| 
								 
								
								Tədris etdiyim Azərbaycan dili  və ədəbiyyat 
								fənləri üzrə tez-tez "açıq dərs"lər təşkil 
								edirəm. İnteraktiv təlim metodlarının 
								tələblərinə uyğun olaraq tədris etdiyim 
								mövzularda fəndaxili və fənlərarası əlaqələr 
								yaradıram.  
								
								
								 Direktorun 
								Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 
								iştirakı ilə  Azərbaycan dili fənnindən "Felin 
								təsriflənməyən formaları", ədəbiyyat fənnindən 
								F.Kərimzadənin "Xudafərin körpüsü" romanı, 
								Ş.İ.Xətainin" Dəhnamə" poeması, "M.P.Vaqifin 
								həyat və yaradıcılığı" mövzularında keçdiyim 
								"açıq dərs"lərdə interaktiv təlim  metodlarından 
								istifadə etməklə  yüksək nəticələr əldə etmişəm. 
								Dərslərimin bir-birinə bənzəməməsi üçün müxtəlif 
								yanaşma üsullarından istifadə etməyə çalışıram. 
								Səkkizinci sinifdə son "açıq dərs"im 
								Azərbaycanın ilk xalq şairi S.Vurğunun 
								ev-muzeyində oldu. Dərsdə muzeyin əməkdaşları, 
								Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak 
								edirdilər. Şagirdləri "Vətən", "Xalq", "Torpaq" 
								adlı qruplara bölərək, dərsin ilk mərhələsində 
								dahi şairin öz ifasında "Bahar" şeirini 
								səsləndirdim. Sonra isə klaster metodundan 
								istifadə edərək şagirdlərə tapşırıq verdim. 
								Müəyyən olunan vaxt bitdikdən sonra "Xalq" 
								qrupunun lideri  Aynurə Əliyeva sualları 
								cavablandırdı. "Vətən" qrupundan Emin və Jalə 
								"Azərbaycan" şeirini söylədilər. Şagirdlər şeiri 
								ifa etdikcə  proyektorla  Vətənimizin gözəl 
								mənzərələrini nümayiş etdirdim. Dərsin birinci 
								mərhələsində qrupları qiymətləndirib, onlara 
								BİBÖ cədvəli təqdim etdim. Şairin həyat və 
								yaradıcılığı haqqında  bildiklərini və bilmək 
								istədiklərini, öyrəndiklərini yazmağı tapşırdım. 
								Bura şairin şeirlərinin, həyatı haqqında 
								məlumatların, müasirlərinin S.Vurğun haqqında 
								fikirlərinin, şair haqqında xatirələrin də aid 
								olduğunu bildirdim. "Xalq" qrupundan  Sənanın 
								sazla ifa etdiyi həzin aşıq havasının sədaları 
								altında Aynurə "Yadıma düşdü" şeirini, "Vətən" 
								qrupundan Aysel və Lalə  şairin  müharibə  
								mövzusunda  yazdığı  şeirini  söylədilər.  
								"Torpaq" qrupundan Nərmin  və  Dilarə  
								müasirlərinin şair haqqında xatirələrini 
								danışdılar. Pərviz unudulmaz şairimizin adının  
								əbədiləşdirilməsindən  söz  açdı.  
								
								
								Dərsin  ikinci mərhələsində  şagirdlərin 
								biliklərini qiymətləndirdim, üçüncü mərhələdə 
								isə qruplara krossvordlar verdim. Şagirdlərin 
								cavablarını qiymətləndirib, onlara şairin həyat 
								və yaradıcılığından bəhs edən testlər verdim. 
								İKT vasitəsilə şairin sözlərinə bəstələnmiş "Bir 
								diyarın eşqinə" mahnısını səsləndirdim. 
								Şagirdlər musiqi sədaları altında testləri 
								cavablandırdılar. Liderlərin təqdimatlarını 
								dinləyib, meyarlar üzrə şagirdləri 
								qiymətləndirdim. Dərsdə fəal iştirak edən qrupu 
								elan etdim. Sonra şagirdlər S.Vurğunun "Vaqif" 
								mənzum dramından bir parçaya tamaşa etdilər. 
								S.Vurğun haqqında şagirdlərə geniş məlumat 
								verdim. Dərsi ulu öndərimiz Heydər Əliyevin 
								1996-cı il martın 7-də şairin 90 illik 
								yubileyində söylədiyi sözlərlə bitirdim: "Səməd 
								Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə 
								ən yüksək hörmətə layiq olubdur. Azərbaycan 
								dilini hər bir azərbaycanlı üçün doğma, şirin, 
								sevimli dil edibdir. Bu da S.Vurğunun Azərbaycan 
								xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən 
								biridir". 
								
								
								Dərsin sonunda muzeyin əməkdaşları şagirdlərə 
								S.Vurğunun şeirlər kitabını hədiyyə edib, 
								muzeydəki eksponatlar haqqında məlumat verdilər. 
								
								
								
								Təranə BAĞIROVA, 
								Bakıdakı 164 nömrəli orta məktəbin müəllimi  |