| 
								 
								
								İyunun 10-da Bakının yeddinci mikrorayonunda 
								yerləşən 272 nömrəli körpələr evi-uşaq 
								bağçasında "Əlvida, bağça, salam, məktəb" adlı 
								mərasim keçirildi. 
								
								
								Bağçanın bütün tərbiyəçi və uşaq kollektivinin, 
								valideynlərin və çoxlu qonağın qatıldığı bayram 
								şənliyi təkcə məzunların məktəbə yola 
								salınmasına həsr olunmamışdı, həmin gün həm də 
								tərbiyə ocağı özünün 20 yaşını qeyd edirdi. 
								
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və digər 
								bağçalardan gəlmiş qonaqlar əvvəlcə bağçanı 
								gəzib burada yaradılmış yüksək təlim-tərbiyə 
								şəraiti ilə tanış oldular, qrup və yataq 
								otaqlarına baxdılar. Sonra onlar tərbiyəçi və 
								uşaqların qrup otaqlarında və dəhlizlərdə 
								nümayiş olunan əl işlərinə tamaşa etdilər. 
								
								
								Bayram şənliyini bağçanın müdiri, bacarıqlı 
								məktəbəqədər təhsil mütəxəssisi Şəfiqə Əliyeva 
								açaraq tədbir iştirakçılarını salamladı, 
								rəhbərlik etdiyi müəssisənin 20 illik fəaliyyət 
								yolundan, son illər təlim-tərbiyə işlərinin 
								keyfiyyətini yüksəltmək üçün həyata keçirdikləri 
								tədbirlərdən, əldə etdikləri uğurlardan söz 
								açdı. 
								
								
								Qeyd olundu ki, 1990-cı ildə 31 uşaq və bir neçə 
								tərbiyəçi ilə fəaliyyətə başlamış 272 nömrəli 
								körpələr evi-uşaq bağçasında hazırda 7 qrupda 
								150-dək uşaq tərbiyə olunur və məktəb təliminə 
								hazırlanır. Bağçada bütün yaş dövrlərini əhatə 
								edən həm Azərbaycan, həm də rus qrupları var. 
								Müasir dövrdə məktəbəqədər təhsilin qarşısında 
								duran vəzifələri yaxşı bilən tərbiyəçilər mövcud 
								proqramın tələblərini nəzərə almaqla yaradıcı 
								çalışır, məktəbəqədər təhsil sistemindəki bütün 
								yenilikləri və qabaqcıl təcrübə nümunələrini 
								öyrənib öz fəaliyyətlərində tətbiq edirlər. 
								Təlim-tərbiyə işində qazandığı uğurlarına görə 
								bağça, onun rəhbərliyi və tərbiyəçilər Təhsil 
								Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin, digər qurumların 50 fəxri fərmanı 
								ilə mükafatlandırılıb. Bağça Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin bu ilin may ayında Əl oyunları 
								sarayında keçirdiyi "Təhsil, zaman və biz" 
								sərgisində zəngin mündəricəli işi ilə paytaxtın 
								məktəbəqədər təhsil müəssisələrini yüksək  
								səviyyədə təmsil edib. 
								
								
								Bu il 272 nömrəli körpələr evi-uşaq bağçasından 
								65 uşaq məktəbə gedəcək. Bayram şənliyini öz 
								çıxışları ilə rövnəqləndirən də 3 
								məktəbəhazırlıq qrupunun məzunları olan həmin 
								uşaqlar idi. Balaca istedadlar böyük məharətlə 
								ifa etdikləri şeirlərlə, mahnı və rəqslərlə, 
								göstərdikləri maraqlı səhnəciklərlə bağçada 
								xeyli şey öyrəndiklərini, məktəbə getmək üçün 
								artıq hazır olduqlarını nümayiş etdirdilər. 
								Uşaqlar üçün çıxış etdikləri mahnı və rəqs 
								nömrələrinə uyğun gözəl geyimlər hazırlanmışdı. 
								
								
								Məzunlar əvvəlcə  Dövlət himnimizi ifa etdilər. 
								Sonra dövlətimizin atributlarına dair 
								söylədikləri şeirlərlə onları yaxşı 
								tanıdıqlarını sübut etdilər. Bir neçə mahnı və 
								rəqs nömrəsindən sonra meydana sinələrinə 
								müxtəlif rəqəmlər yazılmış uşaqlar çıxdılar. 
								Onların sıra ilə düzülməsindən "1990-2010" 
								ədədləri alındı. Bu, onların qoynunda tərbiyə 
								tapdıqları bağçanın 20 yaşına işarə idi. 
								
								
								 Balaca Əli müəllimə həsr edilmiş şeir dedi və 
								əlindəki gül dəstəsini tərbiyəçisinə təqdim 
								etdi. Hər üç qrupun tərbiyəçisi çıxış edib öz 
								yetirmələrini məzun olmaları münasibəti ilə 
								təbrik etdi, onlara məktəbdə yaxşı oxumağı 
								arzuladı. Uşaqların elmin-biliyin faydasını 
								artıq dərk etdikləri onların göstərdiyi kiçik 
								bir səhnədən aydın oldu.  
								
								
								Tərbiyəçi Hicran Bağırlı Cəfər Cabbarlının 
								məşhur "Ana" şeirini böyük məharətlə söylədi. 
								Arzu, Sevinc, digər uşaqlar bağçalarının 20 
								illiyi ilə əlaqədar kollektivin rəhbəri Şəfiqə 
								Əliyevanı, tərbiyəçilər Mehparə Əsədovanı, Pəri 
								Cəfərovanı, Cavahir Aşinovanı, Tatyana 
								Alimovanı, musiqi rəhbəri Mehriban Lətifovanı və 
								b. tərbrik etdilər, onları əsl ana kimi 
								sevdiklərini bildirdilər. 
								
								
								Mərasimin ən maraqlı nömrələrindən biri üç 
								valideyn arasında "Kim uşağını məktəbə tez yola 
								salır" mövzusunda keçirilən yarış oldu. Qalib 
								valideynə hədiyyə təqdim olundu. 
								
								
								Beləcə, bayram mərasimi balaca istedadların, 
								onların tərbiyəçilərinin bir-birindən maraqlı 
								nömrələri ilə davam etdi və iştirakçılara xoş 
								anlar yaşatdı.  
								
								
								Bayram mərasimində bağçanın müdiri Şəfiqə 
								Əliyevaya, nümunəvi işi ilə fərqlənən bir qrup 
								tərbiyəçiyə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								Fəxri fərmanları təqdim olundu. Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi Məktəbəqədər təhsil sektorunun 
								müdiri Leyla İmanova kollektivi hər iki 
								əlamətdar hadisə münasibəti ilə təbrik etdi. 
								Tədbirin yüksək səviyyədə və maraqlı 
								hazırlandığını, ümumiyyətlə bağçada aparılan 
								tərbiyə, təlim işlərinin günün tələblərinə cavab 
								verdiyini bildirən L.İmanova kollektivə 
								minnətdarlıq edib gələcək fəaliyyətində daha 
								böyük uğurlar arzuladı. 
								
								
								
								Yusif ƏLİYEV  |