|   | 
										
										
										Yerləşir:  | 
										
										
										ABŞ, Massaçusets ştatı, Boston şəhəri | 
										
										 
										   | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1839-cu il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Özəl  | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										 3931 
										nəfər akademik, 7410 nəfər inzibati 
										heyət | 
									 
									
										| 
										
										Tələbələrin ümumi sayı: | 
										
										
										31766 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri: | 
										
										
										1529563000 ABŞ dolları | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										1443477000 ABŞ dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.bu.edu | 
									 
								 
								
								
								Boston Universiteti (Boston University) ABŞ-ın 
								Massaçusets ştatının paytaxtı  Boston şəhərində 
								yerləşən qədim ali təhsil ocağıdır. Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, Boston Universiteti 100 ən 
								yaxşı ali məktəb arasında 54-cü yerdədir. 
								2010-cu ildə "Times Higher Education World 
								University Rankings"in açıqlamasına əsasən 
								Boston Universiteti dünyanın ən nüfuzlu 
								universitetləri arasında 59-cu yerdə, "QS World 
								University Rankings"in açıqlamasına əsasən isə 
								64-cü yerdədir.  
								
								
								
								Tarixi  
								
								 Boston 
								Universitetinin tarixi 1839-cu ildə yaradılmış 
								Vermont ştatında yerləşən Nyuberi Bibliya 
								İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir 
								ştatının Konkord şəhərində fəaliyyət göstərən 
								konqreqasiya cəmiyyəti (kilsə icmaları 
								birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz 
								şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri 
								yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi 
								Bibliya İnstitutu Konkord şəhərində 20 il 
								fəaliyyət göstərir. 1867-ci ildə institut 
								Massaçusets ştatının Boston şəhərində 
								Piknik-strit 23-ə köçür və burada Boston 
								İlahiyyat İnstitutu adı altında fəaliyyət 
								göstərir. 1869-cu ildə Massaçusets ştatının 
								Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi 
								Bibliya Universitetinə Boston Universiteti adı 
								verilir. Universitetin yaranmasında üç şəxsin - 
								İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük 
								rolu olur. Hazırda universitetdə onların 
								adlarını daşıyan yataqxanalar fəaliyyət 
								göstərir. 1869-cu il mayın 26-da Massaçusets 
								ştatının qubernatoru Klaflin Linin oğlu Uilyam 
								ştatın Qanunvericilik Şurasının qəbul etdiyi 
								nizamnaməni imzalayır.  Universitetə, teologiya 
								fakültəsi istisna olmaqla, dinindən, irqindən,  
								milliyyətindən, cinsindən asılı olmayaraq hər 
								kəs qəbul edilir. Boston İlahiyyat İnstitutu 
								1871-ci ildə Boston Universitetinə birləşdirilir 
								və universitetin İlahiyyat Məktəbi kimi 
								fəaliyyət göstərməyə başlayır. Bir il sonra 
								İsaak Riç öz mülkünün böyük bir hissəsini (1,5 
								milyon ABŞ dolları) Boston Universitetinə 
								bağışlayaraq vəfat edir. Bu, həmin dövrdə 
								Amerika ali məktəblərinə bağışlanmış ən böyük 
								ianələrdən hesab olunurdu.  
								
								
								1872-ci ilin dekabrında baş vermiş yanğın Boston 
								Universitetini, demək olar ki, tamamilə məhv 
								edir. Yalnız universitetin bir binası yanğından 
								az zərər çəkir. Nəticədə ali məktəbin Aspinuol 
								Hill ərazisində kampus yaratmaq niyyəti baş 
								tutmur və buradakı ərazisini hissə-hissə satır. 
								Hazırda həmin yerlərdəki Klaflin Road, Klaflin 
								Path və küçə adları orada nə vaxtsa Boston 
								Universitetinin fəaliyyət göstərdiyini təsdiq 
								edir.  
								
								 Boston 
								Universitetinin Bekon Hill, Boylston Strit və 
								Kopli meydanında yerləşən korpusları, Çarlz 
								River kampusu 1937-ci ildən sonra tikilməyə 
								başlayıb. 1951-ci ildə universitetin 5-ci 
								prezidenti Harold Keysin rəhbərliyi dövründə ali 
								məktəb 180000 m2 ərazi və 68 yeni bina alır. 
								Universitetin ilk yataqxanaları Klaflin, Riç və 
								Sliper Holls, Qərb kampusu, Uorren Touers, Mugar 
								Memorial kitabxanası və s. binalar  tikilir, ali 
								məktəb sürətli inkişaf yoluna qədəm qoyur.
								 
								
								
								1990-cı illərdə universitetin Qərb və Şərq 
								hissələrini birləşdirmək məqsədi ilə Con Henkok 
								Tələbə Kəndi tikilir. Boston Universitetində 
								mütəmadi olaraq inkişaf proqramları qəbul 
								olunur. 2009-cu il böhranında universitetdə 2,5 
								milyon dollarlıq kompüter sistemlərinin 
								yeniləşdirilməsi prosesi baş tutub. Bununla 
								yanaşı, universitetdə kitabxana, yataqxana və 
								digər obyektlərin yenidənqurulması ilə bağlı 
								işlər aparılır.  
								
								
								
								Büdcəsi və təhsil haqqı  
								
								
								Ötən tədris ilində Boston Universitetinin illik 
								gəlirləri 1529563000 ABŞ dolları, illik xərcləri 
								isə 1443477000 ABŞ dolları təşkil edib. Ali 
								məktəbin ianə fondunun gəlirləri 1020000000 ABŞ 
								dollarına bərabərdir.  
								
								 2010-2011-ci 
								tədris ilində Boston Universitetində tələbələrin 
								təhsil haqqı 39314 ABŞ dolları təşkil edir. 
								Universitetdə təhsil alan əcnəbilər ABŞ-dan olan 
								tələbələrlə eyni məbləğdə təhsil haqqı 
								ödəyirlər. Bundan əlavə, tələbələrdən 550 ABŞ 
								dolları dəyərində vergi tutulur. Tələbələr 
								kampus daxilində yaşayış yeri ilə təmin olunmaq 
								üçün ildə 7980, qidalanmaq üçün isə 4280 ABŞ 
								dolları ödəyirlər. Kitab və digər ləvazimatlar 
								üçün gənclərə ildə 940, nəqliyyat üçün 546, 
								şəxsi xərclər üçün isə 1290 ABŞ dollarına qədər 
								vəsait lazım gəlir. Ötən tədris ilindən fərqli 
								olaraq bu il universitet təhsil, yaşayış və 
								qidalanma qiymətlərini 3,65% artırıb. Tələbələrə 
								verilən təqaüd və maliyyə yardımının məbləği də 
								12% çoxalıb.  
								
								
								Boston Universitetində təqaüd yüksək akademik 
								göstəricilərə, liderlik bacarıqlarına malik, hər 
								semestrin 12 kreditini uğurla verən, dərslərdə 
								mütəmadi iştirak edən, il ərzində yüksək bal 
								nəticələri olan, istedadlı (rəssam, aktyorluq 
								məharəti və s.), idman sahəsi üzrə uğur qazanmış 
								tələbələrə verilir. Universitet tərəfindən 
								təqaüdə layiq görülən tələbələr kampus 
								ərazisində yaşamalıdırlar. Dünyanın digər 
								nüfuzlu ali təhsil ocaqlarında olduğu kimi, 
								Boston Universitetində də müxtəlif təqaüdlər 
								mövcuddur (Qəyyumluq, Texniki, Universitet, 
								Aleksandr Qrahem Bell, Kiçik Martin Lüter Kinq, 
								İdman və s.). Əcnəbi tələbələr Qəyyumluq, 
								Texniki və Universitet təqaüdləri ala bilərlər. 
								Boston Universitetində maliyyə yardımı yalnız 
								yüksək akademik göstəricilərə malik və maliyyə 
								vəziyyəti çətin olan yerli tələbələrə verilir.
								
								
								  
								
								
								
								Universitet bu gün  
								
								 Boston 
								Universiteti Çarlz River və Tibb kampuslarından 
								ibarətdir. Əsas Çarlz River kampusu Boston 
								şəhərinin Bek Bey rayonunda Çarlz çayı sahili 
								boyu, Tibb kampusu isə Saut-End ərazisində 
								yerləşir. Çarlz River kampusunda yerləşən 
								binaların əksəriyyəti qotik üslubda inşa 
								olunmasına baxmayaraq, burada müasir tikililər 
								də az deyil. Con Henkok Tələbə Kəndi 40000 m2 
								ərazini əhatə edir. Kənddə Fitnes və Sağlamlıq 
								Mərkəzi, 2000-ci ildə inşa edilmiş bir və 
								2009-cu ildə tikilmiş iki yataqxana, 19 və 26 
								mərtəbəli yeni binalar və s. yerləşir. Boston 
								Universitetinin əlavə olaraq Brüssel, Dubay, 
								London, Los-Anceles və Vaşinqtonda kampusları 
								fəaliyyət göstərir.  
								
								
								Boston Universiteti dünyanın 20-yə yaxın 
								ölkəsində 70-dən çox tədris proqramı təklif 
								edir.  
								
								
								Boston Universitetinin yataqxana kompleksi 
								ABŞ-ın ən böyük yataqxanalarından hesab olunur. 
								Universitetin yataqxanaları, əsasən, Çarlz River 
								kampusunun Bey Roud və Cənub Kampus rezidental 
								ərazilərində yerləşir. Hazırda ali məktəbin 
								tələbələrinin 76%-i kampus ərazisində 
								məskunlaşıb. Kampusda yerləşən yataqxana 
								binaları müxtəlif dövrlərin üslublarında inşa 
								edilib. Burada XIX əsrin Braunston taunhausları 
								(qəhvəyi daşlardan tikilmiş ev və binalar), 
								1960-cı və 2000-ci illərə aid yüksək mərtəbəli 
								binalar mövcuddur. Universitetdə tələbə çox 
								olduğundan, kampusda otaq qıtlığı müşahidə 
								olunur. Çarlz çayının üzərində Hyatt Regency 
								Kembric müvəqqəti yataqxanası yerləşir. Uorren 
								Touer yataqxanaların ən böyüyüdür və 1800-dən 
								çox tələbə yerləşdirməyə qadirdir. Yataqxanalar 
								yüksək səviyyəli şəraitə malikdir və ciddi 
								mühafizə olunur.  
								
								 Boston 
								Universitetində 250-dən çox proqram təklif edən 
								17 kollec fəaliyyət göstərir. Bunlar İncəsənət 
								və Elmlər, Kommunikasiya, Mühəndislik, Təsviri 
								İncəsənət, Ümumi Tədqiqatlar, Təhsil, 
								Qonaqpərvərlik Administrasiyası, İdarəetmə, 
								Hüquq, İctimai Fəaliyyət, İlahiyyat, Tibb, 
								Qoldman Stomatologiya, İctimai Səhiyyə, Təhsilin 
								Davametdirilməsi, Elmi və Texniki Proqramlar 
								(Metropolitan), Sağlamlıq və Reabilitasiya 
								Elmləri (Sarcent) kollecləridir. Hər kollec öz 
								növbəsində məktəblərdən və bölmələrdən 
								ibarətdir. Universitetdə 140 elmi-tədqiqat 
								müəssisəsi, 2000-dən çox laboratoriya mövcuddur. 
								Həmçinin ali məktəbin nəzdində Boston 
								Universiteti Teatrı, Fotonika, Afrika 
								Tədqiqatları, Tsay İfaçılıq, Distant 
								Zondlaşdırma, Hesablama Elmləri mərkəzləri, 
								İqtisadi İnkişaf, İrq və Sosial Bölünmə 
								institutları, Koyt Rəsədxanası vardır. 
								 
								
								
								Boston Universitetinin kitabxana sisteminə 23 
								kitabxana daxildir. Universitetin mərkəzi 
								kitabxanası Çarlz River kampusunda yerləşən 
								Muqar Memorial kitabxanasıdır. Bu kitabxanada 2 
								milyon cild kitab, 4 milyon mikroforma və digər 
								materiallar mövcuddur. Kitabxananın xüsusi 
								kolleksiyalar bölməsində 100000-dən çox nadir 
								kitab, XVI əsrdən dövrümüzə qədər qorunan 
								sənədlər, Dante, Avraam Linkoln, Robert Frost, 
								Teodor Ruzvelt, Kiçik Martin Lüter Kinq və başqa 
								dahi şəxslərin əlyazmalar və əsərlərinin ilkin 
								nəşrləri saxlanır. Muqar Memorial kitabxanasının 
								nəzdində əvvəllər XX Əsr Arxivi adlandırılan 
								Hovard Hotlib Arxiv Elmi-Tədqiqat Mərkəzi 
								yerləşir. Mərkəzdə diplomatiya, jurnalistika, 
								ədəbiyyat və digər sahələrə aid sənədlər 
								qorunur.  
								
								
								2005-ci ilin sentyabrından başlayaraq Boston 
								Universitetinin 10-cu prezidenti, kimya 
								texnologiyaları üzrə professor Robert Braund ur. 
								Universitetin prorektoru isə professor Devid 
								Kempbelldir. Ali məktəbdə 3931 nəfər akademik, 
								7410 nəfər inzibati heyət çalışır. Ali məktəbin 
								müəllim-professorları arasında 3 Nobel mükafatı 
								laureatı (fizika üzrə Şeldon Qleşou, sülh üzrə 
								Eli Vizel, ədəbiyyat üzrə Derek Uolkott), ikiqat 
								PEN/Folkner mükafatı laureatı Ha Tzin, Broderik 
								mükafatı laureatı Yurye Koskinen, Makartur 
								mükafatı laureatı Cim Kollinz, ikiqat Pulitzer 
								mükafatı laureatı Robert Zelnik, 23  nəfər 
								Amerika İncəsənət və Elmlər Akademiyasının 
								akademiki, 35 Quqqenheym təqaüdçüsü var.   
								 
								
								
								Boston Universitetində dünyanın 100-dən çox 
								ölkəsindən və ABŞ-ın 50 ştatından olan 31766 
								nəfər qeydə alınıb. Onların 18534 nəfərini 
								bakalavr, 12232 nəfərini isə magistr və 
								doktorantlar təşkil edirlər. Universitetdə 500-ə 
								yaxın tələbə təşkilatı, 55 mədəni, 31 dini 
								gənclər təşkilatı, 33 idman klubu, 15 idman 
								komandası və s. fəaliyyət göstərir. 
								
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində Boston Universitetində bir 
								azərbaycanlı gənc - Vəli Məmmədhəsən oğlu 
								Hüseynov təhsildə idarəetmə ixtisası üzrə 
								magistratura pilləsində təhsil alır.  
								 
								
								 Boston 
								Universitetinin 285000-dən çox məzunu dünyanın 
								bir çox ölkəsində müxtəlif vəzifələrdə çalışır. 
								Bu ali məktəbi Kiçik Martin Lüter Kinq, Uilyam 
								Koen, Geri Lok, Robert Pinski, Ayzek Azimov, 
								Hovard Stern, Bill OTReyli, Frans Klayn, 
								aktyorlar Culiana Mur, Cina Devis və digər 
								məşhur şəxslər bitiriblər. Vətəndaş hüquqları 
								Afro-Amerikan hərəkatının lideri Kiçik Martin 
								Lüter Kinq 1955-ci ildə Boston Universitetində 
								ilahiyyat ixtisası üzrə doktorluq dərəcəsi alıb. 
								1964-cü ildə sülh üzrə Nobel mükafatına layiq 
								görüldükdən sonra, o öz əlyazmalarını, şəxsi 
								sənəd və qeydlərini universitetin Muqar Memorial 
								kitabxanasına bağışlayıb. ABŞ-da 1864-cü ildə 
								tibb üzrə diplom almış ilk qaradərili qadın 
								Rebeka Li, ilk qaradərili psixiatr və Alzheymer 
								xəstəliyinin tədqiqatçısı Solomon Karter Fuller 
								1897-ci ildə Boston Universitetinin məzunu 
								olublar.   
								
								
								Boston Universiteti ABŞ-ın dördüncü ən böyük 
								özəl ali məktəbi və ikinci ən nəhəng işəgötürən 
								müəssisəsidir. Dünyanın bir çox ölkələrini 
								təmsil edən tələbələrin burada oxumaları ilə 
								yanaşı, universitet istedadlı və savadlı 
								müəllimləri də özünə cəlb edərək işlə təmin 
								edir. Ali məktəbin şüarı belədir: "Öyrənmək, 
								ləyaqət, möminlik". Boston Universiteti 
								gənclərin arzuladıqları təhsili ala biləcəkləri 
								ən mükəmməl elm ocaqlarından biridir.  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Oskar Arias | 
										
										
										Kosta-Rikanın sabiq prezidenti, sülh 
										üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Uilyam Koen | 
										
										
										ABŞ-ın sabiq müdafiə naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Geri Lok  | 
										
										
										ABŞ-ın ticarət naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Feysal əl-Faiz  | 
										
										
										İordaniyanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Rafiq Həriri  | 
										
										
										Livanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Keyko Fucimori | 
										
										
										Perunun sabiq birinci xanımı | 
										  | 
									 
									
										|   | 
										
										
										Kiçik Martin Lüter Kinq | 
										
										
										sülh üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Eli Vizel | 
										
										
										sülh üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Şeldon Qleşou | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Derek Uolkott  | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Sol Bellou     | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Osamu Şimomura | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Cenett Horan   | 
										
										
										"IBM" şirkətinin vitse-prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Ayzek Azimov  | 
										
										
										yazıçı, biokimya üzrə professor | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Pinski   | 
										
										
										tanınmış ABŞ şairi | 
										  | 
									 
									
										|   | 
										
										
										Bill OTReyli   | 
										
										
										tanınmış teleaparıcı | 
										  | 
									 
									
										|   | 
										
										
										Frans Klayn | 
										
										
										tanınmış ABŞ rəssamı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |