| 
								 
								
								İyunun 21-də Təhsil Nazirliyində "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələrinin Təşkilat Komitəsinin yekun 
								iclası oldu.  
								
								
								 Hər 
								iki  müsabiqənin nəticələrinə həsr olunmuş 
								iclası açan təhsil naziri, Təşkilat Komitəsinin 
								sədri Misir Mərdanov son üç ildə sözügedən 
								müsabiqələrin uğurla keçirildiyini diqqətə 
								çatdırıb, bu il də həmin işin öhdəsindən 
								layiqincə gəldiklərinə, müəyyən olunmuş qaydaya 
								əsasən 47 məktəb və 95 nəfər müəllimin 
								müsabiqələrin qalibi kimi seçilməsi prosesinin 
								obyektivlik və şəffaflıq şəraitində həyata 
								keçirilməsinə görə Təşkilat Komitəsinin 
								üzvlərinə təşəkkürünü bildirdi və onların bir 
								neçəsinin adını xüsusi qeyd edib, zəhmətlərini 
								yüksək qiymətləndirdi.  
								
								
								3 il ərzində müsabiqələrin Təşkilat Komitəsi 
								tərəfindən ədalətlə keçirildiyini söyləyən 
								təhsil naziri buna baxmayaraq qiymətləndirmədə 
								obyektivliyin tam təmin olunması üçün növbəti 
								ildən müsabiqədə çoxluq təşkil edən ibtidai 
								sinif və xarici dil müəllimlərinin dərslərinin 
								müxtəlif məktəblərdə ayrı-ayrı ekspert qrupları 
								tərəfindən deyil, eyni ekspert qrupu tərəfindən 
								dinlənilib qiymətləndirilməsini təklif etdi. 
								Ümumi fikrə əsasən irəli sürülən təklif Təşkilat 
								Komitəsinin digər üzvləri tərəfindən də müdafiə 
								olundu və növbəti ildən nəinki ibtidai sinif və 
								ingilis dili müəllimlərinə, digər fənləri təmsil 
								edənlərə də şamil olunması məqsədəuyğun sayıldı. 
								Təhsil naziri Misir Mərdanov həmin ekspertlərin 
								seçilməsi barədə də öz fikirlərini açıqladı, 
								onların ciddi seçim əsasında 
								müəyyənləşdirilməsinin və irəli sürülən 
								təkliflərə əsasən xüsusi treninqlərdən 
								keçirilməsinin məqsədəuyğun olduğunu söylədi. 
								
								
								Sonra təhsil naziri bir neçə aydan bəri davam 
								edən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı 
								müəllim" müsabiqələrinin yekunlarını, seçimlə 
								bağlı bəzi məqamları diqqətə çatdırdı. 
								 
								
								
								Nazir öncə "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin yekunları haqqında məlumat verdi. 
								Bildirdi ki, müsabiqədə iştirak üçün 
								respublikanın əksər bölgələrini təmsil edən 123 
								məktəb Təşkilat Komitəsinə müraciət etmişdir. 
								Onlardan 49-u (57 faiz) Bakı şəhərinin 
								məktəbləri olmuşdur. Builki müsabiqədə Təhsil 
								Nazirliyi nəzdindəki ümumtəhsil müəssisələrindən 
								yalnız respublika incəsənət gimnaziyası iştirak 
								etmiş, qalan 73 məktəb isə 34 kənd rayonunu (65 
								məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etmişdir. 
								
								
								Nazir diqqətə çatdırdı ki, müsabiqədə iştirak 
								üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu 
								rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan 
								şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, 
								Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər 
								birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, 
								Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı 
								rayonlarının hər birindən 2, 17 rayondan 
								(Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, 
								Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, 
								Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 
								məktəb müraciət etmişdir. 
								
								
								123 məktəbin təqdim etdiyi sənədlər 
								ekspertizadan keçirildikdən sonra 96 məktəbin 
								müsabiqənin II mərhələsinə buraxılması nəzərdə 
								tutulmuşdur ki, onlardan da 47-si Bakı 
								şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 
								3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, 
								Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 
								olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, 
								Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər 
								birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, 
								Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, 
								Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, 
								İmişli, Saatlı, Cəlilabad) məktəbləri və 
								respublika incəsənət gimnaziyası olmuşdur. O da 
								qeyd olundu ki, müəyyən nöqsanlara görə 
								direktorları cəza almış Bakı şəhəri 94 və 151 
								nömrəli məktəblər ekspertizadan keçsələr də 
								Təşkilat Komitəsi onların müsabiqənin II 
								mərhələsində iştirakını məqsədəuyğun bilməmiş və 
								beləliklə də II mərhələyə 94 məktəb 
								buraxılmışdır. 
								
								
								Müsabiqənin hər üç mərhələsinin yekununa görə, 
								47 məktəbin qalib hesab edildiyini söyləyən 
								təhsil naziri onlardan 28-nin Bakı şəhərinin, 
								4-nün İsmayıllı rayonunun, 3-nün Sumqayıt 
								şəhərinin, 3-nün Şirvan şəhərinin hər birindən 1 
								məktəb olmaqla Gəncə şəhərinin, Qəbələ, Ucar, 
								Göyçay, Qax, Tovuz, Şəmkir, Quba rayonlarının 
								məktəbləri və respublika incəsənət gimnaziyası 
								olduğunu bildirdi. 
								
								
								İclasda habelə qaliblərin siyahısında toplanmış 
								ballara görə ilk 10 yeri tutan məktəblərin 
								adları açıqlandı, qalib məktəblərin ayrı-ayrı 
								mərhələlərdə göstərdiyi nəticələr diqqətə 
								çatdırıldı. Qeyd olundu ki, II mərhələdə 
								Sumqayıt şəhərindən 18, 21, 25 nömrəli 
								məktəblər, Bakı şəhərinin 169, 7, 5, 258, 49, 
								225, 304, 80, 213, 62 nömrəli məktəbləri, Qəbələ 
								şəhər 1 nömrəli, Ucar şəhər 1 nömrəli məktəbləri 
								fərqlənmişlər. Müsabiqənin III mərhələsində, 
								yəni məktəb direktorlarının təqdimatı 
								mərhələsində isə ən yüksək nəticəni Sumqayıt 
								şəhəri  25 nömrəli məktəbin direktoru Əvəz 
								Mahmudov, Bakı şəhəri 225 nömrəli məktəbin 
								direktoru Sevda Eminova, İsmayıllı şəhər 5  
								nömrəli məktəbin direktoru Fərman Bəşirov və 
								həmin rayonun - Culyan kənd orta məktəbinin 
								direktoru Eyvaz Mürsəlov göstərmiş, onların hər 
								birinin təqdimatı 10 balla qiymətləndirilmişdir. 
								
								
								Nazir dedi ki, Bakı şəhərinin 5, 7, 95, 149, 
								164, 177, Gəncə şəhərinin 26, Sumqayıt şəhərinin 
								18, 21, Şirvan şəhərinin 18, Göyçay rayonunun 1 
								nömrəli, İsmayıllı rayonunun Mican və Təzəkənd, 
								Hacıqabul rayonunun Rəncbər, Tovuz rayonunun 
								Bozalqanlı kənd orta məktəblərinin 
								direktorlarının təqdimatları da maraqla 
								qarşılanmış və onlara yüksək bal verilmişdir. 
								
								
								İsmayıllı rayonundan (4 məktəb), Sumqayıt və 
								Şirvan şəhərlərindən (hər birindən 3 məktəb) 
								təqdim edilmiş məktəblərin hər birinin 
								müsabiqənin qalibi adını qazanmasını nazir 
								müsbət hal kimi qiymətləndirdi. 
								
								
								O da qeyd olundu ki, Bakı şəhərinin bir sıra 
								məktəbləri (234, 281, 157, 13 və s.), Göygöl, 
								Şəki, Xaçmaz, Şəki rayonlarının məktəbləri 
								müsabiqədə zəif iştirak etmişlər. Nazir, eyni 
								zamanda builki müsabiqədə Mingəçevir və Naftalan 
								şəhərlərindən, Ağdaş, Astara, Balakən, 
								Biləsuvar, Oğuz, Qobustan, Daşkəsən, Şabran, 
								Zaqatala, Zərdab, Yardımlı, Gədəbəy, Lerik, 
								Tərtər, Siyəzən rayonlarından iştirak üçün 
								müraciət edən məktəblərin olmamasını təəssüf 
								doğuran hal sayıb, bu barədə düşünmək lazım 
								gəldiyini söylədi. 
								
								
								Daha sonra təhsil naziri Misir Mərdanov "Ən 
								yaxşı müəllim" müsabiqəsi üzrə bəzi məlumatları 
								diqqətə çatdırdı. Bildirdi ki, müsabiqədə 
								iştirak üçün 460 nəfər müəllim sənəd təqdim 
								etmiş, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 
								9 nəfərin sənədləri qəbul edilməmiş, nəticədə 
								451 nəfərin sənədləri ekspertizadan 
								keçirilmişdir. 
								
								
								Məlumat verildi ki, ekspertizanın nəticələrinə 
								görə, 203 müəllim növbəti mərhələdə iştirak 
								etmək hüququ qazanmış, digərləri isə keçid balı 
								toplaya bilməmişdir. 3 nəfər  isə obyektiv 
								səbəblərdən müsabiqənin ikinci mərhələsinə 
								gəlməmişdir.  
								
								
								Təhsil naziri çıxışında müsabiqə 
								iştirakçılarının fənlər üzrə tərkibini də 
								açıqladı. Bildirdi ki, ikinci mərhələnin  200 
								iştirakçısından 47-si ibtidai sinif, 40-ı 
								ingilis dili, 19-u tarix, 17-si Azərbaycan dili 
								və ədəbiyyat, 15-i riyaziyyat, 12-si coğrafiya, 
								9-u biologiya, 8-i fizika, 7-si informatika, 
								7-si rus dili (rus bölməsi), 6-sı kimya, 5-i 
								fiziki tərbiyə, 3-ü alman dili, 1-i əmək 
								hazırlığı, 1-i fransız dili, 1-i musiqi, 1-i rus 
								dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət 
								müəllimi olmuşdur. 
								
								
								Təhsil naziri müsabiqənin ikinci mərhələsinin 
								gedişi barədə də məlumat verərək qeyd etdi ki, 
								bu mərhələdə müəllimlərin sınaq dərslərinin 
								təşkili üçün Bakı şəhərində 26 məktəb 
								müəyyənləşdirilmiş, böyük əksəriyyətinin tərkibi 
								3 nəfərdən ibarət olmaqla fənn komissiyaları 
								yaradılmışdır. Müsabiqənin ikinci mərhələsi 
								2010-cu il aprelin 20-də başlanıb 23-də 
								yekunlaşdırılmış, hər bir sınaq dərsi videolentə 
								alınmış, dərs bitdikdən dərhal sonra müzakirə 
								olunub qiymətləndirilmişdir. 
								
								
								Nazir bildirdi ki, müsabiqənin üçüncü 
								mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak 
								edə bilməmiş, yekun mərhələdə 198 müəllimin 
								təqdimatı dinlənilib qiymətləndirilmişdir. 
								Yekunda hər üç mərhələnin balları əsasında yekun 
								bal çıxarılmış və ən yüksək nəticə göstərən 95 
								nəfər müəllim qalib hesab olunmuşdur. 
								
								
								Qaliblərdən 50-si (52,63 faiz) Bakı şəhərinin, 
								18-i nazirlik nəzdindəki, 8-i Sumqayıt 
								şəhərinin, 3-ü İsmayıllı, 2-si Qazax rayonunun, 
								2-si BSU nəzdindəki humanitar liseyin və hər 
								birindən 1 nəfər olmaqla Mingəçevir şəhəri, 
								Abşeron, Ağsu, Bərdə, Füzuli, Hacıqabul, 
								Kürdəmir, Laçın, Şəmkir, Siyəzən, Tovuz, Xaçmaz 
								rayon məktəblərini təmsil edir. Onlardan 27-si 
								ibtidai sinif, 19-u ingilis dili, 8-i tarix, 
								7-si Azərbaycan dili və ədəbiyyat, 6-sı fizika, 
								hər birindən 4 nəfər olmaqla coğrafiya, fiziki 
								tərbiyə, informatika, kimya, riyaziyyat, 3-ü 
								biologiya, 2-si rus dili və ədəbiyyat, hər 
								birindən bir nəfər olmaqla əmək hazırlığı, 
								fransız dili və təsviri incəsənət 
								müəllimləridir. 
								
								
								Nazir habelə sınaq dərsləri və təqdimatları ən 
								yüksək balla qiymətləndirilmiş müəllimlərin 
								adlarını çəkdi, bəzi digər məqamlara da toxundu. 
								
								
								Yusif ƏLİYEV  |