| 
								 
								
								Ölkəmizdə kənd təsərrüfatı kadrları hazırlayan 
								yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət 
								Aqrar Universitetinin 80 yaşı tamam olmuşdur.
								 
								
								
								Yubiley tədbirlərində iştirak etmək üçün Gəncəyə 
								gələn respublikamızın tanınmış alimləri, ali 
								təhsil müəssisələrinin rektorları, eləcə də 14 
								xarici ölkədən 34 nümayəndə əvvəlcə ümummilli 
								liderimiz Heydər Əliyevin abidəsi önünə əklil 
								qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər. 
								
								
								Sonra qonaqlar universitetdə tədrisin vəziyyəti 
								ilə yaxından tanış olmaq üçün bu yaxınlarda 
								əsaslı təmir edilərək yenidən qurulmuş baytarlıq 
								təbabəti və əczaçılıq fakültəsinin yerləşdiyi 
								binaya gəlmişlər. Buradakı müasir avadanlıq, 
								xüsusilə heyvanların cərrahiyyə otağı ilə 
								auditoriya arasında canlı əlaqə yaradılması üçün 
								quraşdırılmış kameralar, anatomiya və 
								radiobiologiya laboratoriyaları, Şəmkir 
								rayonunun "Süleyman" fermer təsərrüfatının 
								tədris-təcrübə və tədqiqat laboratoriyası 
								qonaqlarda xoş təəssürat oyatmışdır. 
								
								
								Universitetlə tanışlıqdan sonra ali təhsil 
								ocağının akt zalında təntənəli yubiley tədbiri 
								keçirilmişdir. Mərasimi universitetin rektoru, 
								professor Mirdamət Sadıqov açaraq qonaqları 
								salamlamış, əsası ümummilli liderimiz Heydər 
								Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident 
								İlham Əliyev tərəfindən inkişaf etdirilən dövlət 
								təhsil siyasətinin uğurlarından danışmışdır.
								 
								
								
								Azərbaycan Dövlət Aqrar Universitetinin tarixini 
								və bu gününü əks etdirən sənədli film nümayiş 
								etdirilmişdir.  
								
								
								Azərbaycan Respublikası Prezidenti 
								Administrasiyasının aqrar siyasət məsələləri 
								şöbəsinin müdiri Azər Əmiraslanov yubiley 
								tədbirində çıxış edərək ölkəmizdə həyata 
								keçirilən aqrar islahatlarda universitet 
								alimlərinin yaxından iştirakını yüksək 
								dəyərləndirmiş və qazanılan uğurlarda onların da 
								rolu olduğunu diqqətə çatdırmışdır. 
								
								
								Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar 
								Əzizov universitetin yubiley şənliklərində 
								iştirak etmək üçün gəlmiş bütün qonaqlara 
								gəncəlilər adından səmimi minnətdarlığını 
								bildirmiş və dünya aqrar elminə əvəzsiz töhfələr 
								vermiş Azərbaycan Dövlət Aqrar Universitetinin 
								qazandığı nailiyyətlərdən danışmışdır. 
								
								
								Kənd təsərrüfatı naziri İsmət Abbasov 
								respublikamızda kənd təsərrüfatı kadrları 
								yetişdirən yeganə ali təhsil ocağının 
								kollektivini yubiley münasibətilə təbrik etmiş, 
								Azərbaycan Prezidenti İlham Əliyevin 
								sərəncamları ilə təltif olunmuş universitet 
								əməkdaşlarına "Şöhrət" ordenini, Prezidentin 
								fərdi təqaüdünü, "Tərəqqi" medallarını, "Əməkdar 
								kənd təsərrüfatı işçisi" və "Əməkdar müəllim" 
								fəxri adlarının vəsiqələrini təqdim etmişdir.
								 
								
								
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 
								Məleykə Abbaszadə, Milli Məclisin Aqrar siyasət, 
								Elm və təhsil komitələrinin sədrləri Eldar 
								İbrahimov və Şəmsəddin Hacıyev, Bakı Dövlət 
								Universitetinin rektoru, akademik Abel 
								Məhərrəmov, təhsil nazirinin müavini İradə 
								Hüseynova, Rusiya Federasiyası Sankt-Peterburq 
								Dövlət Aqrar Universitetinin rektoru Viktor 
								Yefimov, Azərbaycan Dövlət Elmi-Tədqiqat Bitki 
								Mühafizə İnstitutunun direktoru, akademik 
								Siddiqə Məmmədova, Gəncə Dövlət Universitetinin 
								rektoru, professor Elman Məmmədov və başqaları 
								universitetin kollektivini əlamətdar gün 
								münasibətilə təbrik etmiş və bundan sonrakı 
								fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışlar. 
								
								
								Azərbaycan Prezidenti İlham Əliyevə tədbir 
								iştirakçıları adından müraciət qəbul edilmişdir. 
								
								
								Yubiley tədbirinin iştirakçıları universitetdə 
								yaradılmış elektron kitabxananın və yenicə 
								təmirdən çıxmış "Xalq Cümhuriyyəti" muzeyinin 
								açılışında iştirak etmişlər. 
								
								
								
								AzərTAc  |