| 
								 
								
								2010-cu ilin 24-26 may tarixlərində Bakı 
								şəhərində Azərbaycan-Latviya Təhsil Forumu 
								keçirildi.  
								
								
								 Mayın 
								24-də  forum iştirakçıları öncə Fəxri xiyabana 
								gələrək ümummilli lider Heydər Əliyevin 
								xatirəsini ehtiramla yad edib, məzarı önünə gül 
								dəstəsi qoydular. Görkəmli oftalmoloq-alim, 
								akademik Zərifə xanım Əliyevanın da məzarı 
								ziyarət olundu. Tədbir iştirakçıları daha sonra 
								Şəhidlər xiyabanına gedərək Azərbaycanın 
								azadlığı və suverenliyi uğrunda mübarizədə 
								canlarından keçmiş Vətən övladlarının məzarları 
								üzərinə qərənfillər düzdülər. 
								
								
								Sonra Bakı Dövlət Universitetində 
								Azərbaycan-Latviya Təhsil Forumunun açılış 
								mərasimi oldu. Forumdan əvvəl Latviya 
								Respublikasının təhsil və elm naziri xanım 
								Tatyana Koke və rəhbərlik etdiyi nümayəndə 
								heyəti universitetdəki  Heydər Əliyev muzeyi 
								ilə  tanış oldular. Muzeydə ulu öndərin zəngin 
								həyat və fəaliyyətindən, BDU-da təhsil aldığı 
								illərdən bəhs edən sənədlərlə, fotoşəkillərlə 
								tanışlıq qonaqlarda xoş təəssüratlar yaratdı. 
								Azərbaycan və Latviya ali təhsil müəssisələrinin 
								informasiya stendləri ilə tanışlıqdan sonra 
								forum öz işinə başladı. 
								
								
								Təhsil naziri Misir Mərdanov forum 
								iştirakçılarını salamlayaraq Latviya 
								Respublikasının təhsil və elm naziri Tatyana 
								Kokeni və onun rəhbərlik etdiyi nümayəndə 
								heyətini Azərbaycanda görməyindən məmnunluq 
								hissi keçirdiyini söylədi. Nümayəndə heyətinin 
								tərkibində Latviya Respublikası Təhsil və Elm 
								Nazirliyinin məsul şəxslərinin, bu ölkənin bir 
								neçə universitet və qeyri-universitet tipli  
								özəl ali təhsil müəssisəsi rektorları və digər 
								əməkdaşların olduğunu deyən təhsil naziri onları 
								forum iştirakçılarına təqdim etdi.  
								
								
								Azərbaycanla Latviya arasında mövcud dostluq 
								əlaqələrindən söz açan təhsil naziri ölkələrimiz 
								arasında belə bir yüksək səviyyədə keçirilən 
								Təhsil Forumunun  hər iki tərəf üçün mühüm 
								əhəmiyyət kəsb etdiyini söylədi. Nazir forumun 
								keçirilməsində əsas məqsədin  Latviyanın ali 
								təhsil sistemi ilə tanış olmaq, bu ölkənin 
								təhsil qurumları ilə Azərbaycanın təhsil 
								qurumları arasında əlaqələr qurmaq, ali 
								məktəblər arasında müqavilələr, sazişlər 
								imzalamaq,  elm sahəsində əməkdaşlıq, həmçinin 
								müəllim- tələbə mübadilələri  həyata keçirmək və 
								digər məsələlərin müzakirə edilməsi olduğunu 
								qeyd etdi. Forumun, eyni zamanda  hər iki 
								ölkənin ali təhsil müəssisələrinin nümayəndələri 
								arasında əməkdaşlıq üzrə təcrübə və 
								perspektivlərin müzakirə edilməsi baxımından da 
								səmərəli olacağını bildirdi. 
								
								
								Təhsil naziri Misir Mərdanov sonra "Azərbaycanda 
								təhsil" mövzusunda geniş məruzə-təqdimatla çıxış 
								etdi. 
								
								
								Nazir öncə ölkəmiz haqqında qonaqlara məlumat 
								verərək, 2009-cu ilin yekunlarına görə 
								Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf 
								edən ölkələr sırasında olduğunu bildirdi. 
								Ölkəmizin bütün  sahələrdə uğurlu inkişafından 
								danışan təhsil naziri xalqımızın ən ağrılı 
								problemi olan Ermənistan-Azərbaycan, Dağlıq 
								Qarabağ münaqişəsinə də toxundu. Qeyd olundu ki, 
								konflikt nəticəsində Azərbaycanın tərkib hissəsi 
								olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 
								işğal olunmuş, 1 milyondan çox azərbaycanlı 
								qaçqın və məcburi köçkün düşmüş, 20 mindən çox 
								insan həlak, 50 min nəfər əlil olmuşdur. Bu 
								hadisələrdə Azərbaycanın təhsil sisteminə də 
								böyük ziyan dəymiş, işğal olunmuş ərazilərdə 1 
								ali məktəb, 3 ali məktəb filialı, 6 orta 
								ixtisas, 693 orta və texniki peşə məktəbi, 855 
								uşaq bağçası dağıdılmışdır. Həmin faktları 
								qonaqların nəzərinə çatdıran nazir qeyd etdi ki, 
								ölkə başçısı cənab İlham Əliyevin bu problemin 
								həlli istiqamətində apardığı işlər dünya 
								ölkələrinin də  diqqətindədir. Təhsil naziri 
								tezliklə torpaqlarımızın geri qaytarılacağına 
								ümidvar olduğunu bildirdi.   
								
								
								Azərbaycanın təhsil sistemi haqqında geniş 
								məlumat verən nazir Misir Mərdanov ölkəmizdə 
								təhsilin ən prioritet sahələrdən biri olduğunu 
								söylədi. Təhsilin bütün pillələri əhatə 
								olunmaqla hazırlanmış xüsusi cədvəllər, təhsil 
								sistemi haqqında məlumatlar ekranda forum 
								iştirakçılarına nümayiş etdirildi. Təhsillə 
								bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini 
								qeyd edən nazir bunların hər biri barədə 
								ayrı-ayrılıqda danışdı. Məruzə-təqdimatda son 
								illərdə təhsilin inkişafı sahəsində əldə edilən 
								nailiyyətlərdən geniş bəhs olundu. Azərbaycanda 
								ali təhsilin inkişafı, yeniləşməsi ilə bağlı 
								görülən işlər barədə də ətraflı danışıldı. 
								Ölkəmizin təhsil sistemi barədə müfəssəl məlumat 
								verən nazir Misir Mərdanov çıxışının sonunda  
								forumun Azərbaycanla Latviyanın təhsil sahəsində 
								əlaqələrinin  genişləndirilməsində, inkişaf 
								etdirilməsində mühüm rol oynayacağını bildirdi. 
								
								
								Çıxış üçün söz alan Latviya Respublikasının 
								təhsil və elm naziri Tatyana Koke nümayəndə 
								heyətinin adından səmimi qarşılandıqlarına görə 
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanova təşəkkür etdi. Azərbaycanla təhsil 
								sahəsində əməkdaşlıqda maraqlı olduqlarını 
								söyləyən Tatyana Koke bu forumda böyük həvəslə  
								iştirak etdiklərini bildirdi.Nazir ölkələrimizin 
								ali təhsil sistemində oxşar cəhətlərin olduğunu 
								dedi. Sonra latviyalı nazir forum 
								iştirakçılarını öz ölkəsinin təhsil sistemi ilə 
								ətraflı tanış etdi. Xanım Tatyana Koke 
								Latviyanın çoxillik təhsil ənənələrinə malik 
								universitetləri barədə məlumat verdi, ölkəsində 
								elmi-tədqiqat işlərinə böyük  maraq 
								göstərilməsindən danışdı. Latviya 
								Respublikasının ali məktəblərində 13 
								azərbaycanlı gəncin  təhsil aldığını deyən 
								nazir  onların sayının artmasını arzuladı. 
								Tatyana Koke forumun  hər iki ölkənin təhsil və 
								elm  sahələrində mühüm işlərin həyata 
								keçirilməsində, xüsusilə ali təhsil müəssisələri 
								arasında birbaşa əlaqələrin yaranmasında, 
								alimlərin  bir-biri ilə işgüzar münasibətlərinin 
								qurulmasında, birgə elmi-tədqiqatların 
								aparılmasında,  müəllim-tələbə mübadiləsində  
								mühüm rol oynayacağına ümidvar olduğunu 
								bildirdi. 
								
								
								Forumda çıxış edən Bakı Dövlət Universitetinin 
								rektoru, akademik, millət vəkili  Abel 
								Məhərrəmov  Azərbaycanın ən qocaman ali təhsil 
								ocaqlarından biri olan BDU-nun 90 illik tarixi 
								dövründə əldə olunan nailiyyətlərdən danışdı. 
								
								
								Riqa Texniki Universitetinin rektoru, akademik 
								İvars Knets və Xəzər Universitetinin rektoru, 
								professor  Hamlet İsaxanlı tərəfindən də  
								təqdimatlar edildi. 
								
								
								Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki 
								Universiteti arasında protokol imzalandı. 
								
								
								Forumda daha sonra Azərbaycan və Latviya təhsil 
								işçilərinin təqdimatları oldu. Təqdimatda öz 
								əksini tapmış məsələlər ətrafında  fikir 
								mübadiləsi aparıldı. 
								
								
								*** 
								
								
								Mayın 25-də forum iştirakçılarının  ölkəmizin 
								bir sıra ali təhsil müəssisələrində  
								professor-müəllim heyətləri ilə görüşləri 
								keçirildi.  Azərbaycan-Latviya Təhsil Forumu 
								mayın 26-da başa çatdı.  
								
								
								
								Samirə  KƏRİMOVA  |