| 
								 
								
								Ölkəmizdə  təhsilin keyfiyyətinin yüksəldilməsi, 
								inkişafının təmin olunması  istiqamətində bir 
								sıra ciddi addımlar atılıb. Məktəbdə müasir 
								tədris-təlim prosesinin qurulmasında həlledici 
								faktorlardan biri olan keyfiyyətin idarə 
								olunması məsələsinə xüsusi yer verilir. Təlim 
								keyfiyyətinin yüksəldilməsi bilavasitə 
								müəllimlərin fəaliyyəti  və tədris prosesini 
								müasir tələblərə uyğun qurması ilə bağlıdır. 
								
								
								Rəhbərlik etdiyim  Qax şəhər 2 nömrəli  orta 
								məktəb-liseydə  bu məsələ daim diqqətdə 
								saxlanılır. Məktəbdə 2  kompüter  kabineti var, 
								məktəb İnternet şəbəkəsinə qoşulub, 6 
								informatika müəllimindən 3-ü Rabitə  və 
								İnformasiya  Texnologiyaları Nazirliyi 
								tərəfindən keçirilən müsabiqədə I-III yerləri 
								tutub. Təhsilin keyfiyyətinin  monitorinqi 
								aparılır. Bircə faktı demək kifayətdir ki, 
								martda keçirilmiş pedaqoji şura ərəfəsində  
								komissiyanın hazırladığı plana uyğun olaraq 
								38-45 saat dərs dinlənilmiş, fənn birləşmələri  
								xətti ilə  8 müəllimin nümunəvi dərsləri təşkil 
								olunmuş, qarşılıqlı dərs dinləmələrinə geniş yer 
								verilmişdir. IX-XI  siniflərdə sınaq 
								imtahanları  keçirilmiş, digər siniflərdə isə  
								yazılı və şifahi yoxlamalar aparılmışdır. Hər il 
								aprel-may  aylarında bütün siniflərdə  proqramın 
								keyfiyyətlə yerinə yetirilməsi vəziyyəti 
								öyrənilir. Bu məqsədlə siniflərdə  
								monitorinqlərin keçirilməsi təmin edilir. 
								Müəllimlər apardıqları diaqnostik, formativ, 
								summativ qiymətləndirmə üzrə  ümumi cədvəllər 
								hazırlamaqla  nəticələr çıxarılır.  Bu isə 
								növbəti ilin başlanğıcı üçün  fəaliyyətdə əsas 
								rol oynayır.  
								
								
								Milli Kurikulumla işləyən I, II sinif şagirdləri 
								arasında oxumağı,yazmağı, hesablamağı bacarmayan 
								şagirdlər yoxdur. Tədris prosesinin müşahidələri 
								göstərir ki, şagirdlər qısa zamanda xeyli 
								biliklərə və vərdişlərə yiyələniblər. Onlar 
								xüsusilə dərsin motivasiya  mərhələsində, 
								tədqiqatın  aparılması və  nəticənin 
								söylənilməsində fəallıq göstərirlər.  
								
								
								Tədris ocağında işinin ustası olan  müəllimlər 
								çoxdur. Onlar dərslərdə  müasir təlim 
								metodlarından  geniş istifadə edir, İKT-nin 
								tədqiqat işinin aparılması, layihələrin 
								hazırlanması və s. tətbiqinə  xüsusi  fikir 
								verirlər. Dərslərdə tapşırıqların verilməsi 
								şagirdlərin məntiqi təfəkkürünün inkişafına  
								kömək edir. Məktəbin  fizika, riyaziyyat, 
								biologiya, kimya, tarix və ədəbiyyat fənləri 
								üzrə tədqiqat işi ilə məşğul olan 6 nəfər 
								şagirdi diplomlarla mükafatlandırılıb. 
								
								
								Məktəbimizdə "Qüvvət elmdədir, elmsiz heç kəs, 
								heç kəsə üstünlük eyləyə bilməz" mövzusunda 
								keçirilən yaradıcılıq gecəsi şeir yazmaq və 
								mahnı bəstələmək sahəsində istedadların üzə 
								çıxarılmasına imkan verib. 2010-cu ilin 
								fevralında "Həyatın cövhəri yalnız əməkdir, 
								zəhmətsiz bir insan nəyə gərəkdir?" mövzusunda 
								keçirilən əmək gecəsində 5 nəfər, "Riyaziyyat - 
								sirli bir aləmdir" gecəsində 4 nəfər, "Kimya - 
								fantastik yaradıcılıq gücü" mövzusunda keçirilən 
								gecədə isə 2 nəfər xüsusi qabiliyyəti olan 
								şagird aşkar edilib və onların adları  "İstedad 
								bankı"na daxil olunub. 
								
								
								Maraqlı tədbirlərimizdən biri də incəsənət 
								məktəbinin müəllimlərinin də iştirakı ilə 
								keçirilən "Muğamlarımız milli sərvətimizdir" 
								mövzusunda festivalı  6 istedadlı muğam 
								ifaçısının üzə çıxması ilə nəticələnib. 
								 
								
								
								Şagirdlərin müstəqil fəaliyyətinin, idarəetmə 
								qabiliyyətinin formalaşmasında hər il keçirilən 
								"Şagird özünüidarə günü"nün xüsusi yeri vardır. 
								
								
								Məktəbdə keçirilən tədbirlərlə əlaqədar 
								şagirdlərin hazırladıqları müxtəlif növ 
								əyaniliklərdən 100-ə qədəri  "Odlar yurdu" 
								klubuna hədiyyə verilmişdir. 
								
								
								Bu tədbirlərdə də 10-dan çox şagirdin xüsusi 
								qabiliyyətə malik olması  üzə çıxdı. İnşa yazı 
								müsabiqələrini bura əlavə etmək olar. Təkcə onu 
								qeyd etmək kifayətdir ki, 8 şagirdin yazısı 
								respublika üzrə  hazırlanmış  xüsusi  kitablara 
								daxil olunmuşdur. 
								
								
								Məktəbdə həm təbiət və həm də humanitar fənn 
								üzrə 2 dəfə intellekt yarışları təşkil 
								olunmuşdur ki, bu yarışlarda 3  nəfər yeni 
								liderin müəyyən olunmasına imkan yaranmışdır. 
								
								
								Şagirdlərimiz idman yarışlarında da fəal iştirak 
								edirlər. Rayon üzrə keçirilən yarışda "Cəsurlar" 
								komandası ötən dərs ilində II yerə, "Şahin" 
								komandası isə I yerə çıxmışdır. "Şahin" 
								komandası zona mərhələsində də uğurla iştirak 
								etmiş və I yerə çıxaraq respublika mərhələsinə  
								vəsiqə almışdır.  
								
								
								Valideynlərlə əlaqəyə xüsusi fikir verilir. 
								Oktyabr ayında keçirilən valideyn konfransında 
								"Xüsusi istedada malik olan uşaqların 
								formalaşmasında valideyn-məktəb əməkdaşlığı" 
								mövzusunda məsələ müzakirə olunmuşdur. 
								 
								
								
								Məzunlarımız  ali məktəblərə qəbulda da rayon 
								üzrə  ən yüksək göstəricilərə malikdir. Son on  
								ildə  məktəbimiz hər dəfə TQDK-nın  tələbə 
								qəbulunun nəticələrinə əsasən   seçilən 100 ən 
								yaxşı ümumtəhsil məktəbi sırasına düşür. Məktəb 
								üzrə keyfiyyət faizi 67%-dir. XI sinfi bitirən 
								118 nəfər şagirddən 55-60%-i universitetlərə 
								daxil olub. Məhz bütün bu işlərin nəticəsidir 
								ki,məktəbimiz ölkə Prezidentinin müvafiq 
								sərəncamına əsasən 2008-2009-cu tədris ilində 
								keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin qalibi olmuşdur. Biz əminik ki, bu 
								ilin uğurları  daha çox olacaq.  
								
								
								
								Şəkər ABDULLAYEVA, 
								Qax şəhər 2  nömrəli orta məktəb-liseyin 
								direktoru,  
								əməkdar müəllim  |