təhsil 
								ictimaiyyəti adından təşəkkürünü bildirdi. Nazir 
								bu müsabiqədə rəqabətin gözlənildiyindən də 
								yüksək olduğunu və qısa müddət ərzində 1475 
								nəfərin qeydiyyatdan keçdiyini, onların arasında 
								müəllimlərin çoxluq təşkil etdiyini diqqətə 
								çatdırdı. Şagirdlərin də bu işdə fəal iştirak 
								etməsi faktını Azərbaycanın inkişafının 
								göstəricisi kimi dəyərləndirdi. Nazir Misir 
								Mərdanov qeyd etdi ki, müsabiqədə Bakı və 
								Sumqayıtla yanaşı, respublikanın digər bölgələri 
								də təmsil olunub. 
								
								
								Təhsil naziri çıxışının sonunda ayrı-ayrı 
								nominasiyalar üzrə bütün qalibləri təbrik edərək 
								onlara gələcək fəaliyyətlərində yeni-yeni 
								nailiyyətlər və şəxsi həyatlarında uğurlar 
								arzuladı. 
								
								
								Verilən məlumata görə, iki istiqamət üzrə təşkil 
								edilən müsabiqədə təhsil müəssisələrində 
								çalışanlar və müəllimlərin təkmilləşdirilməsi 
								ilə məşğul olanlar, valideynlər, şagirdlər, 
								həmçinin pedaqoji ali təhsil müəssisələrinin 
								tələbələri və aspirantları iştirak edib. 
								İştirakçıların və istifadəçilərin daha çevik və 
								effektiv münasibətlər qurması üçün müsabiqənin 
								İnternet resursu hazırlanıb. 
								(www.musabiqe.edu.az) İlk dəfə olaraq 
								istifadəçilər üçün onlayn müzakirə imkanları 
								yaradılıb.  
								
								
								1500-ə yaxın sənəd qeydiyyatdan keçsə də, 
								müsabiqədə yalnız 810 layihə iştirak etmiş, 
								onların arasından 5 nominasiya üzrə 89 nominant 
								seçilmişdir.  
								
								
								"Müasir məktəbdə elektron tədris resursları" 
								istiqaməti üzrə müsabiqəyə elektron tədris 
								resurslarının tədris prosesində əməli tətbiqinə 
								aid olan metodiki tədris materialları təqdim 
								edilib. Qaliblər "Fənlərin tədrisində 
								informasiya texnologiyalarından istifadə üzrə ən 
								yaxşı metodika", "İbtidai təhsil sistemində 
								informasiya texnologiyalarından istifadə üzrə ən 
								yaxşı metodika" və "Elektron tədris 
								vəsaitlərindən istifadə edilməklə qurulan tədris 
								prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə 
								müəyyən olunub. "Təhsildə İnternet 
								texnologiyaları" istiqaməti üzrə müsabiqəyə 
								təhsil məzmunlu İnternet resursları, bloqlar və 
								digər İnternet layihələri təqdim edilib. 
								Qaliblər "Təhsildə İnternet resursları"  və  
								"Müəllimlərin  bloqları" nominasiyaları üzrə 
								müəyyən olunub.  
								
								
								Münsiflər heyəti adından çıxış edən Azərbaycan 
								Milli Elmlər Akademiyasının Kibernetika 
								İnstitutunun əməkdaşı Elxan Səbziyev qaliblərin 
								seçilməsi prosesi haqqında ətraflı məlumat 
								verdi. Daha sonra mükafatların təqdim olunması 
								mərasimi keçirildi. 5 nominasiyanın hər biri 
								üzrə qaliblərə diplomlar, xüsusi mükafatlar 
								təqdim olundu. Müsabiqənin qalibləri və 
								həvəsləndirici mükafatlara layiq görülənlər 
								təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
								 
								
								
								
								Hicran ƏKBƏROVA  |