| 
								 
								
								Mayın 15-də Təhsil Nazirliyində "Mədəd" 
								təşkilatının İKT-nin təhsilə tətbiqi üzrə 
								təlimlərə dair təqdimatı keçirildi. Təhsil 
								Nazirliyinin rəhbər işçilərinin, İKT sahəsində 
								fəaliyyət göstərən qurumların nümayəndələrinin 
								və müvafiq təlim kurslarından keçmiş təhsil 
								işçilərinin iştirak etdikləri tədbiri giriş sözü 
								ilə açan təhsil naziri Misir Mərdanov son illər 
								ölkəmizin təhsil sistemində həyata keçirilən 
								tədbirlər sırasında İKT-nin təhsilə tətbiqini 
								xüsusi qeyd edib, bu sahədə aparılan  işlərin 
								təhsil ictimaiyyətini razı saldığını söylədi. 
								Görülmüş işlər barədə tədbir iştirakçılarına 
								məlumat verən nazir bildirdi ki, ölkə 
								Prezidentinin 2004-cü il 21 avqust tarixli 353 
								nömrəli Sərəncamı ilə "Azərbaycan 
								Respublikasında ümumtəhsil məktəblərinin 
								informasiya-kommunikasiya texnologiyaları ilə 
								təminatı Proqramı (2005-2007-ci illər)" təsdiq 
								olunmuş, üç il ərzində proqramın həyata 
								keçirilməsi üçün dövlət büdcəsindən 30 milyon 
								manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitin 80,6 
								faizinin texniki avadanlıqların alınmasına, 15 
								faizinin elektron tədris vəsaitlərinin 
								hazırlanmasına, 4,0 faizinin təlimlərin 
								keçirilməsinə, 0,4 faizinin isə proqramın idarə 
								edilməsinə sərf olunduğunu deyən təhsil naziri 
								proqram çərçivəsində 3693 məktəbə 31677 
								kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 
								UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 
								28661 kompüter masası və  23346 stul 
								verildiyini, məktəblərdə 1722 kompüter sinfinin 
								yaradıldığını diqqətə çatdırdı. 
								
								
								 Elektron 
								tədris vəsaitlərinin yaradılması, müəllimlərin 
								İKT üzrə təlim kurslarına cəlbi istiqamətində 
								atılmış addımlardan bəhs edən nazir Azərbaycan 
								tarixi fənni üzrə 20 adda 37900, kimya fənni 
								üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 
								22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə 
								elektron vəsaitin hazırlandığını, yerli və 
								beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər 
								müəllimin treninqlərdən keçdiyini söylədi. 
								
								
								Sonra Misir Mərdanov ölkə Prezidentinin 2008-ci 
								il 10 iyun tarixli 2856 nömrəli Sərəncamı ilə 
								təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan 
								Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
								çərçivəsində görülən işlər barədə məlumat 
								verərək bir sıra statistik rəqəmləri tədbir 
								iştirakçılarının diqqətinə çatdırdı. Nazir 
								bildirdi ki, həmin proqrama uyğun olaraq 
								2008-2009-cu illərdə Məlumat və Resurs Mərkəzi 
								yaradılmış, 20 məktəb "Elektron məktəb" pilot 
								layihəsinə qoşulmuşdur. 2005-ci ildə "Elektron 
								məktəb"lərə verilmiş 226 dəst kompüter 
								avadanlığı götürülərək modernləşdirilmiş və 
								digər rayonların təhsil şöbələrinə 
								çatdırılmışdır, əvəzində isə həmin məktəblərə 
								300 yeni kompüter paylanmışdır.  
								
								
								Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən 
								"1 şagird - 1 kompüter" layihəsi çərçivəsində 
								seçilmiş məktəblərə Təhsil Nazirliyi tərəfindən 
								236, "İntel" Şirkəti tərəfindən 100 ədəd 
								netbukun hədiyyə olunduğunu vurğuladı. Nazir 
								habelə ikinci Dövlət Proqramı çərçivəsində 
								kompüterlərin lisenziyalı proqramlarla təmin 
								olunduğunu, 500 təhsil müəssisəsinin Azərbaycan 
								Təhsil Şəbəkəsinə qoşulduğunu, Milli Təhsil 
								Portalının yaradıldığını, 5800 nəfər inzibati 
								idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər 
								texniki heyətin təlimlərə cəlb olunduğunu, 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								normativ-hüquqi sənədlərin hazırlandığını, ölkə 
								üzrə ümumtəhsil məktəblərinə personal 
								kompüterlər və 200 noutbuk və proyektor dəsti 
								paylandığını, bütün bu işlərin görülməsi üçün 
								2008-ci ildə 8 milyon 353 min, 2009-cu ildə isə 
								14 milyon 980 min manat vəsait xərcləndiyini 
								bildirdi. 
								
								
								Təhsil naziri çıxışında 2010-cu ildə Dövlət 
								Proqramı çərçivəsində görülməsi nəzərdə tutulan 
								işlərə də toxundu və qeyd etdi ki, bu il 
								Azərbaycan Təhsil Şəbəkəsinə əlavə olaraq 400 
								təhsil müəssisəsinin qoşulması və onların 
								sürətli İnternetə çıxışla təmin olunması, 2000 
								nəfər inzibati idarəetmə, 2000 nəfər "Elektron 
								məktəb" layihəsinə qoşulmuş məktəblərin, 23000 
								nəfər isə digər pedaqoji heyətin təlimlərə cəlb 
								olunması, Bakı və Sumqayıt şəhərlərinə 2005-ci 
								ildə verilmiş kompüterlərin 1500 ədədinin 
								modernləşdirilib digər regionlara göndərilməsi 
								və həmin müəssisələrə bir o qədər kompüterin 
								verilməsi, "Elektron məktəb" layihəsinə 
								regionlardan daha 10 məktəbin əlavə olunması, "1 
								şagird - 1 kompüter" layihəsinin əhatə 
								dairəsinin genişləndirilməsi məqsədi ilə əlavə 
								1500 netbukun verilməsi planlaşdırılıb. 
								
								
								Təhsil naziri çıxışının sonunda onu da vurğuladı 
								ki, məktəblərə verilən İKT avadanlığı nə qədər 
								çox və müasir olsa da onlardan istifadənin 
								səmərəliliyi, ilk növbədə, müəllimlərdən, 
								onların bu işə necə hazırlanmasından asılıdır. 
								Bu baxımdan müəllimlərin İKT üzrə müvafiq 
								treninqlərdən keçirilməsinin ən vacib işlərdən 
								biri olduğunu söyləyən təhsil naziri indiyədək 
								bu işlə "Mədəd" təşkilatının məşğul olduğunu, bu 
								təşkilatın təhsildə İKT-nin tətbiqi üzrə işlərin 
								həyata keçirilməsində mühüm xidmətləri olduğunu 
								bildirdi və görülmüş işlər barədə tədbir 
								iştirakçılarını da ətraflı məlumatlandırmaq üçün 
								sözü "Mədəd" təşkilatının rəhbəri Emil Məmmədova 
								verdi.  
								
								
								Tədbirdə Emil Məmmədov və "Mədəd" təşkilatının 
								məsləhətçisi Ülkər Babayeva təmsil etdikləri 
								qurumun tarixi, məqsədi və fəaliyyət 
								istiqamətləri, son 5 ildə gördüyü işlər barədə 
								geniş təqdimatla çıxış etdilər. 
								
								
								Təqdimatda bildirildi ki, fəaliyyət göstərdiyi 
								dövr ərzində "Mədəd" təşkilatı bir sıra 
								beynəlxalq qurumlarla, o cümlədən "İntel", 
								"Ultra" və b. ilə əməkdaşlıq əlaqələri 
								qurmuşdur. 
								
								
								Təqdimatçılar təşkilatın təhsildəki fəaliyyətinə 
								diqqəti yönəldərək həmin fəaliyyətin 
								təkmilləşdirməni, pedaqoji ali təhsili, inzibati 
								heyəti, metodistləri, elektron təhsil 
								vəsaitlərini, qüsurlu uşaqları, onlayn icmanı 
								əhatə etdiyini söylədilər. Qeyd olundu ki, 
								"Mədəd" təşkilatı öz fəaliyyətini iki istiqamət 
								üzrə qurub, həyata keçirir. Bunlar beynəlxalq 
								təcrübənin öyrənilməsi və bu təcrübənin 
								Azərbaycanda tətbiqidir. 
								
								
								Təqdimatda hər iki istiqamət üzrə ayrıca məlumat 
								verildi. Bildirildi ki, təşkilat tərəfindən 
								2003-2006-cı illər ərzində beynəlxalq təcrübə 
								ilə tanışlıq məqsədi ilə araşdırma aparılıb.
								 
								
								
								Sonra təqdimatda Azərbaycan təcrübəsindən bəhs 
								olundu. Qeyd edildi ki, "Mədəd"in ölkənin təhsil 
								sistemində İKT üzrə təşkil etdiyi təlimlərdə 
								məqsəd şəxsiyyətyönümlü və interaktiv təlim 
								metodlarına, fənn tədris proqramlarına 
								əsaslanma, pedaqoji və informasiya 
								texnologiyalarından səmərəli istifadə, 
								müəllimlərin həm öyrədən, həm də öyrənən kimi 
								iştirak etmələri, dərsin tədqiqat üsulu vasitəsi 
								ilə qurulmasıdır. 
								
								
								Təqdimatda habelə müəllimlərin peşə səviyyəsinin 
								təkmilləşdirilməsi, inzibati idarə heyəti üçün 
								İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri 
								üzrə təlim, "Elektron məktəb" layihəsi üçün 
								seçilmiş pilot məktəblərdə təlimin hər biri 
								haqqında ayrıca məlumat verildi. Müəllimlərin 
								təlimdən əvvəlki və sonrakı vəziyyəti müqayisəli 
								şəkildə diqqətə çatdırıldı, müəllim və 
								şagirdlərin nailiyyətləri qeyd olundu. 
								
								
								Təqdimatda 2005-ci ildən bəri keçirilən təlimlər 
								haqqında bəzi rəqəmlər misal gətirildi. Qeyd 
								olundu ki, təlimlər ölkənin 36 bölgəsinin 2500 
								məktəbini əhatə edib və 90 təlim mərkəzində 
								aparılıb. Son iki il ərzində İKT üzrə təlim 
								keçmiş müəllimlərin 95 nəfəri "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibi olub.  
								
								
								Tədbirin sonunda bu sahədə fəaliyyəti daha da 
								təkmilləşdirmək və səmərəli etmək üçün təkliflər 
								irəli sürüldü, Sumqayıt Şəhər Təhsil Şöbəsinin 
								müdiri Vidadi Bağırov, Bakıdakı 220 nömrəli orta 
								məktəbin direktoru Almaz Əsgərova "Mədəd" 
								təşkilatının xətti ilə görülən işlər haqqında 
								danışdılar.  
								
								
								Yusif ƏLİYEV  |