| 
								 
								
								"Ədəbiyyat dərslərində yeni texnologiyalar: 
								fəal/interaktiv təlim" 
								
								
								 Dünya 
								təhsilinə inteqrasiya olunan bir zamanda, başqa 
								fənn müəllimləri kimi, ədəbiyyat müəllimi də öz 
								fəaliyyətində dönüş yaratmalı, daha səmərəli 
								metod, priyom, vasitələr tapmalıdır. Bunun ən 
								optimal yolu yeni texnologiyalardan istifadədir. 
								Qloballaşan təhsil əsrində bəlli olur ki, 
								müəllim mütləq mənada yeganə bilik mənbəyi 
								deyil; şagird subyektdir; ənənəvi təlimin 
								faydalı tərəfləri yeni yanaşmalarla 
								uzlaşdırılmalıdır... Bu istiqamətdə görüləsi 
								işlərin elmi-metodik şərhini əks etdirən vəsaitə 
								müəllimlərin böyük ehtiyacı vardır.  Orta 
								məktəbdə çalışanların ehtiyacını ödəmək 
								baxımından Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin dosenti Soltan Hüseynoğlunun 
								"Ədəbiyyat dərslərində yeni texnologiyalar: 
								fəal/interaktiv təlim" (Bakı. 2009, 200 s.) 
								müəllim üçün vəsaiti vaxtında çap olunmuş zəngin 
								informasiyalı, orijinal təhlil və şərh üslubunda 
								yazılmış dəyərli bir əsərdir. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 
								noyabr 2009-cu il tarixli 1327 nömrəli əmri ilə 
								müəllim üçün metodik vəsait kimi təsdiq olunmuş 
								kitabın elmi redaktoru, Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin şöbə müdiri, əməkdar müəllim 
								Aydın Əhmədov, rəyçilər Təhsil Nazirliyinin şöbə 
								müdiri, filologiya elmləri namizədi, dosent Faiq 
								Şahbazlı, TPİ-nin direktor müavini, Kurikulum 
								Mərkəzinin direktoru, dosent Ənvər Abbasovdur. 
								
								
								"Redaktordan" başlığı altında verilmiş hissədə 
								islahata başlanan vaxtdan təhsildəki uğurlar və 
								problemlər ümumiləşdirilmiş, fəal/interaktiv 
								dərsin məzmun və quruluşundakı fərqlər 
								vurğulanmışdır. 
								
								
								Dosent S.Hüseynoğlu kitabdakı yeganə fəsli belə 
								adlandırıb: "Fəal/interaktiv təlim: mahiyyəti və 
								tətbiqi yolları". Mövcud pedaqoji-psixoloji 
								ədəbiyyata, metodik tövsiyələrə əsaslanan 
								müəllif bir çap vərəqi yarım hissədə 
								(paraqrafda) fəal/interaktiv təlimin mahiyyətini 
								təsvir, şərh etmiş, mübahisəli və polemika 
								doğuran məsələlərə aydınlıq gətirmişdir. Problem 
								vəziyyətin yaradılması; dialoq və əməkdaşlığın 
								zəruriliyi; şagird-tədqiqatçı, müəllim-bələdçi; 
								psixoloji dəstək: hörmət və etibar kimi 
								mövzuların şərhi öyrədicidir. 
								
								
								Bu baxımdan fəal dərsin mərhələləri ilə bağlı 
								metodik şərhlər, mövcud mənbələrdəki fikirlərin 
								təhlili kitabın elmi-praktik dəyərini təşkil 
								edən tərəflərdəndir. 
								
								
								Ənənəvi təlim və fəal/interaktiv təlim arasında 
								fərqlərin açıqlanması, fəal/interaktiv dərsin 
								başlıca xüsusiyyətləri və təşkili məsələləri 
								haqqında müəllimlərin metodik tövsiyələrə, 
								nümunə dərslərinə böyük ehtiyac var.  
								
								
								Əsərin ikinci paraqrafında müəllif 
								fəal/interaktiv dərsin başlıca xüsusiyyətləri və 
								təşkili məsələlərinə aydınlıq gətirmişdir. 
								
								
								Müəllimlərin ehtiyacını nəzərə alan dosent 
								S.Hüseynoğlu fəal/interaktiv təlimin tətbiqi 
								yollarını tərcümeyi-hal materiallarının 
								öyrədilməsi, epik, lirik və dramatik əsərlərin, 
								icmal materialların tədrisi nümunələrində çox 
								orijinal bir məzmunda işləmişdir. 
								
								
								Oxucu-müəllimlə canlı söhbət təsiri bağışlayan 
								metodik vəsaitin sonluğu - "Nəticə əvəzi" zəngin 
								məktəb təcrübəsi əsasında işlənmiş əsərin 
								metodik epiloqu təsiri bağışlayır. Azərbaycan 
								təhsilinin tarixi ənənələrinə söykənməklə 
								müəllimin çağdaş dövrün dəyərlərindən istifadə 
								edərək daha böyük nailiyyətlər qazanacağına 
								dərin inam sonluğun sosial-pedaqoji dəyərini 
								təmin edir.  
								
								
								
								Şamxəlil MƏMMƏDOV, 
								pedaqoji elmlər üzrə fəlsəfə doktoru, 
								 
								
								
								
								Elman ƏBDÜLOV, 
								ADPU-nun dissertantı  |