| 
								 
								
								Qonaqları səmimi salamlayan təhsil naziri Misir 
								Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu 
								bildirib. 
								
								Nazir Azərbaycanla Livanın qarşılıqlı 
								münasibətləri zəminində digər istiqamətlərlə 
								yanaşı, təhsil sahəsində də əlaqələrin 
								inkişafına inamını ifadə edib. 
								
								
								 Livanın 
								gənclər və idman naziri Əli Hüseyn Abdullah 
								səmimi qəbula görə təşəkkürünü bildirib və 
								ölkəsinin təhsil sahəsində də Azərbaycanla 
								münasibətlərin inkişafında maraqlı olduğunu 
								nəzərə çatdırıb. Livanın təhsil sistemi, ali 
								məktəbləri barədə məlumat verən qonaq qarşılıqlı 
								tələbə mübadiləsi məsələsinə toxunub, bu 
								istiqamətdə əməkdaşlığa ehtiyac duyulduğunu qeyd 
								edib. 
								
								
								Azərbaycanın ali məktəblərində Livan 
								vətəndaşlarının keçmiş sovetlər dövründə də 
								təhsil aldıqlarını xatırladan təhsil naziri 
								Misir Mərdanov bu baxımdan respublikamızda bu 
								gün daha geniş imkanların olduğunu vurğulayıb. 
								Hər iki ölkənin hökumətləri arasında müvafiq 
								razılığın əldə olunması məsələsinə diqqət çəkən 
								nazir, eyni zamanda ali məktəblərin qarşılıqlı 
								əlaqələri və tanışlıq xarakterli səfərlərin 
								təşkili haqda fikirlərini bildirib. 
								
								
								Ölkəmizin təhsil sistemi haqqında söz açan Misir 
								Mərdanov Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin daimi qayğısı sayəsində son 
								illər ərzində 2000-dən çox orta məktəbin inşa 
								olunduğunu və əsaslı təmir edildiyini 
								vurğulayıb. Təhsil naziri qeyd edib ki, 
								sosial-iqtisadi yüksəlişinə görə Cənubi Qafqazın 
								lider dövləti olan Azərbaycanın dinamik inkişaf 
								göstəriciləri BMT-nin və digər beynəlxalq 
								qurumların müvafiq hesabatlarında da əksini 
								tapıb. Nazir BMT-nin 2010-cu il üzrə İnsan 
								İnkişafı Hesabatında Azərbaycanın 34 pillə 
								irəliləyərək 169 ölkə arasında 67-ci pilləyə 
								yüksəlməsini, əhalinin savadlılıq səviyyəsinin 
								99,5 faiz təşkil etməsini həyata keçirilən 
								islahatların aydın təzahürü kimi dəyərləndirib. 
								Misir Mərdanov bütün bu uğurların işğalçı 
								Ermənistan tərəfindən 20 faizdən çox 
								torpaqlarımızın zəbt edildiyi və həmin 
								ərazilərdəki 800 təhsil müəssisəsinin ermənilər 
								tərəfindən tamamilə dağıdıldığı bir şəraitdə 
								qazanıldığını da nəzərə çatdırıb. 
								
								
								Daha sonra qarşılıqlı maraq doğuran bir sıra 
								digər məsələlər ətrafında fikir mübadiləsi 
								aparılıb.  |