| 
								 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 19-da 
								paytaxtımızdakı Əl oyunları sarayında Bakı 
								təhsilinə həsr olunmuş "Təhsil, zaman və biz" 
								mövzusunda baxış-sərgi keçirdi. 
								
								Uzun müddətdən bəri hazırlıq görülən sərginin 
								təşkilində təhsil idarəsinə Təhsil İşçiləri Azad 
								Həmkarlar İttifaqı Respublika Komitəsi yaxından 
								dəstək vermişdir. 
								
								
								 Sərginin 
								açılışına həsr olunmuş mərasimdə təhsil naziri 
								Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının sədri, millət vəkili Səttar 
								Mehbalıyev, Milli Məclis sədrinin müavini Bahar 
								Muradova, YAP sədrinin müavini - icra katibi, 
								millət vəkili Əli Əhmədov, İnsan hüquqları üzrə 
								müvəkkil Elmira Süleymanova, millət vəkilləri, 
								bir sıra dövlət qurumlarının rəhbər işçiləri, 
								elm və təhsil ictimaiyyətinin nümayəndələri, 
								müxtəlif müsabiqə və yarışlarda fərqlənmiş 
								məktəb direktorları, müəllim və şagirdlər 
								iştirak edirdilər. 
								
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva mərasimi açaraq qonaqları və digər 
								iştirakçıları salamladı, onları Bakı təhsilinin 
								nailiyyətlərinə həsr olunmuş sərgidə görməsindən 
								məmnunluq duyduğunu bildirdi. N.Rzaquliyeva qeyd 
								etdi ki, əsası ulu öndər Heydər Əliyev 
								tərəfindən qoyulmuş təhsil islahatları ölkə 
								Prezidenti İlham Əliyevin rəhbərliyi altında 
								uğurla davam etdirilir. Azərbaycan dövlətinin, 
								Prezident İlham Əliyev cənablarının, Heydər 
								Əliyev Fondunun və onun prezidenti, millət 
								vəkili Mehriban xanım Əliyevanın diqqət və 
								qayğısı sayəsində son illər təhsilimiz xeyli 
								inkişaf edib. Son 4 ildə tikilən, təmir olunan 
								çoxlu sayda təhsil müəssisəsi bunun ən bariz 
								nümunəsidir. İndi Bakıda, eləcə də respublikanın 
								məktəblərində İKT ilə təminat başa 
								çatdırılmışdır. Bu da təhsilimizin dünya 
								standartlarına yaxınlaşdırılmasına, dünya 
								təhsilinə inteqrasiya olunmasına imkan 
								yaratmışdır. 
								
								
								N.Rzaquliyeva Bakı təhsilinin tarixində ilk dəfə 
								təşkil edilən baxış-sərgidə əsas məqsədin uğurla 
								həyata keçirilən təhsil islahatının nəticələrini 
								və bu sahədə qazanılan uğurları cəmiyyətə təqdim 
								etmək olduğunu söylədi. Bildirdi ki, tədbirə 
								gələnlər baxış-sərginin hər bölməsi ilə tanış 
								olduqca təhsilimizin inkişafındakı müsbət 
								meyilləri, müasirləşməni görə və hiss edə 
								biləcəklər. İlk dəfə məktəb, məktəbəqədər təhsil 
								və məktəbdənkənar təhsil üzrə keçirilən sərgidə 
								həmin sahələrdə fəaliyyətlərin konkret 
								nəticələri təqdim olunub. Bununla da sərgi 
								iştirakçılarında Bakı təhsili haqqında dolğun 
								fikir formalaşdırmaq arzusu hədəf götürülüb. 
								
								
								BŞTİ-nin müdiri baxış-sərginin keçirilməsində 
								göstərdiyi dəstəyə görə TİAHİ Respublika 
								Komitəsinin sədri Səttar Mehbalıyevə, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini daim 
								yüksək qiymətləndirən təhsil naziri Misir 
								Mərdanova, təklifi qəbul edib sərginin açılış 
								mərasiminə gəlmiş digər qonaqlara təşəkkür etdi. 
								
								
								Açılış mərasimi paytaxtın bir sıra məktəbəqədər 
								təhsil müəssisələrini, məktəblərini təmsil edən 
								istedadlı uşaqların ifasında mahnı və rəqslərlə 
								davam etdirildi. Onların məharətlə təqdim 
								etdikləri qısa bədii proqramdan sonra geniş 
								ekranda ümummilli lider Heydər Əliyevin, ölkə 
								Prezidenti İlham Əliyevin təhsilimizə və təhsil 
								işçilərinə göstərdikləri qayğını, müxtəlif 
								təhsil müəssisələrində olmalarını, şagird və 
								müəllimlərlə görüşlərini əks etdirən videoçarx 
								nümayiş olundu. 
								
								
								Açılış mərasimi başa çatdıqdan sonra təhsil 
								naziri Misir Mərdanov və digər qonaqlar 
								baxış-sərgini gəzərək burada nümayiş olunan 
								eksponatlarla tanış oldular. 
								
								
								Yeri gəlmişkən qeyd edək ki, 44 bölməni əhatə 
								edən baxış-sərgidə ümumi təhsilin pillələrini, 
								təhsil sistemində tətbiq olunan layihə, proqram 
								və innovasiyaların nəticələrini, ayrı-ayrı 
								fənlər üzrə ən yaxşı tədris nümunələrini, 
								kurikulumun tətbiqini, "Ekologiya ili" 
								çərçivəsində həyata keçirilən tədbirləri, milli 
								mənəvi dəyərlərin aşılanması, yol hərəkətinin 
								təhlükəsizliyi, valideynlərlə işlə bağlı 
								yaradılmış ən yaxşı təcrübə nümunələrini, idman 
								nailiyyətlərini əks etdirən eksponatlar, əl 
								işləri, rəsmlər nümayiş olunurdu. 
								
								
								Sərgini gəzən nazir və qonaqlar bütün bölmələr 
								qarşısında ayaq saxlayıb onların hər biri ilə 
								yaxından maraqlandılar, müəllim və şagirdlərlə 
								söhbət etdilər.  
								
								
								Sərgi haqqında təəssüratını ifadə edən təhsil 
								naziri Misir Mərdanov onun yüksək səviyyədə 
								təşkil olunduğunu və keçirildiyini, sərginin 
								Bakı təhsilində son illər görülmüş işlər, əldə 
								olunan uğurlar barədə tam təsəvvür yaratdığını, 
								iştirakçılara çox maraqlı tərtibatlar təqdim 
								olunduğunu, müxtəlif təhsil müəssisələri 
								kollektivlərinin baxış-sərginin hazırlanmasına 
								böyük əmək sərf etdiklərini vurğuladı. Sərgidən 
								razı qaldığını söyləyən təhsil naziri onun 
								ənənəyə çevriləcəyinə, gələcəkdə belə sərgilərin 
								bölgələrdə də təşkil olunacağına ümidvar 
								olduğunu bildirdi. 
								
								
								YAP sədrinin müavini - icra katibi, millət 
								vəkili Əli Əhmədov da baxış-sərgini yüksək 
								qiymətləndirərək bildirdi ki, sərgi ilə tanış 
								olanda Azərbaycan məktəblərində nə qədər böyük 
								yeni işlərin görüldüyünü, təhsilin nə qədər 
								inkişaf etdiyini, Azərbaycan gənclərinin, 
								xüsusən məktəblilərin nə qədər geniş biliklərə 
								sahib olduğunu, yeniliklər yaratdığını görmək 
								mümkündür. 
								
								
								
								Yusif ƏLİYEV  |