| 
								 
								
								
								(Əvvəli ötən sayımızda)  
								
								
								
								Ali təhsil  
								
								
								Braziliyada ali təhsilin xüsusi şəbəkəsi vardır. 
								Bu sahəyə rəhbərlik federal hökumət tərəfindən 
								həyata keçirilir. Hər ştatda bir federal 
								universitet fəaliyyət göstərir. Ümumiyyətlə, 
								ölkədə 973 ali tədris müəssisəsi və 153 
								universitet vardır.  
								
								
								Braziliyada ilk universitet 1920-ci ildə təsis 
								olunmuşdur. Bu universitet (Rio-de-Janeyro 
								Universiteti) hazırda ölkədə ən böyük ali tədris 
								müəssisəsi kimi tanınır. Həmin universitetdə 
								təsviri sənət, fiziki tərbiyə və idman məktəbi, 
								fizika, kimya, riyaziyyat, biofizika, 
								mikrobiologiya və sair sahələrə aid tədris 
								institutları fəaliyyət göstərir. Belu-Orizonti 
								şəhərində yerləşən və 1927-ci ildə bünövrəsi 
								qoyulan Mikas-Jerays Federal Universiteti də 
								ölkənin ən böyük ali tədris ocaqlarından biri 
								hesab olunur. Burada iqtisadiyyat elmləri, 
								hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat 
								fakültələri fəaliyyət göstərir. Universitet 
								özündə həm də tədris və elmi-tədqiqat 
								institutlarını birləşdirir.   
								
								
								Braziliyada həm dövlət, həm də xüsusi ali təhsil 
								müəssisələri vardır. Səviyyəsindən asılı 
								olmayaraq, bütün dövlət müəssisələrində təhsil 
								pulsuzdur.  
								
								
								Latın Amerikası ölkələri içərisində ilk dəfə 
								Braziliyada 80-ci illərin ortalarından 
								başlayaraq aspirantura və doktorantura 
								yaradılmışdır. Burada təkcə dövlət deyil, həm də 
								xüsusi ali təhsil müəssisələrini bitirənlərin 
								oxumaq hüququ vardır.  
								
								
								
								Müəllim hazırlığı  
								
								
								Braziliyada həyata keçirilən təhsil 
								islahatlarının sürəti heyranedicidir. Az bir 
								müddətdə xeyli işlər görülmüşdür. Bu işlərin 
								içərisində müəllim hazırlığı xüsusi olaraq  
								diqqət mərkəzində saxlanılmışdır. Ümumiyyətlə, 
								keyfiyyətli təhsilin qurulmasında müəllim 
								hazırlığına xüsusi əhəmiyyət verilmişdir. Ölkədə 
								həyata keçirilən təhsil islahatlarında bu 
								məsələyə həlledici amil kimi baxılmış, ölkənin 
								təhsil sistemində əsaslı dəyişikliklərin 
								aparılmasında bu qüvvənin peşəkarlıq 
								səviyyəsinin yüksəldilməsinə xüsusi 
								yanaşılmışdır. Ona görə də ilkin olaraq 
								ixtisasartırmanın məzmunu müəyyənləşdirilmiş, 
								müəllimlər üçün standartlar (kompetensiyalar) 
								hazırlanmışdır. Eyni zamanda ixtisasartırmanın 
								yeni modeli formalaşdırılmışdır. Hazırda 
								müəllimlərin ixtisasartırmasının  yeni 
								modelindən ölkə ərazisində istifadə olunur. 
								San-Paolo yeganə şəhərdir ki, müəllimlərin 
								qiymətləndirilməsi texnologiyasından daha geniş 
								istifadə olunur. Təkcə ötən ilin noyabrından 
								indiyədək testdən keçərək qiymətləndirilən 
								müəllimlərin sayı 150 mindir.  
								
								
								Braziliyada məktəbəqədər və əsas təhsil 
								səviyyəsində işləyən pedaqoji heyət üçün 
								kursları bələdiyyələr təşkil edir. 
								
								
								Ümumiyyətlə, Braziliyada müəllimlərin 
								ixtisasartırmadan keçməsinin beş pilləsi vardır 
								və hər pillə üçün xüsusi bal göstəriciləri 
								müəyyənləşdirilmişdir.  Müəllim hər üç ildən bir 
								testdən keçmək səlahiyyətinə malikdır. Testdən 
								keçən hər kəsin əməkhaqqı 25% artır. Müəllim 
								ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən 
								keçdikdə, böyük miqdarda əməkhaqqı almaq şansı 
								qazanır. Əgər müəllim hansı ildə testdən keçə 
								bilməsə, ona növbəti il testdən keçmək üçün 
								icazə verilir. 
								
								
								Bu iş tender yolu ilə cəlb olunmuş qeyri-hökumət 
								təşkilatları tərəfindən həyata keçirilir. 
								Beləliklə, müəllimə ardıcıl olaraq özünü inkişaf 
								etdirmək üçün şərait yaradılır. Başqa sözlə, o, 
								stimullaşdırılmaqla bu işə təşviq olunur. 
								
								
								Müəllimlərin ixtisasartırmasının belə bir 
								sistemdə aparılması, ilk növbədə, müəllimlərin 
								bacarıqlarının meydana çıxmasına imkan yaradır. 
								Daha sonra müəllimlər arasında baş verə biləcək 
								əməkhaqqı və digər məsələlərlə bağlı 
								narazılıqların qarşısını alır.  
								
								
								Müəllimlərə özünü inkişaf etdirmək üçün şərait 
								yaradılır. Ehtiyacı olanlara kompüter almaq üçün 
								vəsait ayrılır. Maddi vəziyyəti lap aşağı 
								olanlarla nisbətən ucuz alış-veriş təşkil 
								olunur. Əvvəlki sistemdən fərqli olaraq, onlarla 
								kollektiv formada təlim kursları şəklində iş 
								aparılır. Müəllimlər əvvəl qısamüddətli, sonra 
								isə böyük kurslardan keçirlər. İlk dəfədir ki, 
								universitetlərlə birlikdə 360 saatlıq təlim 
								kursları yaradılmışdır. Dörd ay müddətində davam 
								edən bu kursu bitirmiş ali təhsilli şəxslər 
								müəllimlik hüququ qazanırlar. 
								
								
								Müəllimlərin işə götürülməsində də seçim 
								formasından istifadə edilir. Ötən il 9 min 
								vakant yerə qəbul olunmaq üçün 260 min ərizə 
								verilmişdir. Onlardan yalnız 230 mini keçid 
								balını toplayaraq müsabiqədə iştirak etmiş, 
								nəticədə yalnız 9 mini işə götürülmüşdür. 
								
								
								
								Kurikulum və qiymətləndirmə  
								
								  
								
								
								Yeni kurikulumların yaradılması Braziliyada 
								aparılan təhsil islahatının özəyini təşkil edir. 
								Ona görə də ölkədə istər əvvəlki kurikulumlara 
								əsasən vəziyyətin öyrənilərək dəyərləndirilməsi, 
								istərsə də yeni kurikulumların hazırlanması 
								əhəmiyyətli bir problem kimi 
								qiymətləndirilmişdir. Ölkədə təhsil sahəsinə 
								dair aparılmış araşdırmalar zamanı məlum 
								olmuşdur ki, təhsilə cəlb olunmuş şagirdlərin  
								2%-i məktəbə gəlmir. Təhsil prosesində mövcud 
								durum şagirdlərin təlim maraqlarının aşağı 
								düşməsinə səbəb olur. Eyni zamanda bir məktəbdə 
								bir neçə kurikulumun tətbiq edilməsi təlim 
								prosesinin nizamlı və sistemli qurulmasına mənfi 
								təsir göstərir. Ən başlıcası, şagirdlərin ümumi 
								inkişafının təmin olunmasında çətinliklər 
								yaradır. Ona görə də 2006-cı ildən etibarən 
								Braziliyada yeni vahid  kurikulumların 
								yaradılmasına başlanılır. Bu zaman təhsilin 
								keyfiyyətini yüksəltmək əsas məqsəd kimi qarşıya 
								qoyulur.  
								
								
								Kurikulumlar hazırlanarkən aparılan 
								qiymətləndirmənin nəticələrinə istinad 
								olunmuşdur. Eyni zamanda Braziliyanın təhsil 
								qanunvericiliyi əsas götürülmüşdür. Nazirliyin 
								işçiləri, cəmiyyətin müxtəlif təbəqələrindən 
								cəlb edilmiş adamlar kurikulumların 
								hazırlanmasında fəal iştirak etmişlər. Ölkə 
								miqyasında təhsil standartlarının yaradılması 
								işini müvəffəqiyyətlə başa vurmuşlar. 
								
								
								Yeni kurikulumların hazırlanmasının bir mühüm 
								şərti də əvvəlki kurikulumlarla işləyən 
								müəllimlərin fəaliyyətinin məhdudlaşdırılması 
								ilə bağlı idi. Onlar müxtəlif şəraitlərin 
								tələbinə uyğun strategiyalar seçməkdə sərbəst 
								hərəkət edə bilmirdilər. Lakin yeni kurikulumda 
								müəyyənləşdirilmiş standartlar təlimin keyfiyyət 
								göstəricisi kimi çıxış edərək müəllimdən 
								nəticələrə nail olmağı mühüm tələb kimi qarşıya 
								qoydu və təlim strategiyalarının 
								müəyyənləşdirilməsində ona sərbəstlik verdi. 
								Beləliklə, müəllim vahid standartlara çatmaq 
								üçün şəraitə uyğun fəaliyyət göstərmək imkanı 
								qazandı.  
								
								
								Görüşlərdə kurikulum haqqında danışanlar onu 
								"təhsil mədəniyyəti", "mədəniyyətin daşıyıcısı" 
								kimi qiymətləndirməklə yeni kurikulumların 
								şəxsiyyətyönümlü xarakterini ifadə edirdilər. 
								Onun şəxsiyyətdə mədəniyyətlərin formalaşmasına 
								istiqamətləndiyini xüsusi olaraq 
								vurğulayırdılar.  
								
								
								Braziliyada hazırlanmış yeni kurikulumlarda oxu, 
								yazı, öyrənməyi öyrətmək, dünyagörüşü 
								formalaşdırmaq və s. prioritet istiqamətlər kimi 
								nəzərə alınmışdır. Məzmunun daha inteqrativ 
								olması diqqət mərkəzində saxlanmışdır. Buna görə 
								də əsas təhsil pilləsində 7, orta təhsil 
								pilləsində 10-12 fənnin olması məqbul hesab 
								edilmişdir. IX-XI siniflərdə təhsilin təmayüllər 
								üzrə qurulması, bununla təhsilin demokratik 
								prinsiplərə uyğun olaraq seçim əsasında davam 
								etdirilməsi nəzərdə tutulmuşdur.  
								
								
								Kurikulumlarda həm də müəllim və şagird 
								fəaliyyətinin əsasında duran ümumi tələblər, 
								çalışma və tapşırıqların icra qaydaları, eyni 
								zamanda qiymətləndirmə üçün tövsiyələr öz əksini 
								tapmışdır.  
								
								
								Braziliyada yeni kurikulumlara keçilməsi eyni 
								zamanda yeni qiymətləndirmə sisteminin 
								yaradılmasına rəvac vermişdir. Təhsilin 
								idarəolunmasının ən etibarlı üsullarından biri 
								kimi qiymətləndirmə mexanizmlərinin işlənib 
								hazırlanması sahəsində xeyli işlər görülmüşdür. 
								Maraqlı haldır ki, bu gün bütövlükdə Braziliya 
								təhsilinin  məqsədəuyğun inkişafında 
								qiymətləndirmənin müxtəlif növ və formalarından 
								istifadə olunur, etibarlı nəticələr əldə edilir. 
								Yeni qiymətləndirmənin ətrafında məhsuldar 
								müzakirələr aparılır, proqramlar verilir və 
								gələcək fəaliyyət üçün istiqamətlər 
								müəyyənləşdirilir.  
								
								
								Braziliyada hər bir məktəb hər ay özünün 
								qiymətləndirilməsini keçirir. Əsasən, portuqal 
								dili, riyaziyyat, eləcə də digər fənlərdən bir 
								neçəsi məktəbdaxili qiymətləndirmədə əhatə 
								olunur. Məqsəd, təbii ki, məktəbin fəaliyyətinin 
								standart tələblərə nə dərəcədə cavab verməsini 
								müəyyənləşdirməkdən ibarət olur. 
								Qiymətləndirmənin nəticələri təhlil edilir. 
								
								
								Ümumiyyətlə, hər bir qiymətləndirmə o zaman tam 
								başa çatmış hesab olunur ki, onun nəticələri 
								ümumiləşdirilərək təhlil edilsin və ümumi 
								qənaətlər hasil olunsun. Bu zaman ən vacib 
								məsələlərdən biri kurikulumlarla, xüsusi olaraq 
								standartlarla əlaqədar fikirlərin 
								formalaşdırılması, təkliflərin irəli 
								sürülməsidir. 
								
								
								Braziliyada milli qiymətləndirmədən geniş 
								istifadə olunur. İstər federal, istərsə də ştat 
								səviyyəsində milli qiymətləndirmənin 
								aparılmasında uyğun texnologiyalara müraciət 
								edilir. Bu qiymətləndirmə ibtidai, əsas və orta 
								təhsil siniflərində aparılır. Portuqal dili və 
								riyaziyyat fənləri üzrə keçirilir. 
								
								
								Ölkə miqyasında şagirdlərin dörd nailiyyət 
								səviyyəsi müəyyənləşdirilmişdir: minimumdan 
								aşağı, minimum, qənaətbəxş, əla. 
								
									
										|   | 
										
										
											
												| 
												
												Portuqal dili | 
											 
											
												| 
												
												Səviyyə | 
												
												
												IV sinif üzrə ballar | 
												
												
												VIII sinif üzrə ballar | 
												
												
												XI sinif üzrə ballar | 
											 
											
												| 
												
												Minimumdan aşağı | 
												
												
												<150 | 
												
												
												<200 | 
												
												
												<250 | 
											 
											
												| 
												
												Minimum | 
												
												
												150-200 | 
												
												
												200-275 | 
												
												
												250-300 | 
											 
											
												| 
												
												Qənaətbəxş | 
												
												
												200-250 | 
												
												
												275-325 | 
												
												
												300-375 | 
											 
											
												| 
												
												Əla | 
												
												
												>250 | 
												
												
												>325 | 
												
												
												>375 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Portuqal dili və riyaziyyat üzrə milli 
								qiymətləndirmənin nəticələrini ümumiləşdirmək 
								üçün nazirlik tərəfindən, aşağıdakı cədvəllərdə 
								olduğu kimi, ballar müəyyənləşdirilmişdir. 
								
									
										|   | 
										
										
											
												| 
												
												
												Riyaziyyat | 
											 
											
												| 
												
												Səviyyə | 
												
												
												IV sinif üzrə ballar | 
												
												
												VIII sinif üzrə ballar | 
												
												
												XI sinif üzrə ballar | 
											 
											
												| 
												
												Minimumdan aşağı | 
												
												
												
												<175 | 
												
												
												
												<225 | 
												
												
												
												<275 | 
											 
											
												| 
												
												Minimum | 
												
												
												
												175-225 | 
												
												
												
												225-300 | 
												
												
												
												275-350 | 
											 
											
												| 
												
												Qənaətbəxş | 
												
												
												
												225-275 | 
												
												
												
												300-350 | 
												
												
												
												350-400 | 
											 
											
												| 
												
												Əla | 
												
												
												
												>275 | 
												
												
												
												>350 | 
												
												
												
												>400 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Təhsil üzrə tədqiqatlar  
								
								
								Təhsildə nailiyyətlərin bir mühüm şərti də onu 
								elmi əsaslara istinadən inkişaf etdirməkdən 
								ibarətdir. Xüsusən təhsil sahəsində belə 
								tədqiqatlara böyük ehtiyac vardır. Hər hansı 
								pedaqoji texnologiyanın müəyyən olunması, onun  
								təcrübəyə gətirilməsi, yaxud bu və ya digər 
								sosioloji, psixoloji durumun öyrənilməsi xüsusi 
								araşdırma, tədqiqat tələb edir. Heç şübhəsiz, 
								Braziliyada təhsil tədqiqatlarına diqqət 
								yetirilməsi, onunla bağlı xüsusi qurumun 
								yaradılması məhz bu məntiqdən irəli gəlir. 
								
								
								Səfər zamanı müşahidələrimiz, dinlədiyimiz 
								təqdimatlar açıq-aydın göstərirdi ki, 
								Braziliyada təhsilin, demək olar ki, bütün 
								sahələri üzrə araşdırmalar aparılır. İstər yeni 
								məzmunun formalaşdırılmasında, istər yeni 
								texnologiyaların, qiymətləndirmə mexanizmlərinin 
								yaradılmasında, istərsə də idarəetmə sisteminin 
								təkmilləşdirilməsində pedaqoji tədqiqatlardan 
								geniş istifadə edilir. Bütün yanaşmaların 
								əsasında tədqiqatların nəticəsi olaraq əldə 
								edilmiş obyektiv fikirlər dayanır. 
								
								
								Bütün bunlarla yanaşı, Braziliyada təhsil üzrə 
								tədqiqatlar aparan xüsusi qurum - Təhsil 
								Tədqiqatları İnstitutu fəaliyyət göstərir. Bu 
								institutun başlıca vəzifəsi ölkədə təhsil 
								siyasətinin yaxşılaşdırılması ilə bağlı tədqiqat 
								aparmaqdan ibarətdir. 
								
								
								İnstitutun strukturunda dörd bölmə vardır. Onlar 
								aşağıdakı kimi adlandırılmışdır: 
								
								
								1. Təhsil tədqiqatları. 
								
								
								2. Təhsilə dəstək. 
								
								
								3. İnformasiyaların (yeni təcrübələrin) 
								qiymətləndirilməsi və yayılması. 
								
								
								4. İndikatorların hazırlanması və 
								qiymətləndirilmə.  
								
								
								Təhsil tədqiqatları bölməsində qısahəcmli və 
								geniş tədqiqatlar aparılır. Həcm etibarı ilə beş 
								səhifədən çox olmayan qısa tədqiqatlar zamanı 
								imtahanın nəticələri, müəyyən məsələlərlə bağlı 
								hesabat tipli məlumatlar hazırlanır.  
								
								
								Geniş tədqiqatlar üçün Təhsil Nazirliyi 
								tərəfindən sifarişlər verilir. Təhsil 
								siyasətinin təkmilləşdirilməsi ilə bağlı 
								araşdırmalar aparılır. Bu zaman bələdiyyələrdə 
								təhsillə məşğul olanların, yaxud təhsil 
								menecerlərinin, məktəb rəhbərlərinin 
								peşəkarlığını meydana çıxarmaq, onların 
								ehtiyaclarını müəyyənləşdirmək və s. məsələlər 
								öyrənilir. 
								
								
								Təhsilə dəstək bölməsində bilavasitə Təhsil 
								Nazirliyinin sifarişinə əsasən tədqiqatlar 
								aparılır. Məktəblərin ehtiyacına uyğun müəyyən 
								olunmuş resurslar, onlara aid nümunələr 
								hazırlanır. 
								
								
								Tədqiqat mövzuları əvvəlcədən layihələşdirilir, 
								sonra müsabiqə yolu ilə seçilir. Daha sonra 
								tədqiqat mövzuları maliyyələşdirilir. Ona görə 
								də institutda aparılan araşdırmalar əhəmiyyətli 
								tədqiqatlar kimi qarşılanır və qiymətləndirilir. 
								
								
								İnnovasiyaların (yeni təcrübələrin) 
								qiymətləndirilməsi və yayılması bölməsi məktəb 
								təcrübəsində olan innovasiyaları müəyyən edir, 
								onların qeydiyyatını aparır. Həmin təcrübələri 
								öyrənib yayır, ən yaxşı innovasiyaları yerli 
								bələdiyyələrə göndərir, onların davam 
								etdirilməsi üçün qrantların ayrılması ilə məşğul 
								olur. 
								
								
								İndikatorların hazırlanması və qiymətləndirmə 
								bölməsi müxtəlif səviyyəli monitorinq və 
								qiymətləndirmənin keçirilməsi üçün indikatorlar 
								hazırlayır. Məsələn, şagirdlərin, tələbələrin, 
								müəllimlərin, təhsil müəssisələrinin və s. 
								monitorinqi ilə bağlı indikatorlar. 
								
								
								Braziliyanın təhsil sistemi ilə bağlı bütün 
								informasiyaları özündə birləşdirən məlumat bankı 
								bu institutda yerləşir. Tədqiqatların nəticələri 
								olaraq təhsilin müxtəlif sahələri, istiqamətləri 
								üzrə yığılmış məlumatlar dövlət əhəmiyyətli 
								materiallar kimi mühafizə olunur. 
								
								
								Braziliya təhsilinin özəllikləri çoxdur. Onu 
								daha dərindən öyrənmək üçün genişmiqyaslı 
								araşdırmaların aparılmasına ehtiyac vardır.   
								
								
								
								İsgəndər İSGƏNDƏROV, 
								Azərbaycan Respublikası təhsil nazirinin 
								müavini,  
								
								
								
								Ənvər ABBASOV, 
								Təhsil Problemləri İnstitutunun direktor müavini
								
								  |