| 
								 
								
								 XIX 
								əsrin  əvvəllərində Azərbaycanda ilk dünyəvi 
								məktəblərdən biri  musiqi incəsənətimizin 
								mərkəzi sayılan, dünyaya tanınmış ziyalılar, elm 
								və mədəniyyət xadimləri bəxş etmiş  Şuşa 
								şəhərində açılmışdır. Həmin məktəbin varisi  
								Şuşa şəhər 1 nömrəli orta məktəbin bu il 180 
								yaşı tamam olur. Yubiley ərəfəsində məktəbin 
								şərəfli fəaliyyət yolunun  araşdırılması  
								istiqamətində  xeyli iş görülmüş və bir sıra 
								maraqlı tədbirlər həyata keçirilmişdir. Onların  
								ən diqqətçəkənlərindən biri  bu şöhrətli təhsil 
								ocağının qısa tarixini və fəaliyyətini əks 
								etdirən kitabın çapdan buraxılmasıdır. 
								 
								
								
								Məktəbin məzunu və müəllimi, Şuşa təhsilinin 
								cəfakeşi  və alovlu təbliğçisi, pedaqoq - şair, 
								Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı 
								məsləhətçisi  Əyyub Əbdüləzimovun (Əyyub 
								Şırlanlı) tədqiqatçılıq axtarışlarının və gərgin 
								zəhmətinin nəticəsi olaraq meydana gələn "Şuşa 
								Zaqafqaziyada müstəsna əhəmiyyət  kəsb edən 
								təhsil mərkəzi və ziyalılar şəhəridir" kitabı bu 
								günlərdə işıq üzü görmüşdür.  
								
								
								Redaktoru  və ön sözün müəllifi  pedaqoji elmlər 
								doktoru, professor Akif Abbasov olan kitabda 
								Şuşa qəza məktəbinin keçdiyi tarixi yoldan, onun 
								sələflərinin, xüsusən də indi Şuşa şəhər 1 
								nömrəli məktəb kimi tanınan təhsil ocağının 
								fəaliyyətindən, yetirmələrindən, adlı-sanlı 
								müəllimlərindən, məzunlarının uğurlarından, 
								bütövlükdə Şuşa ziyalılarının pedaqoji 
								fikrimizin inkişafındakı rolundan bəhs olunur. 
								
								
								Kitabda həmçinin  Şuşanın tarixi, mədəniyyəti, 
								memarlıq və incəsənət abidələri haqqında da 
								maraqlı məlumatlar vardır.  
								
								
								
								Yusif  ƏLİYEV  |