| 
								 
								
								Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun rektoru, 
								fizika-riyaziyyat elmləri doktoru, professor 
								Asəf Zamanov bu yaxınlarda Latviyada xidməti 
								ezamiyyədə olmuşdur. Əməkdaşımız səfərlə 
								əlaqədar professor Asəf Zamanovdan müsahibə 
								almışdır. Həmin müsahibədən bəzi məqamları dərc 
								etməyi məqsədəuyğun saydıq.  
								
								
								- Əsası ümummilli liderimiz Heydər Əliyev 
								tərəfindən qoyulmuş, hazırda Azərbaycan 
								Respublikasının Prezidenti möhtərəm İlham 
								Əliyevin apardığı uğurlu daxili və xarici 
								siyasət, fəaliyyətin bütün sahələrində olduğu 
								kimi, elm və təhsil sahəsində də özünü göstərir. 
								Elm və ali təhsil müəssisələrinin beynəlxalq 
								əlaqələrinin davamlı inkişafı, Azərbaycan 
								alimlərinin dünyanın ən nüfuzlu elm və təhsil 
								mərkəzlərinin təşkil etdikləri beynəlxalq elmi 
								konfranslarda, simpoziumlarda, qurultaylarda 
								iştirakı məhz həmin bu siyasətin böyük 
								uğurlarındandır. Biz də bir ali məktəb olaraq 
								beynəlxalq əməkdaşlığı fəaliyyətimizin prioritet 
								istiqamətlərindən hesab edirik. 
								
								
								Təhsil naziri, professor Misir Mərdanovun 
								məsləhətləri və tapşırığı əsasında Latviyanın 
								müvafiq ali təhsil müəssisələri ilə də 
								əməkdaşlıq imkanlarını araşdırmışıq. Qeyd edim 
								ki, informasiya-kommunikasiya texnologiyalarının 
								köməyi ilə tədris prosesinin təşkili (distant 
								təhsil) sahəsində Latviyanın aparıcı ali 
								məktəblərinin xeyli təcrübəsi var. Onlardan biri 
								də Riqa Texniki Universitetidir. Adıçəkilən 
								universitetin rektoru, akademik İvars Knets və 
								müvafiq mütəxəssisləri ilə bizim institutda 
								ixtisasartırmanın və təkmilləşdirmənin distant 
								yolla da həyata keçirilməsinə dair məsələləri 
								müzakirə etdik. Yaxın gələcəkdə bu layihəni 
								reallaşdırmağı planlaşdırırıq. 
								
								
								Sosial iş və menecment ixtisasları üzrə 
								mütəxəssislər hazırlamaq, müxtəlif beynəlxalq 
								təhsil proqramları və layihələri çərçivəsində, 
								müəllimlərin peşə fəaliyyətində ixtisaslarının 
								artırılması sahəsində, elmi-tədqiqat və təhsil 
								fəaliyyəti sahəsində ikitərəfli əməkdaşlığın 
								genişləndirilməsi və dərinləşdirilməsinə olan 
								maraqlarımızı nəzərə alaraq Latviyanın Sosial iş 
								və Sosial Pedaqogika Ali Məktəbi ilə əməkdaşlığa 
								dair həmin təhsil müəssisəsinin rektoru, 
								professor Ayna Vilçinya ilə müqavilə imzaladıq.
								 
								
								
								Sosial statusundan, siyasi, dini və milli 
								mənsubiyyətindən asılı olmayaraq hər bir insanın 
								sosial qəyyumluğa ehtiyacı var. Bu sosial 
								qəyyumluq yaşlanma və ya sağlamlığın funksional 
								pozulması səbəbindən insanın özünə sosial 
								təminatında obyektiv çətinliklər yaradır. Sosial 
								qəyyumluq evdə, pasiyentin yaşayış yerində  və 
								s. göstərilə bilər. Sosial qəyyumluq üzrə 
								mütəxəssisin pasiyenti yaşlı, fiziki imkanları 
								məhdud, əqli zəif insanlar, həmçinin uşaqlar ola 
								bilər. 
								
								
								Sosial qəyyumluq üzrə mütəxəssisə  bütün 
								ölkələrdə ehtiyac vardır. Bu sahədə peşəkar 
								fəaliyyət göstərən mütəxəssislərin hazırlanması 
								Təhsil Nazirliyi tərəfindən bizim instituta 
								həvalə edilib. Biz də göstərilən etimadı 
								doğrultmaq üçün bu sahədə dünya təcrübəsini 
								öyrənməyi və uğurla tətbiq etməyi qarşımıza 
								məqsəd qoymuşuq. Sosial iş və Sosial Pedaqogika 
								Ali Məktəbi  "ATTİSTİBA" ilə əməkdaşlığımızın 
								əsas məqsədlərindən biri də budur. Bu ali məktəb 
								təhsil prosesinin təşkilində unikal və müasir 
								yanaşmalardan istifadə edərək əmək bazarında 
								rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması 
								sahəsində 20 illik təcrübəyə malikdir. 
								 
								
								
								Müqavilə əsasında tərəflər elmi-pedaqoji kadr 
								potensialı, həmçinin maddi-texniki bazalarından 
								istifadə edərək elmi-tədqiqat, elmi-metodik 
								məsləhət və informasiya, pedaqoji kadrların 
								ixtisaslarının artırılması, sosial işçi ixtisası 
								üzrə yenidənhazırlanma təhsilinin həyata 
								keçirilməsi sahəsində, Azərbaycanda və Latviyada 
								beynəlxalq konfransların, simpoziumların, 
								treninqlərin təşkili, təhsil sahəsində rəhbər 
								kadrların təlimi və ixtisaslarının artırılması, 
								yeni pedaqoji texnologiyaların tətbiqi, müxtəlif 
								beynəlxalq təşkilatların maliyyə köməyi ilə 
								təhsil layihələrinin reallaşdırılmasında birgə 
								iştirak edəcəklər. 
								
								
								2010-cu ilin oktyabr ayında Bakıda Azərbaycan, 
								Ukrayna, Rusiya, Qazaxıstan və Belarusun müvafiq 
								ali məktəblərinin təşkilatçılığı ilə 
								"İnnovasiya, inkişaf, keyfiyyət" mövzusunda 
								keçirilməsi nəzərdə tutulan beynəlxalq 
								konfransda bu ali məktəbin rəhbərliyi və 
								mütəxəssisləri də iştirak edəcəklər. Qeyd etmək 
								yerinə düşər ki, bu müqavilə beynəlxalq 
								əməkdaşlığı öz fəaliyyətində mühüm 
								istiqamətlərdən hesab edən Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun son iki il ərzində imzaladığı 
								onuncu müqavilədir. Belə ki, 2008-ci ildən 
								Ukrayna, Rusiya, Belarus və Fransanın doqquz ali 
								təhsil müəssisəsi ilə əməkdaşlığa dair 
								müqavilələr imzalamışıq. 
								
								
								Səfərimizin əsas məqsədlərindən biri də Kompozit 
								materiallar mexanikası üzrə XVI Beynəlxalq elmi 
								konfransın təşkilat komitəsinin sədri, akademik 
								V.P.Tamujun dəvəti əsasında adıçəkilən 
								beynəlxalq konfransda iştirak etmək idi. 
								Kompozit materiallar mexanikasının aktual 
								problemlərinə həsr edilmiş, dünyanın 26 
								ölkəsindən 150-yə qədər görkəmli alimlərin 
								iştirak etdiyi beynəlxalq konfransın 6 
								bölməsindən birinə - "Kompozit strukturlar"a 
								rəhbərlik mənə həvalə olunmuşdu. Elmi rəhbərlik 
								etdiyim aspirantlarla (doktorantlarla) birgə son 
								vaxtlar aldığımız elmi nəticələr əsasında 
								konfransda 2 məruzə ilə çıxış etdim. 
								
								
								Həmçinin AMEA-nın prezidenti, akademik Mahmud 
								Kərimovun tövsiyəsi əsasında Latviyanın Elmlər 
								Akademiyasının prezidenti, akademik Yuris 
								Ekmanis ilə elmi əməkdaşlığa dair məsələləri də 
								müzakirə etdik. Bundan sonra da elm və təhsil 
								sahəsində beynəlxalq əməkdaşlığın 
								genişləndirilməsi və dərinləşdirilməsi sahəsində 
								bütün mövcud imkanlardan maksimum istifadə 
								edəcəyik.  |