| 
								 
								
								Mayın 21-də Təhsil Nazirliyində "Uşaq hüquqları 
								üzrə pilləli tədris" layihəsinin yekunlarına 
								həsr olunan mərasim keçirildi. 
								
								
								 Qeyd 
								edək ki, "Uşaq hüquqları üzrə pilləli tədris" 
								layihəsi Təhsil Nazirliyi, Azərbaycan 
								Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 
								(ombudsman) və BMT-nin Uşaq Fondunun 
								Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı 
								ilə həyata keçirilib. Bu ilin əvvəlindən 
								reallaşdırılan layihə Bakı şəhərində pilot 
								olaraq seçilmiş 5, 31 və 207 nömrəli orta 
								məktəbləri əhatə edib. 
								
								
								Layihə çərçivəsində şagirdlərə uşaq hüquqları 
								tədris olunub. Məktəblilər özlərindən aşagı 
								siniflərdə  təhsil alanlara mənimsədiklərini 
								öyrədiblər.  
								
								
								Tədbiri Azərbaycan Respublikasının İnsan 
								Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira 
								Süleymanova açaraq  ölkəmizdə uşaqların sağlam 
								böyümələri, hüquqlarının qorunması və yüksək 
								təhsil almaları ilə bağlı məsələlərin müvafiq 
								nazirlik və dövlət qurumlarının daim diqqət 
								mərkəzində olduğunu  qeyd etdi. Elmira 
								Süleymanova ombudsmanın vəzifələri barədə 
								iştirakçılara məlumat verərək, respublikamızda 
								insan hüquqlarının qorunması istiqamətində 
								görülən işlərdən danışdı. Paytaxtın 3 orta 
								ümumtəhsil məktəbində reallaşdırılmış "Uşaq 
								hüquqları üzrə pilləli tədris" layihəsi barədə 
								ətraflı  danışan ombudsman bildirdi ki, tədris 
								prosesində "Uşaq hüquqları üzrə pilləli tədrislə 
								bağlı seçilmiş mövzular" və "Uşaq hüquqları hamı 
								üçün" adlı dərs vəsaitlərindən istifadə olunub. 
								E.Süleymanova layihənin həyata keçirilməsində 
								onlara dəstək olan təhsil naziri Misir Mərdanova 
								öz təşəkkürünü bildirdi. 
								
								
								 Təhsil 
								naziri Misir Mərdanov "Uşaq hüquqları üzrə 
								pilləli tədris" layihəsinin əhəmiyyətindən söz 
								açaraq  bunun Azərbaycan təhsilində, məktəbində 
								ilk addım olduğunu bildirdi.Nazir  layihənin 
								uğurla yekunlaşdırıldığını və şagirdlərin zəruri 
								biliklər aldığını qeyd edərək, bu  işin davamlı 
								olacağına ümidvar olduğunu söylədi. Ölkəmizdə  
								təhsil sahəsində mühüm işlərin görüldüyünü deyən 
								nazir Misir Mərdanov əldə olunan nəticələrdən 
								söz açdı.Qeyd olundu ki,ölkə başçısı cənab İlham 
								Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı 
								göstərilir. Son illərdə 2000-dən çox yeni məktəb 
								və tədris ocaqları üçün əlavə korpuslar inşa 
								edilib, dərsliklər yeniləşib, təhsil 
								müəssisələrinin İKT ilə təminat səviyyəsi 
								yüksəlib. Nazir daha sonra  Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO və İSESKO-nun 
								xoşməramlı səfiri, millət vəkili Mehriban xanım 
								Əliyevanın yaxından dəstəyi ilə uşaqların 
								sağlamlıqları, yüksək təhsil almaları üçün  
								yaradılan şəraitdən söz açdı, reallaşdırılan 
								layihələrin uğurla həyata keçirildiyini qeyd 
								etdi.  
								
								
								Nazir Misir Mərdanov çıxışının sonunda bütün 
								şagirdləri, müəllimləri və məktəb rəhbərlərini 
								təbrik edərək bildirdi ki, layihəni 
								müvəffəqiyyətlə həyata keçirdiklərinə görə hər 3 
								məktəbə Təhsil Nazirliyi tərəfindən 10 kompüter 
								hədiyyə verilməsi qərara alınıb. Layihə 
								iştirakçılarına ən xoş istəklərini çatdıran 
								nazir onlara nailiyyətlər arzuladı. 
								
								
								Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 
								Komitəsinin sədr müavini Aynur Sofiyeva 
								uşaqların hüquq təhsilinə yönələn bu layihənin 
								əhəmiyyətindən danışdı. Ölkəmizdə uşaq 
								hüquqlarının qorunmasının, onların vətənpərvər 
								ruhda tərbiyə olunmasının dövlət uşaq 
								siyasətində başlıca məsələlərdən olduğunu 
								bildirdi. 
								
								
								Bakıdakı 31 nömrəli məktəbin direktoru Şükufə 
								Məmmədsalahova belə layihələrin təhsil 
								müəssisələrimizin ictimailəşməsinə yardımçı 
								olmaqla yanaşı, hüquqi biliklərin öyrənilməsi, 
								bu sahədə  müəyyən təcrübə əldə edilməsi 
								baxımından çox səmərəli olduğunu dedi. 
								
								
								Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 
								nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin 
								üzvləri - Bakıdakı 291 nömrəli "Ekologiya" 
								liseyinin IX sinif şagirdi Nicat Əkbərov, 207 
								nömrəli məktəbin IX sinif şagirdi Gülay Həsənova 
								tədbir iştirakçılarına təmsil olunduqları 
								təşkilatın gördüyü işlər barədə məlumat 
								verdilər. 
								
								
								Mərasimin sonunda "Uşaq hüquqları üzrə pilləli 
								tədris" layihəsində fərqlənən şagirdlərə 
								sertifikatlar və hədiyyələr, dərsin keçilməsinə 
								cəlb olunmuş müəllimlərə, eləcə də təşkilati 
								məsələlərin həllində yardımçı olmuş məktəb 
								direktorlarına təşəkkürnamələr təqdim olundu. 
								
								
								
								Samirə HÜSEYNQIZI   |