| 
								 
								
								Bu gün dünya təhsilinə inteqrasiya olunan 
								Azərbaycan məktəblərində hər dərsi maraqlı və 
								səmərəli qurmağa çalışan müxtəlif fənn və sinif 
								müəllimləri çoxdur.  
								
								Yasəmən Bayramova 1996-cı ildə Bakı Pedaqoji 
								Texnikumunu (Azərbaycan Dövlət Pedaqoji 
								Kollecini) fərqlənmə diplomu ilə bitirib. 
								Sumqayıt şəhər Uşaq Birliyinin rəhbəri kimi 
								çalışıb. 1997-2000-ci illərdə Bakının Nəsimi 
								rayonundakı 152 nömrəli tədris ocağında 
								fəaliyyət göstərib. Artıq 10 ildir ki, 35 
								nömrəli məktəbdə (direktoru Rəna Naibovadır) 
								sinif müəllimidir (O, Sumqayıt Dövlət 
								Universiteti filologiya fakültəsinin (qiyabi)  
								sonuncu kurs tələbəsidir).  
								
								
								 Həyat 
								əmək və fəaliyyətlə bağlıdır, deyiblər. 
								Müəllimin mövcudluğu onun şagird varlığını 
								nurlandıran dərsləridir; dərsləri tamamlayıb, 
								dərinləşdirən müxtəlif sinifdənxaric, 
								məktəbdənkənar tədbirləridir. Alim-müəllim 
								ailəsində dünyaya göz açıb böyümüş Yasəmən Aslan 
								qızı hər dərsə ciddi hazırlaşır, şagirdlərin 
								bilik və bacarıqlara yiyələnmələrinə səy 
								göstərir, ənənəvi metodla interaktivliyin 
								vəhdətində təlimi vəzifələri reallaşdırır. Bunu 
								onun bir dərsinin nümunəsində təsvir və təqdim 
								edirik. II "C" sinfində Azərbaycan dilindən 
								"Böyük hərflə yazılan sözlər" mövzusu keçilirdi. 
								Keçmiş dərsi soruşub şagirdlərin bilik və 
								bacarıqlarını aşkara çıxaran müəllim yeni 
								mövzunun tədrisinə başladı. 
								
								
								İkincilərə: - Uşaqlar, yer adları da böyük 
								hərflərlə yazılır,  -  deyə məlumat verən 
								Y.Bayramova aşağıdakı məzmunda sual-cavab 
								apardı: 
								
								
								M.: - Hansı şəhərləri tanıyırsınız? 
								
								
								Ş.: - Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran... 
								
								
								- Hansı ölkələrlə həmsərhədik? 
								
								
								- Gürcüstan, Rusiya, İran, Türkiyə, Ermənistan. 
								
								
								- Azərbaycanın paytaxtı hansı şəhərdir? 
								
								
								- Bakı. 
								
								
								- Azərbaycanın ikinci böyük şəhəri hansıdır? 
								
								
								- Gəncədir. Gəncə qədim şəhərdir. N.Gəncəvi, 
								M.Gəncəvi, Cavad xan kimi məşhur şəxslər bu 
								şəhərdə yaşamışlar. 
								
								
								Şagirdlərin cavablarından razı qaldığını 
								bildirən müəllim: 
								
								
								- Heyvanlara verilmiş adlar da böyük hərflə 
								yazılır. Məsələn: evin keşiyində duran itlərə 
								hansı adlar qoyulduğunu bilirsiniz? 
								
								
								- Alabaş, Bozdar, Toplan... 
								
								
								- Atlara hansı adlar verilir? 
								
								
								- Qırat, Yelqanad, Alapaça, Tufan. 
								
								
								Şagirdləri qruplara bölən müəllim onlara iş 
								vərəqləri payladı, qruplara adlar verildi. 
								
								
								I qrup "Şirvan", II qrup "Şuşa", III qrup  
								"Gəncə", IV qrup "Kəpəz" adlandırıldı. 
								
								
								Paylanmış vərəqlərə aşağıdakı məzmunda 
								tapşırıqlar yazılmışdı: 
								
								
								I vərəq. Heyvanlara adlar verin. 
								
								
								II vərəq. Elə gül adları seçin ki, onlar həm də 
								insan adları olsun. 
								
								
								III vərəq. Hansı sözlər böyük hərflə yazılır, 
								hansı kiçik hərflə? 
								
								
								Şəhər, salyan, oğlan, Xəzər, çay, Araz, kür, 
								arif, bulaq, balakən, rayon, ölkə, türkiyə, 
								inək, qaşqa, pişik. 
								
								
								Qrupların təqdimatından sonra müzakirələr 
								başlandı. 
								
								
								Hər qrupun nümayəndəsi iş vərəqlərini təqdim 
								etdi. Suallar cavablandırılıb müzakirə olundu, 
								uşaqlara suallar verildi. 
								
								
								- Hansı söz yerindən asılı olmayaraq həmişə 
								böyük hərflə yazılır? 
								
								
								A) Azad 
								
								
								B) Bayram 
								
								
								C) Babək 
								
								
								Tapşırığa aydınlıq gətirmək üçün sual verildi: 
								
								
								- Uşaqlar, azad sözü necə yazılır? 
								
								
								- İnsan adı kimi olanda böyük, azad olmaq 
								mənasında işlənəndə kiçik hərflə yazılır. 
								
								
								Azad qapını döydü. 
								
								
								Hər insan azad yaşamaq istəyir, -  cümlələri 
								üzrə iş başa çatandan sonra Bayram və Babək 
								sözlərinin böyük hərflə yazıldığı aşkara 
								çıxarıldı. 
								
								
								Şagirdlər cavab verdilər ki, bayram sözü həm 
								böyük, həm də kiçik hərflə yazılır. İnsan adı 
								böyük hərflə yazılır. Bayram günləri olanda isə 
								kiçik hərflə yazılır. 
								
								
								Müəllimin: - Hansı bayramlar var, sualına cavab 
								olaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü, 
								Respublika Günü, Ramazan bayramları sadalandı. 
								
								
								Babək sözü həmişə böyük yazılır, çünki addır, - 
								cavabını alan müəllim dedi: 
								
								
								- Babək qəhrəman olub. 812-ci ildən ərəblərə 
								qarşı vuruşub, 837-ci ildə onu edam etdilər. 
								İllər keçsə də xalqımız Babəki unutmur. 
								Qəhrəmanlar daim yaşayırlar. Ümummilli liderimiz 
								Heydər Əliyevin dediyi kimi: Vətən, torpaq 
								yolunda özünü qurban verənlərin xatirəsi 
								qəlbimizdə daim yaşayacaq, onların şücaəti 
								Azərbaycan xalqının tarixinə qızıl hərflərlə 
								yazılacaqdır. 
								
								
								Sonrakı test üzrə üç söz vardı. İkincilər 
								Türkiyə, Qərənfil, Fatma sözlərinin düzgün 
								yazılışını tapmalı idilər. 
								
								
								Müəllim şagirdlərə xatırlatdı ki, Türkiyə 
								bizimlə dost, qardaş bir dövlətdir. Biz bir 
								millət, iki dövlətik. Şagirdlərdən biri: 
								
								
								
								Bir millətik, iki dövlət, 
								
								
								
								Eyni arzu, eyni niyyət. 
								
								
								
								Hər ikisi Cümhuriyyət 
								
								
								
								Azərbaycan-Türkiyə. 
								
								
								
								  
								
								
								
								Bir ananın iki oğlu, 
								
								
								
								Bir ananın iki qolu, 
								
								
								
								O da ulu, bu da ulu 
								
								
								
								Azərbaycan-Türkiyə,  
								
								
								
								-  bəndlərini söylədi. 
								
								
								Müəllimin sorğusuna şagirdlər cavab verdilər ki, 
								qərənfil həm gül, həm də insan adıdır. 
								
								
								Yasəmən Bayramova məlumat verdi: - Uşaqlar, 
								qərənfilə həm də şəhid gülü deyirlər. 1990-cı 
								ildə sovet qoşunları çoxlu azərbaycanlı şəhid 
								etdilər. Xalqımız onların şəhid olduqları, dəfn 
								edildikləri yerə çoxlu qərənfillər qoyurlar. 
								
								
								Dərsin maraqlı məqamlarından biri oyun idi. 
								Müəllim lövhədən misallar yazılmış plakat asdı. 
								Şagirdlərə bildirdi ki, bu oyun zamanı həm 
								riyazi qabiliyyətiniz inkişaf edəcək, həm də 
								işğal olunmuş rayon adları, bayram adları qeyd 
								olunacaq. 
								
								
								1) 50-20-21=9 
								
								
								Ş.: -  9 May Qələbə bayramıdır. 
								
								
								2) 40-30-2=8 
								
								
								Ş.: - 8 Mart Beynəlxalq Qadınlar Günüdür. 
								
								
								Ş.: - 8 may 1992-ci il Şuşanın işğal olunduğu 
								gündür. 
								
								
								3) 100-50-32=18 
								
								
								Ş.: - 18  
								
								
								may Laçın rayonunun işğal olunduğu gündür. 
								
								
								Ş.: - 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür. 
								
								
								4) 30-0-15=15 
								
								
								Ş.: - 15 iyun Milli Qurtuluş Günüdür. 
								
								
								Ş.: - 15 sentyabr Bilik Günüdür. 
								
								
								5) 14+10-3=21 
								
								
								Ş.: - 21 mart Novruz bayramı günüdür. 
								
								
								Cavablardan razı qaldığını bildirən müəllim 
								mövzu ilə bağlı ümumiləşdirmə apardı: 
								
								
								- Uşaqlar, biz bu gün ad bildirən bəzi sözlərin 
								böyük yazılmasını öyrəndik. Yerindən asılı 
								olmayaraq adlar, soyadlar, yer adları, su 
								mənbələrinin adları böyük hərflə yazılır. Bunlar 
								xüsusi isimlərdir. 
								
								
								Sadəcə təsvirini verdiyimiz dərsin təlimi 
								nəticələri növbəti dərsdə şagird cavablarında, 
								yerinə yetirilmiş çalışmada özünü göstərdi. 
								Statistik faktlar mövzunu şagirdlərin 95 
								faizinin yaxşı mənimsədiyini təsdiq etdi.  
								
								
								
								Elman ƏBDÜLOV  |