| 
								 
								
								Sistemli tədqiqat şəklində aparılan 
								qiymətləndirmənin məqsədi etibarlı məlumatların 
								toplanması, təkliflərin verilməsi, problemlərin 
								həlli üçün konkret istiqamətlərin 
								müəyyənləşdirilməsidir. Şagirdlərin təlim 
								nəticələri haqqında toplanmış  məlumat sistemli 
								olmadıqda müəyyən prinsiplərə (məlumatın 
								toplanması, təhlili, istiqamətlərin 
								müəyyənləşdirilməsi, problemlərin həlli) 
								əsaslanmış monitorinqin aparılmasında da 
								çətinlik yaranır. Qeyd edək ki, əsas məqsədi 
								şagirdlərin təlim nəticələrinə təsir edə bilən 
								amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında 
								məlumat toplamaq, perspektivləri, gələcək 
								fəaliyyəti müəyyənləşdirmək olan milli 
								qiymətləndirmə sistemli araşdırmanın tələblərinə 
								cavab verən tədqiqatdır. 
								
								
								3-4 ildən bir təhsilin müəyyən səviyyələrində  
								həyata keçirilən milli qiymətləndirmənin ümumi 
								məqsədi ölkənin təhsil vəziyyətini 
								müəyyənləşdirmək olsa da, müxtəlif illərdə 
								aparılan qiymətləndirmə tədqiqatının hər biri 
								xüsusi məqsədə malik olur.  
								
								
								Milli qiymətləndirmədə istifadə olunan 
								vasitələrin məzmunu məqsədli tədqiqat sualının 
								qoyuluşu ilə uyğunluq təşkil edir.  Əgər milli 
								qiymətləndirmənin xüsusi məqsədi təhsilə təsir 
								edən  konkret bir faktı öyrənməkdirsə, tədqiqat 
								sualı da özündə bu problemi əks etdirir. 
								Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik 
								və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə 
								vasitələrində tətbiqi tapşırıqlara yer ayrılır. 
								Şagirdin məişətdə davranışını, hesablama 
								qabiliyyətini, texniki vasitələrdən istifadə 
								bacarığını, fikrini ifadə edə bilməsini və 
								ümumiyyətlə, həyati bacarıqlarını yoxlayan 
								qiymətləndirmə vasitələri ilə təhsil 
								standartlarına diaqnoz qoyulur və bu sahədə 
								gələcək fəaliyyət müəyyənləşdirilir. Məsələn, 
								əgər milli qiymətləndirmənin nəticələri şagirdin 
								riyaziyyat fənni üzrə müəyyən nəzəri biliklərə 
								malik olmadığını və bunun əksinə olaraq, 
								məişətdə tələb olunan zəruri bacarıqlara 
								yiyələndiyini göstərirsə (kəsr saylarını 
								bilməyən şagird mağazada  asanlıqla alış-veriş 
								edə bilir), deməli, mövcud təhsil standartları  
								funksional savadı sosial biliklərdən təcrid 
								olunmuş şəkildə tələb edir. Təsadüfi deyil ki, 
								dünya təcrübəsində milli və beynəlxalq  
								qiymətləndirmələrdə şagirdlərin həm funksional, 
								həm də sosial biliklərinin tədqiqi  ümumi məqsəd 
								obyekti kimi çıxış edir.  
								
								
								Forma və məzmun uyğunluğu milli qiymətləndirmədə 
								istifadə olunan  sorğu anketlərində də özünü 
								göstərir. Məsələn, milli qiymətləndirmənin 
								xüsusi məqsədi şagirdin təlim nəticələrinə təsir 
								edən  hər hansı bir konkret amili öyrənməkdirsə 
								(məktəblərin maddi-texniki bazası və ya mühit, 
								ailə), hazırlanan sorğularda həmin problemə yer 
								ayrılır.  
								
								
								Dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda 
								keçirilən hər bir milli qiymətləndirmə 
								tədqiqatının da həm ümumi, həm də xüsusi 
								məqsədləri olub. 
								
								
								  İlk milli  qiymətləndirmə pilot layihə 
								şəklində 5-14 may 2003-cü il tarixlərində 
								keçirilib. Bu tədqiqatın özəyində  şagird 
								nailiyyətlərinin milli qiymətləndirilməsi 
								sisteminin yaradılması dayanırdı. 
								
								
								Ana dilindən oxu, riyaziyyatdan isə natural 
								ədədlər üzrə nailiyyətlərin qiymətləndirilməsinə 
								həsr olunmuş 2003-cü il milli qiymətləndirmə 
								tədqiqatının ümumi məqsədi şagirdlərin 
								nailiyyətləri haqqında  məlumat toplamaq, yeni  
								qiymətləndirmə mexanizmini  hazırlamaq idi. 
								
								
								Tədqiqatın xüsusi  məqsədi  fənn 
								kurikulumlarının, o cümlədən məzmun və 
								qiymətləndirmə standartlarının, təlim 
								strategiyalarının yaradılması üçün təkliflər 
								hazırlamaqdan ibarət idi.  
								
								
								Öncə fənlər üzrə hazırkı məzmun standartlarını 
								ilkin səviyyədə  əvəz edən   təlim məqsədləri 
								yazıldı və bu məqsədlərə uyğun suallar 
								hazırlandı. 
								
								
								Məsələn, riyaziyyatdan "ədədləri  şüa üzərində 
								təsvir edir, yerini müəyyən  edir və  ədədə 
								uyğun nöqtələrin tapır" təlim məqsədini ölçmək 
								üçün test kitabçasına  aşağıdakı sual daxil 
								edildi: 
								
								
								
								Ədədi şüa üzərində A nöqtəsinə hansı ədəd  
								uyğundur? 
								
								
								Cavab:           
								
								
								Ana dilindən  "şagird oxuduğu mətndən nəticə 
								çıxarır" təlim məqsədini  ölçmək  üçün  mətnlər  
								əsasında suallar   tərtib edildi. 
								
								
								Fənn kurikulumlarının yazılmasında, müəllim 
								hazırlığında 2003-cü il milli qiymətləndirmə 
								nəticələrindən geniş  istifadə edildi. 
								
								
								2006-cı ildə keçirilən  milli qiymətləndirmənin  
								ümumi məqsədi  şagirdlərin nailiyyətləri 
								haqqında  məlumat toplamaq və bunun əsasında  
								təhsilin keyfiyyəti haqqında fikir bildirmək, 
								bununla da təhsilin keyfiyyətinə nəzarəti təmin 
								etmək,  xüsusi məqsədi isə kənar amillərin və 
								ailə şəraitinin təhsilin inkişafına təsirini 
								müəyyənləşdirmək idi.   
								
								
								2006-cı il milli qiymətləndirməsi keçirilərkən 
								fənn  kurikulumlarının hazırlanması davam edirdi 
								və  təbiidir ki, məktəblərdə  ənənəvi fənn 
								proqramlarından istifadə olunurdu. Odur ki, 
								qiymətləndirmə vasitələri elə tərtib edilmişdi 
								ki, növbəti illərdə tədqiqat keçirilərkən 
								onların nəticələrini qarşılıqlı müqayisə etmək 
								mümkün olsun. 4-cü və 9-cu siniflərdə ana dili 
								və riyaziyyat fənni üzrə  keçirilən bu 
								tədqiqatda 70 seçilmiş məktəb iştirak edirdi.
								 
								
								
								Əvvəlcədən müəyyən edilmiş  təlim məqsədləri 
								üzrə hazırlanmış suallar əsasında  şagirdlərin  
								oxuduğunu anlamaq, təhlil etmək və  nəticə 
								çıxarmaq   bacarıqları yoxlanılırdı.   
								 
								
								
								2006-cı il milli qiymətləndirməsinin nəticələri 
								təhsili idarə edənlərin nəzərinə çatdırıldı və 
								ailə-məktəb əlaqələrinin gücləndirilməsinə 
								xüsusi diqqət yetirildi. Qeyd edək ki, 
								Valideyn-Müəllim Assosiasiyası məhz bu illərdə 
								yaradıldı.    
								
								
								2009-cu ildə keçirilən  milli qymətləndirmənin  
								sınaq mərhələsinin ümumi  məqsədi  əvvəlkilərdən 
								fərqlənmirdi. Xüsusi məqsədlər isə aşağıdakılar 
								idi:  
								
								
								1. 2009-cu ildə  ənənəvi fənn proqramları 
								əsasında təhsil alan şagirdlərin nəticələrini  
								2013-cü ildə  keçiriləcək  milli qiymətləndirmə  
								nəticələri ilə müqayisə etmək üçün bazanın  
								yaradılması (2013-cü ildə ibtidai təhsil 
								səviyyəsini bitirəcək şagirdlər  fənn 
								kurikulumları əsasında təhsil alırlar). 
								 
								
								
								2. 2012-ci ildən başlayaraq   Dünya Bankı 
								tərəfindən kitabxanaları təkmilləşdiriləcək   
								məktəblərin şagirdlərinin təlim nəticələrini  
								ötən illərlə müqayisə edə bilmək imkanını 
								yaratmaq. 
								
								
								Müəllim və şagirdlər  üçün hazırlanan sorğularda 
								isə yeni  təlim strategiyalarının, fəal təlim  
								metodlarının işləkliyi öyrənilirdi. Sorğuların 
								nəticələri göstərdi ki, ənənəvi  fənn 
								proqramları ilə işləyən müəllimlərin heç də 
								hamısı fəal  təlim metodlarından istifadə etmir 
								və təlim strategiyalarını dəyişmirlər. Bunun bir 
								səbəbi də odur ki,  nəticələrə deyil, yalnız 
								məzmuna əsaslanan proqram  müəllimlərdən geniş 
								yaradıcılıq tələb etmir. Lakin  nəticəyə 
								əsaslanan  kurikulumla  işləmək müəllimlərdən 
								yaradıcı olmağı, öyrətməyin yeni yollarını 
								tapmağı tələb  etdiyinə görə onlar  fəal təlim 
								üsulları ilə işləməyə üstünlük verirlər. 
								
								
								Qeyd edək ki, milli qiymətləndirmənin 2011-ci 
								ildə keçiriləcək  əsas mərhələsinin də ötən 
								tədqiqatlarda olduğu kimi  ümumi və xüsusi 
								məqsədləri müəyyənləşdirilib.Belə məqsədlərdən  
								biri də  IX sinif  şagirdlərinin sosial 
								savadının yoxlanılmasıdır. 
								
								
								Riyaziyyat fənni üzrə həmin məqsədə xidmət edən 
								bir nümunə təqdim edirik: 
								
								
								Kərpic qalağında müxtəlif ölçülü üç kərpic 
								vardır.  
								
								
								Orta ölçülü iki və bir kiçik kərpic birlikdə bir 
								böyük kərpicə bərabər olur.  
								
								
								İki kiçik kərpic  isə bir orta ölçülü kərpicə 
								bərabər olur.  
								
								
								Aşağıda bu cür kərpiclərdən qurulmuş tikintinin 
								iki görünüşü 
								
								 verilmişdir.  
								
								
								Tutaq ki, siz həmin tikintini yalnız kiçik 
								kərpiclərdən istifadə etməklə tikmək 
								istəyirsiniz.  
								
								
								Sizə neçə kiçik kərpic lazım olacaqdır? 
								
								
								Cavab:  
								
								
								2011-ci ildə IX siniflər arasında keçiriləcək 
								milli qiymətləndirmə tədqiqatının xüsusi 
								məqsədlərindən biri də şagirdlərin İKT 
								bacarıqlarının yoxlanılması və gələcəkdə 
								müqayisəli təhlillər üçün bazanın 
								yaradılmasıdır.  
								
								
								
								Təranə HACIYEVA, 
								Təhsil Nazirliyinin Monitorinq və  
								qiymətləndirmə şöbəsinin müdiri, filologiya 
								elmləri doktoru  |