|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Avstraliya, Kvinslend ştatı, Brisben 
										şəhəri  | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1909-cu il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət   | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										6126 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										40512 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:   | 
										
										
										125900000 Avstraliya dolları | 
									 
									
										| 
										
										İllik xərcləri:  | 
										
										
										1198000000 Avstraliya dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.uq.edu.au | 
									 
								 
								
								
								 Kvinslend 
								Universiteti (University of British Columbia) 
								Avstraliyanın Kvinslend ştatının ən böyük şəhəri 
								olan Brisben şəhərində yerləşir. Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, Kvinslend Universiteti 100 ən 
								yaxşı ali məktəb arasında 41-ci yerdə olub.
								 
								
								
								Kvinslend Universiteti Avstraliyanın "Böyük 
								Səkkizlik" qrupunun, "Universitetlər - 21" 
								Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının 
								üzvüdür.  
								
								
								Tarixi  
								
								
								Kvinslend Universiteti 1909-cu il dekabrın 
								10-da  Kvinslend ştatının Yeni Cənubi Uels 
								müstəmləkəsinin tərkibindən çıxmasının 50 illiyi 
								münasibəti ilə ştat parlamentinin sərəncamına 
								əsasən yaradılıb. Yaradıldıqdan 4 ay sonra 
								universitet ştatın birinci, ölkənin isə beşinci 
								ən yaxşı ali məktəbinə çevrilir. 1911-ci ildə 
								Brisben şəhərindəki Corc stritdə hökumət evində 
								yerləşən Kvinslend Universitetinə 23 qız daxil 
								olmaqla ümumilikdə 83 tələbə qəbul edilir.
								 
								
								
								I Dünya müharibəsi dövründə ali təhsil ocağının 
								inkişafı ləngisə də, müharibədən sonra 
								universitet sürətlə irəliləməyə başlayır. Corc 
								stritdə Kvinslend Universitetinin binaları 
								çoxaldığından universitetdə böyük kampusa 
								ehtiyac duyulmağa başlayır. 1922-ci ildə 
								Viktoriya parkı ərazisi (ərazinin yarısı hazırda 
								Mayne Tibb Məktəbi tərəfindən tutulub) Kvinslend 
								Universitetinin daimi yeri kimi müəyyən edilir.
								 
								
								
								 1927-1929-cu 
								illər ərzində doktor Ceyms OTMayne və onun 
								bacısı miss Meri Emelia Mayne universitetə 
								Sent-Lüsia ərazisində 274 akrlıq yer 
								bağışlayırlar. Əvvəllər bu ərazidə pambıq, 
								qarğıdalı, ananas və s. qida məhsulları 
								becərilirdi. Maliyyə çatışmazlığı ərazinin 
								inkişafını dayandırır. 1938-ci ildə bu ərazidə 
								Forqan Smit binasının tikintisi başlanılır və 
								1939-cu ildə başa çatır. II Dünya müharibəsi 
								dövründə Forqan Smit binası hərbi məqsədlər üçün 
								istifadə olunur; Sakit okeanın cənub-qərb 
								hissəsində müttəfiqlərin quru qoşunlarının 
								qərargahına çevrilir.  
								
								
								1946-1972-ci illərdə Kvinslend Uni 
								
								
								versiteti Corc stritdən Sent Lüsiaya köçür. 
								1990-cı ildə universitet Kvinslend Kənd 
								Təsərrüfatı Texnikumu (hazırda UQ Qatton 
								adlanır) ilə birləşdirilir. 1999-cu ildə 
								Avstraliyada tamamilə veb-şəbəkəyə qoşulmuş ilk 
								xüsusi kampuslardan birincisi olan Kvinslend 
								Universitetinin İpsviç kampusu tikilir.  
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								2009-cu ildə Kvinslend Universitetinin illik 
								gəlirləri 125900000 Avstraliya dolları olub. 
								Həmin məbləğin 53%-i Avstraliya hökumətinin 
								qrantları, 5%-i Kvinslend ştatı və yerli hökumət 
								yardımları, 18%-i təhsil haqqı (xüsusi ilə 
								əcnəbi tələbələrin) və vergilər (yığım), 3%-i 
								investisiya, 5%-i məsləhət və sazişlər, qalanı 
								isə digər vasitələr hesabına əldə olunan 
								gəlirlərdir.  
								
								
								Həmin il universitetin illik xərcləri 1198000000 
								Avstraliya dolları təşkil edib. Xərclərin 56%-ni 
								əməkhaqqı və əməkdaşların müavinəti, 7%-ni 
								amortizasiya, 3%-ni qrant və borcların 
								ödənilməsi, 2%-ni təmir və texniki xidmət, 
								qalanlarını isə müxtəlif məsrəflər təşkil edib. 
								
								
								2009-2010-cu tədris ilində Kvinslend 
								Universitetində bakalavr pilləsində təhsil alan 
								avstraliyalı tələbələrin təhsil haqqı fakültə və 
								məktəbdən asılı olaraq 4343 (biotexnologiya) - 
								8859 (biznes, kommersiya) Avstraliya dolları, 
								əcnəbi tələbələrin təhsil haqqı isə 18300 
								(musiqi, təhsil, beynəlxalq tədqiqatlar və s.) - 
								48000 (tibb, cərrahlıq) Avstraliya dolları olub. 
								
								
								 Kvinslend 
								Universitetinin təqaüd proqramı Avstraliyada ən 
								zəngin proqramdır. Universitetdə maliyyə 
								durumundan, mənşəyindən asılı olmayaraq 
								istənilən tələbə təqaüd ala bilər. Tələbələrə 
								təqaüd verilməsinin əsas məqsədi tədqiqat 
								aparmaqda onlara kömək etmək, təhsilə maraq 
								oyatmaq, bütün sahələrdə gənclərə dəstək 
								olmaqdır. Çoxlu sayda donorların, müəssisələrin 
								səxavətli himayəsi hesabına burada tələbələrə 
								geniş çeşiddə təqaüdlər təklif olunur. Bakalavr 
								pilləsində təhsil alan avstraliyalı tələbələr 
								aşağıdakı təqaüdləri alırlar: RD Arida təqaüdü - 
								6330 Avstraliya dolları (hər il məbləğ dəyişir), 
								Doris Kemp təqaüdü - 1700 Avstraliya dolları və 
								s. Magistratura pilləsində oxuyanların təqaüdü 
								ildə 22500 Avstraliya dolları təşkil edir. 
								Universitetdə oxuyan əcnəbi tələbələr də 
								müxtəlif məbləğli təqaüdlər alırlar. 2010-cu 
								ildə Kvinslend Universitetində tələbələrə 
								200-dən çox təqaüd təklif olunub. Aborigen 
								tələbələrə burada xüsusi şərait yaradılıb və 
								təqaüdlər ayrılıb.  
								
								
								Universitet bu gün  
								
								
								Brisben Avstraliyanın Kvinslend ştatının 
								paytaxtıdır və yaşamaq üçün çox əlverişli 
								şəhərdir. Avstraliyanın üçüncü ən böyük şəhəri 
								olan Brisben subtropik iqlimə malikdir. Şəhərin 
								əhalisinin sayı 1,8 milyondan çoxdur və burada 
								yaşayan insanlar çox mehribandırlar. Dövlət dili 
								ingilis dili olsa da, bir çox başqa dillər də 
								işlədilir. Günəşli Sahil çimərliyi, Milli park, 
								zoopark şəhərin ən gəzməli yerləri hesab 
								olunur.   
								
								
								Universitetin bütün Kvinslend ştatında 
								elmi-tədqiqat mərkəzləri yerləşir. Buna 
								baxmayaraq, Brisben şəhərində universitetin əsas 
								4 kampusu mövcuddur: Sent-Lüsia, İpsviç, Qatton 
								və Herston. Kvinslend Universitetinin ümumi 
								ərazisi 1464 hektardır.   
								
								
								 Sent-Lüsia 
								kampusu 1937-ci ildə tikilməyə başlayıb. Bu 
								kampusu Avstraliyanın ən gözəl universitet 
								şəhərciyindən biri adlandırırlar. Brisben 
								şəhərinin mərkəzindən 7 km aralıda Brisben 
								çayının döngəsində 114 hektar ərazidə yerləşən 
								Sent-Lüsia kampusunda geniş landşaft bağları, 
								göllər, idman meydançaları, velosiped cığırı 
								var. Yarımkürə şəklində tikilən binaların 
								mərkəzində məşhur Böyük həyət yerləşir. Kampusda 
								Kvinslend Bədii İncəsənət Muzeyi, Ceyms və Meri 
								Emelia Mayne Mərkəzi, kilsə, klublar mövcuddur. 
								
								
								Qatton kampusu Brisben şəhərindən 90 km qərbdə 
								Uorreqo şosesində yerləşir. Bu kampusda Təbii 
								resurslar, Kənd təsərrüfatı, Baytarlıq 
								fakültələri yerləşir. Kampusda kənd təsərrüfatı, 
								heyvandarlıq, atçılıq, vəhşi heyvanların 
								öyrənilməsi üçün 1000 hektarlıq ərazi ayrılıb. 
								Burada bu sahənin tədqiqatı üçün xüsusi 
								müəssisələr, laboratoriyalar, kitabxanalar var. 
								2010-cu ildə universitetin bütün baytarlıq 
								məktəblərinin Qatton kampusuna köçürülməsi 
								nəzərdə tutulub.  
								
								
								İpsviç tələbə şəhərciyi 1999-cu ildə yaradılıb 
								və universitetin ən yeni kampusudur. Əvvəllər 
								burada İpsviç Psixiatriya Xəstəxanası (1878-ci 
								ildə açılıb) yerləşib, 1997-ci ildən isə 
								kampusun ilk binalarının tikintisinə başlanılıb. 
								Meşə ilə örtülmüş təpələrin arasında 25 
								hektarlıq ərazidə salınan kampusda 20-dən çox 
								bina var. Binaların hamısı qırmızı dam örtüyünə 
								malikdir və yaşıllıqların arasında yerləşən 
								şəhərcik əsrarəngiz gözəlliyi, səliqəliliyi ilə 
								seçilir.  
								
								
								Universitetin Turizm, İncəsənət, Biznes, Tibb 
								bacısı və mamalıq, İnformasiya texnologiyaları 
								və elektrotexnika, Sosial fəaliyyət və insan 
								haqqında tətbiqi elmlər, Təhsil, Jurnalistika və 
								kommunukasiya məktəbləri, Humanitar və 
								riyaziyyat elmləri, Biznes, iqtisadiyyat və 
								hüquq, Sağlamlıq, Sosial və əxlaq elmləri 
								fakültələri, Kiberməktəb kitabxanası burada 
								yerləşir.  
								
								
								 Herston 
								kampusu Kvinslend Universitetində tibbi 
								elmi-tədqiqatların aparıldığı əsas məkandır. 
								Kampusda Royal Brisben, Royal Uşaq, Royal Qadın 
								xəstəxanaları, Mayne Tibb Mərkəzi, Kvinslend 
								Tibbi Tədqiqatlar, Kvinslend Radium 
								institutları, Tibb, Səhiyyə, Tibb Bacısı və 
								Mamalıq məktəbləri, Kliniki Tədqiqatlar Mərkəzi, 
								Sağlamlıq elmləri kitabxanası  yerləşir. 
								Şəhərciyin binaları müasir üslubda tikilib və 
								əsasən çoxmərtəbəli binalardan ibarətdir. 
								
								
								Kampuslardan əlavə, ştatın müxtəlif ərazilərində 
								Kvinslend Universitetinin təhsil və tədqiqat 
								müəssisələri yerləşir. Turbot strit ərazisində 
								ali məktəbin Stomatologiya fakültəsi, Pincarra 
								Hillsdə akvamədəniyyət və daxili ekologiya 
								problemləri üzrə tədqiqatlar həyata keçirən 
								Pincarra Su Elmi-Tədqiqat Stansiyası, Heron 
								adasında koral rifi ekologiyası tədqiqatları 
								aparan və 30 binadan ibarət olan Heron Adası 
								Elmi-Tədqiqat Stansiyası, Nort-Stradbrok 
								adasında Morton-Bey Tədqiqat Stansiyası və s. 
								tədqiqat mərkəzləri, kənd təsərrüfatı fermaları, 
								fizika, seysmoqraf stansiyaları var.  
								 
								
								
								Kvinslend Universitetinin nəzdində İncəsənət, 
								Biznes, iqtisadiyyat və hüquq, Mühəndislik, 
								memarlıq və informasiya texnologiyaları, 
								Sağlamlıq elmləri, Təbii resurslar, Kənd 
								təsərrüfatı, Baytarlıq, Elmlər, Sosial və əxlaq 
								elmləri fakültələri, Molekulyar bioelmlər, 
								Avstraliya Biomühəndislik və Nanotexnologiya, 
								Sabit minerallar, Kvinslend Beyin, KU (Kvinslend 
								Universiteti) Diamantin Xərçəng, İmmunologiya və 
								Metabolik Təbabət, Sosial tədqiqatlar, Qlobal 
								dəyişiklik və s. institutlar (ümumilikdə 118 
								mərkəz və institut) fəaliyyət göstərir. 
								Universitetdə, həmçinin, Heyvanların 
								öyrənilməsi, Biologiya, Tibb, Tibb bacısı və 
								mamalıq, Tibbi-biologiya elmləri, Tibb və 
								reabilitasiya elmləri, Stomatologiya, Əczaçılıq, 
								Baytarlıq, Səhiyyə, Memarlıq, Biznes, 
								İqtisadiyyat, Hüquq, Təhsil, Psixologiya, Siyasi 
								elmlər və beynəlxalq tədqiqatlar, İctimai 
								elmlər, Sosial fəaliyyət və xidmət, Turizm, 
								Kimya texnologiyası, Kimya və molekulyar 
								bioelmlər,
								 Vətəndaş 
								quruculuğu, Yer haqqında elmlər, İngilis dili, 
								Media elmləri və incəsənət tarixi,  Coğrafiya, 
								planlaşdırma və ətraf mühitin idarə olunması, 
								Tarix, fəlsəfə, din və klassika, İnsan hərəkəti 
								tədqiqatları, İnformasiya texnologiyaları və 
								elektrotexnika, İnteqrativ sistemlər, 
								Jurnalistika və kommunikasiya, Torpaq, məhsul və 
								qida elmləri, Dillər və müqayisəli 
								kulturologiya, Musiqi, Riyaziyyat və fizika, 
								Mexanika və dağ-mədən maşınqayırması məktəbləri 
								mövcuddur. Hər fakültə və məktəb ayrılıqda bir 
								neçə bölmə və alt bölmədən ibarətdir. 
								Universitet bakalavr, magistr və doktorluq 
								dərəcələri təklif edir.  
								
								
								Kvinslend Universitetinin kitabxana sistemi 
								müxtəlif kampuslarda yerləşən 14 kitabxanadan 
								ibarətdir və Avstraliyanın ən zəngin akademik 
								kolleksiyaya malik kitabxana sistemlərindən 
								biridir. Ali məktəbin kitabxana sisteminə 2,5 
								milyon cild kitab, 75 mindən çox çaplı və 
								elektron jurnal, 1000 şəbəkəyə qoşulmuş 
								verilənlər bazası, 500000-dən artıq elektron 
								kitab, 38792 DVD disk və videokaset, zəngin 
								əlyazma, mikroforma, rəsm kolleksiyası daxildir. 
								Kitabxana sisteminin kolleksiyası İnternet 
								şəbəkəsinə qoşulub və bütün dünya 
								istifadəçilərinin xidmətindədir. Həmçinin 
								oxucular məsləhət və kömək üçün şəxsən 
								telefonla, vebsayt, elektron poçt və ya onlayn 
								söhbət vasitəsi ilə kitabxanaya müraciət edə 
								bilərlər.  
								
								
								Kvinslend Universitetinin kitabxanası Kvinslend 
								ştatının Dövlət Kitabxanası, Kvinslend Dövlət 
								Arxivi, Muzeyi, Parlament, Ali Məhkəmə  
								kitabxanaları və Kral Tarixi Cəmiyyəti ilə 
								əməkdaşlıq edir.  
								
								
								Eləcə də universitetin nəzdində Bədii muzey və 
								Meri Emelia Mayne Mərkəzi mövcuddur.  
								
								
								 Kvinslend 
								Universitetində 22 üzvdən və 3 rəsmi şəxsdən 
								ibarət senat, qubernator tərəfindən təyin 
								edilmiş 8 nəfər, müəllim və tələbələr tərəfindən 
								seçilmiş 8 nəfər və Senat tərəfindən təyin 
								edilmiş 3 nəfərdən ibarət şura fəaliyyət 
								göstərir. Universitetin kansleri cənab Con 
								Stori, vitse-kansleri, professor Meri Maxoni, 
								prezidenti və vitse-kansleri isə professor Paul 
								Qrinfilddir. Universitetdə fəaliyyət göstərən 
								fakültələrə dekan, məktəblərə isə direktorlar 
								rəhbərlik edirlər. Ali təhsil ocağında 6126 
								nəfər işçi çalışır, bunların da 2615 nəfərini 
								akademik, 3511 nəfərini isə inzibati işçilər 
								təşkil edirlər. 
								
								
								Kvinslend Universitetinin tələbələrinin ümumi 
								sayı 2009-2010-cu tədris ilində 40583 nəfər 
								olub. Tələbələrin 29856 nəfərini bakalavr, 10727 
								nəfərini isə magistr və doktorantlar təşkil 
								ediblər. Universitetdə dünyanın 128 ölkəsindən 
								8824 nəfər əcnəbi tələbə təhsil alıb. Ali 
								məktəbdə 24000-dən çox üzvü olan 150 tələbə 
								klubu və cəmiyyəti, eləcə də 33 idman klubu var. 
								
								
								Bu ali məktəbdə tələbələrə istənilən xidmətlər 
								(işlə, nəqliyyatla təminolunma, təhlükəsizlik, 
								sağlamlıq, bank və poçt, dini, uşaqlı, əlil 
								tələbələrə qayğı və s.) təklif olunur. 
								 
								
								
								Kvinslend Universitetində 11 yataqxana-kollec 
								var. Bunlar 190 tələbə yerlik Kromvel, 150 
								yerlik Daçens, 350 yerlik Emmanuel, Beynəlxalq, 
								180 yerlik qızlar üçün Qreys, Qızlar, 260 yerlik 
								Kral, Müqəddəs Con, Müqəddəs Leo, 440 yerlik  
								Qatton Holl rezidensiyaları kollecləridir. 
								Yataqxanalarda 36 həftə qalmaq üçün tələbə, 
								otaqdan asılı olaraq qidalanma, kommunal xərclər 
								daxil olmaqla, 11100-16500 Avstraliya dolları 
								ödəyir. Bununla yanaşı, tələbələr kampus 
								xaricində evlərdə və mənzillərdə kirayədə qala 
								bilərlər.
								  
								
								
								Kvinslend Universitetində yüksək səviyyəli idman 
								kompleksləri və fitnes mərkəzləri fəaliyyət 
								göstərir. Ali məktəbin üzgüçülük mərkəzi və 
								tennis kortları Brisben şəhərində ən yaxşısıdır. 
								Fitnes mərkəzində pilates, yoqa, çəki azaltmaq 
								üçün məşq zalları və s. tələbələrin 
								xidmətindədir. İdman növlərindən basketbol, 
								futbol, netbol, xokkey, döyüş sənəti, tennis,  
								yüngül atletika təklif olunur. 
								
								
								Kvinslend Universiteti təhsilinin, xüsusi ilə 
								bioloji elmlər sahəsinin inkişafına görə 
								beynəlxalq nüfuza malikdir. Universitetin son 
								zamanlar sürətlə inkişafının əsas səbəbi burada 
								bahalı fakültələrdə oxuyan əcnəbi tələbələrin, 
								magistr və doktorantların, tədqiqatçıların 
								sayının çoxalmasıdır. Universitetin məzunları 
								məşğulluq və gəlirlərinin səviyyəsinə görə 
								dünyada öncül yerləri tuturlar. Kvinslend 
								Universitetinin diplomu bütün dünyada 
								işəgötürənlər tərəfindən yüksək 
								qiymətləndirilir. Bu ali məktəbi bitirmiş 
								mütəxəssislər bütün Yer kürəsində güclü şəbəkə 
								formalaşdırıblar.      
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Kventin Brays    | 
										
										
										Avstraliyanın general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Bill Heyden | 
										
										
										Avstraliyanın sabiq general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Ueyn Suon  | 
										
										
										Avstraliyanın sabiq xəzinədarı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Liin Ford | 
										
										
										Kvinslend ştatının sabiq 
										general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Uolter Kempbell  | 
										
										
										Kvinslend ştatının sabiq 
										general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Anna Blay  | 
										
										
										Kvinslend ştatının ilk qadın baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Piter Bitti  | 
										
										
										Kvinslend ştatının sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Ueyn Qoss  | 
										
										
										Kvinslend ştatının sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Maykl Ahern | 
										
										
										Kvinslend ştatının sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Li Bun Yan | 
										
										
										Sinqapurun Nazirlər Kabinetinin sabiq 
										rəhbəri | 
										  | 
									 
									
										|   | 
										
										
										Sellienn Atkinson  | 
										
										
										Brisben şəhərinin ilk qadın meri | 
										  | 
									 
									
										|   | 
										
										
										Endryu Liveris  | 
										
										
										"Dow Chemical Company" şirkətinin baş 
										direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Piter Doherti   | 
										
										
										immunologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Malouf, Kim Uilkins | 
										
										
										yazıçılar | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |