| 
								 
								
								Xüsusi  ifaçılıq qabiliyyəti və istedadı ilə 
								fərqlənən Prezident təqaüdçüsü Toğrul 
								Hüseynlinin uğurları çoxdur. 
								
								İlk öncə o, görkəmli bəstəkar Oqtay Zülfüqarovun 
								Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq 
								teatrının solisti seçilib. Bakı Musiqi 
								Akademiyasının nəzdindəki Pedaqoji  hazırlıq  
								kafedrasında təhsilə başlayıb,fortepiano 
								ifaçılığına  yiyələnib.  
								
								
								 9 
								yaşında olarkən Nazim  Əliverdibəyov adına  gənc 
								ifaçıların  4-cü ümumşəhər  müsabiqəsinə 
								qatılaraq  birincilik əldə edib. Toğrul 
								beynəlxalq müsabiqələrdə də müvəffəqiyyətlər 
								qazanıb. 2005-ci ildə Cürcüstanda keçirilən  
								pianoçuların II beynəlxalq müsabiqəsində  III 
								yeri tutaraq bürünc medala layiq görülüb. 
								2006-cı ildə Rauf Adıgözəlovun rəhbərlik etdiyi 
								Azərbaycan Dövlət Simfonik  Orkestri ilə  
								filarmoniyada konsert verib. 2008-ci ildə ulu 
								öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr 
								olunmuş gənc musiqiçilərin birinci respublika 
								müsabiqəsinin qalibi olub. Heydər Əliyev  
								Fondunun  dəstəyi ilə  Qəbələdə keçirilən  
								Beynəlxalq musiqi festivalında da uğur qazanıb. 
								
								
								Gənc ifaçı növbəti uğurunu isə  Belarusda 
								keçirilən  musiqi festivalında qazanıb.Böyük bir 
								musiqi bayramı yaşandığını qeyd edən  Toğrulun 
								sözlərinə görə, 4-cü dəfədir ki, Belarusda belə 
								bir möhtəşəm musiqi festivalı keçirilir. O, 
								Gənclər Akademiyasında olarkən dünya şöhrətli 
								musiqiçi və tanınmış sənətçilərlə 
								görüşüb,onlardan həm ustad,həm də fərdi dərslər 
								alıb. Bir həftə ərzində 2 konsert verildiyini 
								deyən Toğrul, bunlardan birinin  Musiqi 
								Akademiyasının böyük zalında,digərinin isə  
								Belarus Dövlət  Filarmoniyasında  baş tutduğunu  
								söylədi. Bildirdi ki, Gənclər Akademiyasının ilk 
								konsertində  ən istedadlı musiqiçilər iştirak 
								edirdi. Final konsertində isə Azərbaycanın 
								təmsilçiləri daha çox fərqləndilər. 
								
								
								Toğrul Hüseynlinin uğurları şübhəsiz bunlarla 
								bitmir. O, 2009-cu ilin noyabrında Azərbaycan 
								Dövlət Filarmoniyasında  Prezident 
								təqaüdçülərinin hesabat konsertində  Verdi - 
								List Konsert parafrazasını uğurla ifa etmişdir. 
								2009-cu il dekabrın 4-də  isə  istedadlı gənc 
								Beynəlxalq  Uşaq Olimpiadasına  həsr olunmuş 
								konsertdə maestro Teymur Göyçayevin dirijorluğu 
								və Azərbaycan  Dövlət Uşaq Simfonik Orkestrinin 
								müşayiəti  ilə T.Quliyevin "Qaytağı" pyesini 
								məharətlə ifa edərək tamaşaçıların böyük  
								rəğbətini qazanıb. 2009-cu ilin 8-14 dekabr 
								tarixlərində  ölkəmizin mədəni həyatında  önəmli 
								hadisələri kimi M.Rostropoviç adına  Beynəlxalq  
								musiqi festivalı keçirilirdi. T.Hüseynli  bu 
								festival çərçivəsində  dekabrın 13-də 
								filarmoniyanın səhnəsində baş tutan konsertdə 
								də  yaddaqalan ifaçılardan biri oldu. O, 2009-cu 
								il martın 2-də  F.Şopenin 200 illik yubileyi 
								münasibətilə  keçirilən festivalda  Polşa 
								pianoçusu S.Deya və ölkəmizin bir sıra  
								pianoçuları ilə  eyni səhnəni paylaşaraq  
								müvəffəqiyyət  qazanıb. T.Hüseynli  bu il Bülbül 
								adına Orta İxtisas  Musiqi Məktəbini  fərqlənmə 
								attestatı ilə bitirib.  
								
								
								İncəsənətdə  nail olduğu bütün müvəffəqiyyətlərə 
								görə Toğrul Hüseynli  ölkə rəhbərinə təşəkkürünü 
								belə ifadə etdi: - Bütün müsabiqələrdə 
								qazandığım uğurlara görə Azərbaycan dövlətinə, 
								möhtərəm Prezidentimiz İlham Əliyevə öz 
								minnətdarlığımı bildirirəm.    
								
								
								
								Sifai SƏFƏROVA  |