| 
								 
								
								 Düz 
								11 il öncə, bir az da dəqiq desək, 1999-cu il  
								mayın 6-da  Kərimovlar ailəsinə Tanrı  bir dünya 
								sevinc bəxş etdi. Sonralar  Firdus adını  
								daşıyacaq gözəl bir qız  dünyaya göz açdı. 
								
								
								Firdus hələ uşaqlıqdan qeyri-adi istedadı ilə 
								ətrafındakıları heyrətləndirirdi.  O, 4  yaşı 
								olarkən  əlifbanı sərbəst oxuyur, rəsm çəkir, 
								müxtəlif boyaları bir-birindən ayırırdı. 6 
								yaşında isə T.İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayında  "Cücələrim" ansamblının 
								solisti seçildi.  Milli və dünya xalqlarının 
								rəqslərini məharətlə ifa etdiyinə görə dəfələrlə 
								o, fəxri fərman və diplomlarla 
								mükafatlandırılıb. İdmanın dama növü ilə də 
								məşğul olan Firdus öz yaşıdları arasında 
								keçirilən dama yarışlarında dəfələrlə birincilik 
								qazanıb. Artıq Firdus  dördqat Azərbaycan 
								çempionu olmaqla  I dərəcəli  damaçı adını 
								daşıyır. Bu günlərdə  o, növbəti qələbəsi ilə  
								də öz pərəstişkarlarını sevindirib. Bakı şəhər 
								məktəbliləri arasında keçirilən dama üzrə XXIII 
								spartakiadanın qalibi adını qazanaraq I dərəcəli 
								diplomla təltif olunub. 
								
								
								Yeniyetmə qız Bakıdakı 189 nömrəli orta 
								məktəbin  VI sinfində təhsil alır. Nümunəvi və 
								əlaçı şagirddir. F.Kərimova  məktəbdə  fəaliyyət 
								göstərən "İstedad" şagird  studiyasının fəal 
								üzvlərindəndir.   Təhsil ocağında vaxtaşırı  
								keçirilən "Vətən dərsləri"nin, müxtəlif 
								tədbirlərin fəal  iştirakçısıdır.  Onun 
								"Şirvanşahlar"  qoruq - muzeyində  keçirilən 
								"Vətən dərsləri"ndə  Xurşidbanu Natəvanın 
								"Qərənfil" rədifli qəzəlini  özünəməxsus tərzdə 
								söyləməsi,  M.Ə.Sabirin satirik  şeirlərini, 
								C.Cabbarlının  əsərləri əsasında hazırlanmış  
								səhnəcikləri  xüsusi ustalıqla və  məharətlə   
								ifa etməsi  maraqla qarşılanıb. 
								
								
								Məktəbin direktoru  Bela Cəlilova  rəhbərlik 
								etdiyi təhsil ocağında  belə istedadlı və  
								bacarıqlı  şagirdi ilə qürur  hissi  
								keçirdiyini  söylədi.  Bildirdi ki, onun 
								müxtəlif səhnə əsərlərində  canlandırdığı  
								rollardan  olan fotoşəkillərdən ibarət  guşə 
								yaratmaq fikrindədir.   
								
								
								Sifai SƏFƏROVA   |