| 
								 
								
								Tədbiri giriş sözü ilə  açan təhsil naziri Misir 
								Mərdanov iştirakçıları salamlayaraq  Azərbaycan 
								Milli Valideyn-Müəllim Assosiasiyasının 
								fəaliyyəti barədə  məlumat verdi. Bildirdi ki, 
								bu təşkilatın əsas məqsədi valideyn və 
								müəllimlərin sıx əməkdaşlığı vasitəsilə 
								şagirdlərin təlim-tərbiyəsinin faydalılığını 
								artırmaq, valideynlə  məktəb arasında səmərəli 
								ünsiyyət yaratmaqdır. 
								
								
								 Təhsil 
								naziri Misir Mərdanov dedi  ki, son 20 il  
								ərzində Azərbaycanda təhsilin inkişafına dəstək 
								olan təşkilatlar içərisində VMA  xüsusi yer 
								tutur. Ona görə də  təhsil ocaqlarında fəaliyyət 
								göstərən VMA-nın sayı getdikcə artır və bu   
								təşkilatların fəaliyyətində ciddi dönüş 
								yaradılır. 
								
								
								Nazir Misir Mərdanov  Bakıdakı 46 nömrəli orta 
								məktəbdə VMA-nın dünyada dəstəklənən bir 
								təşkilat kimi fəaliyyətini qeyd etdi və bu 
								nailiyyətlərin qazanılmasında  Azərbaycan Milli  
								Valideyn-Müəllim Assosiasiyasının icraçı 
								direktoru Təranə Şərifovanın  əməyini  yüksək 
								qiymətləndirdi. 
								
								
								Sonra təhsil naziri Təranə Şərifovanı  50 yaşı  
								tamam olması münasibətilə təbrik edərək onu 
								"Fəxri diplom"la təltif etdi. Valideyn-Müəllim 
								Assosiasiyasının işinin təşkili və 
								məktəb-valideyn əlaqələrinin qurulması  
								sahəsində səmərəli fəaliyyətinə görə bir qrup 
								təhsil işçisinə "Azərbaycan Respublikasının 
								qabaqcıl  təhsil  işçisi"  döş  nişanı  və  
								Fəxri  fərman təqdim edildi. 
								
								
								Çıxışının sonunda təhsil naziri  Misir Mərdanov 
								VMA-nın işinə  uğurlar arzuladı. 
								
								
								Azərbaycan Milli Valideyn-Müəllim 
								Assosiasiyasının icraçı direktoru Təranə 
								Şərifova  Azərbaycanda təhsil islahatının həyata 
								keçirilməsində VMA-nın  fəaliyyətindən danışdı. 
								O, Azərbaycanda təhsilin  inkişafı ilə əlaqədar 
								VMA tərəfindən hazırlanan təklifləri tədbir 
								iştirakçılarının nəzərinə çatdırdı.  
								
								
								Təhsil ocaqlarında valideynlər arasında 
								maarifləndirmə  işinin aparılmasından danışan 
								Təranə Şərifova orta məktəblər üzrə 
								mərkəzləşdirillmiş qaydada keçirilən buraxılış 
								imtahanlarında valideynlərin  yaxından 
								iştirakını  qeyd etdi. Bildirdi ki, bu gün 
								məktəblərdə elə məsələlər var ki, onu  nə 
								valideyn məktəbsiz, nə də  məktəb valideynsiz 
								həll edə  bilmir.  Valideynlərin məktəblə  
								əlaqəsinin zəif olması təlim-tərbiyəyə mənfi  
								təsir göstərir. 
								
								
								Tədbirdə Bakıdakı 167 nömrəli orta məktəbin 
								valideyni Nazim Quliyev, BPKİYİ-nin Təhsilin 
								təşkili və idarəedilməsi kafedrasının müdiri 
								Nisə  Cəlilzadə, Azərbaycan Memarlıq və İnşaat 
								Universitetinin dosenti Nailə Sərdarova, "İki 
								sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadə 
								və məktəblərdə fəaliyyət göstərən VMA rəhbərləri 
								bu və ya digər məsələlərə öz münasibətlərini 
								bildirdilər.   
								
								
								
								Şakir CƏFƏROV  |