| 
								 
								
								Xəbər verdiyimiz kimi, bu ilin mayında Bakıda 
								məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq 
								Mendeleyev Olimpiadası keçirilib. 
								
								Dünyanın 14 ölkəsinin şagirdlərinin qatıldığı bu 
								olimpiadada azərbaycanlı şagirdlər bir qızıl, üç 
								bürünc medal qazanıblar. Bilik yarışında 
								ölkəmizi təmsil edən 12 məktəblidən biri - 
								Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil 
								Əzimzadə Beynəlxalq Mendeleyev Olimpiadasının 
								qızıl medalına layiq görülüb. Elə bu yazımızda 
								da qızıl medallı Azərbaycan məktəblisi haqqında 
								bir qədər ətraflı söhbət açmaq istəyirik. 
								
								
								 Aqil 
								1993-cü ildə Lənkəran rayonundakı Veravul 
								kəndində dünyaya göz açıb. O, VI sinfə kimi 
								Veravul kənd orta məktəbində oxuyub. Sonra 
								Lənkəran Özəl Türk Liseyinin VII sinfinə qəbul 
								olub. Hazırda həmin liseyin XI sinfində oxuyur. 
								
								
								A.Əzimzadə "əla" qiymətlərlə oxumaqla bərabər, 
								öz əxlaqı, davranışı, səmimiliyi ilə liseyin 
								müəllim və şagirdlərinin dərin hörmətini 
								qazanıb. 
								
								
								O, 2008-2010-cu illərdə respublika kimya 
								olimpiadalarında gümüş və qızıl medallara layiq 
								görülüb. 
								
								
								2008-ci ildə Cənubi Koreya Respublikasında 
								kimya, fizika və biologiya fənləri üzrə 
								keçirilən V Beynəlxalq Elm Olimpiadasında 3-cü 
								yeri tutaraq bürünc medalın sahibi olub. 
								
								
								2009-cu ilin aprelində Türkmənistanda keçirilən 
								43-cü Beynəlxalq Mendeleyev Olimpiadasında və 
								elə həmin ilin iyulunda İngiltərədə təşkil 
								olunan kimya üzrə Dünya Olimpiadasında da bürünc 
								medal qazanıb. 
								
								
								 Nəhayət, 
								2010-cu ilin mayında Bakıda məktəblilərin kimya 
								üzrə keçirilən 44-cü Beynəlxalq Mendeleyev 
								Olimpiadasında 3 turun nəticəsinə görə ən yüksək 
								bal toplayan Aqil qızıl medala layiq görüldü. 
								
								
								Həmin olimpiadanın qaliblərinin 
								mükafatlandırılması mərasimi başa çatdıqdan 
								sonra tədbirdə iştirak edən təhsil naziri Misir 
								Mərdanov, Rusiya Elmlər Akademiyasının həqiqi 
								üzvü, təşkilat komitəsinin həmsədri Valeri 
								Vasilyeviç Lunin, kimyaçı alim, AMEA-nın müxbir 
								üzvü, professor Vaqif Abbasov, Təhsil 
								Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Aqil 
								Əzimzadəni və bürünc medala sahib çıxmış 
								şagirdlərimizi bu möhtəşəm bilik yarışında uğur 
								qazanmaları münasibəti ilə şəxsən təbrik 
								etdilər. 
								
								
								Yeri gəlmişkən qeyd edim ki, bu olimpiadanın 
								bağlanış mərasimində mən də iştiraki edirdim. 
								Elə burada Aqillə görüşdüm, onu "Azərbaycan 
								müəllimi" qəzeti redaksiyasının rəhbərliyi 
								adından təbrik etdim, həyatda cansağlığı, 
								təhsilində uğurlar dilədim. 
								
								
								Bu günlərdə isə Aqillə telefon əlaqəsi yaratdım.
								
								
								Onunla bir xeyli söhbət etdik. O, yüksək təhsil 
								alması üçün hər cür şəraitin yaradıldığına görə 
								ölkə Prezidenti cənab İlham Əliyevə, təhsil 
								naziri Misir Mərdanova öz dərin təşəkkürünü 
								bildirdi. Atası Adil kişiyə, oxuduğu Lənkəran 
								Özəl Türk Liseyinin kimya müəllimi Yaqub 
								Özkelikə,  Bakı Dövlət Universitetinin kimya 
								müəllimi Xamməd Əsədova, Qafqaz Universitetinin 
								müəllimi Yusif Abdullayevə yüksək bilik əldə 
								etməsində hər cür köməklik göstərdiklərinə görə 
								minnətdarlıq etdi. Sonra Aqil sevincək halda onu 
								da fəxrlə qeyd etdi ki, artıq mən Kanadanın 
								Alberta Universitetinin kimya mühəndisliyi 
								fakültəsinə qəbul olunmuşam. Hazırda isə iyulda 
								Yaponiyanın Tokio şəhərində kimya üzrə 
								keçiriləcək Dünya Olimpiadasına hazırlaşıram. 
								İnanıram ki, buradan da medalla qayıdacağam, 
								valideynlərimin, müəllimlərimin  zəhmətini  
								itirməyəcək, başlarını uca edəcəyəm... 
								
								
								Biz də Aqil Əzimzadəyə bütün bu möhtəşəm və 
								məsuliyyətli işlərində uğurlar diləyir, ona daha 
								uca zirvələr fəth etməyi arzulayırıq. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ    |