| 
								 
								
								Mayın 14-də "Trend" Agentliyinin mətbuat 
								mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim 
								Assosiasiyasının təşkilatçılığı ilə "Müasir 
								müəllimin nüfuzu - bu gün və sabah" mövzusunda 
								mətbuat konfransı keçirilmişdir. Müəllim 
								nüfuzunun bərpası və qorunmasında ictimaiyyət və 
								KİV-in rolu məsələsinin müzakirə olunduğu 
								konfransda müxtəlif elm sahələrini təmsil edən 
								nüfuzlu alimlər, məktəb rəhbərləri, müəllimlər, 
								valideynlər və KİV nümayəndələri iştirak 
								edirdilər. 
								
								
								 Mətbuat 
								konfransını Azərbaycan Milli Valideyn-Müəllim 
								Assosiasiyasının icraçı direktoru Təranə 
								Şərifova açaraq müzakirəsinə yığışdıqları 
								məsələnin vacibliyinə və aktuallığına diqqəti 
								yönəltdi. Müəllim nüfuzunun aşağı düşməsinin 
								nəticə etibarı ilə təhsilin keyfiyyətinə mənfi 
								təsir göstərdiyini deyən icraçı direktor bu 
								məsələnin məktəb təhsili almış, müəllim əlindən 
								çıxmış hər kəsi ciddi düşündürməli olduğunu, 
								mövcud vəziyyətin təmsil etdiyi qurumu da 
								narahat etdiyini və bu mövzuda mətbuat konfransı 
								keçirmək təşəbbüsünün də məhz həmin narahatçılıq 
								hissindən irəli gəldiyini diqqətə çatdırdı. 
								T.Şərifova bildirdi ki, bu məsələ rəhbərlik 
								etdiyi təşkilatın idarə heyətində də bir neçə 
								dəfə müzakirə olunmuş, müəllim nüfuzunun aşağı 
								düşməsinin səbəblərinin araşdırılması, təhlili 
								və əldə edilən nəticələrə dair müvafiq 
								təkliflərin hazırlanması məqsədi ilə Azərbaycan 
								Milli VMA müəllimlər və valideynlər arasında 
								sosioloji sorğu keçirmişdir. 
								
								
								Sonra T.Şərifova konfrans iştirakçılarını 
								sorğunun nəticələri ilə tanış etdi. Nümayiş 
								olunan slaydlara istinadən verilən məlumatdan 
								aydın oldu ki, sorğu paytaxtdan və bölgələrdən 
								olan 345 müəllim və valideyni əhatə etmiş, 
								onlara "Azərbaycan reallığında müasir müəllimin 
								mövcud nüfuzu hansı səviyyədədir", "Müasir 
								müəllimin çətinlik və ehtiyacları nədədir", 
								"Klassik müəllimlə müasir müəllim arasında olan 
								fərqlər nədədir", "Müasir Azərbaycan müəllimi 
								hansı keyfiyyətlərə malik olmalıdır", "Müəllimin 
								cəmiyyətdə müqəddəs peşə sahibi kimi nüfuzunu 
								necə bərpa etmək olar" və s. kimi 9 suala cavab 
								vermək təklif olunmuşdur. Respondentlərin 120-si 
								müəllim nüfuzunun aşağı, 195-i orta, 30-u isə 
								yüksək olduğunu bildirmişdir. Müəllim nüfuzunun 
								aşağı düşməsi səbəbləri sırasında maddi-sosial 
								təminat, qeyri-peşəkarlıq, işə məsuliyyətsizlik, 
								mənəvi dəyərləri yüksək tutmamaq və s. amillər 
								ön sırada qeyd olunmuşdur. 
								
								
								T.Şərifova, eyni zamanda psixoloqlar tərəfindən 
								peşə seçmək ərəfəsində olan gənclər arasında 
								müəllimlik sənətinə marağın öyrənilməsi məqsədi 
								ilə keçirilmiş sorğunun nəticələri haqqında da 
								məlumat  verdi. Bildirdi ki, sorğuda iştirak 
								etmiş 300 nəfər IX-XI sinif şagirdinin heç biri 
								özünün gələcək sənəti kimi müəllimliyi qeyd 
								etməmişdir. Bu faktın onda dərin təəssüf hissi 
								doğurduğunu deyən VMA rəhbəri həmin sorğunun 
								nəticələrini də cəmiyyətdə müəllim nüfuzunun 
								aşağı düşməsinin daha bir sübutu kimi 
								dəyərləndirdi. T.Şərifova çıxışının sonunda 
								ümummilli lider Heydər Əliyevin müəllimliyə çox 
								yüksək qiymət verdiyini xatırladaraq bu müqəddəs 
								peşə sahiblərinin nüfuzunun bərpası və 
								qorunmasının hamının müqəddəs vəzifəsi olduğunu 
								vurğuladı. 
								
								
								Konfransda çıxış edən Azərbaycan Milli Elmlər 
								Akademiyasının müxbir üzvləri, professorlar 
								Vaqif Abbasov, Sudeyif İmamverdiyev, Bakıdakı 
								Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara 
								Xanlarova, 177 nömrəli məktəbin direktoru Həqiqə 
								Məmmədova, İctimai Televiziyanın əməkdaşı 
								Cəsarət Valehov və başqaları müəllim nüfuzuna 
								təsir edən amillər, müəllim nüfuzunun aşağı 
								düşməsinin səbəbləri, müasir müəllimlər üçün 
								zəruri olan keyfiyyətlər və s. məsələlərdən söz 
								açıb mövzu ilə bağlı öz fikir və mülahizələrini 
								bildirdilər. Bəzi KİV-lərdə müəllimlərin 
								ünvanına deyilən haqsız iradlar, ayrı-ayrı 
								neqativ halların ümumiləşdirilərək bütün 
								müəllimlərə aid edilməsi, daha çox mənfi hallara 
								diqqət yetirilməsi, müsbət təcrübə 
								nümunələrinin, yaxşı müəllimlərin işinin 
								təbliğinə az yer ayrılması tənqid olundu, 
								müəllimdən, məktəbdən yazarkən, danışarkən daha 
								ehtiyatlı olmaq, bu müqəddəs peşə sahiblərinin 
								heysiyyatına toxunan, şəxsiyyətini təhqir edən 
								söz və ifadələrin işlədilməməsi tövsiyə olundu. 
								
								
								
								Yusif ƏLİYEV  |