| 
								 
								
								Talıb Əhməd oğlu Mahmudov 1 iyun 1946-cı ildə 
								Tovuz rayonunun Nəmxoş kəndində fəhlə ailəsində 
								anadan olub.  1963-1968-ci illərdə Azərbaycan 
								Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya 
								fakültəsində ali təhsil alıb.  
								
								
								
								Ötənlərə baxış  
								
								
								 Hələ 
								tələbə ikən haqqında eşitdiyi qabaqcıl kimya 
								müəllimi Məhər Quliyevi avqust konfransında 
								gördü, onun apardığı bölmə iclasının təəssüratı 
								ilə Sarıtala kənd orta məktəbində işə başladı. 
								
								
								Adicə kənd məktəbi idi və kimya laboratoriyası, 
								fənn kabineti istənilən səviyyədə zəngin deyildi. 
								Az bir vaxt içində səliqə-sahman yaratdı, 
								olub-qalan avadanlıqları istifadəyə yararlı hala 
								saldı. Elə ilk dərslərdən kənd uşaqlarının duyum 
								və münasibətində cansıxıcı kimya təbiətin, 
								cəmiyyətin sirlərinin əsasında duran bir fənn 
								kimi maraq dairəsinə daxil oldu. Dərsdən sonra 
								kimya gecələri, kimya viktorinaları keçirildi. 
								Könüllü və marağı olan şagirdlərdən ibarət fənn 
								dərnəyi yaradıldı. Elə ilk dərs ilinin 
								nəticələri o vaxtlar Tovuz Rayon Maarif 
								Şöbəsinin müdiri Qara Sultanovun diqqətini cəlb 
								etdi. Talıb Mahmudovun şagirdləri kimya 
								olimpiadalarında rayon və respublika turlarında 
								uğurla iştirak etdilər. Bir neçə il beləcə qonşu 
								kənddə çalışan Talıb Əhməd oğlu orta məktəbə 
								çevrilən Çobansıxnaq tədris ocağına keçdi. 
								
								
								*** 
								
								
								Günlərin birində tale onu Məhər müəllimlə 
								görüşdürdü. Özünəməxsus tarixi ənənələri olan 
								Tovuz Rayon Maarif Şöbəsinin təşəbbüsü ilə 
								ikigünlük seminar keçirilirdi. Birinci gün 
								tədbirə gecikmiş T.Mahmudov fasiləni gözləməyi 
								qərara aldı. Elə bu vaxt qapı açıldı. Pərt halda 
								dəhlizə çıxan müəllimdən içəridə nə iş 
								görüldüyünü soruşdu. Müəllim suallar və 
								məsələlər yazılmış vərəqi Talıba verib: - 
								Müəllimlərə kimyadan məsələlər həll etdirirlər, 
								- dedi. Pərt halda etiraf etdi: - Mən həll edə 
								bilmədim, bax, bacarırsan, həll elə. 
								
								
								Vərəqə diqqətlə baxan Talıb Mahmudov: - Bunlar 
								çətin məsələlər deyil, - dedi. 
								
								
								Həmin müəllim Talıbın qoluna girib Məhər 
								Quliyevin yanına gətirdi:  
								
								
								- Məhər müəllim, bu cavan oğlan deyir ki, bu 
								məsələləri həll edə bilərəm. 
								
								
								Ciddi və ağayana Məhər müəllim onu ayrıca stola 
								əyləşdirdi. 
								
								
								Seminarın ikinci günü nəticələr 
								ümumiləşdirilərək təhlil olundu. Məhər müəllim 
								üzünü zala tutaraq: - Talıb müəllim kimdir? - 
								deyə soruşdu. 
								
								
								Həyəcan və nigarançılıqla ayağa durdu. 
								
								
								- Yoldaşlar, təklif olunmuş məsələləri düzgün, 
								geniş həll edən yeganə müəllim bu cavan oğlandır, 
								- deyə Məhər Quliyev ehtiram və hörmətlə 
								dilləndi. 
								
								
								Tədbirdən sonra tanınmış kimya müəllimi onu 
								kimya kabinetinə dəvət etdi. Söhbət xeyli çəkdi 
								və gənc pedaqoq çoxillik pedaqoji təcrübə, 
								orijinal tədris sistemi olan əməkdar müəllim 
								Məhər Quliyevlə (sonralar Sosialist Əməyi 
								Qəhrəmanı oldu) əməkdaşlığa başladı. 
								
								
								*** 
								
								
								 Ümumtəhsil 
								fənləri içərisində tədrisi əyaniliksiz ötüşən, 
								demək olar ki, yoxdur. Görünür, elə buna görədir 
								ki, dünya klassik pedaqogikasında əyanilikdən 
								istifadə təlimdə "Qızıl qayda" kimi 
								mənalandırılıb, dəyərləndirilməkdədir. 
								
								
								Kimyanın tədrisində təcrübələrdən istifadə 
								etmədən əsaslı bilik vermək olmur, - prinsipini 
								dərk edən Talıb Mahmudov kimya laboratoriyası 
								yaratmağa başladı.  
								
								
								Ucqar dağ kəndində o dövrün tələbləri 
								səviyyəsində olan kabinet və laboratoriya 
								yaradıldı. Zəngin əyani vəsait və texniki 
								vasitələr, kimyəvi avadanlıqlar olan kimya 
								mühitində fənn öyrətmənin nəticələri özünü 
								göstərdi. Çobansıxnaq kənd məktəbi gənc 
								kimyaçılar kollektivlərinə Ümumittifaq baxışında 
								birinci dərəcəli diploma layiq görüldü. 
								 
								
								
								O illərin uğurları Talıb Mahmudova el hörməti 
								qazandırdı. Artıq Tovuz bölgəsində Məhər 
								Quliyevin ardıcılları yetişmişdilər. Onlardan 
								biri də Talıb Əhməd oğlu idi.   
								
								
								Dərslərdə başlanan öyrətmə sinifdənkənar 
								tədbirlərdə daha da dərinləşir  
								
								
								Çağdaş dövrdə və əvvəlki əsrin 70-80-ci 
								illərində də şagirdlərin asudə vaxtının 
								təlimi-tərbiyəvi baxımdan faydalı işə həsr 
								olunması problemi aktual olmuşdur. Çoxillik 
								qabaqcıl, yaradıcı müəllim təcrübəsi təsdiq edir 
								ki, bu baxımdan sinifdənkənar işlər ən optimal, 
								səmərəli və məqsədəmüvafiq forma və vasitədir. 
								
								
								Hələ pedaqoji fəaliyyətinin ilk illərindən 
								sinifdənkənar işlərin müxtəlif formalarını seçib, 
								bu sahədə səmərəli vasitələrdən istifadə Talıb 
								müəllimin tədris sistemində əhəmiyyətli yer 
								tutub. Bunun özünün müəyyən təlimi, pedaqoji 
								əsasları və izahı var. 
								
								
								Bu və ya digər fənnin tədrisini yalnız dərslə 
								məhdudlaşdırdıqda istənilən nəticə əldə etmək 
								olmur. Sinifdənkənar məşğələlərin dərsə nisbətən 
								bir sıra üstünlükləri var: burada vaxt 
								məhdudiyyəti yoxdur; həmin məşğələlərə daha 
								hazırlıqlı şagirdlər cəlb olunurlar; proqramdan 
								kənara çıxmaq mümkündür; şagirdləri eksperiment 
								aparmağa daha çox alışdırmaq olur; problem 
								xarakterli məsələlərlə məşğul olmaq 
								reallaşdırılır; tədris laboratoriyasının 
								hazırlanmasında şagirdlər yaxından iştirak 
								edirlər... Bunları nəzərə alan T.Mahmudov 
								fəaliyyətinin ilk dövrlərindən sinifdənkənar 
								məşğələlərə xüsusi diqqət yetirmişdir. 
								Sinifdənkənar məşğələləri o, əvvəlcə dərnək 
								məşğələsi formasında qurmuş, sonra dərnəyi 
								genişləndirib Gənc kimyaçılar cəmiyyətinə 
								çevirmişdir. 
								
								
								T.Mahmudov sinifdənkənar məşğələlərdə şagirdləri 
								bir neçə qrupda birləşdirmişdir: 1. 
								Elmi-tədqiqatçılar; 2. Elmi-kütləvi işlərlə 
								məşğul olanlar; 3. Gənc laborantlar; 4. 
								Redaksiya qrupu. 
								
								
								Hər qrupun özünün fəaliyyətini müəyyənləşdirən, 
								görüləcək işlərin məzmununu konkretləşdirən 
								planı olur. 
								
								
								 Sinifdənkənar 
								məşğələlərdə əyani tədris vəsaitləri 
								hazırlanmışdır. Demək olar ki, kimya dərslərinin 
								hamısı üçün əyanilik var. Məktəbin kimya 
								güşəsində "Kimyanı yaxşı bilirsinizmi?", "Olimpiada 
								məsələləri", "Kimya viktorinası", "Kimya - ətraf 
								mühit" stendləri hazırlanmışdır. Ümumiyyətlə, 
								kimya laboratoriyasında hər bir şagirdin orta 
								məktəb kimya proqramında nəzərdə tutulan bütün 
								təcrübələri aparması üçün şərait yaradılmışdır. 
								Sinifdənkənar məşğələlərdə kimya elminin bu 
								günlə səsləşən məsələlərinə, ümumiyyətlə, 
								bəşəriyyətin qarşısında duran qlobal məsələlərin 
								həllində kimyanın roluna xüsusi diqqət yetirilir. 
								Bunlara misal olaraq ətraf mühitin çirklənməkdən 
								mühafizə edilməsi, enerji problemi, aqrokimyəvi 
								xidmətin təşkili, tullantısız istehsal 
								texnologiyasının yaradılması məsələlərini qeyd 
								etmək olar.   
								
								
								"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan 
								verirəm"  
								
								
								Təbiətən sadə və ünsiyyətçil olan Talıb Əhməd 
								oğlu səmimiyyəti ilə müsahiblərinin diqqətini 
								dərhal cəlb edir. O, bütün varlığı ilə məktəbə, 
								təhsilə, pedaqoji prosesə, nur və zəkaya meyilli 
								uşaq dünyasına bağlıdır. 
								
								
								Kənd həyatının gündəlik və intensiv əmək tələb 
								edən bütün dönüm və mərhələlərində özünü bir 
								ziyalı, əməkdar müəllim titullu pedaqoq kimi el, 
								oba qarşısında borclu sayan Talıb Mahmudov 
								çoxillik təcrübəsinə arxalanmır. Ucqar kənd 
								mühitində oxuyub öyrənir, hər dərsə birinci dəfə 
								keçəcək səviyyədə ciddi və məsuliyyətlə 
								hazırlaşır: 
								
								
								- Mən dərs deyəndə şagirdlər qarşısında imtahan 
								verirəm. 
								
								
								Bu imtahandan müvəffəqiyyətlə çıxmaq üçün yalnız 
								tədris etdiyim fənni dərindən bilmək kifayət 
								etmir, müəllim şagirdlərin psixologiyasını 
								bilməli, onların qarşılaşacaqları çətinlikləri 
								qabaqcadan görməlidir. Bu o demək deyil ki, 
								şagirdlər çətinə düşməsinlər. Əksinə, çətinliyi 
								artırılmış təlimə üstünlük verirəm. Şagirdləri 
								problem qarşısında qoyur və problemin həlli 
								tapıldıqda onların sevincinə şərik oluram. 
								Dərsdə müəllimin aparıcı rolunu mümkün qədər 
								nəzərə çarpdırmağa çalışıram. Elə edirəm ki, 
								şagirdlərin böyük əksəriyyəti kimyəvi prosesi 
								izləyir, lazım gəldikdə onun istiqamətini 
								dəyişir. Nəticədə yalnız elmi bilik verilmir, 
								eyni zamanda şagirdlərin zehni fəaliyyətləri də 
								inkişaf etdirilir. Kimyadan alınan biliklərin 
								keyfiyyəti onların məsələ və çalışmalar həllində 
								tətbiqidir. Bunu nəzərə alaraq, demək olar ki, 
								hər dərsdə məsələlər, çalışma və testlər həllinə 
								xüsusi diqqət yetirirəm. Əvvəlcə bütün siniflə 
								birlikdə öyrədici məsələnin 2-3 nümunəsini həll 
								edirik. Sonra şagirdləri qruplara bölür, onların 
								hazırlıq vəziyyətlərindən asılı olaraq yaradıcı 
								məsələlərə daha çox üstünlük verirəm. Həmin 
								məsələləri həll etmək üçün yalnız kimya deyil, 
								fizika, biologiya, riyaziyyat və s. elmlərə aid 
								biliklər də tələb olunur. Məsələn, suya aid 
								biliklərin təkrarında bütün sinfə mümkün olan su 
								molekullarının formullarının yazılmasını 
								tapşırıram. Burada şagirdlərdən valentliyə və 
								izotoplara aid biliklərdən əlavə qeyri-standart 
								fikirləşmə tələb olunur. Odur ki, hər bir 
								şagirdin cavabını yazılı surətdə ayrıca alır və 
								onları özüm dərsdən sonra təhlil edirəm.   
								
								
								Faktlar, təltiflər, nailiyyətlər  
								
								
								 Dünya 
								miqyaslı şəxsiyyətlərin fikirlərində söz sənəti, 
								musiqi ilə bağlı dərin hikmətlər ifadə olunub. 
								Höte, ümumiyyətlə, sənəti təbiətdə bir nemət 
								saymışdır. Poeziya, bədii nəsr təxəyyülün 
								məhsulu hesab olunur. Əslində elm də, sənət də 
								təfəkkürlə təxəyyülün nəticəsidir. Hər ikisi, 
								öyrənən üçün, ziya və bilik qaynağıdır. Talıb 
								müəllim kimya dərslərində ədəbiyyata aid 
								nümunələrdən istifadə edir. Keçilən 
								materialların mahiyyətini əks etdirən epiqrafdan 
								istifadə edir. Məsələn, "Su həlledicidir" 
								dərsində epiqraf kimi "Damla daş dələr" atalar 
								sözündən istifadə edir. Praktik işlərin birində 
								İ.Hötenin "Təcrübə əbədi həyat məktəbidir" 
								kəlamını xatırladır. Maddənin tətbiqinə aid 
								bilikləri verdikdə dahi alim D.İ.Mendeleyevin 
								elmin iki məqsədi olması fikrini xatırladır. 
								Bunlardan biri qabaqcadan xəbər vermək, ikincisi 
								fayda verməkdir. 
								
								
								*** 
								
								
								Respublikanın əməkdar müəllimidir. "Şərəf Nişanı" 
								və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif 
								olunub.  
								
								
								Onun ən böyük nailiyyəti şagirdləridir, onların 
								kimyanı öyrənmələri və sonra bu fənni özlərinə 
								ixtisas seçmələridir. Kimyanı özlərinə ixtisas 
								seçənlərin sayı 200-dən çoxdur. Onların böyük 
								bir hissəsi keçmiş SSRİ-nin Moskva, Leninqrad, 
								Kiyev, Kazan, Minsk, Dnepropetrovski 
								şəhərlərində kimya təmayüllü ali məktəbləri 
								bitirib. Şagirdlərindən elmlər namizədləri və 
								doktorları var. 
								
								
								Elmi tədqiqata maraq T.Mahmudovda hələ 
								institutda oxuduğu illərdə baş qaldırmışdı. 
								Nəhayət, 1986-cı ildə Moskva Dövlət 
								Universitetində orta məktəb müəllimlərinin elmi 
								hazırlığını artıran kursa göndərildi. O, bu 
								kursda dünya şöhrətli kimyaçıların 
								mühazirələrini dinlədi və seminarlarda iştirak 
								etdi. Həmin kursda və o dövrdə İttifaq 
								miqyasında keçirilən seminar və konfranslarda 
								iştirak etdikdə Talıb müəllimin çıxışları və 
								diskussiyalarda fəal iştirakı Moskva alimlərinin 
								diqqətini cəlb etdi və onu Moskva Dövlət 
								Pedaqoji Universitetinin qiyabi aspiranturasına 
								qəbul etdilər. Elmi rəhbərləri Rusiya Elmlər 
								Akademiyasının müxbir üzvü, professor 
								E.Y.Nifantyev və Moskva Dövlət Universitetinin 
								professoru, "Rossiyskiy ximiçeskiy jurnal" 
								jurnalının baş redaktoru Q.V.Lisiçkin oldu. 
								Kimya olimpiadalarının təkmilləşdirilməsi üçün 
								Moskva məktəblərində eksperimentlər apardı. 
								Kimya məsələlərinin tərtibinin elmi əsasları və 
								şagirdlərin kimyəvi qabiliyyətlərinin inkişaf 
								etdirilməsi üçün dəyərli elmi nəticələr əldə 
								etdi. Ümumiyyətlə, T.Mahmudovun 40-dan çox 
								metodiki məqaləsi dərc olunmuşdur. Bunların 
								yarıya qədəri Moskva və Ukraynada işıq üzü 
								görmüşdür. Bunlardan başqa, T.Mahmudovun xeyli 
								kitabı çıxmışdır. Bu kitablardan biri Moskva 
								Dövlət Universitetinin alimləri Y.N.Sıçev və 
								A.P.Qotkla birlikdə hazırlanıb, Stavropolda 
								çıxıb. "Podumal, reşil i proveril" adlı kitab 7 
								çap vərəqi həcmindədir. 15 çap vərəqi həcmində 
								olan "Kimyadan olimpiada məsələləri" "Maarif" 
								nəşriyyatı tərəfindən 1990-cı ildə buraxılıb. "Kimyadan 
								olimpiada məsələləri" (2002) BDU nəşriyyatında 
								buraxılıb.  
								
								
								Son illər bir neçə müəlliflə birgə 
								hazırladıqları "Kimyadan 500 məsələ", "Kimyadan 
								olimpiada məsələləri", "Kimya" dərs vəsaiti işıq 
								üzü görüb. 
								
								
								T.Mahmudov 1988-ci ildə Moskva Dövlət Pedaqoji 
								Universitetində namizədlik dissertasiyasını 
								müdafiə etdi. Dissertasiyanın nəzəri və praktik 
								əhəmiyyətini nəzərə alaraq universitetin müdafiə 
								şurası onun kitab şəklində nəşr olunması 
								haqqında qərar çıxarmışdı.  
								
								
								Kimya olimpiadaları sahəsində dünya şöhrətli 
								alim S.S.Çuranov da onun opponenti olmuşdur.
								 
								
								
								Kimyaçı alimlər və kimya tədrisi sahəsində 
								məşhur mütəxəssislər T.Mahmudov haqqında yüksək 
								fikirlər söyləmişlər. 
								
								
								*** 
								
								
								Talıb müəllim üç oğul atasıdır. 
								
								
								Oğlu Kamran onun peşəsinin davamçısıdır. Bakı 
								Dövlət Universitetinin aspiranturasını bitirib 
								və kimya elmləri namizədidir. Nazırda İsraniyada 
								çalışır. O biri övladları da həyatda öz 
								yerlərini tutublar. 
								
								
								Azərbaycan müəllimlərinin bir neçə qurultayında 
								nümayəndə kimi iştirak etmiş Talıb Əhməd oğlu 
								2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin 
								qalibi olub. 
								
								
								
								Ş.MƏMMƏDOV  |