| 
								 
								
								1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan 
								Respublikasının Qanununa uyğun olaraq xüsusi 
								təyinatlı təhsil müəssisələrinin təsis edilməsi 
								qaydalarını tənzimləyir.  
								
								
								2. Xüsusi təyinatlı təhsil müəssisələri mərkəzi 
								icra hakimiyyəti orqanlarının tabeliyində təsis 
								edilir.  
								
								
								3. Xüsusi təyinatlı ali təhsil müəssisələri, ali 
								təhsil əsasında əlavə təhsil müəssisələri 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin və 
								ya müvafiq mərkəzi icra hakimiyyəti orqanının 
								vəsatəti əsasında Azərbaycan Respublikasının 
								Prezidenti tərəfindən, orta ixtisas təhsili, 
								ümumi təhsil müəssisələri, orta ixtisas təhsili 
								əsasında əlavə təhsil müəssisələri Azərbaycan 
								Respublikasının Nazirlər Kabineti tərəfindən 
								təsis edilir.  
								
								
								4. Bu Qaydaların 3-cü bəndinə uyğun olaraq 
								təqdim edilən vəsatətə, həmin vəsatətdə xüsusi 
								təyinatlı təhsil müəssisəsinin təsis edilməsi 
								zərurəti əsaslandırılmaqla, aşağıdakılara dair 
								məlumatlar (sənədlər) əlavə edilməlidir: 
								 
								
								
								4.1. xüsusi təyinatlı təhsil müəssisəsinin 
								fəaliyyəti üçün mövcud olan və ya tələb olunan 
								zəruri kadr potensialı, maddi-texniki baza və 
								təhsil infrastrukturu barədə;  
								
								
								4.2. xüsusi təyinatlı təhsil müəssisəsinin 
								nizamnaməsinin layihəsi;  
								
								
								4.3. xüsusi təyinatlı təhsil müəssisəsinin ştat 
								cədvəlinin layihəsi;  
								
								
								4.4. kadrlara olan cari və perspektiv tələbat 
								barədə;  
								
								
								4.5. mövcud olduğu halda, komplektləşdirilmiş 
								tədris qruplarının sayı barədə;  
								
								
								4.6. mövcud olduğu halda, ayrı-ayrı struktur 
								bölmələri üzrə kursantların (müdavimlərin), 
								dinləyicilərin və digər təhsilalanların sayı 
								barədə;  
								
								
								4.7. xüsusi təyinatlı təhsil müəssisəsinin 
								yerləşməsi təklif olunan mövcud və ya yerləşməsi 
								üçün zəruri hesab edilən binaların (otaqların) 
								sayı, sahəsi, yerləşmə ərazisi barədə; 
								 
								
								
								4.8. xüsusi təyinatlı təhsil müəssis 
								
								
								əsinin yerləşməsi təklif olunan binanın tədris 
								və təlim-tərbiyə prosesinin həyata keçirilməsi 
								üçün yararlılığı barədə Azərbaycan Respublikası 
								Fövqəladə Hallar Nazirliyinin, 
								sanitariya-gigiyena normalarına uyğunluğu barədə 
								Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, 
								binanın balansdan-balansa verilməsi zərurəti 
								yarandıqda isə Azərbaycan Respublikası Əmlak 
								Məsələləri Dövlət Komitəsinin razılığı. 
								 
								
								
								5. Xüsusi təyinatlı təhsil müəssisələrinin kadr 
								potensialı, maddi-texniki bazası və təhsil 
								infrastrukturu bu tipli təhsil müəssisələri 
								təsis olunduqdan sonra da formalaşdırıla bilər.
								 
								
								
								6. Xüsusi təyinatlı təhsil müəssisəsinin 
								nizamnaməsində həmin təhsil müəssisəsinin adı, 
								fəaliyyətinin məqsədi, olduğu yer, fəaliyyət 
								istiqamətləri, hüquq və vəzifələri, strukturu və 
								idarə edilməsi, tədris işinin təşkili və 
								elmi-tədqiqat fəaliyyəti, daimi və dəyişən 
								heyəti, maliyyə-təsərrüfat fəaliyyəti, yenidən 
								təşkili və ləğvi qaydası və "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanununa və digər 
								normativ hüquqi aktlara uyğun olaraq 
								fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər 
								müəyyənləşdirilir.  
								
								
								7. Xüsusi təyinatlı təhsil müəssisəsinin 
								nizamnaməsi həmin təhsil müəssisəsinin təsisçisi 
								tərəfindən təsdiq edilir.  
								
								
								8. Xüsusi təyinatlı təhsil müəssisəsi bu 
								Qaydaların 3-cü bəndinə uyğun olaraq təsis 
								edildikdən və qanunvericiliyə uyğun olaraq 
								dövlət qeydiyyatına alındıqdan sonra tabeliyində 
								bu tipli təhsil müəssisəsi təsis edilmiş mərkəzi 
								icra hakimiyyəti orqanı səlahiyyətləri daxilində 
								həmin təhsil müəssisəsinə münasibətdə 
								idarəetməni həyata keçirməyə başlayır, xüsusi 
								təyinatlı təhsil müəssisəsinin strukturunu və 
								ştat cədvəlini təsdiq edir, onun fəaliyyətinin 
								təşkili, kadr potensialının və maddi-texniki 
								bazasının yaradılması, o cümlədən tədris, elmi, 
								elmi-metodiki, informasiya-kommunikasiya 
								texnologiyaları və digər texniki vasitələrlə 
								təminatı istiqamətində zəruri tədbirləri həyata 
								keçirir.  
								
								
								9. Tabeliyində xüsusi təyinatlı təhsil 
								müəssisəsi təsis edilmiş mərkəzi icra 
								hakimiyyəti orqanının həmin təhsil müəssisəsinə 
								münasibətdə səlahiyyət dairəsi "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanunu və digər 
								normativ hüquqi aktlarla müəyyən edilir. 
								 
								
								
								10. Xüsusi təyinatlı təhsil müəssisələrinin 
								fəaliyyəti, hüquq və vəzifələri "Təhsil 
								haqqında" Azərbaycan Respublikasının Qanunu və 
								digər normativ hüquqi aktlar nəzərə alınmaqla, 
								həmin təhsil müəssisələrinin nizamnamələri ilə 
								müəyyən edilir.  
								
								
								11. Təhsilin məzmununa və təşkilinə dair 
								tələblərə əməl olunmaqla, xüsusi təyinatlı 
								təhsil müəssisələrində maddi-texniki bazanın, 
								təhsil proqramlarının, kadr potensialının, 
								maliyyə resurslarının və təhsil 
								infrastrukturunun normativ hüquqi aktların 
								tələblərinə və dövlət standartlarına uyğunluğu 
								təmin edilir.  
								
								
								12. Xüsusi təyinatlı təhsil müəssisəsinin 
								maddi-texniki bazası və təhsil infrastrukturu 
								qanunvericiliklə müəyyən edilmiş normativlərdən 
								aşağı olmamalıdır.  
								
								
								13. Xüsusi təyinatlı təhsil müəssisələrinin 
								fəaliyyətinin təşkili, saxlanma xərcləri, tədris 
								və elmi fəaliyyəti, o cümlədən maddi-texniki 
								bazasının möhkəmləndirilməsi Azərbaycan 
								Respublikasının dövlət büdcəsi və 
								qanunvericilikdə nəzərdə tutulan digər mənbələr 
								hesabına maliyyələşdirilir.  
								
								
								14. Xüsusi təyinatlı təhsil müəssisəsinin 
								filialının (filiallarının) açılması barədə bu 
								Qaydalara uyğun olaraq vəsatət qaldırıla bilər.  |