| 
								 
								
								"Biz maddi dəyərlərimizi, iqtisadi 
								potensialımızı insan kapitalına çevirməliyik. 
								Çünki insanın savadı, biliyi onun gələcək 
								həyatını müəyyən edir, ölkənin hərtərəfli 
								inkişafına xidmət edir". 
								
								
								
								İlham ƏLİYEV  
								
								
								Azərbaycanın ümummilli lideri Heydər Əliyev 
								xalqın böyük təkidi ilə təkrar hakimiyyətə 
								qayıtdıqdan, müstəqil respublika quruculuğunu və 
								inkişafını təmin etdikdən sonra bilavasitə onun 
								rəhbərliyi ilə cəmiyyət həyatının bütün 
								sahələrinin, o cümlədən təhsil quruculuğunun 
								perspektiv istiqamətlərini və parametrlərini əks 
								etdirən sənədlər qəbul olundu.  Ulu öndər Heydər 
								Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, 
								ən mühüm sahəsidir.  O, milli məqsədlər, 
								mənafelər əsasında qurulmalıdır" müddəasına 
								əsaslanan Azərbaycan təhsili məhz onun müdrik 
								rəhbərliyi altında həyata keçirilən islahatlar 
								nəticəsində tarixi təcrübə və nailiyyətlər 
								zəminində diqqəti cəlb edən uğurlar qazandı.
								 
								
								
								Ölkəmizdə müxtəlif təhsil təşkilatları ilə birgə 
								layihələrin həyata keçirilməsinə başlanıldı. 
								Beləliklə, ulu öndərin əsasını qoyduğu siyasi 
								kursun istedadlı davamçısı olan İlham Əliyevin 
								"qara qızıldan, maddi dəyərlərdən əldə edilən 
								kapital ölkədə insan kapitalının inkişafına 
								yönəldilməlidir" konsepsiyası cəmiyyətin 
								inkişafına yeni impuls verməklə, "Təhsil 
								Azərbaycanın davamlı inkişaf strategiyasının ən 
								öncül istiqamətlərindən biridir" tezisini 
								tamamlamış oldu. 
								
								
								Təhsilə yeni inkişaf mərhələsində dövlət 
								səviyyəsində göstərilən diqqət və qayğı 
								statistikada öz təsdiqini tapmışdır. Konkret 
								rəqəmlərə nəzər salaq: təhsilə ayrılan büdcə 
								2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 
								2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu 
								ildə isə 1,3 milyard manat təşkil etmişdir. 
								Təhsil tariximizdə ilk dəfə olaraq 16 
								inkişafyönümlü Dövlət Proqramı təsdiq olunmuşdur 
								və bu proqramlarla iş uğurla davam 
								etdirilməkdədir. 
								
								
								Heydər Əliyev Fondunun prezidenti, millət vəkili 
								Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 
								"Yeniləşən Azərbaycana yeni məktəb" hərəkatı 
								xətti ilə son illərdə təhsilin bütün 
								vəsilələrində maddi-texniki baza yüksək 
								səviyyədə yaxşılaşdırılmış, son 3 il ərzində 
								300-dək məktəb əsaslı təmir olunmuş, onlarca 
								məktəb inşa etdirilmişdir. 
								
								
								Azərbaycan Respublikasının təhsil naziri, 
								fizika-riyaziyyat elmləri doktoru, professor, 
								Misir Mərdanovun "Çaşıoğlu" nəşriyyatında 
								buraxılmış "Azərbaycan təhsili yeni inkişaf 
								mərhələsində" (Bakı. 2009) adlı fundamental 
								əsərində bu və ya digər məsələlərə aydınlıq 
								gətirilmiş, müstəqillik dövründə milli təhsil 
								siyasətinin təşəkkülü və inkişaf 
								istiqamətlərinin geniş kontekstdə təhlili 
								verilmişdir. Kitabda həmin məsələlər 9 fəsildə 
								əhatə olunaraq pedaqoji faktlar, statistik 
								rəqəmlər əsasında təhlil olunmuşdur. Təhsil 
								sisteminin bütün vəsilələrində - məktəbəqədər 
								tərbiyə və ümumi təhsil müəssisələrində, texniki 
								peşə, orta ixtisas və ali təhsil məktəblərində 
								aparılan islahatların gedişi, nəticələr və 
								perspektivlər  şərh olunmuşdur. Eləcə də əlavə 
								təhsil, ali məktəb elmi məsələləri 
								araşdırılmışdır. Tədqiqatlar göstərir ki, 
								məktəbəqədər təhsil uşaqların erkən yaş dövründə 
								intellektual, fiziki və psixoloji inkişafında, 
								potensial imkanlarının üzə çıxarılmasında, 
								məktəb təliminə hazırlanmalarında, onlarda 
								mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol 
								oynayır. Bu sahənin inkişaf tarixinə və mövcud 
								vəziyyətinə geniş nəzər salan müəllif 
								problemlərdən yan keçmir. Reallığı və mövcud 
								vəziyyəti obyektivlik və ədalətlilik 
								parametrlərində nəzərə alan nazir  göstərir ki, 
								uzun müddətli ciddi cəhdlərə baxmayaraq 
								uşaqların məktəbəqədər əhatə səviyyəsi 16%-dən 
								yuxarı qalxmır, halbuki həmin göstərici Avropa 
								ölkələrində 90%-dən, MDB-də isə 50%-dən aşağı 
								deyildir. Son beş ildə 240 məktəbəqədər təhsil 
								müəssisəsi özəlləşməyə açıq elan  edilsə də, 
								cəmi 6 özəl müəssisə vardır ki, burada cəmi 
								400-ə yaxın uşaq əhatə olunmuşdur.  
								
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin 12 aprel 2007-ci il tarixli Sərəncamı 
								ilə "Azərbaycan Respublikasında məktəbəqədər 
								təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu 
								illər)" ölkəmizdə məktəbəqədər təhsil tarixində 
								yeni mərhələnin başlanmasını təmin etdi. 
								
								
								Nəticədə son illərdə 11 yeni uşaq bağçası 
								istifadəyə verilmiş, 21 uşaq bağçası əsaslı 
								təmir edilmiş, 32 müəssisə ən müasir 
								avadanlıqlarla təchiz olunmuş, 100 adda müxtəlif 
								təlim vəsaiti hazırlanmış, 5  yaşlı uşaqların 
								icbari məktəbəqədər təhsilə cəlbi istiqamətində 
								ciddi tədbirlər həyata keçirilmiş, bu tip 
								müəssisələr üçün təhsil proqramı - kurikulumu 
								hazırlanmışdır. Əsərdə qeyd olunur ki, ölkə üzrə 
								5 yaşlıların sayı 108600 nəfərdir və onların 
								yalnız 24%-i məktəbə hazırlıqla əhatə 
								olunmuşdur, mövcud uşaq bağçaları isə bu 
								kontingentin 40-45%-ni qəbul edə bilir. Ona görə 
								də Misir Mərdanov uzun müddət  bu sahəyə 
								rəhbərlik edən bir şəxs kimi haqlı olaraq ümumi 
								təhsil məktəblərinin bazasından istifadə 
								zərurətini irəli sürərək fikrini əsaslandırır. 
								
								
								Əsərin ən irihəcmli hissəsi ümumi təhsilə həsr 
								edilmişdir. Bu, əslində təbii və qanunauyğun 
								sayılmalıdır; təhsilin bu pilləsində əsas 
								spesifik cəhət odur ki, digər pillələrdən fərqli 
								olaraq bütün insanlar bu mərhələdən keçirlər.
								 
								
								
								Kitabdan bəlli olur ki, yalnız 2008-2009-cu 
								tədris ilində əvvəlki ilə nisbətən 1700-dən 
								artıq şagird artmış, ənənəvi olaraq davam edən 
								azalma dayanmışdır. Amma özəl ümumi təhsil 
								məktəblərinin də, məktəbəqədər müəssisələr kimi, 
								artımı zəif getmişdir. 
								
								
								Ümummilli lider Heydər Əliyevin  bu sahəyə  
								xüsusi diqqət yetirməsi, 4 oktyabr 2002-ci il 
								tarixli "Azərbaycan Respublikası ümumi təhsil 
								məktəblərinin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi haqqında" Sərəncam ümumi 
								təhsilin böhrandan xilası üçün əsas olmuşdur. 
								Məhz bu sərəncamın əsasında, 2003-cü ildə 
								"Azərbaycan Respublikasında yeni ümumi təhsil 
								məktəblərinin tikintisi, mövcud məktəblərin 
								əsaslı təmiri və müasir tədris avadanlıqları ilə 
								təmin olunmasına dair Dövlət Proqramı 
								(2003-2007-ci illər)" qəbul edildi. Həmin 
								sənəddə 5 ildə 44698 yerlik 149 yeni məktəbin, 
								175 məktəbdə 25560 yerlik 1328 sinif otağının 
								inşası, 408 məktəbdə əsaslı təmir işlərinin 
								aparılması nəzərdə tutulurdu. Bu sahədə  həyata 
								keçirilən uğurlu işlərin çox geniş statistik 
								mənzərəsini faktlarla şərhini verən professor 
								Misir Mərdanov son illərdə 350 min şagird yerlik 
								1300-dən çox yeni məktəb binasının tikilib 
								istifadəyə verilməsini "çağdaş təhsil 
								tariximizin ən parlaq səhifələri"ndən hesab 
								edərək, haqlı olaraq qeyd edir ki, son illərdə 
								700 mindən çox şagird, yəni bütün şagirdlərin 
								50%-i müasir tələblərə cavab verən məktəblərdə 
								oxuyur. 
								
								
								Ümumi təhsil sahəsində görülən irimiqyaslı 
								layihələr içərisində tədrisin məzmunu sahəsində 
								həyata keçirilən islahatlar da əsərdə geniş 
								təhlil edilmişdir. 
								
								
								2002-ci ildə  Dünya Bankı ekspertlərinin 
								iştirakı ilə Təhsil Nazirliyi tərəfindən ümumi 
								orta təhsilin məzmununa, onun daim 
								yeniləşdirilməsi və təkmilləşdirilməsi ilə 
								yanaşı, təhsilalanlarda həyati bacarıq və 
								vərdişlərin formalaşmasına daha çox diqqət 
								yetirilməsi məqsədi ilə kurikulumların tətbiqinə 
								başlandı. Bu sahədə ənənəvi problemlər üç 
								istiqamətdə ümumiləşdirilmiş, əsasən 
								qiymətləndirilmədə formalizmə üstünlük 
								verilməsi, məzmunun ifrat nəzəri və abstrakt 
								olması, nəhayət, bu sahədə şaquli və üfüqi 
								inteqrasiyanın olmaması  mövcud problemlər kimi 
								qeyd edilmişdir. 
								
								
								Əsərdən öyrənirik ki, 30 oktyabr 2006-cı ildə 
								təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi 
								təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi 
								əsaslı dönüşə təkan vermiş oldu. Yeni tədris 
								standartları hazırlandı, ibtidai siniflər yeni 
								kurikulumla fəaliyyətə başladı. Bundan sonra 
								təhsilin məzmununun yeniləşdirilməsi 
								istiqamətində fəaliyyət başlandı. 
								
								
								Ciddi təhlilə cəlb edilən sahələrdən biri ümumi 
								təhsil məktəblərinin dərsliklə təminatı, dərslik 
								siyasətidir. Bu sahədə həyata keçirilən dövlət 
								siyasətinin geniş analitik təhlili verilmiş, 
								ümummilli liderimizin dərslik siyasətinə 
								strateji  əhəmiyyətli sahə kimi diqqət yetirməsi 
								önə çəkilmiş, 26 aprel 1999-cu ildə təsdiq 
								edilmiş "Azərbaycan Respublikasında ümumi orta 
								təhsilin dövlət standartları"nın və 15 iyun 
								1999-cu il tarixli "Azərbaycan Respublikasının 
								təhsil sahəsində İslahat Proqramı"nın 
								qəbulunadək olan mərhələ birinci mərhələ hesab 
								edilmişdir.  
								
								
								Məqsədyönlü fəaliyyətin nəticəsidir ki, dərslik 
								siyasətinin birinci mərhələsində I-IV siniflər 
								üzrə dərsliklərin 90%-i, V-XI siniflər üzrə isə 
								75%-dən çoxu məzmunca yeniləşdirilmişdir. 
								
								
								Dərslik islahatının ikinci mərhələsində əldə 
								edilmiş uğurlar müqayisəli statistik təhlilə 
								əsaslanmışdır. Bu mərhələnin ən böyük uğuru 
								təbiət, texniki və dəqiq fənlərə aid yeni nəsil 
								dərsliklərə keçilməsi idi. Sonralar humanitar 
								fənlər üzrə də eyni prinsiplə dərslik hazırlığı 
								təmin edilmişdir. 
								
								
								Yeri gəlmişkən, ümumi təhsil məktəblərində uzun 
								müddətdir "İnsan və cəmiyyət", "İqtisadi 
								biliklərin əsasları", "Azərbaycan Respublikası 
								Konstitusiyasının əsasları" fənləri tədris 
								olunur və dərsliklər daim yeniləşdirilir. Çox 
								təəssüf ki, bu fənləri tədris edəcək kadr 
								hazırlığı diqqətdən kənardadır. Bu dərslərə çox 
								vaxt dərsi çatmayan müəllimlər üçün köməkçi fənn 
								kimi baxılır. Bizə elə gəlir ki, pedaqoji 
								universitetdə yeni "Vətəndaşşünaslıq" 
								fakültəsinin açılmasına ehtiyac vardır. 
								Azərbaycan Prezidenti Administrasiyasının 
								rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və 
								humanitar elmlər: zaman kontekstində baxış" adlı 
								proqram xarakterli məqaləsində haqlı olaraq qeyd 
								edir: "Biz daim böyük fəxrlə deyirik ki, 
								Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş 
								etmişdir. Müasir dünyada vəzifələrimizin 
								öhdəsindən layiqincə gələ bilməyimiz üçün 
								aidiyyəti elmi qurumlar azərbaycançılıq 
								məfkurəsinin nəzəri-konseptual əsaslarını 
								işləyib hazırlamalıdırlar... Milli dəyərlərlə 
								əlaqəli problemlər üzərində dayanaraq xüsusi 
								qeyd etmək istərdim ki, bunların tam həllini 
								tapması müstəqil respublikamızın gənclərinin 
								tərbiyəsi baxımından müstəsna əhəmiyyətə 
								malikdir". 
								
								
								Qloballaşmanın ictimai-humanitar düşüncədə hakim 
								olduğu indiki zamanda "milli kimliyini"zi təmin 
								etmək baxımından hörmətli akademik Ramiz 
								Mehdiyevin fikirləri də ümumi təhsil sistemində 
								bu fənləri  tədris edəcək kadr hazırlayan belə 
								bir  fakültənin açılmasını daha da labüd edir. 
								
								
								Müstəqil respublikamızın milli təhsil 
								siyasətinin geniş, konseptual təhlilinə həsr 
								edilmiş əsərdə ciddi diqqət yetirilən sahələrdən 
								biri də ümumi təhsil sistemində biliyin 
								qiymətləndirilməsidir. Azərbaycanda 
								"qiymətləndirmə" dedikdə, bəziləri bunu yalnız 
								təhsilalanın təlim nəticələrinə aid olan məsələ 
								kimi qəbul edirlər. Beynəlxalq təcrübədə 
								təhsilalanın biliyinə verilən qiymət həm də 
								müəllimlərin və məktəbin fəaliyyətinə, 
								valideynin təhsilə münasibətinə, məktəb 
								rəhbərinin peşəkarlıq səviyyəsinə verilən qiymət 
								kimi qəbul edilir. Planlı sovet təhsil 
								sistemində keyfiyyət yox, kəmiyyət önə 
								çəkildiyindən orta və ali məktəblərdə bütün 
								məzunların attestat və diplom almaları təbii 
								hesab edilirdi. Ona görə də bu sahədə ənənəvi 
								psixoloji baryeri aşmaq hələ də çətindir və 
								təpkilərlə qarşılanır. Bu sahədə ən ciddi vəzifə 
								beynəlxalq təcrübənin təbliğidir ki, burada da 
								başlıca məqsəd onun mahiyyətinin təhsilin müasir 
								inkişaf tendensiyalarına uyğunlaşdırılmasıdır. 
								Yeni kurikuluma uyğun tətbiq edilən 
								standartlarda təsbit olunmuş biliklər 
								daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya  
								(deklarativ, prosedural və kontekstual) 
								bölündüyündən onların reallaşdırılması üçün 
								tələb edilən bacarıqlar da fərqli müəyyən 
								edilir.  
								
								
								Əsərdə 2008-2009-cu dərs ilində ölkənin təhsil 
								tarixində ilk dəfə olaraq bütün ümumi təhsil 
								məktəblərində mərkəzləşdirilmiş imtahan 
								formasının tətbiqi bu sahədə yeni mərhələnin 
								başlanğıcı kimi qiymətləndirilir. 
								
								
								Azərbaycan təhsilinin salnaməsi hesab edilən 
								əsərdə ən geniş bəhs edilən fəsillərdən olan ali 
								və orta ixtisas təhsili sahəsində görülən 
								işlərin çox geniş elmi-praktik mənzərəsi 
								yaradılmışdır. 
								
								
								Müstəqillik əldə edildikdən sonra ölkədə baş 
								verən siyasi-tarixi proseslər bu  sahəyə də öz 
								təsirini göstərmiş, onu böhran mərhələsindən 
								ümummilli lider Heydər Əliyevin təkrar 
								hakimiyyətə qayıdışı ilə baş verən quruculuq 
								prosesi xilas etmişdir. 
								
								
								Dünya ölkələrinin təcrübəsi təsdiq edir ki, 
								şəxsiyyət və cəmiyyətin təhsilə tələbatları 
								əbədidir. Həmin tələbatların ödənilməsində orta 
								ixtisas və ali təhsilin özünəməxsus rolu var. 
								Azərbaycanın sosial-iqtisadi inkişafı, 
								formalaşmaqda olan bazar münasibətləri 
								şəraitində vətəndaşların peşə ixtisasına olan 
								tələbat və istəklərinin ödənilməsində  orta 
								ixtisas təhsilinin əhəmiyyəti danılmazdır. 
								Tarixi fakt və  təcrübə əsasında hazırlanmış 
								fəsildə orta ixtisas təhsili təbəqəsini dövlət 
								və özəl təhsil müəssisələrinin statistikası 
								əsasında şərh edən müəllif bu sahənin məqsədini 
								açıqlamışdır. 
								
								
								Orta ixtisas təhsili müəssisələrinin 
								infrastrukturunun yeniləşdirilməsi istiqamətində 
								bir sıra tədbirlər həyata keçirilmişdir. İndi 57 
								dövlət, 3 özəl orta ixtisas təhsili müəssisəsi 
								117 ixtisas üzrə kiçik mütəxəssis hazırlayır.
								 
								
								
								Sürət və intensiv dəyişilmə ilə səciyyələnən 
								müasir zamanda "sosial-iqtisadi və mədəni 
								sahələrdə davamlı inkişafa təkan verən real 
								qüvvə" hesab olunan ali təhsil: cəmiyyətin 
								ahəngdar inkişafında, cəmiyyətin intellektual 
								potensialının formalaşmasında, maddi sərvətlərin 
								insan kapitalına çevrilməsində müstəsna 
								əhəmiyyət kəsb edir, mühüm rol oynayır. 
								
								
								Təsadüfi deyil ki, respublikada Dünya Bankının 
								dəstəyi ilə aparılan islahatların mühüm sahəsi 
								ali təhsili əhatə edir. 
								
								
								"Ali təhsilin inkişafı" adlı fəsil məzmun 
								zənginliyi, beynəlxalq qurumlarla bağlı görülən 
								işlərin genişmiqyaslı təhlili ilə diqqəti cəlb 
								edir. 
								
								
								24 dövlət  ali məktəbində çalışan 
								professor-müəllim heyətinin pedaqoji 
								fəaliyyətinin məqsəd və vəzifələrinin 
								aydınlaşdırılması, dövlət büdcəsindən təhsilə 
								ayrılan vəsaitin həcminin başqa ölkələrdəki 
								rəqəmlərlə müqayisəli təqdimi, tədrisin məzmunu 
								və sair məsələlərin elmi-nəzəri şərhi fəslin 
								pedaqoji, sosial-ictimai dəyərini artırır. 
								Müvafiq fəsillərdə dünyanın seçilən ali 
								məktəblərinin siyahısı, ölkə məktəblərinin 
								reytinqi, ali məktəblərin maddi-texniki durumunu 
								əks etdirən çoxşaxəli diaqramlar, sxemlər 
								kitabın dəyərini artırır. 
								
								
								Elmi təhlil, publisistik şərh və fakt, hadisə 
								bölümü ilə seçilən kitabda maraqlı fəsillərdən 
								olan "Əlavə təhsil", "Ali məktəb elmi" də maraq 
								doğurur. Bu istiqamətdə ölkədə görülən işlərin 
								sistemli şərhi verilir. Azərbaycan vətəndaşları 
								bu gün dünyanın müxtəlif ölkələrinin ən tanınmış 
								ali məktəblərində yüksək ixtisaslı kadrlar kimi 
								hazırlanırlar. Bağlanılmış müqavilələrin, 
								qazanılmış uğurların analitik təhlili verilən 
								müvafiq səhifələr inkişaf səviyyəsini bütün 
								aydınlığı ilə dərk etməyə imkan verir. 
								
								
								Nəfis şəkildə, 2000 tirajla nəşr olunmuş 
								"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" 
								adlı  kitab tarixi, pedaqoji, ictimai, 
								siyasi-mədəni, milli-dünyəvi məzmunu ilə 
								seçilən, müasir dövrdə təhsil quruculuğunu 
								səciyyələndirən, Azərbaycan təhsilinin yeni 
								inkişaf tendensiyalarının tətbiqi, təhlilinə 
								həsr edilmiş fundamental əsər kimi böyük 
								əhəmiyyət kəsb edir.  
								
								
								
								Hüseyn ƏHMƏDOV, 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
								Ümumi pedaqogika  kafedrasının müdiri,  
								pedaqoji elmlər doktoru, professor,  
								Rusiya Dövlət Təhsil Akademiyasının akademiki,
								 
								Prezident təqaüdçüsü,  
								
								
								
								Həsən BAYRAMOV, 
								ADPU-nun dosenti,  pedaqoji elmlər üzrə fəlsəfə 
								doktoru  |