| 
								 
								
								
								Ön söz əvəzi  
								
								
								 Təhsilə 
								dövlət səviyyəsində qayğı və diqqəti təsdiq edən 
								fakt və hadisələr çoxdur. Bu sahədə fəaliyyəti 
								daha da canlandırmaq, yaradıcı müəllimləri 
								aşkara çıxarmaq, təhsilin səmərəliliyi naminə 
								məqsədyönlü və sistemli axtarışlar aparan 
								pedaqoji kollektivlərin uğurlarını maddi 
								cəhətdən stimullaşdırmaq baxımından Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								Sərəncamı ilə 2008-ci ildən "Ən yaxşı müəllim", 
								"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi tarixi 
								bir başlanğıc, təhsil salnaməmizdə yeni bir 
								mərhələnin əsası oldu. 2008-ci ilin avqust 
								ayında qaliblər bəlli oldular. Və bu qaliblər 
								barədə kitab hazırlanması layihəsi ortaya çıxdı. 
								Respublika təhsil naziri, əməkdar elm xadimi 
								Misir Mərdanovun rəhbərliyi altında tərtibə 
								başladım (sonradan daha iki nəfər bu işə cəlb 
								edildi). Müəllimlər barədə məlumat - qeydləri 
								hazırlayarkən öyrəndim ki, "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibləri sırasında bir neçəsi 
								əməkdar müəllimdir. "Əməkdar müəllimlər" adlı 
								kitaba onlar barədə də yazı hazırlamaq məqsədilə 
								məktub göndərdim. İki nəfərdən məktuba cavab 
								aldım. İlk telefon zəngini Samux rayonunun 
								Qarayeri qəsəbə liseyindən Göyçək Bəşir qızı 
								çaldı, razılığını bildirdi...   
								
								
								
								Tərcümeyi-halından sətirlər  
								
								
								Göyçək Bəşir qızı Namazova indiki Göygöl (keçmiş 
								Xanlar) rayonunun Balçılı kəndində ziyalı 
								ailəsində anadan olub. Orta məktəbi bitirən ili 
								(1980) Kirovabad Dövlət Pedaqoji İnstitutunun 
								(indiki Gəncə Dövlət Universiteti) Azərbaycan 
								dili və ədəbiyyat fakültəsinə daxil olub. 
								
								
								Ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc 
								müəllim pedaqoji fəaliyyətə böyük həvəs və 
								yaradıcılıq ruhu ilə başlayıb. Uğurları ilə 
								valideynlərin hörmətini, təhsili idarəetmə 
								qurumlarının diqqətini cəlb edib; 1991-ci ildə 
								"Metodist müəllim" adına layiq görülüb. 
								 
								
								
								Müəllim əməyi şagird uğurlarında təsdiqini 
								tapır. Göyçək müəllimin şagirdlərin ədəbi 
								inkişafı, rabitəli nitqinin inkişafı, zəngin 
								ədəbi-tarixi bilikləri öyrətmə, məktəblilərin 
								bədii materiallar fondunu zənginləşdirmə 
								sahəsində ardıcıl, məqsədyönlü axtarışları, 
								sistemli fəaliyyəti yetirmələrinin təlim 
								göstəricilərində, respublika miqyaslı inşa 
								müsabiqələrində özünü əks etdirir. 
								
								
								Axtarış və nəticələr respublika səviyyəsində 
								qiymətləndirilib: G.Bəşir qızı 2001-ci ildə 
								Təhsil Nazirliyi tərəfindən I dərəcəli diploma 
								layiq görülüb. 2005-ci ildə ölkə başçısı İlham 
								Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" adına 
								layiq görülənlər sırasında olub. 
								
								
								G.Namazova YAP-ın Samux Rayon Qadınlar Şurası 
								İdarə Heyətinin üzvüdür. 
								
								
								Azərbaycan müəllimlərinin XIII qurultayında 
								nümayəndə kimi iştirak edib.  
								
								
								
								Tədris sistemindən nümunələr  
								
								
								Dərs haqqında çoxlu sayda elmi-pedaqoji və 
								metodik fikirlər var. Bunları yazıya daxil 
								etməklə həcmi böyütməyə ehtiyac duymuram. 
								Tanınmış rus pedaqoqu Skatkinin bir obrazlı 
								deyimini xatırlamaqla kifayətlənmək olar: Dəniz 
								bir damla suda, tədris sistemi bir dərsdə əks 
								olunur. 
								
								
								Çoxillik müəllim təcrübəsinin üstünlükləri, 
								pedaqoqun ixtisası üzrə bilik və məlumat 
								zənginliyi, şagirdləri öyrətmə və fəallaşdırma 
								ustalığı məhz bir dərsdə də özünü göstərir. Bu 
								dərs nümunəsi müəllimin pedaqoji etikası, 
								təfəkkür tərzi, şagird psixologiyasına bələdliyi 
								və öz peşəsinə məhəbbəti, tədris estetikası 
								barədə əsl təhsil işçisinə, bu sahənin 
								qədirşünaslarına çox həqiqətləri çatdırır. 
								
								
								Göyçək Namazovanın VIII sinifdə "Xitab" 
								mövzusunda keçdiyi dərsin icmalı müəllimin 
								proqram materialının tədrisinə hazırlaşması və 
								məşğələnin ümumi məzmunu barədə təsəvvür 
								yaradır. 
								
								
								Şagirdlərə xitablar, onların nitqdəki əhəmiyyəti 
								haqqında məlumat verən müəllim onları cütlər və 
								ya qruplar şəklində çalışdırır, nitqdə 
								xitablardan geniş istifadəni tövsiyə edir. 
								Dialoqların təqdimatı rollu oyunlar vasitəsilə 
								həyata keçirilir. 
								
								
								Dərsi planlaşdırarkən G.Namazova bu məqsədləri 
								reallaşdırmağa çalışır: nitq zamanı danışıq 
								üslubundan çıxış edərək düzgün müraciət tərzi 
								seçmək və musahibə imkanlarını yüksəltmək; 
								cəmiyyətdəki insanlarla etik normalar 
								çərçivəsində ünsiyyət qura bilmək; xitab, onun 
								cümlədə yeri haqqında biliklər mənimsətmək; 
								qrammatik bilikləri möhkəmləndirmək. 
								
								
								Problem olaraq müəllim bunu müəyyənləşdirir: 
								ətrafdakı insanlarla ünsiyyət qurarkən onlara 
								müraciət etmə ehtiyacı yaranır. Düzgün müraciət 
								tərzi seçmək, xitablardan dəqiq və yerində 
								istifadə etmək və uyğun intonasiya formalarından 
								istifadə etmək. 
								
								
								Problemi açıqlayan müəllim şərhində deyilir: - 
								Siz artıq yuxarı sinif şagirdlərisiniz. Ailə 
								üzvlərinizə və qohumlarınıza, ictimai yerlərdə 
								insanlara müraciət etmə ehtiyacı duyursunuz. 
								Bəzən xitabları düzgün seçə bilmədiyinizdən 
								gülünc vəziyyətə düşür və ya intellekt səviyyəsi 
								aşağı olan bir gənc kimi görünürsünüz... 
								
								
								Beləliklə, şagirdlərdə proqram materialını 
								mənimsəməyə maraq oyadılır. 
								
								
								Şagirdlər tapşırıqlar alandan sonra işçi 
								vərəqlərlə işləyirlər. Fəaliyyət qrup şəklində 
								həyata keçirilir. 
								
								
								İnteqrasiya üzrə belə strategiya 
								müəyyənləşdirilir: 
								
								
								* Şagirdlər rollu oyunlar qurmalıdırlar. 
								
								
								* Şagirdlər verilən rəsmlər üzrə çalışmalı, 
								dialoqlar qurmalıdırlar. 
								
								
								Bu tapşırığı yerinə yetirmək üçün qruplara 15 
								dəqiqə vaxt verilir. 
								
								
								...Dərs icmalının qısaca təsviri təsdiq edir: a) 
								müəllim mövzunun tədrisini təfəkkür inkişafı, 
								nitq mədəniyyəti və zehni fəallıq təmin olunması 
								parametrlərində qurmağa çalışır; 
								
								
								b) dərsin planlaşdırılmasında interaktivliklə 
								inteqrasiya imkanları nəzərə alınır; 
								
								
								c) dərsin nəticələrinin dəyərləndirilməsində, 
								şagird bilik və bacarıqlarının 
								qiymətləndirilməsində obyektivlik, şəffaflıq və 
								ədalətlilik təmin olunur.  
								
								
								
								Poeziyanı duymaq yaradıcı uğurunu dəyərləndirmək 
								üçün əsasdır  
								
								
								Azərbaycan ədəbiyyatı metodikası elminin 
								korifeyi, mərhum professor Əliyar Qarabağlının 
								bir fikri yada düşür: Ədəbiyyat müəllimi aktyor 
								bacarığına malik olmalıdır.  
								
								
								Ədəbiyyat müəllimi həm də poeziyanı duymalı, heç 
								olmazsa az-çox bədii yaradıcılıq qabiliyyətinə 
								malik olmalıdır. Bu xüsusiyyətlərə malik olmaq 
								ədəbiyyat nümunəsinin tədrisi səmərəliliyini 
								şərtləndirən tərəflərdən biri sayıla bilər. 
								
								
								Göyçək Bəşir qızı özünəxas poetik duyumu olan 
								müəllim olmaqla yanaşı, orijinal deyim tərzi, 
								diqqəti cəlb edən poetizmləri, metaforik 
								fikirləri olan bir yaradıcıdır. 
								
								
								Dərd, kədər üz verəndə, kimisə itirəndə ümid 
								yerimiz göz yaşları olur. Sən demə, iradə 
								poladdan da olsa, ağlamaq bizdən asılı deyil. 
								Sən demə, qəlbimiz yanmasın deyə göz yaşı 
								axıdılırmış. Sən demə, zülmət içində susan ürəyi 
								hamıya tanıdan sözlər imiş... 
								
								
								Və bu sözlərdən "toxunmuş" 3 bəndlik şeirdə 
								Göyçək Namazovanın həyat hadisələrini poetik 
								ifadə duyumu belə mənalandırılır: 
								
								
								İradə poladdan, daşdan olsa da, 
								
								
								Asılı deyilmiş ağlamaq bizdən. 
								
								
								Ürəyin kədəri, sevinci daşsa, 
								
								
								Axıb gilə-gilə tökülər gözdən. 
								
								
								  
								
								
								Gur sular qəlbini boğmasın deyə, 
								
								
								Bəzən ağlamaq da gərək olurmuş. 
								
								
								Bəzən də qəlbimiz yanmasın deyə, 
								
								
								Bizə göz yaşından kömək olurmuş. 
								
								
								  
								
								
								Nə yaxşı təzədən durula bilib, 
								
								
								Aləmi şəfəqə qərq edir gözlər. 
								
								
								Zülmətin içində susan ürəyi, 
								
								
								Nə yaxşı hamıya tanıdır sözlər. 
								
								
								Əməkdar müəllim təcrübəsindən bəhs olunan 
								məqalənin bu hissəsində pedaqoqun bədii 
								yaradıcılığından nümunə vermək təsadüfi deyil. 
								Bədii yaradıcılıq psixologiyasına bələd olmadan 
								keçilən ədəbiyyat dərsinin effektliliyinə tam 
								zəmanət vermək olarmı? 
								
								
								XI sinifdə M.Ə.Sabirin "Amalımız, əfkarımız 
								ifnayi-vətəndir" şeirinin tədrisinin məqsədi 
								aşağıdakı kimi müəyyənləşdirilir: 
								
								
								* Şagirdlərdə ifadəli oxu bacarığını 
								formalaşdırmaq; 
								
								
								* Şeirin ideya-məzmununu mənimsətmək; 
								
								
								* Onbirincilərdə vətəndaşlıq hissini daha da 
								dərinləşdirmək; 
								
								
								* Gənclərdə yaradıcı fəaliyyət bacarığı 
								formalaşdırmaq. 
								
								
								Dərslik, marker və s. ibarət təchizat yaradılan 
								dərs interaktiv metodlarla yanaşı, ənənəvi metod 
								əsasında keçilir. Yeni mövzuya hazırlıq 
								məqsədilə müəllim sinfə belə bir sual verir: 
								"Əsl vətəndaş necə olmalıdır?". 
								
								
								Şagirdlərin cavabları lövhəyə yazılır: 
								
								
								* Vətəni dərin məhəbbətlə sevməyi və onu 
								qorumağı bacarır. 
								
								
								* Ətrafdakılara qarşı həssasdır, diqqətlidir, 
								xeyirxahdır. 
								
								
								* Özünün və xalqının hüquqlarını müdafiə etməyi 
								bacarır. 
								
								
								* Vətənini tanımağa çalışır. 
								
								
								* İctimai işlərdə fəallıq göstərir. 
								
								
								Beyin həmləsi ilə başlanan dərsin mövzusu elan 
								edilir: M.Ə.Sabir. "Amalımız, əfkarımız ifnayi - 
								vətəndir". 
								
								
								Göyçək müəllim şeirin əruz vəznində yazıldığını 
								söyləyib, ifadəli oxuyur. Sonra bir neçə şagirdə 
								şeiri oxutdurur. Şagirdlərdə şeirdə ifadə 
								olunmuş fikrə münasibət aşkarlanır, şeirin 
								onlarda doğurduğu hisslər barədə müsahibə 
								aparılır. 
								
								
								Sinifdəki şagirdlər 5 qrupa bölünürlər: "Vətən", 
								"Türk", "Azərbaycan", "Qarabağ", "Yurd". Onlara 
								vatman kağızı verilir və şeirin bir neçə bəndini 
								nəsrə çevirmək tapşırılır. Şeirdə işlənən alınma 
								sözlərin əvvəlcədən hazırlanmış lüğəti lövhədən 
								asılır, şagirdlər şeirin məzmunu üzərində 
								işlərkən ondan istifadə edirlər. Qrupların 
								təqdim etdikləri cavablar lövhədən asılır. 
								
								
								"Vətən" qrupu:  
								
								
								Şeir satirik əsərlərin ruhuna uyğun olaraq 
								tənqidi ruhda yazılmışdır. Satirada, ilk 
								növbədə, yol kəsmək, qoçuluq etmək, lovğalıqla 
								ad qazanmaqla Vətənin oyanışının, millətin 
								mənəvi dirçəlişinin mümkün olmayacağı 
								bildirilir. 
								
								
								"Türk" qrupu: 
								
								
								Şeirdə Vətənin tərəqqi etməməyinin, geri 
								qalmağının daha dərin səbəblərindən söz 
								açılmışdır. Ölkəni geri salan xarici təsirlərin 
								və millət naminə çalışmaq əvəzinə "rütbə ikram" 
								almağa can atanların simasının bütün dolğunluğu 
								ilə canlandırılmasının şahidi oluruq. 
								
								
								"Azərbaycan" qrupu: 
								
								
								Şeirdə millətin istiqbalını geniş mənada 
								maariflənməklə, öz hüquqlarını dərk etməkdə, 
								tərəqqiyə qovuşmaqda olduğunu başa düşürük. 
								
								
								"Qarabağ" qrupu: 
								
								
								Şeirdə avropalılar maarifə, tərəqqiyə çatdıqları 
								halda, bizim millətin qəflətdə yatması, vəhşi 
								adətlərdən hələ də əl çəkməməsinin böyük faciə 
								olduğunu anlayırıq və gözlərimizi açıb dünyada 
								gedən proseslərdən nəticə çıxarmağın, məktəbə, 
								maarifə meydan açılmasının zəruri olduğunu dərk 
								edirik. 
								
								
								"Yurd" qrupu: 
								
								
								Şeirdə ümumiləşmiş mənada Vətənimizin və 
								xalqımızın milli dirçəlişi, inkişafı ilə 
								əlaqədar əsas vəzifələrin cəmləşdiyini, Vətən 
								probleminin önə çəkildiyinin bütün aydınlığı ilə 
								sərgiləndiyini müşahidə edirik. 
								
								
								Göyçək müəllim cavabların içindən şeirin 
								ideyasını əks etdirən əsas açar sözləri seçir, 
								altından xətt çəkərək izah edir ki, şeirdə mənfi 
								cəhətlər tənqid olunur: lovğalıq, özünü 
								düşünmək, qəflətdə yatmaq, vəhşi adətlərlə 
								yaşamaq, maarifdən uzaq olmaq, "rütbə ikram" 
								almağa can atmaq. Bəs sevimli şairimiz M.Ə.Sabir 
								əsl vətəndaşı, əsl insanı necə görmək istəyirdi? 
								
								
								"Vətən" qrupu: 
								
								
								Xalqının dərdinə şərik olan, hamının firavan 
								yaşamasına çalışan. 
								
								
								"Türk" qrupu: 
								
								
								Dünyanı və özünü dərk edən, öz milli 
								mənsubiyyətinə hörmət edən əsl vətəndaş. 
								
								
								"Azərbaycan" qrupu: 
								
								
								Öz tarixini anlayan, keçmişindən dərs alan, 
								gələcəyini quran. 
								
								
								"Qarabağ" qrupu: 
								
								
								Maariflənməklə, öz hüquqlarını dərk etməklə 
								tərəqqiyə qovuşan. 
								
								
								"Yurd" qrupu: 
								
								
								Xalqın, millətin mənafeyini öz mənafeyindən 
								üstün tutan insan. 
								
								
								Müəllim qruplar tərəfindən təqdim olunan bu 
								cavabları ümumiləşdirir. Satiranın tipin dili 
								ilə verilməsi bədii yaradıcılıqda ədəbi bir 
								priyomdur. Sabir bu ədəbi priyomdan istifadə 
								etmiş, satirada tiplərin özlərini ifşa etmələri 
								əsərin şeiriyyətini qüvvətləndirmişdir. Həmçinin 
								şair şeirin təsir qüvvəsini artırmaq məqsədilə 
								bədii təsvir və ifadə vasitələrindən istifadə 
								etmişdir. Şagirdlərin qarşısında belə bir sual 
								qoyulur: "Sən necə vətəndaş olmaq istərdin?". 
								
								
								Şagirdlərə evdə bu mövzuda öz fikir və 
								düşüncələrini ifadə edən kiçikhəcmli inşa yazmaq 
								tapşırılır. 
								
								
								Dərsin gedişi zamanı G.Namazova şagirdləri fərdi 
								və ya qruplarla qiymətləndirir. 
								
								
								Evə tapşırıq: 
								
								
								1. Şeirdən müəyyən hissələri əzbər öyrənmək. 
								
								
								2. "Sən necə vətəndaş olmaq istərdin" mövzusunda 
								inşa yazmaq. 
								
								
								3. "Ədəbiyyat nəzəriyyəsi" kitabından "Bədii 
								əsərin dili" bölməsini öyrənmək. 
								
								
								*** 
								
								
								Vətən hamı üçün müqəddəs və əzizdir, 
								qiymətlidir. Bunu varlığında yaşadıb öyünməklə 
								iş bitmir. Vətən sevgisi övlada aşılanmalı, 
								şagirdlərdə tərbiyə sözün qüdrəti ilə təbliğ 
								olunmalıdır. Vətən onda daha ülvi, daha 
								qüdrətli, daha istəkli olur...  
								
								
								
								Şamxəlil MƏMMƏDOV  |