| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi 
								və İSESKO arasında əməkdaşlıq əlaqələri, təhsil 
								sahəsində həyata keçirilən birgə layihələr 
								barədə fikirlərimi diqqətinizə çatdırmağa 
								çalışacağam.  
								
								
								Son illər Təhsil Nazirliyinin faydalı və 
								məhsuldar əməkdaşlıq etdiyi beynəlxalq 
								tərəfdaşlardan biri də İslam Təhsil, Elm və 
								Mədəniyyət Təşkilatıdır (İSESKO). Kifayət qədər 
								nüfuzlu bir beynəlxalq təşkilat kimi fəaliyyət 
								göstərən bu qurumun yaradılması prosesi 1979-cu 
								ildə İslam ölkələri xarici işlər nazirlərinin 
								Mərakeş Krallığında keçirilmiş X konfransında 
								qəbul olunmuş qətnamə əsasında başlanmışdır. 
								1980-ci ilin mayında Pakistan İslam 
								Respublikasında keçirilmiş İslam ölkələri xarici 
								işlər nazirlərinin XI konfransında təşkilatın 
								nizamnaməsi qəbul olunmuşdur. Səudiyyə 
								Ərəbistanında 1981-ci ilin yanvarında keçirilmiş 
								III Zirvə konfransı üzv ölkələri İslam Təhsil, 
								Elm və Mədəniyyət Təşkilatını dəstəkləməyə 
								çağıran və onları bu təşkilata qoşulmağa dəvət 
								edən Qətnamə qəbul etmişdir. Nəhayət, 1982-ci 
								ilin mayında Mərakeş Krallığında İSESKO-nun 
								Təsis konfransı çağırılmışdır. Beləliklə, İslam 
								ölkələrində elm, təhsil və mədəniyyətin inkişafı 
								üçün əhəmiyyətli missiyanı öz üzərinə götürmüş 
								beynəlxalq təşkilat fəaliyyətə başlamışdır. 
								
								
								İSESKO-nun başlıca məqsədləri üzv ölkələr 
								arasında təhsil, elm, mədəniyyət və 
								kommunikasiya sahələrində əməkdaşlığı inkişaf 
								etdirmək, qədim tarixə malik İslam dəyərləri 
								çərçivəsində tətbiqi elmləri və yüksək 
								texnologiyaları mənimsəmək, İslam ölkələri və 
								xalqları arasında anlaşmanı möhkəmləndirərək 
								təhsil, elm və mədəniyyət vasitəsilə dünyada 
								sülhə və təhlükəsizliyə nail olmağa yardım 
								göstərmək, İslam mədəniyyətini və dəyərlərini 
								dağıdıcı və zərərli təsirlərdən mühafizə etmək, 
								İslam sivilizasiyasını təbliğ etməkdir. 
								 
								
								
								İSESKO 1988-ci ildə Omanda keçirilmiş III Baş 
								konfransda İslam ölkələrində təhsilin inkişaf 
								strategiyasını qəbul etmişdir. Azərbaycan öz 
								dövlət müstəqilliyini əldə etdikdən sonra, 
								1991-ci ildə İSESKO-nun üzvlüyünə qəbul 
								olunmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatda 
								ölkəmizi təmsil edən səlahiyyətli tərəfdaş orqan 
								kimi Təhsil Nazirliyi müəyyən edilmişdir. Məhz 
								buna görə də İSESKO ilə Azərbaycan arasında 
								əməkdaşlıq əlaqələri daha çox təhsil sahəsi ilə 
								bağlıdır.  
								
								
								Fəaliyyətə başladığı 1982-ci ildən etibarən 
								İSESKO tərəfindən üzv ölkələrdə 900-ə yaxın 
								təlim sessiyası, işçi seminarlar, təhsil, elm, 
								mədəniyyət mövzularında simpoziumlar 
								keçirilmişdir. Minlərlə alim, universitet 
								müəllimləri, ekspertlər və mütəxəssislər bu 
								proqram və tədbirlərdən bəhrələnmişlər. Ötən 
								dövr ərzində təhsilin müxtəlif sahələri üzrə 
								ərəb, ingilis və fransız dillərində 600-dək 
								kitab və vəsait hazırlanmış, tərcümə edilmiş və 
								çapına nail olunmuşdur. Həmçinin üzv dövlətlər 
								və dünyanın müxtəlif ölkələrindəki müsəlman 
								icmalarından olan 3000-dək tələbəyə təqaüdlər 
								verilmişdir.  
								
								
								İSESKO öz fəaliyyətini regional və universal 
								beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq 
								şəraitində qurmuş, digər beynəlxalq 
								təşkilatlarla əməkdaşlığı tənzimləyən 140-dək 
								müqavilə imzalamışdır. Bu təşkilatlar sırasında 
								BMT, İslam Konfransı Təşkilatı, YUNESKO, 
								YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya 
								Əqli Mülkiyyət Təşkilatı, BMT-nin Qaçqınlar üzrə 
								Ali Komissarlığı, BMT İnkişaf Proqramı, BMT 
								Əhali Fondu, İslam İnkişaf Bankı, İslam Tarixi, 
								İncəsənəti və Mədəniyyəti üzrə Araşdırma 
								Mərkəzini göstərmək olar.  
								
								
								Azərbaycan bu təşkilata 1991-ci ildən üzv olsa 
								da, 2003-cü ilədək əməkdaşlığın səviyyəsi o 
								qədər də yüksək olmamışdır. Geniş əməkdaşlıq 
								əsasən 2003-cü ildə İSESKO-nun Tehranda regional 
								ofisi açıldıqdan sonra başlanmışdır.  
								
								
								İSESKO ilə əlaqələrin əsas istiqamətlərindən 
								biri həmin təşkilat tərəfindən təşkil edilən 
								beynəlxalq simpozium, konfrans və seminarlarda 
								iştirakdır. Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin nümayəndə heyəti ilk dəfə olaraq 
								22-24 noyabr 2000-ci il tarixlərində Rabatda 
								keçirilən İSESKO Baş konfransının 7-ci 
								sessiyasında iştirak etmişdir.  
								
								
								2004-cü ilin noyabrında İSESKO-nun Tehrandakı 
								Regional ofisi tərəfindən Bakı şəhərində 
								"Qloballaşma və onun müsəlman ölkələrində 
								iqtisadi və mədəni sahələrə təsiri" mövzusunda 
								beynəlxalq simpozium keçirilmişdir. Bu tədbir 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi və 
								İSESKO tərəfindən təşkil olunmuşdu. Simpoziumun 
								başlıca məqsədləri aşağıdakılar idi:  
								
								
								-cəmiyyətdə baş verən qloballaşma ilə bağlı olan 
								sosial, iqtisadi və ətraf mühit 
								dəyişikliklərinin mahiyyətinin açıqlanması;
								 
								
								
								-sosial və humanitar sahədə çalışan alimlərin 
								müasir dünyada baş verən müsbət tendensiyaları 
								inkişaf etdirmək səylərinin birləşdirilməsi üçün 
								üzv dövlətlərin həvəsləndirilməsi;  
								
								
								-insanlar tərəfindən yeni tendensiyaların qəbul 
								edilməsini asanlaşdırmaq məqsədilə müvafiq 
								strategiyanın müəyyən edilməsi;  
								
								
								-daha çox problemli sosial-iqtisadi məsələlərin 
								təhlili və onların həlli üçün münasib yolların 
								axtarılması.  
								
								
								Simpoziumu giriş sözü ilə Azərbaycan 
								Respublikasının təhsil naziri açmışdır. Açılış 
								mərasimində İSESKO Baş direktorunun müavini 
								Məhəmməd Haşem Alfalouqi, Qafqaz Müsəlmanları 
								İdarəsinin başçısı Şeyxülislam Allahşükür 
								Paşazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, 
								Azərbaycan Milli Elmlər Akademiyasının 
								prezidenti Mahmud Kərimov çıxış etmişlər. 
								Simpoziumda azərbaycanlı alimlərlə yanaşı, 
								Malayziya İslam Universitetləri kollecinin 
								professoru Məhəmməd Muda, Bosniya və 
								Herseqovinadan professor İzzet İbreliyik, İran 
								İnvestisiya, İqtisadiyyat və Texniki Yardım 
								Təşkilatının nümayəndəsi Əli Fəllahi, 
								Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti 
								İnstitutunun nümayəndəsi Gülnar İsmailova, 
								Banqladeşin YUNESKO üzrə Milli Komissiyasının 
								nümayəndəsi Əbu Nur Məhəmməd Bazlur Rəhman 
								təqdimatlarla çıxış etmişlər.  
								
								
								2004-cü ildə Təhsil Nazirliyinin müraciəti 
								əsasında İSESKO Azərbaycanda həyata keçirilən 
								təhsil islahatlarına yardım məqsədilə ekspert 
								təyin etmiş, ekspertin Azərbaycanda fəaliyyəti 
								təşkilat tərəfindən maliyyələşdirilmişdir.
								 
								
								
								İSESKO ilə əməkdaşlığın istiqamətlərindən biri 
								də Azərbaycanda ərəb dilinin tədrisi ənənələrini 
								qorumaq, ərəb dili müəllimləri və 
								mütəxəssislərinin hazırlıq səviyyəsinin 
								yüksəldilməsinə yardım göstərməkdir. Bu məqsədlə 
								2005-ci ilin mayında Azərbaycanda İSESKO həftəsi 
								çərçivəsində tədbirlər keçirilmişdir. 23-28 may 
								2005-ci il tarixlərində keçirilmiş bu həftədə 
								Azərbaycanın ali və orta məktəblərində dərs 
								deyən ərəb dili müəllimləri üçün təlim 
								seminarları təşkil olunmuşdur. Beynəlxalq İslam 
								Xeyriyyə Təşkilatının tərəfdaşı olduğu bu 
								seminarların keçirilməsi üçün İSESKO-nun Təhsil 
								Departamentinin rəhbəri doktor Mustafa Əl-Zebah 
								Bakıda olmuşdur. Təlim seminarlarını uğurla başa 
								vuran 35 ərəb dili müəlliminə xüsusi 
								şəhadətnamələr verilmişdir.  
								
								
								İSESKO-ya üzv ölkələrdə, o cümlədən A 
								
								
								zərbaycanda ərəb dilinin tədrisi və bu sahədə 
								çalışan mütəxəssislərin hazırlığı istiqamətində 
								də təşkilat tərəfindən səmərəli tədbirlər həyata 
								keçirilmişdir. Təhsil Nazirliyi istər ayrı-ayrı 
								ərəbdilli ölkələrlə, istərsə də İSESKO ilə 
								əməkdaşlığında bu istiqamətə xüsusi diqqət 
								yetirir. Bu əməkdaşlığın nəticəsi olaraq 2006-ci 
								ilin noyabrında Asiya Müsəlmanları Komitəsinin 
								dəstəyi ilə Bakı Dövlət Universitetində Dialoq 
								dəyərləri və sülh mədəniyyəti təhsili kafedrası 
								(İSESKO kafedrası) yaradılmışdır.  
								
								
								Eyni zamanda həftə çərçivəsində İSESKO 
								tərəfindən Avropa Şurasının tərəfdaş olduğu 
								"Təhsil vasitəsilə vətəndaşlıq dəyərlərinin 
								inkişafı" mövzusunda milli seminar da 
								keçirilmişdir.  
								
								
								2005-ci ilin iyununda İSESKO-nun maliyyə dəstəyi 
								ilə təşkilatın Azərbaycandakı yerli bürosuna 
								kommunikasiya avadanlığı üçün maliyyə vəsaiti 
								ayrılmış, həmin vəsait hesabına alınmış 
								avadanlıqlar Naxçıvan Dövlət Universitetinə 
								verilmişdir.  
								
								
								Bakı Musiqi Akademiyasının professoru Zəhra 
								Quliyeva İSESKO-nun musiqi və incəsənət 
								sahələrində eksperti seçilmiş və 2005-ci ilin 
								sentyabrından fəaliyyətə başlamışdır. O, 
								İordaniyada keçirilmiş Dünya Mədəniyyət 
								Forumunda iştirak edərək "Azərbaycan musiqi 
								mədəniyyətinin tarixi" mövzusunda mühazirə ilə 
								çıxış etmiş, forumun sessiyalarından birinə 
								rəhbərlik etmişdir.  
								
								
								İSESKO-nun Tehran ofisi tərəfindən 2005-ci ilin 
								14-16 noyabr tarixlərində Bakıda "Genetika 
								sahəsində son nailiyyətlərin sosial və etik 
								təsirləri" mövzusunda seminar keçirilmişdir. 
								Seminarın işində İSESKO-nun Tehrandakı regional 
								nümayəndəliyinin direktoru Abbas Sədri, 
								Malayziyanın Malayya Universitetinin professoru 
								Zülqarneyi Məhəmməd, İran Genetika Elmi-Tədqiqat 
								İnstitutunun prezidenti Abbas Sahibqədəm Löfti, 
								Əfqanıstan təhsil nazirinin müşaviri, Kabil 
								Universitetinin professoru Yusif Purəli, 
								Qazaxıstan Dövlət Tibb Akademiyasının 
								nümayəndəsi Roza Karayeva, Maldiv Respublikası 
								Mərkəzi klinik xəstəxanasının şöbə müdiri 
								Jumaillaf Beyqum, həmçinin Pakistan və 
								Banqladeşdən ekspertlər iştirak etmişlər. 
								 
								
								
								2005-2006-cı illərdə İSESKO-nun Tehran ofisi 
								tərəfindən təşkilatın üzv ölkələrindəki milli 
								komissiyalar və yerli nümayəndəliklərində 
								çalışan əməkdaşları üçün təlim sessiyaları 
								təşkil olunmuşdur. Bir neçə gün davam edən bu 
								sessiyalar iştirakçılara yeni informasiya və 
								kommunikasiya texnologiyalarından istifadə 
								bacarıqlarının aşılanması məqsədini daşımışdır. 
								Seminarlarda nazirliyin beynəlxalq əlaqələr 
								şöbəsinin əməkdaşları iştirak etmişlər. 
								 
								
								
								Təhsil Nazirliyinin İSESKO ilə əməkdaşlığı 
								çərçivəsində 2006-cı ilin martında Bakıda "İslam 
								və gənclik: təhsil, elm və maariflənmə" 
								mövzusunda beynəlxalq elmi-praktik konfrans 
								keçirilmişdir. Bu tədbir Küveytin Vəqflər və 
								Dini İşlər Nazirliyi və Beynəlxalq İslam 
								Xeyriyyə Təşkilatının yaxından iştirakı ilə 
								İSESKO, Heydər Əliyev Fondu və Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil 
								olunmuşdur.  
								
								
								Konfransda aşağıdakı mövzular müzakirəyə 
								çıxarılmışdır:  
								
								
								-dinin sülhün və təhlükəsizliyin təmin 
								edilməsində rolu;  
								
								
								-gənclərin dini maarifləndirilməsinin 
								terrorizmlə mübarizədə rolu:  
								
								
								-islam sülh, tolerantlıq və dialoq dini kimi;
								 
								
								
								-gənc nəslin tərbiyəsində dini və milli 
								dəyərlərin rolu (narkotiklərə qarşı mübarizə, 
								ailənin tənzimlənməsi, tədris prosesində dini və 
								milli dəyərlərin təşviqi);  
								
								
								-islam dini və elm;  
								
								
								-islam və dövlətçilik ənənələri;  
								
								
								-dinlərarası dialoqun ksenofobiya və qatı 
								millətçilik ideyalarına qarşı mübarizədə 
								əhəmiyyəti;  
								
								
								-KİV-in maariflənmədə rolu;  
								
								
								-dini təhsil və din xadimlərinin hazırlanmasına 
								yeni baxış.  
								
								
								Konfransda dünyanın 20-dən artıq ölkəsindən, o 
								cümlədən YUNESKO, İSESKO, Avropa Şurası, Avropa 
								İttifaqı, ATƏT, İslam Konfransı Təşkilatı kimi 
								beynəlxalq təşkilatlardan bu sahədə fəaliyyət 
								göstərən alimlər və mütəxəssislər, Azərbaycanda 
								fəaliyyət göstərən bütün dini konfessiyaların 
								nümayəndələri iştirak etmişlər.  
								
								
								2006-cı il Təhsil Nazirliyinin İSESKO ilə 
								əməkdaşlığında daha məhsuldar olmuş, həmin ildə 
								təşkilat tərəfindən təhsil nazirləri 
								səviyyəsində Küveytdə və Mərakeşdə əhəmiyyətli 
								tədbirlər keçirilmişdir.  
								
								
								2006-cı ilin 19-21 noyabr tarixlərində Küveytdə 
								təşkilata üzv olan ölkələrin "Ali təhsil və elm 
								nazirlərinin təhsildə müasir kommunikasiya 
								texnologiyalarının tətbiqi"nə həsr olunmuş III 
								konfransı keçirilmişdir. İSESKO Baş Direktorluğu 
								və Küveytin Ali Təhsil Nazirliyi tərəfindən 
								təşkil olunmuş bu konfransda Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin nümayəndə 
								heyəti, eləcə də 50-dən artıq İslam ölkəsinin 
								ali təhsil və elm naziri iştirak etmişdir. Əsas 
								müzakirə mövzusu İslam ölkələri arasında təhsil 
								sahəsində qarşılıqlı əməkdaşlıq, birgə elmi 
								tədqiqat işlərinin aparılmasının 
								həvəsləndirilməsi, təhsilin maliyyələşdirilməsi 
								və dünya təhsil sisteminə inteqrasiya məsələləri 
								olmuşdur. Konfransda Azərbaycan Respublikasının 
								təhsil naziri Azərbaycanda təhsil və elm 
								sahəsində aparılan islahatlar, o cümlədən 
								Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq 
								Qarabağ problemi, onun təhsilin inkişafına 
								göstərdiyi mənfi təsir barədə məruzə etmişdir. 
								Eyni zamanda nazir İSESKO-ya üzv ölkələrin ali 
								təhsil və elm nazirlərinin növbəti 4-cü 
								konfransının 2008-ci ildə Bakıda keçirilməsi 
								təklifini irəli sürmüşdür. Bu təşəbbüs 
								konfransın rəhbərliyi və iştirakçılar tərəfindən 
								müsbət qarşılanmış və bununla bağlı xüsusi qərar 
								qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, 
								bu tədbirdə nazirlərin konfransının üç ildən bir 
								deyil, iki ildən bir keçirilməsi haqqında qərar 
								qəbul edilmişdir. 
								
								
								Azərbaycan nümayəndə heyəti Küveytə səfəri 
								çərçivəsində Küveyt, Malayziya, Əfqanıstan və 
								digər ölkələrin təhsil nazirləri ilə görüşlər 
								keçirmiş, təhsil sahəsində ikitərəfli qarşılıqlı 
								əməkdaşlıq məsələləri və inkişaf tendensiyaları 
								ətrafında fikir mübadiləsi aparmışdır. 
								 
								
								
								Təhsil Nazirliyinin İSESKO ilə birgə əməkdaşlığı 
								çərçivəsində Azərbaycanın görkəmli şərqşünas 
								alimi Aida İmanquliyevanın "Yeni ərəb 
								ədəbiyyatının korifeyləri" kitabı ərəb dilinə 
								tərcümə olunmuş, İSESKO tərəfindən çap 
								olunmuşdur. 2006-cı il noyabrın 23-də Heydər 
								Əliyev Fondunda kitabın təqdimat mərasimi 
								keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun 
								prezidenti, YUNESKO-nun xoşməramlı səfiri 
								Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri 
								adının verilməsinin təqdimatı da olmuşdur. 
								Təqdimatda İSESKO-nun Baş direktoru Əbdüləziz 
								bin Osman Əl-Tüveycri iştirak etmişdir. 
								Mərasimdə Azərbaycan Respublikasının təhsil 
								naziri Heydər Əliyev Fondunun təşəbbüsü ilə 
								təhsil sahəsində həyata keçirilən layihə və 
								proqramlar barədə məlumat vermiş, ölkədə 
								təhsilin inkişafında Heydər Əliyev Fondunun 
								müstəsna xidmətləri olduğunu bildirmişdir.
								 
								
								
								2006-cı ilin dekabrında Mərakeşdə İSESKO Baş 
								konfransının IX sessiyası keçirilmişdir. 
								Sessiyanın işində 40-a yaxın ölkənin təhsil 
								naziri və BMT-nin humanitar məsələlərlə məşğul 
								olan strukturlarının rəhbərləri iştirak 
								etmişdir. Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin nümayəndə heyəti 6-11 dekabr 
								2006-cı il tarixlərində sessiyada iştirak 
								etmişdir. 
								
								
								Sessiya İSESKO-nun 2003-2006-cı illərdə hesabatı 
								və 2007-2009-cu illəri əhatə edən üçillik 
								fəaliyyət planının müzakirəsi və təsdiqinə həsr 
								edilmişdir. Konfransda hesabat verərkən 
								təşkilatın Baş direktoru Əbdüləziz bin Osman 
								Əl-Tüveycri ölkələrlə əməkdaşlıq məsələlərinə 
								toxunarkən, Azərbaycanla əməkdaşlığın 
								səviyyəsini yüksək qiymətləndirmiş, Heydər 
								Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimi 
								görkəmli ictimai xadimin İSESKO-nun xoşməramlı 
								səfiri adına layiq görülməsini İslam dünyasının 
								təhsil, elm və mədəniyyət həyatında hadisə 
								olduğunu xüsusi vurğulamışdır.  
								
								
								Sessiyanın gedişində Azərbaycan Respublikasının 
								təhsil naziri təhsil və elm sahəsində aparılan 
								islahatlar, həyata keçirilən dövlət proqramları 
								barədə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ 
								probleminin Azərbaycanın təhsili və 
								mədəniyyətinə vurduğu maddi və mənəvi ziyan 
								haqqında konkret faktlar söyləmişdir. Səfər 
								çərçivəsində Azərbaycan nümayəndə heyəti 
								İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman 
								Əl-Tüveycri, Mərakeş, İran, Mavritaniya, 
								Pakistan və Suriyanın təhsil nazirləri, o 
								cümlədən bir neçə beynəlxalq təşkilatın 
								rəhbərləri ilə görüşlər keçirmişdir.  
								
								
								Sessiyada Təhsil Nazirliyinin Xarici əlaqələr, 
								informasiya və koordinasiya şöbəsinin müdiri 
								Mahir Əliyev (hazırda Azərbaycanın Suriyada 
								fövqəladə və səlahiyyətli səfiri) İSESKO-nun 
								İcraiyyə Şurasının sədr müavini seçilmiş və 
								İslam aləmində təhsil, elm və mədəniyyətin 
								inkişafında İSESKO çərçivəsində göstərdiyi 
								xidmətlərə görə İSESKO-nun qızıl medalı ilə 
								təltif olunmuşdur.  
								
								
								Bakıda konfransın təşkil olunması ilə əlaqədar 
								İSESKO-nun nümayəndə heyəti 2007-ci ilin iyun 
								ayında Azərbaycanda səfərdə olmuş, səfər 
								çərçivəsində 6-8 oktyabr 2008-ci il tarixlərində 
								İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 
								4-cü konfransının Bakıda təşkil olunması ilə 
								bağlı razılaşma imzalanmışdır.  
								
								
								Tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan 
								Respublikası Prezidentinin 19.08.2008-ci il 
								tarixli Sərəncamı imzalanmış, Sərəncama əsasən 
								bir sıra aidiyyəti dövlət qurumlarının daxil 
								olduğu Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat 
								Komitəsinin sədri Azərbaycan Respublikasının Baş 
								naziri Artur Rasızadə təyin edilmişdir. Tədbirin 
								əsas təşkilatçısı isə Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi müəyyən edilmişdir. 
								
								
								İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 
								4-cü Konfransı. İslam ölkələrinin ali təhsil və 
								elm nazirlərinin 4-cü konfransı Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin 
								dəstəyi ilə 6-8 oktyabr 2008-ci il tarixlərində 
								Bakıda "Gülüstan" sarayında keçirilmişdir. 
								Konfrans "Elmdə gənc alimlərin gücü ilə 
								dəyişikliklərə nail olunması" mövzusuna həsr 
								olunmuşdur. Qeyd olunmalıdır ki, İSESKO-nun 
								əvvəl keçirilən üç belə konfransından birincisi 
								Səudiyyə Ərəbistanında, ikincisi Liviyada, 
								üçüncüsü isə Küveytdə keçirilmişdir.  
								
								
								Tədbirdə 40-dək ölkədən və İSESKO ilə əməkdaşlıq 
								edən bir sıra regional və beynəlxalq 
								təşkilatlardan 200-dək nümayəndə iştirak 
								etmişdir. Nümayəndələr arasında 14 ölkənin 
								naziri, 4 ölkənin nazir müavini, beynəlxalq 
								təşkilat və təsisatların rəhbərləri olmuşdur.
								 
								
								
								Konfransa Azərbaycan Respublikasının təhsil 
								naziri sədrlik etmişdir. Açılış sessiyasında 
								Azərbaycan Respublikası Baş nazirinin müavini 
								Elçin Əfəndiyev, Azərbaycan Respublikası 
								Prezidenti Administrasiyası Humanitar siyasət 
								məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, 
								İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman 
								Əl-Tüveycri, Malayziya ali təhsil naziri və 
								İslam ölkələri ali təhsil və elm nazirlərinin 
								konfransının 3-cü sessiyasının sədri Dato Seri 
								Məhəmməd Xalid Nurdin, İslam Konfransı 
								Təşkilatının nümayəndəsi Əli Əkbər Salehi, 
								Azərbaycan Respublikasının bir sıra nazirləri, 
								beynəlxalq təşkilatların təmsilçiləri, 
								Azərbaycan Respublikasında akkreditə olunmuş üzv 
								dövlətlərin səfirləri iştirak etmişdir. 
								 
								
								
								Azərbaycan Respublikası təhsil nazirinin qısa 
								giriş nitqindən sonra Fatma Abdullazadə 
								Azərbaycan Respublikası Prezidentinin konfrans 
								iştirakçılarına ünvanlanmış məktubunu oxumuşdur. 
								Məktubda elm və texnologiyalar sahəsində İslam 
								ölkələri ilə əməkdaşlığın inkişaf 
								perspektivləri, üzv dövlətlərin universitet və 
								elmi tədqiqat institutları arasında mütəxəssis 
								mübadiləsinin həyata keçirilməsinin zəruriliyi 
								vurğulanmışdır.  
								
								
								İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman 
								Əl-Tüveycri III və IV konfranslar arasındakı 
								müddət ərzində üzv dövlətlərin elm, texnologiya 
								və elmi tədqiqatlar sahəsində əldə etdikləri 
								nailiyyətləri diqqətə çatdırmış, qloballaşma 
								şəraitində universitetlərin fəaliyyəti, 
								biliklərin qloballaşmasına doğru gedən dünya 
								üçün konfransda müzakirə olunan məsələlərin 
								əhəmiyyətini vurğulamışdır. Baş direktor 
								İSESKO-nun YUNESKO, Ümumdünya Yeniləşən Enerji 
								Şəbəkəsi kimi regional və beynəlxalq 
								təşkilatlarla birgə fəaliyyəti, üzv dövlətlərin 
								iqtisadi və sosial inkişafına bilavasitə təsir 
								göstərən sənaye sahələrinin inkişaf 
								etdirilməsində elmin rolu, nanotexnologiya, 
								biotexnika, genetika sahəsində layihələr barədə 
								məlumat vermişdir.  
								
								
								Konfransda Malayziyanın ali təhsil naziri Dato 
								Seri Məhəmməd Xalid Nurdin İslam ölkələrinin ali 
								təhsil və elm nazirləri konfransının 3-cü 
								sessiyasının sədri adından çıxış edərək 
								iqtisadiyyatın idarə edilməsi, yeni sənaye 
								sahələrinin inkişafı, iş yerlərinin yaradılması 
								və həyat səviyyəsinin yaxşılaşdırılmasında elm 
								və texnologiyanın rolu barədə fikirlərini 
								bildirmiş, qeyd etmişdir ki, milli inkişaf 
								strategiyasında elm və texnologiyanı inkar edən 
								və ya bunları prioritet olaraq qəbul etməyən 
								ölkələr iqtisadi inkişaf baxımından durğunluq 
								vəziyyətində olacaq və beləliklə, qlobal 
								perspektivlərdən kənarda qalacaqlar. O, həmçinin 
								İslam Dünyası Elmi Şəbəkəsi və İslam Etikası 
								Şəbəkəsi kimi bir sıra zəruri təşəbbüslərin icra 
								edilməsində göstərdiyi səylərə görə İSESKO-nun 
								fəaliyyətini yüksək qiymətləndirmişdir. 
								
								
								Konfransda Livan Respublikasından Dr. Hala U. 
								Qali Mühtəsibə, Qırğızıstan Respublikasından Dr. 
								Zaril Şarşenaliyevaya, Seneqal Respublikasından 
								Dr. Muhamadu Bassir Diopa, İordaniya Haşimilər 
								Krallığından Dr. Şaher Məhəmməd Əhməd Momaniyə, 
								Tacikistan Respublikasından Dr. Məhəmməli Əli 
								Səfərova və Malayziyadan Dr. Möhd Sapuan Salitə 
								müvafiq olaraq biologiya, kimya, geologiya, 
								riyaziyyat, fizika və texnologiya sahələrində 
								"İSESKO - 2008 elm mükafatları" təqdim 
								edilmişdir. 
								
								
								Bundan sonra Konfransın Bürosu seçilmişdir. 
								Azərbaycan Respublikası sədr, Sudan, Mali və 
								İran İslam Respublikası sədr müavinləri, Küveyt 
								isə məruzəçi təyin edilmişdir.  
								
								
								Plenar sessiyada hər bir konfrans iştirakçısı 
								təmsil etdiyi ölkənin hökuməti tərəfindən ali 
								təhsil və elmi tədqiqatların təkmilləşdirilməsi, 
								mövcud resursların inkişafı sahəsində 
								göstərdikləri səyləri əks etdirən hesabat təqdim 
								etmişdir.  
								
								
								Konfrans üzv dövlətlərin gənclərinin ümumi 
								mədəni irs sahəsində təhsilə cəlb edilməsi, 
								eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlər 
								barədə tarixi həqiqətlərin, xüsusilə ərəb 
								dilində nəşr olunan və Xocalı soyqırımı haqqında 
								məlumatları dünya ölkələrinin diqqətinə çatdıran 
								xüsusi nəşr materiallarının yayılması 
								istiqamətində İSESKO-nun fəaliyyətini 
								təqdirəlayiq hesab etmişdir.  
								
								
								Eyni zamanda Konfransda 2008-ci ilin may ayında 
								İstanbulda İSESKO tərəfindən təşkil olunan İslam 
								Konfransı Təşkilatı dövlətlərarası ekspertlər 
								iclasının nəticələri və 2009-2012-ci illər üzrə 
								tədbirlər planı qəbul edilmiş, "Xocalıya ədalət" 
								adlı beynəlxalq kampaniya prioritet məsələ kimi 
								tədbirlər planına daxil edilmişdir. Bununla 
								yanaşı, Konfrans XX əsrdə müsəlman icmalarına 
								qarşı törədilmiş soyqırımların Anım gününün 
								təsis edilməsini, bu barədə müvafiq məlumatların 
								üzv dövlətlərin ali təhsil proqramlarına və 
								dərsliklərə daxil edilməsini tövsiyə etmişdir.
								 
								
								
								Konfrans aşağıdakı məsələlərlə bağlı qərarlar 
								qəbul etmişdir:  
								
								
								1.İslam ölkələrində biliyə əsaslanan 
								iqtisadiyyata keçidin təmin olunması. Bununla 
								əlaqədar üzv dövlətlərə iqtisadi mexanizmlərin 
								və istehsal vasitələrinin bilik iqtisadiyyatına 
								yönəldilməsi, universitetlər, elmi-tədqiqat 
								mərkəzləri, ixtisaslaşmış elmi institutlar, özəl 
								sektor və donorlar arasında təcrübə 
								mübadiləsinin aparılması, əməkdaşlıq 
								əlaqələrinin inkişaf etdirilməsi tövsiyə 
								edilmişdir.  
								
								
								2.İslam ölkələrində universitetlərin reytinqi 
								mexanizminin tətbiqi. Bununla əlaqədar İslam 
								Konfransı Təşkilatına üzv dövlətlərdən 20 
								universitetin dünyanın 500 aparıcı 
								universitetləri sırasına yüksəldilməsi 
								istiqamətində meyar, prosedur və mexanizmlər 
								təsdiq edilmişdir.  
								
								
								3.Mövcud elmi tədqiqatların və biblioqrafik 
								məlumat bazasının qiymətləndirilməsini apara 
								bilən, eləcə də üzv dövlətlərin elmi 
								jurnallarının, o cümlədən yerli dillərdə dərc 
								olunan jurnallarda istinad olunan mənbələri əks 
								etdirən və təhlil edən İslam İstinad Mərkəzinin 
								yaradılması. Bununla əlaqədar Mərkəzin fəaliyyət 
								istiqamətləri və funksiyaları ilə bağlı 
								təkliflər irəli sürülmüş, İslam ölkələrində Elm, 
								Texnologiya və Yenilik Strategiyası və onun icra 
								mexanizmləri qəbul olunmuş, Strategiyanın icrası 
								üzrə Məşvərət Şurası seçilmişdir. Azərbaycan 
								Respublikası Konfransın dördüncü sessiyasının 
								sədri, Ərəb ölkələri regionu üzrə Yəmən, Oman, 
								Tunis, Asiya regionu üzrə Qırğızıstan, Bruney, 
								Pakistan, Afrika regionu üzrə Sierra Leona, 
								Nigeriya, Burkina-Faso dövlətləri Məşvərət 
								Şurasına üzv seçilmişdir. 
								
								
								4.Üzv dövlətlərdə Qadın Alimlər Şəbəkəsinin 
								yaradılması. Bununla əlaqədar məlumat bazasının 
								yaradılması və müvafiq tədbirlərin həyata 
								keçirilməsi nəzərdə tutulmuşdur.  
								
								
								Eyni zamanda Bakı Konfransında qərara alınmışdır 
								ki, növbəti sessiya 2010-cu ilin oktyabr ayında 
								Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində 
								keçirilsin.  
								
								
								Tədbirin keçirildiyi müddət ərzində Azərbaycan 
								Respublikasının təhsil naziri İSESKO-nun Baş 
								direktoru Dr. Əbdüləziz bin Osman Əl-Tüveycri, 
								Suriya, Malayziya, Qambiya, Yəmən, Tacikistan və 
								Mali respublikalarının təhsil nazirləri ilə 
								ikitərəfli görüşlər keçirmiş, təhsil sahəsində 
								ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərini 
								müzakirə etmişdir. 
								
								
								İSESKO tərəfindən 2009-cu il Bakı İslam 
								Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bununla 
								əlaqədar bir sıra tədbirlər həyata 
								keçirilmişdir. Belə ki, 11-13 avqust 2009-cu il 
								tarixlərində Bakı şəhərində "Təhsil sahəsində 
								İKT-nin rolu" mövzusunda milli seminar təşkil 
								edilmiş, burada 30 nümayəndə iştirak etmişdir. 
								
								
								20-22 oktyabr 2009-cu il tarixlərində Bakıda 
								"İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün 
								bərabər standartlar" mövzusu üzrə daha bir milli 
								seminar keçirilmişdır. Tədbirin məqsədi 
								Azərbaycanın ali təhsil müəssisələrində 
								iqtisadiyyat sahəsi üzrə tədrisin keyfiyyət 
								səviyyəsinin müəyyənləşdirilməsi və onun müasir 
								standartlara uyğunlaşdırılması olmuşdur. 
								Seminarda Azərbaycanın ali təhsil 
								müəssisələrində iqtisadiyyat sahəsi üzrə 
								professor-müəllim heyətindən ibarət 20 nəfər və 
								2 nəfər İSESKO eksperti iştirak etmişdir. 
								 
								
								
								Bununla yanaşı, 2-4 iyul 2009-ci il tarixlərində 
								Tunis şəhərində keçirilmiş İSESKO-nun X Baş 
								Konfransında Təhsil Nazirliyinin nümayəndə 
								heyəti iştirak etmişdir. Konfransın məqsədi 
								İSESKO tərəfindən 2010-2011-ci illərdə üzv 
								ölkələrdə həyata keçiriləcək layihə və 
								proqramların müzakirəsi, İSESKO-nun 2008-ci ildə 
								üzv ölkələrdə görülən işlər barədə hesabatı, 
								İSESKO-nun Baş direktorunun və İcraiyyə 
								Komitəsinin üzvlərinin seçilməsi, üzv ölkələrlə 
								gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi 
								olmuşdur.   
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri,  
								fizika-riyaziyyat elmləri doktoru, professor  |