| 
								 
								
								Ölkəmizdə geniş vüsət almış təhsil islahatları 
								müəllim hazırlığını, pedaqoji kadrların 
								yetişdirilməsi səviyyəsini, onların 
								peşəkarlığını və bacarıqlarını önə çəkir. 
								
								
								İlkin müəllim hazırlığı mərhələsində pedaqoji 
								peşə üzrə keyfiyyətlərin qazanılması diqqət 
								mərkəzində saxlanılır. O cümlədən:  
								
								
								·                   
								
								
								Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün 
								şagirdlərə açıq və dözümlü münasibətin nümayiş 
								etdirilməsi; 
								
								
								·                   
								
								
								Fənlərin və müvafiq tədris proqramlarının 
								mənimsənilməsi; 
								
								
								·                   
								
								
								Sinfin idarə olunması və qiymətləndirmə 
								bacarıqlarının formalaşdırılması; 
								
								
								·                   
								
								
								Peşə və onun tarixinə dair biliklərə malik 
								olmaq; 
								
								
								·                   
								
								
								Yeniliklərə həvəs göstərmək, innovasiyaları 
								tətbiq etmək; 
								
								
								·                   
								
								
								Müstəqil, yaradıcı, şüurlu fəaliyyət göstərmək. 
								
								
								Qeyd olunan keyfiyyətlərin formalaşması işində 
								ali və orta pedaqoji təhsil müəssisələrində 
								tələbələrə (gələcək müəllimlərə) pedaqoji - 
								psixoloji elmlər üzrə nəzəri biliklər verilməklə 
								yanaşı, praktik bacarıq və vərdişlərin 
								yaradılması həyati zərurət kəsb edir. 
								"Azərbaycan müəllimi" qəzetinin əvvəlki 
								nömrələrində dərc olunmuş yazıların davamı 
								olaraq qeyd edə bilərik ki, bu məsələdə cari 
								dərs ilindən respublikanın üç ali məktəbinin 
								ibtidai sinif müəllimləri hazırlayan 
								fakültələrində tədrisinə başlanmış "Təhsilin 
								əsasları" fənni böyük əhəmiyyətə malikdir.
								 
								
								
								"Təhsilin əsasları" fənninin kurikulumu müəllim 
								hazırlığında təlimin məzmununu, səciyyəvi 
								cəhətlərini, məqsəd və vəzifələrini təyin 
								etməklə  fənn üzrə təlim nəticələrinə nail olmaq 
								istiqamətində bütün fəaliyyətləri əks etdirməyə 
								və hər bir öyrənənin maraq və ehtiyaclarının 
								ödənilməsinə yönəlmişdir. Fənnin kurikulumu 
								tələbələrin (gələcək müəllimlərin) ehtiyac və 
								maraqları, cəmiyyətin, fərdin və dövlətin 
								tələbatı, təhsil sahəsində direktiv, 
								normativ-hüquqi , təlimati sənədlərin müddəaları 
								və tələbləri əsasında hazırlanmışdır. 
								 
								
								
								Fənnin qarşısında duran ən mühüm məqsədlərdən 
								biri və birincisi budur ki, ali təhsili bitirib 
								müəllim kimi işə başlayanlar yalnız nəzəriyyə 
								ilə silahlanıb məktəbə gəlməsinlər. 
								"İşləyə-işləyə öyrənəcək" yanaşması təhsilimiz 
								üçün böyük təhlükədir. Belə ki, "işləyə-işləyə 
								öyrənənlər" öz arxasında yüzlərlə lazımi bilik 
								və bacarıqlara malik ola bilməyən uşaqlar 
								qoyurlar. Odur ki, müəllimin sinfə daxil olduğu 
								ilk gündən pedaqoji fəaliyyətini uğurla qura 
								bilməsi üçün mühüm bacarıqlara və müəyyən 
								təcrübəyə malik olması vacibdir.  
								
								
								Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında 
								prioritet sahə olmaqla, insanın inkişafında və 
								formalaşmasında mühüm rol oynayır. O yalnız 
								bilik və bacarıqlar əldə etmək üçün deyil, 
								təhsil alanın və bütövlükdə insanın inkişafını 
								təmin etmək üçün lazımdır. Təhsil prosesinin 
								əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). 
								Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi 
								nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, 
								bacarıq və vərdişlərə yiyələnməli, aldığı 
								bilikləri təcrübədə, həyatda tətbiq etməyi 
								bacarmalı, bununla da müstəqil fəaliyyətə, 
								peşəseçməyə hazır, bazar iqtisadiyyatı 
								şəraitində rəqabətqabiliyyətli olmalıdır. Öz 
								həyatını müstəqil qurmağı bacarmalıdır. 
								 
								
								
								Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin 
								(müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim 
								yalnız hazır bilikləri verməklə 
								kifayətlənməməli, təlim prosesinin mərkəzində 
								durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına 
								şərait yaratmalı, onlarla əməkdaşlığa, 
								qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, 
								şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və 
								tələbatına uyğun qurmalı, özü məsləhətçi və 
								istiqamətverən rolunda olmalı, şagirdlərin 
								şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində 
								humanizm prinsiplərinə əsaslanmalı, 
								"subyekt-subyekt" münasibətlərini rəhbər 
								tutmalıdır. Müəllim yüksək təşkilatçılıq 
								keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri 
								dəyərlərə malik olmalı və bunları öyrənənlərə də 
								aşılamalıdır. 
								
								
								Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim 
								mühitinin yaradılması işindən xeyli asılıdır. 
								Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, 
								mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad 
								inkişaf etməyə, yaradıcı fərd olmağa 
								həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər 
								həyatın içində olmalıdır. Təlim mühiti elə 
								olmalıdır ki, şagirdlər məktəbdə həyat 
								həqiqətlərini tapa bilmək üçün müstəqil 
								düşünsün, qrup halında, kollektiv şəkildə 
								əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və 
								ünsiyyət şəraitində irəli sürülmüş problemləri 
								(qoyulmuş sualları) həll edə bilsinlər. Düzgün 
								təhsil və təlim mühiti şəraitində məktəb bütün 
								diqqətini şagirdlərin hərtərəfli inkişafına, 
								onların maraq və ehtiyaclarının təmin olunmasına 
								istiqamətləndirməlidir. Belə olduqda, təhsilin 
								məqsədi şagirdlərə biliklərin yalnız nəzəri 
								cəhətdən deyil, praktikaya əsaslanmaqla, 
								inkişafetdirici xarakterdə verilməsini təmin edə 
								bilər.  
								
								
								Təlimin təşkilində mənimsəməni təmin edən 
								mühitin yaranması da mühüm əhəmiyyət kəsb edir. 
								Şagirdlər alternativ versiyalardan birini 
								seçməyə yönəldilməklə, problemin həllinə 
								əsaslanan və ona imkan verən layihələrə cəlb 
								edilməklə praktik məsələlərdən nəzəri 
								prinsiplərə doğru (konkretdən mücərrədə) 
								yönəldilir. Bu zaman müəllim şagirdləri 
								problemin həllinə istiqamətləndirir, onlara 
								məsləhətlər verir, təlimi dərsliklərin müəyyən 
								etdiyi biliklərə deyil, öyrənənlərin maraqlarına 
								yönəldir. Nəticə etibarilə təlim prosesində 
								layihələr üsuluna üstünlük verilməklə, 
								öyrənənlərin diqqəti problemlərin müstəqil 
								həllinə yönəldilməlidir. 
								
								
								Məktəbdə ayrı-ayrı fənlərin məzmunu 
								kurikulumlarla müəyyənləşir. Fənn kurikulumları 
								nəticəyönümlü, öyrənənyönümlü, 
								kompetensiyayönümlü (bacarıqyönümlü) olmaqla ona 
								xidmət etməlidir ki, şagirdlər hər hansı bir 
								fənnin tədrisi prosesində problemləri həll 
								edərkən səmərəli yol və vasitələr seçə 
								bilsinlər. Bu yolda əldə etdikləri bilikləri 
								tətbiq edə və bacarıqlara çevirə bilsinlər.
								 
								
								
								Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 
								təhsil və təlim prosesinin təşkilində müxtəlif 
								fəlsəfi yanaşmalar mövcuddur. Əlbəttə, bu 
								məsələdə standartlıqdan söhbət gedə bilməz.
								 
								
								
								Təhsil cəmiyyətin, vətəndaşın, təhsil alanın 
								(öyrənənin) tələbatına və ehtiyaclarına uyğun 
								qurulmalı, onun şəxsiyyət kimi formalaşmasını 
								təmin etməlidir. Hər bir müəllim (öyrədən) 
								özünün təhsil fəlsəfəsini yaratmalıdır. 
								 
								
								
								"Təhsilin əsasları" fənninin "Təhsil fəlsəfəsi 
								və təlim prosesi" adlanan birinci məzmun xətti 
								məhz bu mühüm məsələnin açıqlanması və hər bir 
								tələbədə (gələcək müəllimdə) təhsil fəlsəfəsinin 
								formalaşmasına xidmət göstərir. Bu məzmun 
								xəttinin tədrisinə 40 saat nəzərdə tutulmuşdur. 
								Onun birinci məşğələsi "Təhsil fəlsəfəsi və 
								təlimin təşkilində onun əhəmiyyəti" adlanır. 
								Mövzunu (təhsil fəlsəfəsi anlayışını) açmaq üçün 
								tələbələrə müraciət olunur. 1) "Təhsil 
								fəlsəfəsi" deyiləndə nə başa düşürsünüz? 2) 
								"Təlimin təşkili" ifadəsi sizdə hansı 
								təsəvvürlər yaradır?  
								
								
								Hər bir sual üzrə tələbələrin cavab və 
								mülahizələri filipçatda qeyd olunur və vərəqlər 
								divardan asılır. Bundan sonra "Təhsil fəlsəfəsi 
								və təlimin təşkili məsələləri arasında hansı 
								əlaqələr ola bilər" sualı ətrafında tələbələrin 
								mülahizələri dinlənilir və onlara müraciət 
								olunur: "Sizcə, müəllimə təhsil fəlsəfəsi 
								haqqında biliklər lazımdırmı? Müsbət və ya mənfi 
								cavablarınızı əsaslandırmağa çalışın". 
								
								
								Bu məqsədlə aşağıdakı suallar təqdim edilir: 
								
								
								1. Siz nə üçün müəllimlik peşəsini seçdiniz? 
								
								
								2. Müəllimin vəzifəsi nədən ibarətdir? 
								
								
								3. Müasir məktəbi necə görürsünüz? 
								
								
								Suallara müvafiq mülahizələr növbə ilə 
								dinlənilir, təhlil olunur və ümumiləşdirilir. 
								Müəllim: - Suallara bir çoxlarınızın verdiyi 
								cavablar sizin təhsillə bağlı inanclarınız, 
								fərdi yanaşmalarınız və münasibətlərinizdir. 
								Əslində, bunlar sizin təhsil fəlsəfənizdir. Hər 
								bir təhsil işçisinin özünəməxsus formalaşmış 
								təhsil fəlsəfəsi var. 
								
								
								"Təhsil fəlsəfəsi" anlayışı növbəti mərhələdə 
								"Öz təhsil fəlsəfənizi müəyyənləşdirin" 
								proqramlaşdırılmış test tapşırıqlarının icrası 
								prosesində bir qədər də açılır. Tələbələr əlavə 
								oxu qovluğundan müvafiq materialı tapırlar. 
								Tapşırıqda 11 suala 4 variantda cavab vermək 
								təklif olunur: 1) Təhsil nə üçün lazımdır? 2) 
								Sizcə, "öyrənən" kimdir? 3) Təhsil insanın hansı 
								ehtiyaclarını təmin etməlidir? 4) Təhsil mühiti 
								necə olmalıdır? 5) Təhsilin əsas məqsədi nədir? 
								6) Məktəbin əsas vəzifəsi nədir? 7)  Məktəbdə  
								təlim  mühiti necə olmalıdır? 8) Mənimsəməni 
								təmin edən təlim necə baş verir? 9) Müəllimin 
								sinifdə rolu nədən ibarət olmalıdır? 10) 
								Kurikulum hansı məsələləri əhatə etməlidir? 11) 
								Dərsdə hansı təlim üsuluna üstünlük 
								verilməlidir? 
								
								
								Hər bir test tapşırığı üzrə 4 cavab verilir. 
								Testin nəticələri verilmiş cədvəl üzrə 
								özünüqiymətləndirmə yolu ilə müəyyənləşdirilir. 
								Test tapşırıqlarının sonunda verilmiş cədvəldə 
								hər sual 4 fəlsəfi yanaşma baxımından 
								(proqressivizm, perennializm, essensializm, 
								ekzistensializm) cavablandırılmışdır. 
								 
								
								
								Ümumiləşmə zamanı tələbələrə təklif olunur ki, 
								əgər siz cavablarınızı qiymətləndirmək 
								istəyirsinizsə, sual üzrə iki versiyanı doğru 
								hesab etməyinizə baxmayaraq, daha çox üstünlük 
								verdiyiniz versiyanı seçin. Etdiyiniz seçimlər 
								üzərində hansı təhsil fəlsəfəsinə aid cavablar 
								üstünlük təşkil edirsə, demək, siz həmin fəlsəfi 
								baxışa aidsiniz. Fəlsəfi baxışların nə demək 
								olduğunu (mahiyyətini) başa düşmək üçün 
								özünüqiymətləndirmə cədvəlindən sonra "Təhsilə 
								dair fəlsəfi baxışlar"a həsr olunmuş  materialla 
								tanış olub onları araşdırın və nəticələr 
								çıxarın.  
								
								
								Araşdırma nəticəsində cavablardan belə rəyə 
								gəlmək olur ki, tələbələr təhsilə fəlsəfi 
								baxışların bəzisinin mütərəqqi, digərlərinin 
								mürtəce xarakterdə olduğunu, müasir və ya 
								ənənəvi üsullara uyğun gəldiyini müəyyən 
								edirlər. Onların əksəriyyəti müasir tələblərə 
								uyğun olan proqressivizm fəlsəfi yanaşmasına 
								üstünlük verirlər.  
								
								
								Müəllim mülahizələri dinləyib növbəti sual 
								tapşırıqlarını verir: 
								
								
								- Təhsil fəlsəfəsi nədir? O, təhsillə bağlı 
								hansı məsələləri əhatə edir?  
								
								
								- Təhsil fəlsəfəsinə necə tərif vermək olar?
								 
								
								
								Tələbələr test tapşırıqlarının nəticələri üzrə 
								qruplara (proqressivizm, perennializm, 
								essensializm, ekzistensializm) bölünür, sonra 
								təqdimatlar dinlənilir. Vərəqlər sıra ilə 
								divardan asılır və növbəti slayd açılır.   
								
								
								 Təhsilin fəlsəfəsi   
								
								
								Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, 
								vəzifələri, şagirdin iştirakı baxımından təlimin 
								təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, 
								müstəqil öyrənənlər yetişdirmək, mənəvi və 
								siyasi dəyərlər aşılamaq), təhsil 
								konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə 
								edilməsinin qanunauyğunluqları və s. amillər 
								təhsilin fəlsəfəsini təşkil edir.   
								
								
								Slaydda yazılanlar oxunur, tələbələrin 
								mülahizələri ilə müqayisə olunur, korrektələr 
								edilir və ümumiləşmə aparılır.  
								
								
								Müəllim: 
								
								
								- Müəllimə təhsil fəlsəfəsi haqqında biliklər 
								lazımdırmı? Nə üçün lazımdır?  
								
								
								Mülahizələr dinlənilir və müzakirə edilir. 
								Bundan sonra növbəti ismarıc -  slayd açılır.   
								
								
								  Öz təhsil fəlsəfənizi qurun!  
								
								
								Qoy sizin təhsillə bağlı fəlsəfi baxışlarınız 
								fəaliyyətinizi kompas kimi istiqamətləndirsin. 
								"Peşəkar mən"inizin formalaşmasında sizə 
								yardımçı olsun.  
								
								
								Unutmayın ki, gələcək fəaliyyətinizdə təhsillə 
								bağlı qəbul ediləcək bütün mühüm qərarların 
								mərkəzində sizin təhsil fəlsəfəniz duracaq və 
								sizə bələdçilik edəcək.   
								
								
								Müxtəlif təhsil yanaşmaları baxımından təhsilin 
								əhəmiyyəti, məqsədi, məktəbin vəzifəsi, 
								öyrənənin təlim prosesində iştirakı, insanın 
								təhsil ehtiyaclarının ödənilməsi, mənimsəməni 
								təmin edən təlim mühiti, dərs prosesində 
								müəllimin rolu, kurikulumun əhatə etdiyi 
								məsələlər, müəllimin təlim üsulu kimi mövzuların 
								tədrisi prosesində tələbələrdə tədricən təhsil 
								fəlsəfəsi anlayışı formalaşır.  
								
								
								Təqdim edilmiş CD və DVD dərs nümunələrinin 
								müxtəlif məqsədlərlə müşahidəsi, təhlili və 
								təhsil yanaşmaları baxımından qiymətləndirilməsi 
								üzrə nəticələr (bu qayda ilə 6 dərs nümunəsi 
								müşahidə olunur) xüsusi əhəmiyyət kəsb edir. 
								Tələbələr xüsusi müşahidə planı əsasında (dərsdə 
								problemin həlli, alternativ variantın seçilməsi, 
								qərarların qəbulu, praktik məsələlərin nəzəriyyə 
								ilə əlaqələndirilməsi, materialların oxunuşu, 
								fənn üzrə biliklərin genişləndirilməsi və s.) 
								dərs nümunələrini müşahidə edərək müəllimin 
								təlim üsuluna, dərslərin ümumi təhsilin 
								Konsepsiyasının  (Milli Kurikulum) tələblərinə 
								uyğun qurulmasına, təlim prosesinə, bütövlükdə 
								müəllimin təhsil fəlsəfəsinə münasibətlərini 
								bildirirlər.  
								
								
								Təlim prosesində müasir təlim 
								texnologiyalarından və İKT-dən istifadə, fəal və 
								interaktiv təlim metodlarının tətbiqi 
								(qruplarla, cütlərlə fərdi iş, debat, 
								diskussiya, təqdimatların müzakirəsi, müxtəlif 
								informasiya vasitələri üzrə axtarışların 
								aparılması, PP təqdimatların hazırlanması və s.) 
								də təhsil fəlsəfəsi anlayışının dərk olunmasına 
								imkan verir.  
								
								
								Müxtəlif məzmunlu nəzəri və praktik xarakterli 
								nəticələrin təhlili prosesində tələbələr belə 
								bir qənaətə gəlirlər ki, bu gün şagirdlərin 
								yaddaşını məlumatlarla yükləyən bir təhsil 
								sistemindən onların idrakını inkişaf etdirən 
								digər təhsil sisteminə keçid zamanı bütün 
								məsələlərə yeni rakursla baxılır. 
								
									
										|   | 
										
										
											
												| 
												
												Yanaşmalar  | 
												
												
												Znənəvi (essensializm fəlsəfəsi) | 
												
												
												Müasir (proqressivizm fəlsəfəsi) | 
											 
											
												| 
												
												Təhsilin məqsədi nədir? | 
												
												
												Şagirdlərə biliklərin əsaslarını 
												öyrətmək | 
												
												
												şagirdin daimi inkişafını təmin 
												etmək | 
											 
											
												| 
												
												Şagird kimdir? | 
												
												
												şagird bilik və bacarıqların 
												daşıyıcısıdır, onlardan yeri 
												gələndə istifadə edə bilər | 
												
												
												şagird təcrübə aparandır | 
											 
											
												| 
												
												Müəllimin rolu nədən ibarətdir? | 
												
												
												Müəllim böyüklər dünyası ilə 
												uşaqlar aləmi arasında 
												əlaqələndirici rolu oynayır | 
												
												
												Müəllim, istiqamətləndirici, 
												dəstəkləyicidir | 
											 
											
												| 
												
												Kurikulum necə olmalıdır? | 
												
												
												Kurikulum ədəbiyyat, tarix, 
												riyaziyyat və təbiət fənlərinin 
												zamanın sınağından çıxmış əsas 
												ideyalarını əhatə etməlidir | 
												
												
												Kurikulumda əsas diqqət ona 
												yönəlməlidir ki, şagirdlər 
												ictimai fənlər, tətbiqi elmlər 
												və peşə texnologiyaları üzrə 
												problemləri həll edərək uğurlu 
												üsul və vasitələr seçə bilsinlər | 
											 
											
												| 
												
												Təlim necə olmalıdır? | 
												
												
												Fənn üzrə biliklər daha da 
												genişləndirilir | 
												
												
												Şagirdlər problemin həllinə 
												əsaslanan layihələrə cəlb olunur | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								"Təhsil fəlsəfəsi və təlim prosesi" bölməsi 
								ümumiləşdirici dərslə başa çatır. Tələbələrə 
								"Mənim təhsil fəlsəfəm" mövzusunda esse yazmaq 
								tapşırığı verilir. Onlara bölmənin əvvəlində 11 
								test tapşırığı ilə bağlı öz mövqelərini ifadə 
								etmək və pedaqoji yanaşmalarını əsaslandırmaq 
								tövsiyə olunur. Qeyd etmək lazımdır ki, 
								tələbələrin həmin mövzuda sərbəst iş 
								hazırlamaları və semestr ərzində nəticələr 
								essenin uğurla yazılmasına imkan verir. 
								 
								
								
								Nəticə etibarilə söyləmək olar ki, "Təhsil 
								fəlsəfəsi və təlim prosesi" məzmun xəttinin 
								məqsədəuyğun və səmərəli tədrisi "Təhsilin 
								əsasları" fənninin digər məzmun xətlərinin 
								dərindən mənimsənilməsinə təminat verir.  
								
								
								
								Atəş ABDULLAYEV, 
								Azərbaycan Müəllimlər  
								İnstitutunun dosenti 
								  |