| 
								 
								
								
								 Aqarunov 
								Albert Aqarunoviç  
								
								
								1969-cu il aprelin 25-də Bakı şəhərində anadan 
								olub. Suraxanı rayonundakı 154 nömrəli orta 
								məktəbin səkkizinci sinfini bitirdikdən sonra 
								101 nömrəli texniki peşə məktəbində 
								sürücü-mexanik peşəsinə yiyələnib. O, 1987-ci 
								ildə hərbi xidmətə çağırılıb, əsgəri borcunu 
								Gürcüstanda yerinə yetirib və tank komandiri 
								olub. 1989-cu ildə ordu sıralarından tərxis 
								olunaraq Vətənə dönüb. Albert bir müddət Bakının 
								Suraxanı rayonunda maşınqayırma zavodunda 
								çalışıb.  Vətənimiz  erməni işğalına  məruz 
								qaldığı günlərdə o, könüllü olaraq  cəbhəyə 
								yollanıb.  
								
								
								İlk gündən çevikliyi və diqqətli olması, hərbi 
								tapşırıqları vaxtında və düzgün yerinə 
								yetirməsi, xüsusilə döyüş texnikasından 
								bacarıqla istifadə etməsi ona olan rəğbəti 
								qat-qat artırmışdı. Bütün bu yüksək səviyyəyə, 
								intizamlı davranışa, hərtərəfli hazırlığa malik 
								olduğuna görə də A.Aqarunov tank komandiri təyin 
								edilərək, Şuşa cəbhəsinə göndərilib. Xankəndi, 
								Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə 
								azğın düşmənin xeyli canlı qüvvəsini məhv edib. 
								Eyni zamanda o, bu döyüşdə ermənilərin neçə-neçə 
								zirehli texnikasını sıradan çıxarıb. 
								
								
								A.Aqarunov 1992-ci il mayın 8-də Şuşa və Laçın 
								rayonları uğrunda gedən ağır döyüşlərdə düşmən 
								snayperinə tuş gələrək şəhid olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Aqarunov Albert Aqarunoviç ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə 
								təhsil aldığı 154 nömrəli məktəb onun adını 
								daşıyır. Məktəbin önündə büstü qoyulub.  
								
								
								
								 Babayev 
								Nazim Abbas oğlu  
								
								
								1975-ci il fevralın 7-də Salyan rayonunun 
								Aydıngün kəndində dünyaya göz açıb, 1992-ci ildə 
								kəndlərindəki orta məktəbi bitirib. 1993-cü ilin 
								aprelində Milli Ordu sıralarında hərbi xidmətə 
								çağırılıb. 
								
								
								Bu zaman qaniçən erməni işğalçıları müqəddəs 
								torpaqlarımızın sinəsinə dağ çəkir, kəndlərimizi 
								yandırır, yerlə yeksan edir, evləri viran 
								qoyurdular. 
								
								
								Nazim torpaqlarımızın erməni işğalçılarından 
								müdafiə olunması uğrunda gedən döyüşlərdə 
								iştirak etmək üçün cəbhəyə yollanıb. O, doğma 
								Azərbaycanımızın ayrılmaz bir hissəsi olan 
								Qarabağın Füzuli və Tərtər bölgəsində gedən  
								ağır döyüşlərdə erməni faşistlərinə qarşı 
								vuruşub. 
								
								
								Torpaqlarımızı azad, sərhədlərimizi bütöv görmək 
								istəyi, arzusu ilə yaşayan bu mübariz döyüşçü 
								erməni quldurlarına qarşı hər an mərdliklə 
								vuruşub. Vətən, xalq qarşısında öz övladlıq 
								borcundan ləyaqətlə çıxıb.  
								
								
								Nazim həmçinin 1995-ci ilin məlum mart 
								hadisələri zamanı dövlət çevrilişinə cəhdin 
								qarşısının alınması, silahlı dəstələrin 
								tərksilah edilməsində də fəal iştirak edib. 
								Həmin il martın 15-də dövlətçiliyimizin müdafiə 
								olunması uğrunda gedən döyüşdə qəhrəmancasına 
								həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Babayev Nazim Abbas oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Qaraçala kənd Şəhidlər xiyabanında dəfn olunub. 
								
								
								Salyan şəhərindəki küçələrdən biri onun adını 
								daşıyır. Salyan şəhər parkında büstü qoyulub.  
								
								
								
								 Babayev 
								Çingiz Adil oğlu  
								
								
								1964-cü il oktyabrın 2-də Bakı şəhərində anadan 
								olub. Yasamal rayonundakı 20 nömrəli orta 
								məktəbi bitirib. Sonra Azərbaycan Politexnik 
								İnstitutuna daxil olub , 1986-cı ildə təhsilini 
								başa çatdıraraq təyinatla "Azərelektroterm" 
								Zavodunda əmək fəaliyyətinə başlamışdı. Çingiz 
								eyni zamanda işlədiyi müddətdə Azərbaycan Dövlət 
								Xarici Dillər  İnstitutunun  nəzdində  ingilis 
								dili üzrə illik kursu da bitirib.   
								
								
								Həmin zamanlar mənfur ermənilərin ata-baba 
								yurdlarımıza təcavüzü qeyrətli bir oğul kimi 
								Çingizi də hiddətləndirib. Vətən sevgisi, Vətən 
								məhəbbəti onu torpaqlarımızın yağı düşməndən 
								müdafiəsinə səsləyib. 1992-ci ildə könüllü 
								olaraq Milli Ordu sıralarında hərbi xidmətdə 
								olub, bir müddət hərbi hissələrdən birində 
								qərargah rəisi vəzifəsində çalışıb. 1994-cü ildə 
								isə Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə 
								C.Naxçıvanski adına liseyə dəyişdirilib. O, 
								burada əvvəlcə tağım komandiri, sonra bölük 
								komandiri, daha sonra tərbiyə işləri üzrə müavin 
								vəzifəsinə irəli çəkilib. Çingiz 1995-ci il 
								oktyabrın 28-də Bakının "Ulduz" və " Nərimanov" 
								metrostansiyaları arasında qəzaya uğrayan 
								qatardakı sərnişinlərin həyatını xilas edərkən 
								faciəli surətdə həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 
								1996-cı il tarixli 506 nömrəli Fərmanı ilə 
								Babayev Çingiz Adil oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Yasamal rayon qəbiristanlığında dəfn 
								olunub. Şərəfinə metronun "Ulduz" stansiyasında 
								abidə kompleksi ucaldılıb. C.Naxçıvanski adına 
								hərbi liseydə isə büstü qoyulub. Təhsil aldığı 
								məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi 
								vurulub.  
								
								
								
								 Bağırov 
								Tahir Əminağa oğlu              
								 
								
								
								1957-ci il iyulun 14-də Türkmənistan 
								Respublikasının Krasnovodsk şəhərində anadan 
								olub. Elə həmin il ailə üzvləri ilə birlikdə 
								Azərbaycana - Əli Bayramlı ( Şirvan) şəhərinə 
								köçüb. 1972-ci ildə burada səkkizinci sinfi 
								bitirərək, təhsilini peşə məktəbində davam 
								etdirib. O, 1977-ci ildə hərbi xidmətə 
								çağırılmış və 1979-cu ildə ordu sıralarından 
								tərxis olunub. T.Bağırov 1988-ci ildə Milli 
								Azadlıq Hərəkatının iştirakçısı olub. 1990-cı il 
								20 Yanvar faciəsi zamanı yaralı insanlara kömək 
								edərək onların tibb məntəqələrinə, təhlükəsiz 
								yerlərə aparılmasında xüsusi fəallıq göstərib. 
								
								
								O, 1992-ci ildə könüllü olaraq müdafiə 
								dəstələrindən birinə üzv yazılmış və   "N" saylı 
								hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı 
								təyin edilib. Erməni faşistlərinin törətdiyi 
								Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin 
								təhlükəli zonadan çıxarılmasında böyük rəşadət 
								göstərib. Tahir Füzuli, Ağdərə, Laçın 
								rayonlarında gedən döyüşlərdə xüsusi 
								fərqlənmişdi.1992-ci il oktyabrın 11-də Laçının 
								Səfiyan kəndi istiqamətində gedən döyüşdə 
								vertolyot ermənilər tərəfindən vurularkən Tahir 
								qəhrəmancasına həlak olub.  
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 5 fevral 
								1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə 
								Bağırov Tahir Əminağa oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Həzi 
								Aslanov qəsəbəsindəki 59 nömrəli orta məktəbə 
								onun adı verilib, büstü qoyulub. Suraxanı 
								rayonunun Əmircan qəsəbəsindəki küçələrdən biri 
								onun adını daşıyır.  
								
								
								
								 Bağırov 
								Allahverdi Teymur oğlu  
								
								
								1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan 
								olub. 1965-ci ildə Ağdam şəhər 1 nömrəli orta 
								məktəbini bitirən Allahverdi " Qarabağ " futbol 
								klubunda məşqçi kimi fəaliyyət göstərib. 
								
								
								O, 1988-ci ildə Dağlıq Qarabağda nankor 
								ermənilərin törətdikləri cinayətlərə dözməyərək, 
								Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar 
								hadisələrindən sonra A.Bağırov Ağdamda 
								könüllülərdən ibarət batalyon yaradıb. 1992-cı 
								ildə düşmənin mühasirəsində olan kəndlərə kömək 
								etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların 
								təhlükəsizliyini təmin etmək üçün o, bütün 
								var-qüvvəsi ilə çalışıb.  
								
								
								Erməni faşistlərinin törətdikləri Xocalı faciəsi 
								zamanı o, bir çox soydaşımızın həyatını xilas 
								edib. 1992-ci il iyunun 12-də Allahverdinin 
								batalyonunun güclü səyi nəticəsində Aranzəmin, 
								Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri 
								düşməndən azad edilib. A.Bağırov inanırdı kı, 
								qoşunlarımız tezliklə  Xankəndinə girəcək. 
								Azərbaycanın bu cəsur övladı gözətçi məntəqəsini 
								yoxlayıb geri dönən zaman sürücüsü ilə birlikdə 
								minaya düşərək həlak olub. 
								
								
								Ailəli idi. Bir oğlu, iki qızı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 24 fevral 
								1993-cü il tarixli 476 nömrəli Fərmanı ilə 
								Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn 
								olunub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |