| 
								 
								
								Azərbaycan tarixə bir - birindən dəyərli, 
								xalqına, dilinə bağlı şəxsiyyətlər bəxş 
								etmişdir. Onlardan biri də XIX əsrdə yaşayıb - 
								yaratmış, bütün dünyada  adı, yaradıcılığı 
								hörmətlə xatırlanan  Mirzə Şəfi Vazehdir. Buna 
								baxmayaraq, XIX əsr Azərbaycan ədəbiyyatı 
								tarixində şəxsiyyəti və yaradıcılığı dumana 
								bürünmüş Vazeh kimi ikinci bir ədib bəlkə də 
								yoxdur. İki yüz ilə yaxındır ki, Mirzə Şəfi 
								Vazehin dünya şöhrəti qazanmış nəğmələrinin 
								atribusiya məsələsi öz qəti həllini tapa 
								bilməmişdir.  
								
								
								Bunun əsas səbəbi, hər şeydən əvvəl, vaxtilə 
								Mirzə Şəfi Vazehin tələbəsi, dostu, alman şairi, 
								tərcüməçisi Fridrix Martin fon  Bodenştedt 
								olmuşdur. Onun müəllimi barəsində ziddiyyətli 
								fikirləri mirzəşəfişünaslıqda anlaşılmazlıqlar 
								yaratmış, tədqiqatçılarımızın, 
								ədəbiyyatşünaslarımızın işini çətinliklərə 
								salmışdır. Yalnız Mirzə Şəfinin deyil, başqa 
								Şərq klassiklərindən, xüsusən də Hafiz 
								Şirazinin, Füzulinin şeirlərinin tərcümələrində 
								də qəribə bir yol tutan F.Bodenştedt çox vaxt öz 
								yaradıcılığını tərcümələri ilə qarışdırmış, 
								bəzən tərcümə etdiyi materialdan onun yalnız 
								adını və mövzusunu saxlamışdır. Mirzə Şəfi 
								şeirlərinin, özü demişkən, "gözləri önündə" 
								yarandığı üçün onların orijinalına xələl 
								gətirmədən alman donunda verməsi oxucular 
								tərəfindən dərin rəğbətlə qarşılanmasına  səbəb 
								oldu və sürətlə yayıldı, müəllifinə böyük şöhrət 
								qazandırdı. Bundan sonra  F.Bodenştedt ömrü boyu 
								şöhrət dalınca qaçdı, lakin öz əsərləri ilə bu 
								şöhrəti əldə edə bilmədi. Mirzə Şəfi şeirlərinin 
								Almaniyada sonrakı nəşrlərində özünü nəğmələrin 
								mütərcimi deyil, bu şeirlərin müəllifi kimi 
								qələmə verdi və ölənədək həqiqətə uyğun olmayan 
								bir iddianı sübuta yetirməyə çalışdı. O, hətta 
								Mirzə Şəfinin şairliyini də inkar etdi. Həmin 
								vaxtdan başlayaraq Almaniyanın özündə 
								F.Bodenştedtin bu iddiasının tərəfdarları və 
								əleyhdarları oldu. Onlar alman mətbuatında, 
								ədəbiyyatında çıxışlar etdilər və müxtəlif 
								fikirlər söyləyərək öz müddəalarını   irəli 
								sürdülər. Lakin bir həqiqət onların bir çoxuna  
								aydın idi ki, nəğmələr alman dilində olsa da, 
								mənən və ruhən Şərq poeziyasıdır, bunlar Qərb 
								donunu geymiş Şərq gözəlləridir.  
								
								
								Azərbaycan ədəbiyyatşünasları da Mirzə Şəfi 
								barəsində öz tədqiqatlarını, axtarışlarını davam 
								etdirdilər. Bu axtarışlar səmərəli nəticələr 
								verdi. Mirzə Şəfi Vazehin dumana bürünmüş 
								şəxsiyyəti, yaradıclığı müəyyən edildi. 
								F.Bodenştedtin M.Ş.Vazeh barədə söylədiyi 
								fikirlərə aydınlıq gətirildi, onun alman şeir 
								yaradıcılığı saf - çürük edilib, həqiqət ortaya 
								çıxarıldı.  
								
								
								Azərbaycan alimlərinin tədqiqatları əsasında 
								F.Bodenştedtin plagiatlığı   elmi faktlar 
								əsasında sübuta yetirildi. Alman şairinin 
								Azərbaycan poeziyasının Qərbdə, eləcə də bütün 
								dünyada " Mirzə Şəfi nəğmələri "  adı altında 
								şöhrət tapmasında xidmətləri də 
								qiymətləndirildi. Bununla yanaşı, Mirzə Şəfi 
								yaradıcılığı barəsində geniş fikir söyləmək üçün 
								onun əldə olan əsərləri kifayət etmir. Mirzə 
								Şəfi şeirlərinin əksər hissəsinin F.Bodenştedt 
								tərəfindən Almaniyaya aparılması və bu orijinal 
								şeirlərin yoxa çıxması məsələsi alimləri, 
								tədqiqatçılarımızı düşündürməkdədir. Nə qədər 
								ki, Mirzə Şəfi şeirlərinin tam külliyyatı əldə 
								edilməyib, bir o qədər də müxtəlif fikirlər, 
								yozmalar söyləniləcəkdir.        
								
								
								Buna görə də M.Ş.Vazeh və F. Bodenştedt 
								münasibətləri tədqiqatçılarımızın diqqətindən 
								yayınmır. M.Ş.Vazeh irsinin təbliği yeni nəslin 
								bu sahədə maariflənməsində xüsusi əhəmiyyət kəsb 
								edir.  
								
								
								Bu yaxınlarda hörmətli alimimiz professor 
								Fəxrəddin Veysəllinin  "Vazeh və Bodenştedt: 
								"Yozmalar və faktlar"  kitabı işıq üzü 
								görmüşdür. Uzun illərin, böyük zəhmətin nəticəsi 
								olan bu kitab Mirzə Şəfi Vazeh irsinin təbliği, 
								tədqiqi  sahəsində əhəmiyyətli bir işdir. 
								Professor F.Veysəlli kitabında Vazeh və 
								Bodenştedt əlaqələrinə toxunmuş, F.Bodenştedt 
								tərəfindən vaxtilə alman dilinə tərcümə olunmuş 
								Vazeh şeirlərinin yeni hərfi və bədii 
								tərcüməsini vermiş, M.Şəfi və F.Bodenştedt 
								münasibətlərinə işıq salan yeni mənbələrdən söz 
								açmışdır. Quruluşuna görə bu əsər  "Mirzə Şəfi 
								Vazeh haqqında bildiklərimiz", "F. fon 
								Bodenştedtin  Mirzə Şəfi haqqında xatirələri", 
								"F. fon Bodenştedt haqqında", "Mirzə Şəfi və F. 
								fon Bodenştedt əlaqələri yenidən gündəmə gəlir" 
								adlı fəsillərdən ibarətdir. Müəllif bir çox 
								məlum olan və olmayan mənbələri tədqiqata cəlb 
								etmiş, Azərbaycan və alman alimlərinin 
								fikirlərini saf-çürük  edib, aşağıdakı 
								qənaətlərə gəlmişdir. 
								
								
								Birincisi, müəllif belə hesab edir ki, 
								F.Bodenştedtin Mirzə Şəfiyə münasibətinin 
								dəyişməsində əsas səbəb alman şərqşünaslarından 
								A.Berje, V.Vamberi və K.Bruqşi olmuşlar. Onlar 
								Mirzə Şəfi əleyhinə məqalələr yazmaqla M.Şəfinin 
								şairliyini inkar etmiş, belə bir şairin Tiflisdə 
								tanınmaması, qəbiristanlıqda qəbrinin olmaması 
								barəsində fikirlər söyləyərək, məqalələr çap 
								etdirmişlər. Müəllif apardığı araşdırmasında 
								postsovet məkanında F.Bodenştedtin M.Şəfi 
								şeirlərinin tərcümələrindəki və M.Şəfinin dünya 
								söhrəti qazanmasındakı xidmətlərinin 
								unudulduğunu, F.Bodenştedtin plagiator kimi 
								qələmə verilməsi qənaətinə gəlib, onun arxivində 
								işləməklə M.Şəfi külliyyatının tapılacağını 
								güman edir. 
								
								
								Hörmətli professor F.Veysəlli alman şərqşünas 
								alimlərinin M.Şəfi barəsində söylədikləri 
								fikirlərə öz iradını düzgün bildirmişdir. 
								F.Bodenştedtin Mirzə Şəfi barəsində fikrinin 
								dəyişməsində onların rolu da əsaslandırılmışdır. 
								Lakin F.Bodenştedtin postsovet məkanında və indi 
								də plagiator kimi qələmə verilməsi, onun 
								Azərbaycan şairinin dünya şöhrəti qazanmasındakı 
								rolunun qiymətləndirilməsi düzgün deyildir. 
								Əksinə, postsovet məkanında F.Bodenştedtin  
								xeyirxah əməlləri  yüksək qiymətləndirilmiş, 
								plagiatlığı isə elmi faktlarla sübuta 
								yetirilmişdir. Mirzə Şəfinin əlyazmalarının elə 
								onun arxivində işləməklə tapılmasını 
								mirzəşəfişünaslığımız da arzulayır. Almaniya 
								kitabxanalarında, arxivlərində aparılan 
								axtarışlar bir nəticə verməmişdir. Aldığımız 
								cavablardan məlum olur ki, Böyük Vətən 
								müharibəsi illərində Almaniyada bir çox arxivlər 
								yandırılmış, F.Bodenştedtin arxivi də 
								dağıdılmışdır.  
								
								
								Söhbət gedən kitabda F.Veysəlli bir çox alman 
								mənbələrinə müraciət edib. Alman alimlərindən  
								Y.Mündhenkin və K.Zündermayerin Mirzə Şəfi və 
								F.Bodenştedt münasibətinə həsr olunmuş məlum 
								tədqiqatlarına da toxunmuş, bu tədqiqatların 
								birtərəfli aparıldığını vurğulamış, fikirlərinə 
								də öz iradını bildirmişdir. A.Berje, V.Vamberi 
								və b. M.Şəfi əleyhinə sövq edilməsində erməni 
								əsilli Tumanovun rolunun olması və Mirzə Şəfi 
								Züleyxanı götürüb qaçan ərəfədə avar xanı 
								Əhmədin adamları tərəfindən ələ keçirilməsində 
								Akim adlı erməninin əli olduğuna gəldikdə isə, 
								bu fikir  hər halda indiki vaxtda özünü 
								doğruldur. Çünki ermənilər tarix boyu hiylələri, 
								satqınlıqları ilə məşhurdurlar. 
								
								
								F.Veysəllinin Mirzə Şəfi və F.Bodenştedt 
								münasibətlərinə həsr etdiyi əsər Mirzə Şəfi 
								irsinin tapılmasında, tədqiqi və təbliği 
								sahəsində atılan müsbət addımlardan biri kimi 
								diqqəti cəlb edir.  
								
								
								
								Akif BAYRAMOV, 
								professor  |