| 
								 
								
								Mayın 21-də Sumqayıtdakı "İdrak" məktəb-liseydə 
								Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya 
								elmləri doktoru, professor Vaqif Abbasovla  
								müəllım-şagird kollektivinin  görüşü  keçirildi. 
								Tədbirdə  Sumqayıtın bir sıra ziyalıları, təhsil 
								ictimaiyyətinin nümayəndələri  və digər qonaqlar 
								iştirak edirdilər.  
								
								
								 Tədbiri 
								giriş sözü ilə açan məktəbin direktoru, pedaqoji 
								elmlər namizədi, dosent Möhsün Alışov mərasim 
								iştirakçılarını salamladı və dəvətlərini qəbul 
								etdiyi üçün  professor  Vaqif Abbasova dərin 
								minnətdarlığını bildirdi. O, "İdrak" 
								məktəb-liseyi  haqqında ümumi məlumat verərək  
								bildirdi ki, hələ iki yaşı tamam olmayan 
								müəssisənin  hədəfi hərtərəfli, yaradıcı, yüksək 
								intellektə sahib olan şagirdlər yetişdirməkdir. 
								Müstəqil dövlətimizin tərəqqisi naminə sağlam 
								düşüncəli vətəndaşlar yetişdirmək, onları 
								tərbiyə etmək  müəllimlərin qarşısında duran 
								başlıca vəzifələrdən biridir. Məhz  müəllimlərin 
								səyi nəticəsində liseyimizin şagirdləri 
								ölkəmizdə keçirilən müxtəlif olimpiada və 
								müsabiqələrdə uğurlu çıxış edərək, yüksək 
								nailiyyətlər əldə etmişlər. O, professor Vaqif 
								Abbasovla  görüşdən  şagirdlərin  çox şeylər 
								əldə edəcəklərini vurğuladı. M.Alışov kimya 
								dərsliklərinin müəllifi V.Abbasovun  müasir 
								elmimizin görkəmli simalarından olduğunu və 
								Azərbaycan təhsilinə xüsusi töhfələr verdiyini 
								şagirdlərin nəzərinə çatdıraraq, onun 
								hazırladığı tələbələrin dünya olimpiadalarındakı 
								uğurlarından danışdı. V.Abbasovun 300-ə yaxın 
								elmi əsərin, bir çox monoqrafiyaların, 
								dərsliklərin müəllifi olduğunu, onlarca elmlər 
								doktoru və elmlər namizədi hazırladığını 
								xüsusilə vurğuladı. O, V.Abbasovun həm də 
								onlarla şeir yazdığını  qeyd etdi.   
								
								
								Sonra şagirdlərin ifasında V.Abbasovun yazdığı 
								şeirlər səsləndi. Onun "Yaşa, Azərbaycanım" 
								şeirinə Maya Heydərqızının bəstələdiyi mahnı 
								şagirdlər tərəfindən ifa olundu. 
								
								
								Çıxış üçün söz professor  V.Abbasova verildi. O, 
								tədbir iştirakçılarını salamladı və ona 
								göstərilən diqqətə görə məktəbin kollektivinə 
								təşəkkürünü bildirdi,  işlərində uğurlar 
								arzuladı. V.Abbasov şagirdlərə  milli mənəvi 
								dəyərlərimizi qoruyub saxlamağı, dövlət və 
								dövlətçiliyimizi hər şeydən uca tutmağı tövsiyə 
								etdi. Elm əldə etmək üçün  çalışmağı və mövcud 
								imkanlardan maksimum istifadə etməyi məsləhət 
								bilən natiq, kimya elminin bəşəriyyət üçün  nə 
								qədər vacib olduğunu söylədi.      
								
								
								Çıxış edənlər professor V.Abbasovun  elmi 
								kəşflərindən söhbət açdılar.    
								
								
								
								Niyazi RƏHİMOV  |