| 
								 
								
								ALMANİYADA  bayram axşamı gələn ilin bütün 
								aylarında havanın necə olacağını qabaqcadan 
								müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları 
								timsalında 12 ədəd baş soğan götürüb alt 
								tərəfini kəsirlər və ora duz səpərək süfrəyə 
								düzürlər. Saat 12-ni vuran kimi soğanlara 
								baxırlar. Hansı soğan duzu əridib udubsa, o 
								aylar yağmurlu, qalanları isə quraqlıq keçməsini 
								bildirir. 
								
								
								AVSTRALİYALILAR  Yeni ilin ilk günü xərçəng 
								yeyirlər. Belə hesab edirlər ki, xərçəngin 
								geriyə hərəkəti yaxşı əlamət deyildir. Onlar həm 
								də Yeni il  bayramında donuz əti yeməyi 
								xoşlayirlar. 
								
								
								BOLQARISTANDA Yeni il axşamı uşaqlara alabəzək 
								hədiyyələr və şirni bağışlamaq dəbdədir. 
								Deyirlər ki, Yeni il axşamı kim çox uşaq 
								sevindirsə, təzə ildə onun o qədər fərəhli 
								günləri olacaq. Saat 12-ni vuranda bütün 
								mənzillərdə işıqlar söndürülür. Üç dəqiqə davam 
								edən qaranlıqda hamı bir-birini öpməlidir. 
								
								
								HİNDİSTANDA Yeni ili axşam yox, səhər 
								qarşılayırlar. Həmin gün əsəbi, qəzəbli olmaq 
								yaramaz. Hindlilərin inamına görə, belə adamlar 
								ilboyu narahat həyat keçirirlər. Onlar inanırlar 
								ki, Yeni ilin ilk günü necə keçərsə, o adam 
								bütün ilboyu elə o cür həyat sürəcək. Hindlilər 
								Yeni il bayramında qapı və pəncərələrini 
								rəngbərəng isıqlı lampalarla bəzəyirlər. Mənası 
								da budur ki, qapımız gələn qonaqların üzünə 
								açıqdır. Bu bayramda tanış olmayanlar da 
								bir-birinin evinə qonaq gedir və yeni ildə 
								özlərinə yeni dost qazanırlar. 
								
								
								İTALİYADA il təhvil olanda küçələrdə adamlar çox 
								ehtiyatla davranmalıdırlar. Ona görə ki, 
								italyanlar Yeni il axşamı lazımsız, köhnə 
								əşyaları, hətta mebelləri belə pəncərədən küçəyə 
								tullayırlar. İtalyanların bu adətlərindən Yeni 
								il axşamı şəhərin küçələrində var-gəl edən 
								əcnəbilər daha çox ziyan çəkirlər. Hətta onların 
								əksəriyyəti italyanların bu adətindən xəbərsiz 
								olduqları üçün xəstəxanaya düşməli olurlar. 
								
								
								KUBADA Yeni il axşamı böyük çəlləklərə su 
								doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran 
								kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu 
								küçəyə atırlar. Yeni il axşamı hamının 
								süfrəsində mütləq üzüm olmalıdır. Hər adam 
								saatın əqrəbləri 12-nin üzərində olarkən onun 
								zəngləri səsləndiyi müddətdə 12 gilə üzüm 
								yeməlidir. Bu o deməkdir ki, ilin 12 ayında 
								sənin həyatın üzüm kimi şirin olacaq. 
								 
								
								
								MACARISTANDA Yeni il axşamı milli paltar geymiş 
								cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə 
								başlayırlar. Dəstəbaşı təntənəli surətdə elan 
								edir ki, köhnə ili "dəfn eləyib" yenisini 
								qarşıladığımız üçün hamı yeyib-içib 
								şənlənməlidir. Küçələri gəzən cavanlar hansı 
								evin qarşısında dayansalar, ev sahibi mütləq 
								onları ləzzətli yeməklərə və şəraba qonaq 
								etməlidir.  
								
								
								RUMINİYADA Yeni il süfrəsi üçün içərisi 
								sürprizlərlə dolu kökə bişirmək dəbdədir. Yağlı 
								kökənin içərisinə daha çox pul, gümüş üzük, acı 
								istiot qoyurlar. Yemək vaxtı kimin bəxtinə nə 
								çıxdı, onun taleyi müəyyənləşir. Bəxtinə istiot 
								çıxan adam ilboyu ehtiyatla dolanmalıdır ki, acı 
								günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük 
								çıxanları isə xoşbəxtlik gözləyir. 
								
								
								YAPONİYADA  Yeni ili 108 kilsə zəngi vurmaqla 
								qeyd edirlər. Zəngdən sonra hamı yatır, şənlik 
								isə səhərə yaxın başlanır. 
								
								
								YUNANISTANIN bəzi əyalətlərində Yeni ili 
								yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə 
								aid olan bütün hüquq və ixtiyar qadınlara 
								verilir. Qadınlar qoyun və ya donuz kəsib 
								təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. 
								Kişilər isə ev süpürür, qab-qacaq yuyur, 
								uşaqlara baxırlar.   
								
								
								
								Hazırladı: Ə.DAŞDƏMİRLİ  |