| 
								 
								
								Böyük Oktyabr sosialist inqilabından sonra 
								parçalanmış Rusiya imperiyasının ucqarlarından 
								olan Zaqafqaziyada xüsusi qurum - Zaqafqaziya 
								hökuməti - Zaqafqaziya Komissarlığı (noyabr 1917 
								- mart 1918) yaradıldı. 1918-ci il aprelin 28-də 
								Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan 
								Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən 
								Zaqafqaziya Demokratik Federativ Respublikasını 
								elan etdi. Zaqafqaziya Demokratik Federativ 
								Respublikası dərhal xüsusi nazirliklər, o 
								cümlədən də Maarif Nazirliyi  təsis etdi. 
								 
								
								
								Xoyski Fətəli xan İsgəndər oğlu (7.12.1875 - 
								19.06.1920) Zaqafqaziya Demokratik Federativ 
								Respublikasının ilk maarif naziri olmuşdur. 
								
								
								1918-ci ildə müvəqqəti Zaqafqaziya hökuməti 
								dağıldı. Gürcüstan müstəqil respublika elan 
								olundu. Bundan sonra ilk mərkəzi Gəncə şəhəri 
								olan Azərbaycan Demokratik Cümhuriyyəti elan 
								edildi. Bu tarixi hadisə Azərbaycanda baş verən 
								ictimai-siyasi mübarizələrin tarixi nəticəsi 
								idi. 
								
								
								Dövrün milli mətbuatında mövcud gerçəklikdən 
								narazılıq, etiraz və şikayət notları gələcək 
								istiqlal konsepsiyasının əsası kimi 
								müəyyənləşirdi. Milli təfəkkürə, qan yaddaşına, 
								soykökə qayıdış, milli oyanış, xalqın varlığında 
								qaynayan azadlıq istəyi artıq gerçək həqiqətə 
								çevrilirdi. Azərbaycanda fəaliyyət göstərən  bir 
								sıra partiyalar həqiqətə çatmaq naminə 
								birləşərək Azərbaycan vətəndaşının ictimai 
								mübarizələr səhnəsinə atılmasını başlıca vəzifə 
								sayırdı. 
								
								
								Bu vəzifənin reallaşması isə millətin milli 
								müstəqilliyə malik olmasını tarixi zərurətə 
								çevirmişdi. M.Ə.Rəsulzadənin çıxardığı 
								siyasi-fəlsəfi nəticə belə idi: "Milli 
								müstəqilliyə malik olmayan bir millət azadlıq və 
								haqqını qoruya bilməz". 
								
								
								Artıq bu tarixi-siyasi arzu reallaşmışdı. 28 may 
								1918-ci ildə milli müstəqilliyini elan edən 
								Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer 
								tutan başlıca istiqamətlərdən biri ölkənin ərazi 
								bütövlüyünü qorumaqdısa, digəri yeni əsasda, 
								tarixi dəyərlər və təcrübə zəminində xalq 
								maarifi qurmaq idi... 
								
								
								30 iyun 1918-ci ildə respublikada xalq 
								maarifini, məktəb təhsilini qaydaya salmaq, 
								milli ali, orta və ibtidai məktəb şəbəkəsi 
								yaratmaq, mövcud məktəbləri milliləşdirmək 
								məsələlərini həll edəcək qurum kimi Xalq Maarif 
								Nazirliyinin (XMN) ştat cədvəli və əsasnaməsi 
								hökumətə təqdim edildi. 
								
								
								Həmin ilin 2 avqustunda təsdiqlənmiş Əsasnaməyə 
								görə, aşağıdakı strukturda nazirlik yaradıldı: 
								I. Nazir. II.Nazir müavini. III.Naziryanı şura 
								(buraya nazir, nazir müavini, şöbə müdirləri, 
								dəftərxana müdiri, iclaslara dəvət olunan 
								mütəxəssislər, elm nümayəndələri daxil idi). 
								Nazir şurası aşağıdakı məsələlərə baxırdı: 
								a)qanunverici müəssisələrə təqdim olunacaq qanun 
								layihələrinin hazırlanması; b)respublikada 
								tədris-maarif işini və elmin inkişafını təmin 
								edə biləcək tədbirlərin işlənib hazırlanması; 
								c)nazirliyin bütün müəssisələrinin illik pul 
								smetası; ç)nazirliyin bütün idarə və tədris 
								müəssisələrinin illik hesabatı; d)nazirin 
								şuranın müzakirəsinə təqdim etdiyi bütün işlər 
								və məsələlər. IV. Məktəbləri idarə edən üç şöbə 
								- ali və orta, ixtisas təhsili sahələri 
								şöbələri. Hər şöbəyə şöbə müdiri rəhbərlik 
								edirdi ki, onların da vəzifələrinə aşağıdakılar 
								daxil idi: a)məktəblərin inzibati və pedaqoji 
								təftişi; b)məktəblərin yenidən təşkili, yeni 
								məktəblərin açılması, köhnə məktəblərin ləğvi 
								haqqında planların və smetaların işlənib 
								hazırlanması; c)işə qəbul və azad olanların 
								nazirə təqdimi; ç)xidmətçilərin təyini və azad 
								edilməsi. V.Nazirliyin dəftərxanası. 
								
								
								ADC-nin ilk xalq maarifi naziri Nəsib bəy 
								Yusifbəyli olub.  
								
								
								*** 
								
								
								Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil 
								sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri 
								hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə 
								Azərbaycan (türk) dilinin dövlət dili elan 
								edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən 
								başlayaraq, milli kadrların hazırlanmasına, bu 
								sahədə təhsilin tamamilə yenidən qurulmasına 
								xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil 
								sahəsində həyata keçirdiyi ilk və ən mühüm 
								tədbirlərdən biri məktəblərin milliləşdirilməsi 
								oldu. 
								
								
								Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 
								28 avqust tarixli qərarına əsasən, bütün ibtidai 
								tədris müəssisələrində təhsil şagirdlərin ana 
								dilində aparılmalı, dövlət dili olan Azərbaycan 
								dilinin tədrisi isə məcburi surətdə həyata 
								keçirilməli idi. Ali, ibtidai və orta tədris 
								müəssisələrində dərslər dövlət dilində 
								aparılmalı idi. Azərbaycan dilini bilməyən 
								şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbayan 
								dili şöbələri açılmalı və burada Azərbaycan dili 
								elə intensiv  tədris olunmalı idi ki, iki ildən 
								sonra həmin şagirdlər artıq bu dildə 
								təhsillərini davam etdirə bilsinlər. 
								
								
								Cümhuriyyət hökumətinin həyata keçirdiyi 
								tədbirlər nəticəsində artıq 1919-cu ilin 
								əvvəllərində Azərbaycanda dövlət hesabına 23 
								orta ixtisas təhsili məktəbi və 637 ibtidai 
								məktəb fəaliyyət göstərirdi. 
								
								
								Müəllimlər seminariyaları istisna olmaqla, 
								1919-20-ci tədris ilində Azərbaycanın orta 
								məktəblərində 9611 şagird təhsil alırdı ki, 
								onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq 
								təhsilini milli zəmin üzərində yenidən qurmaq 
								üçün ixtisaslı müəllim kadrları və dərs 
								vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə 
								Azərbaycanda mövcud müəllim kadrları və dərs 
								vəsaiti heç də kifayət qədər deyildi. 
								Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən 
								müəllim kadrları dəvət etmək idi.  XMN 
								məktəbləri dərs vəsaitləri ilə təmin etmək 
								məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin 
								komissiyanın fəaliyyətinə o dövrün görkəmli 
								pedaqoqları Hüseyn Cavid, Mahmud bəy 
								Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, 
								Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy 
								Əfəndizadə və b. cəlb edilmişdilər. 
								
								
								1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq 
								Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq 
								məktəbləri üçün Türkiyədən dərs kitabları almaq 
								məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon 
								manat vəsait ayrılmışdı. 
								
								
								Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti və 
								Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət 
								Universitetinin, Əkinçilik İnstitutu və Dövlət 
								Konservatoriyasının təsis edilməsi barədə məsələ 
								qaldırdı. Bunlardan ancaq birini - Bakı Dövlət 
								Universitetini açmaq mümkün oldu. 
								
								
								ADC dövründə ibtidai təhsil şəbəkəsinin 
								genişləndirilməsi mümkün oldu. 1919-cu ildə 
								ölkədə dövlət hesabına 15 ali ibtidai məktəb 
								fəaliyyət göstərirdi. 
								
								
								Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və 
								Qazaxda yaşlılar üçün xüsusi kurslar açıldı. 
								
								
								Xalq maarifinin milli konsepsiyada təşkili ön 
								plana çəkildi; ümumi icbari təhsil layihələri 
								hazırlandı; kənd və şəhərlərdə yeni məktəblər 
								açıldı. Məktəbin tərəqqisinin müəllimlərlə bağlı 
								olduğunu dərk edən nazirlik milli məktəblər üçün 
								müəllim hazırlanması probleminin həllini 
								darülmüəllimlər şəbəkəsinin genişləndirilməsində 
								görürdü.  
								
								
								Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta 
								təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın 
								gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər 
								seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, 
								politexnik məktəb və kommersiya məktəbi. Bakı 
								Qadın Seminariyası kişi seminariyasına çevrildi, 
								orada təhsil alanlar üçün (40 nəfər idi) pansion 
								açıldı. 
								
								
								1918-1919-cu illərdə Gəncə Müəllimlər 
								Seminariyası milliləşdirilmiş, Bakıda 
								Darülmüəllimin və Darülmüəllimat, Nuxada 
								Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və 
								Şuşada belə tipli müəssisələrin yaradılması 
								nəzərdə tutulmuşdu. 
								
								
								Qori Müəllimlər Seminariyasının Azərbaycan 
								şöbəsinin bütün kitablarını, avadanlığını və 
								vəsaitini vaqonlara doldurub 1918-ci il 
								sentyabrın 1-də Qazax şəhərinin 9 
								kilometrliyində olan Ağstafa stansiyasına 
								gətirmişdilər. Bütün bu işlər F.B.Köçərlinin 
								rəhbərliyi və bilavasitə iştirakı ilə 
								görülmüşdü. Sentyabrın 17-də seminariyada 
								dərslər başlanmış, Firudin bəy Köçərli Qori 
								Seminariyasının məzunları Y.Qasımov, İ.Vəkilov, 
								Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə 
								seminariyaya cəlb etmişdi. 
								
								
								Cümhuriyyət dövründə maarif sahəsində fəaliyyət 
								təkcə bunlarla məhdudlaşmırdı. Tədqiqatların 
								nəticələrində qeyd olunur: Azərbaycan Demokratik 
								Cümhuriyyəti zamanı Xalq Maarifi Nazirliyi bir 
								tərəfdən xalqın gələcəyini təmin edə biləcək 
								ürfan ordusunun hazırlanması üçün ali, orta və 
								ibtidai məktəblər açır, kurslar təşkil edir, 
								digər tərəfdən nəşriyyat - tərcümə 
								komissiyasının köməyi ilə dərsliklər, tədris 
								vəsaitləri hazırladıb çap etdirirdi.  
								
								
								Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil 
								sahəsində uğurlu tədbirlərindən biri də təhsil 
								tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində 
								məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini 
								yaratması idi. Bu dövrdə peşə-ixtisas təhsili 
								müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud 
								olanların inkişaf etdirilməsi sahəsində də 
								konkret addımlar atıldı. 
								
								
								Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və 
								parlamenti təkcə mümkün olanların deyil, hətta o 
								zamana görə mümkünsüz sayılan bir çox ümummilli 
								problemlərin həllində real addımlar atmış, yaxud 
								da tariximizin ondan sonrakı dövrlərində həyata 
								keçirilmiş çoxsaylı maarif, təhsil, mədəniyyət 
								məsələlərinin təməlini, əsasını qoymuş, 
								görüləcək bir çox işlərin ilkin layihələrini 
								hazırlamış, ideya əsaslarını vermişdir. 
								
								
								Azərbaycanda dövlət universitetinin açılması 
								haqqında rəsmi qanun 1919-cu il sentyabrın 1-də 
								Azərbaycan Parlamenti tərəfindən qəbul 
								olunmuşdur. Tarix-filologiya, fizika-riyaziyyat, 
								hüquq və tibb fakültələri olacaq ali məktəbdə 
								ilk dərslər həmin il noyabrın 15-də başlamışdır. 
								
								
								Ali təhsil sahəsində ADC-nin fəaliyyəti təkcə 
								Bakı Dövlət Universitetini yaratmaq, bu yolla 
								ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlamaq 
								məsələsini həll etməklə məhdudlaşmamışdır. 
								
								
								Xaricdə ali təhsilli mütəxəssis hazırlığı 
								məsələsi dövlət və hökumət səviyyəsində müzakirə 
								obyekti oldu. 
								
								
								"Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 
								1-də Bakıda dövlət universitetinin açılması 
								haqqında qanunla bərabər, 1919-20-ci tədris 
								ilində dünyanın müxtəlif ali məktəblərində 
								dövlət hesabına təhsil almaq üçün 100 nəfər 
								azərbaycanlı gəncin xaricə göndərilməsi 
								haqqında  da qərar qəbul etdi. Bunun üçün 7 
								milyon manat vəsait ayrıldı. Avropa ali 
								məktəblərinə göndərilən hər tələbəyə 400 frank 
								təqaüd təyin olundu və 1000 frank yol xərci 
								ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr 
								ali məktəbi bitirdikdən sonra dörd il icbari 
								qaydada Azərbaycan hökumətinin təyinatına əsasən 
								göndərildiyi yerdə işləməli idilər". 
								
								
								
								Deməli: a) Azərbaycanda XIX əsrin ortalarından 
								tarixi ənənələr zəminində dünyəvi - milli 
								təhsilə maraq və meyil olmuş, bu işdə 
								maarifçilik hərəkatı mühüm rol oynamışdır; b) XX 
								əsrin əvvəllərində sosial-siyasi, 
								ictimai-iqtisadi sahələrdə oyanış və intibah 
								ümummilli hərəkatın faktorlarına çevrilmiş, 
								nəticədə dünyəvi təhsili qurub inkişaf etdirmək 
								üçün müəllim kadrları hazırlığı vacib və ümdə 
								amil sayılmışdır; c) bu niyyətlə orta ixtisas 
								səviyyəli pedaqoji kadr hazırlayan seminariya və 
								məktəblərin açılması istiqamətində xüsusən ADC 
								zamanında uğurlu addımlar atılmış, "dünyəvi 
								dövlət, dünyəvi təhsil və mədəniyyət prinsipləri 
								ardıcıl həyata keçirilmişdir"...  |