| 
								 
								
								Bayram Şıxəmirov adına Zərdabi kənd orta 
								məktəbinin adı Quba rayonunun ən yaxşı 
								təlim-tərbiyə ocaqları sırasında çəkilir. 
								
								Əsası 1938-ci ildə qoyulmuş bu məktəbi hər il 
								yüzlərlə şagird bitirərək öz təhsillərini 
								respublikamızda  və onun hüdudlarından kənarda 
								uğurla davam etdirir. 
								
								
								 Hazırda 
								məktəbimizdə 717 nəfər şagird təhsil alır ki, 
								onların da təlim və tərbiyəsi ilə 70-ə yaxın 
								müəllim məşğul olur. Hər il məktəbimizin 
								şagirdləri rayon və respublika olimpiadalarında 
								iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, 
								bir neçə il bundan öncə fizika fənni üzrə 
								İndoneziyada qızıl, Tayvanda isə gümüş medala 
								layiq görülmüş gənc bizim məktəbin yetirməsi 
								Aqşin Heybətovdur. 
								
								
								Bu gün müasir təlim metodları ilə işləyən 
								Zərdabi kənd orta məktəbinin pedaqoji kollektivi 
								Milli Təhsil Konsepsiyasını rəhbər tutaraq 
								təlimin keyfiyyətini daha da yüksəltməyə 
								çalışır. Kurikulumla əlaqədar məktəbimizin 
								müəllimləri tez-tez müxtəlif kurslarda iştirak 
								edirlər. İnformasiya-kommunikasiya 
								texnologiyalarının tətbiqinə məktəbimizin 
								pedaqoji kollektivi daha geniş yer ayırır. 
								Sevinclə deyə bilərəm ki, məktəbimizdə siniflər 
								arasında keçirilən bilik yarışları, fənn 
								gecələri, disputlar, interaktiv təlim 
								metodlarından istifadə, habelə tədris 
								disklərinin nümayişi ümumilikdə təlimin 
								keyfiyyətinin artmasına təsir göstərən 
								amillərdəndir. 
								
								
								Məktəbimizdə təlim-tərbiyə işinə, intizam 
								məsələlərinə gündəlik diqqət yetirilir, 
								müəllimlərlə, şagirdlərlə və valideyn 
								assosiasiyası ilə mütəmadi əlaqə saxlanılır. 
								
								
								Zərdabi kənd orta məktəbində dərslərində müasir 
								təlim metodlarından istifadə edən yenilikçi gənc 
								müəllimlərimiz çoxdur. Onlardan tarix müəllimi 
								Tamella Həsənovanı, biologiya müəllimi Nərgiz 
								Quliyevanı, kimya müəllimi Aynur 
								Vəliməmmədovanı, Azərbaycan dili və ədəbiyyatı 
								müəllimi Rəna Bünyadovanı, Tamella Əhmədovanı, 
								riyaziyyat müəllimi Cəbrayıl Babayevi və 
								başqalarını misal göstərmək olar. 
								
								
								Son vaxtlar məktəbimizdə yaranmış yaxşı bir 
								ənənəni də sevinclə qeyd etmək istərdim. Belə 
								ki, məktəbimizin sinif otaqları, fənn 
								kabinetləri müəllimlərimizin və şagirdlərin 
								yaxından köməyi ilə əyani vəsaitlərlə 
								zənginləşdirilir. Ayrı-ayrı fənlər üzrə 
								keçirilən "açıq dərs"lərin geniş müzakirəsi 
								qabaqcıl iş təcrübəsinin öyrənilməsinə və 
								yayılmasına xidmət edir. Bu gün məktəbimizdə 
								oxuyan şagirdlərin vətənpərvərlik, Vətənə 
								sədaqət ruhunda tərbiyə olunması istiqamətində 
								də mühüm işlər aparılır. 
								
								
								Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyevin irsi ilə şagirdlərimizi tanış etmək 
								istiqamətində də müəyyən işlər görülmüş və 
								tədbirlər hazırlanıb həyata keçirilmişdir. Son 
								iki ildə şagirdlərlə "Heydər Əliyev yeni 
								Azərbaycan dövlətinin qurucusu kimi", "Heydər 
								Əliyev tarixi şəxsiyyət kimi", "Heydər Əliyevin 
								yeni Azərbaycanın inkişafında rolu", "Azərbaycan 
								dövlətinin qurucusu və memarı Heydər Əliyevin 
								ömür yolu gənclərimizə örnəkdir" və s. 
								mövzularda söhbətlər aparılmışdır. 
								
								
								Rayon və respublika idman yarışlarında da 
								Zərdabi kənd orta məktəbinin şagirdləri layiqli 
								yer tuturlar. Fəxrlə deyə bilərəm ki, Şərq idman 
								növləri üzrə Azərbaycan çempionları və dünya 
								birinciliyinin mükafatçıları sırasında bizim 
								məktəbin idmançıları da vardır. Bunlardan 
								E.Ələsgərovu, R.Əmraslanovu, X.Xalıqovu, 
								Ü.Daşdəmirovu, N.Rüstəmovu və başqalarını misal 
								göstərmək olar. 
								
								
								Yeri gəlmişkən, onu da xatırladım ki, 
								məktəbimizin idman zalı əsaslı təmir olunmuş və 
								burada tez-tez müxtəlif idman yarışları 
								keçirilir. 
								
								
								Bu gün Quba rayonunun nümunəvi məktəblərindən 
								sayılan Zərdabi kənd orta məktəbinin pedaqoji 
								kollektivi öz işini müasir tələblər səviyyəsində 
								qurmağa çalışır. Bunun üçün  biz həm 
								valideynlərlə, həm də ictimaiyyətlə sıx əlaqə 
								saxlayırıq.  
								
								
								
								Ayaz ƏMİRASLANOV, 
								Quba rayonundakı  
								Bayram Şıxəmirov adına Zərdabi kənd orta  
								məktəbinin tədris işləri  
								üzrə direktor müavini  |