| 
								 
								
								Mayın 21-də Bakı Dövlət Universitetində görkəmli 
								türkmən şairi Məxdumqulu Fəraqinin həyat və 
								yaradıcılığına həsr olunmuş konfrans keçirilib.
								
								
								Konfransı giriş sözü ilə rektor, akademik Abel 
								Məhərrəmov açaraq M.Fəraqinin həyat və 
								yaradıcılığından bəhs edib. Məxdumqulunun 
								şeirlərinin dərinliyindən, zənginliyindən, 
								türkmən xalqının böyük şairə olan sevgi və 
								ehtiramından bəhs edən rektor əlavə edib ki, 
								böyük şair həm də xalq dilini poeziyaya 
								gətirdiyinə görə millətinin yaddaşına əbədi həkk 
								olunub.  
								
								
								 Akademik 
								Abel Məhərrəmov filologiya elmləri doktoru Ramiz 
								Əsgərin Məxdumqulunun və davamçısı Molla Nəfəsin 
								kitablarını Azərbaycan dilinə tərcümə etməsindən 
								danışıb, bu işləri səmərəli sayıb və ona 
								təşəkkür edərək işlərin davamlı olmasını arzu 
								edib. 
								
								Eyni zamanda Azərbaycan-Türkmənistan 
								münasibətlərindən, Türkmənistan Prezidenti 
								Qurbanqulu Berdimuhəmmədovun BDU-nun fəxri 
								doktoru olmasından, ortaq türk dilinin 
								yaradılması ideyasından da bəhs edib. O, Türk 
								dünyasını bir-birindən ayıran halların 
								olmadığını, əksinə birləşdirən cəhətlərin 
								çoxluğunu diqqətə çatdırıb.  
								
								
								Tədbirin keçirilməsi üçün yaradılmış şəraitə 
								görə rektor, akademik Abel Məhərrəmova təşəkkür 
								edən Türkmənistanın ölkəmizdəki səfiri Annamamed 
								Mamedov ölkələrarası əlaqələrdən, bu 
								münasibətlərin dostluq və qardaşlıq səviyyəsində 
								olmasından danışıb.  
								
								
								lBöyük türkmən şairi Məxdumqulu Fəraqi» məruzəsi 
								ilə çıxış edən filologiya fakültəsinin 
								Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə 
								elmi-tədqiqat laboratoriyasının müdiri, 
								filologiya elmləri doktoru Ramiz Əsgər bildirib 
								ki, Məxdumqulu Fəraqinin 400-ə yaxın şeirinin 
								toplandığı ilk kitab çapdan çıxıb və hazırda 
								800-ə yaxın şeirin cəmləşdiyi növbəti kitabın 
								hazırlıq işləri gedir. Natiq böyük şairin 800 
								şeirində 101 min sözdən istifadə etdiyini 
								bildirib. Qeyd edildi ki, şairin "ayrılıq", 
								"həsrət" mənasını verən "Fəraqi" təxəllüsünu 
								seçməsi ailəsi və şəxsi həyatındakı faciələrlə 
								bağlı olub.  
								
								
								Türk xalqları ədəbiyyatı kafedrasının müəllimi, 
								filologiya elmləri namizədi Firuzə Ağayeva 
								Azərbaycan və Türkmənistanın tarixi təşəkkülünə, 
								taleyinə, soy və kökünə, coğrafiyasına, 
								adət-ənənələrinə görə bir-birinə çox oxşadığını 
								deyib və Məxdumqulunun şeirlərindən nümunələr 
								gətirməklə çıxışını yekunlaşdırıb. 
								
								
								Türkmənistan Elmlər Akademiyasının Məxdumqulu 
								adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri 
								Çarı Quliyev və Bayrammurad Taqanov, Əlyazmalar 
								İnstitutunun əməkdaşı Atamurad Səfərmuradov da 
								görkəmli şairlə bağlı maraqlı faktlara toxunub, 
								Azərbaycanı vəsf edən lYaylaqları var» şeiri ilə 
								tədbirə əlavə rəng qatıblar.  
								
								
								
								BDU-nun Mətbuat və  
								informasiya şöbəsi  |