| 
								 
								
								Azərbaycan Texniki Universitetində 31 dekabr - 
								Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və 
								Yeni il bayramına həsr olunmuş təntənəli tədbir 
								keçirildi.  
								
								
								Tədbir iştirakçıları əvvəlcə universitetin 
								foyesində ümummilli lider Heydər Əliyevin 
								xatirəsinə ucaldılmış büstün önünə təzə-tər 
								gül-çiçək dəstələri qoydular. 
								
								
								Azərbaycan Respublikasının Dövlət himni 
								səsləndikdən sonra tədbiri giriş sözü ilə 
								AzTU-nun rektoru, texnika elmləri doktoru, 
								professor Havar Məmmədov acaraq qeyd etdi ki, 31 
								dekabr Azərbaycan xalqının müstəqillik əldə 
								etdiyi vaxtdan bütün dünyada yaşayan 
								soydaşlarımıza bəxş etdiyi və ümummilli 
								əhəmiyyət kəsb edən bir gündür. Artıq 31 dekabr 
								Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi 
								daxil olmuşdu, lakin bunu rəsmiləşdirmək, dövlət 
								səviyyəsində tanıtmaq lazım idi. Bu işi 
								ümummilli liderimiz Heydər Əliyev etdi. Bu gün 
								artıq dünya azərbaycanlılarının milli bayramına 
								çevrilmişdir. 
								
								
								Böyük dövlət xadimi Heydər Əliyevin müəllifi 
								olduğu Azərbaycançılıq ideologiyası bu gün 
								dünyanın müxtəlif nöqtələrində yaşayan 
								həmvətənlərimiz üçün milli birliyimizin və 
								həmrəyliyimizin formulu kimi qəbul olunmaqdadır. 
								Bu formul müstəqil Azərbaycan dövlətinin 
								çiçəklənməsinə və möhkəmlənməsinə, bütün dünya 
								azərbaycanlılarının milli özünüdərkinə stimul 
								verən mühüm faktorlardan biridir. Heydər 
								Əliyevin qurduğu müstəqil Azərbaycanın sabahı 
								böyük zəhmət hesabına əldə olunmuş böyük tarixi 
								nailiyyətin qorunub saxlanılmasından asılıdır.
								 
								
								
								Dünya azərbaycanlılarının I qurultayının 
								keçirilməsi Azərbaycan xalqının milli 
								həmrəyliyini nümayiş etdirən bir fakt kimi 
								tarixə düşdü. Fərəhli haldır ki, bu ənənə ulu 
								öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan 
								Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 
								cənabları tərəfindən bu gün ləyaqətlə davam 
								etdirilir, respublikamız gündən-günə çiçəklənir, 
								inkişaf edir. Bu bizi sevindirir və işimizə daha 
								məsuliyyətlə yanaşmağa, daha həvəslə çalışmağa 
								şövq edir. 
								
								
								Tədbirin sonunda AzTU-nun rektoru, professor 
								Havar Məmmədov bir daha qonaqları və bütün 
								tədbir iştirakçılarını bayram münasibətilə 
								təbrik etdi, onlara öz dərin təşəkkürünü və 
								minnətdarlığını bildirdi.  
								
								
								*** 
								
								
								Qafqaz Universitetinin müəllim və tələbələri 31 
								dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Gününü qeyd etdilər. Bu münasibətlə düzənlənən 
								bayram tədbirində dünya şöhrətli alim, cərrah və 
								ictimai xadim, "Varlıq" dərgisinin naşiri, 
								professor Cavad Heyət və digər qonaqlar da 
								iştirak etdilər. 
								
								
								Tədbiri açan aparıcılar 31 dekabrı tariximizin 
								ən şərəfli günü adlandıraraq həmin tarixin artıq 
								iki onillikdən çoxdur ki, dünyanın hər yerində 
								yaşayan soydaşlarımızın həmrəylik günü kimi qeyd 
								olunduğunu söylədilər və mərasim iştirakçılarını 
								bayram münasibətilə təbrik etdilər. 
								
								
								Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü 
								uğrunda müharibələrdə şəhid olmuş 
								həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad 
								edildi, Azərbaycanın və Türkiyənin Dövlət 
								himnləri səsləndirildi. 
								
								
								Sonra təbrik nitqi ilə çıxış edən Qafqaz 
								Universitetinin rektoru, professor Ahmet Saniç 
								nəinki respublikamızda yaşayan, habelə dünyanın 
								70-dən çox ölkəsinə səpələnmiş azərbaycanlılar 
								arasında milli birliyin yaranmasında həmrəylik 
								gününün böyük rol oynadığını vurğulayaraq onun 
								təsis olunmasını ümummilli lider Heydər Əliyevin 
								böyük tarixi xidməti kimi dəyərləndirdi. Türk 
								xalqları arasında birliyin də çox önəmli 
								olduğunu söyləyən rektor türk xalqının böyük 
								oğlu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər 
								Əliyevin xalqlarımız və ölkələrimizin 
								qardaşlıqları barədə dedikləri kəlamları 
								xatırlatdı. Azərbaycan Prezidenti İlham Əliyevin 
								"Bir millətin iki diasporu ola bilməz" ifadəsi 
								ilə iki qardaş xalqın birlik və həmrəyliyinə 
								necə böyük qiymət verdiyini diqqətə çatdırdı. 
								
								
								A.Saniç universitetin müəllim və tələbələrini 
								həm də qarşıdan gələn Yeni il münasibətilə 
								təbrik etdi. 
								
								
								Mərasimdə çıxış edən dünya şöhrətli alim, 
								professor Cavad Heyət tələbələri və müəllimləri 
								salamlayaraq  onları görməkdən, onların 
								qarşısında çıxış etməkdən məmnun qaldığını 
								bildirdi, bunu məhz son illər getdikcə daha da 
								möhkəmlənən birlik və həmrəyliyin nəticəsi kimi 
								dəyərləndirdi. 
								
								
								31 dekabrı həmrəyliyin simvolu saydığını deyən 
								böyük alim təkcə həmin tarixin deyil, hər günün 
								həmrəylik günü olmasını arzuladı. Dəvətə görə 
								universitetin rəhbərliyinə təşəkkürünü bildirən 
								cərrah və türkoloq alim tələbələri və 
								müəllimləri bayram münasibətilə təbrik etdi. 
								
								
								Tədbirdə Cavad Heyətə universitetin plaketi 
								təqdim olundu. Görkəmli təbib kitablarını 
								universitetə hədiyyə etdi. 
								
								
								Bayram tədbiri istedadlı tələbələrin ifasında 
								bədii proqramla davam etdirildi. 
								
								
								*** 
								
								
								Bakıdakı 46 nömrəli orta məktəbin akt zalında 31 
								dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü münasibəti ilə tədbir keçirildi. 
								
								
								Tədbir şagirdlərin ifasında Dövlət himninin 
								səslənməsilə başlandı. Məktəbin direktoru Sevinc 
								Budaqova çıxış edərək  təhsil ocağının IV-V 
								sinif şagirdlərinin böyük həvəslə hazırladıqları 
								bu bayram tədbirinin bütün dünyada yaşayan 
								azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında 
								birlik və həmrəylik yaratmaq işində mühüm rol 
								oynayacağını vurğuladı.   
								
								
								Şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər, 
								onların ifasında milli rəqslər, mahnılar tədbir 
								iştirakçıları tərəfindən maraqla qarşılandı. 
								Tədbirin sonunda film nümayiş olundu. 
								Şagirdlərin  "Gəlin, bir bayraq altında 
								birləşək!", "Eşq olsun bir olan Azərbaycana!"  
								çağırışları ilə tədbir başa çatdı.  
								
								
								*** 
								
								
								Bakıdakı 152  nömrəli orta məktəbin akt zalında 
								31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü münasibəti ilə "Gəlin, həmrəy olaq" adlı 
								tədbir keçirildi.  
								
								
								Məktəbin yuxarı sinif şagirdlərinin əllərində  
								üçrəngli bayrağımız səhnəyə gətirildikdən sonra 
								onların ifasında Dövlət himni səsləndi. 
								İştirakçıları salamlayan təhsil ocağının rəhbəri 
								Gülarə Verdiyeva Həmrəylik Günü haqqında geniş 
								məlumat verərək dünyada milyonlarla 
								azərbaycanlıların yaşadığını bildirdi. Qeyd etdi 
								ki,  bütün dünya azərbaycanlıları həmrəylik 
								nümayiş etdirərək bu günü böyük qürur və iftixar 
								hissi ilə qeyd edirlər.  
								
								
								Şagirdlərdən Rauf, Gülöyşə, Minayə, Səkinə, 
								Günel, Amil, Könül, Səmra Həmrəylik Gününə aid 
								söylədikləri mahnılarla, şeirlərlə, 
								göstərdikləri teatr səhnələri ilə tədbiri  
								unudulmaz xatirəyə çevirdilər.  
								
								
								Tədbirin sonunda şagirdlərin hazırladığı 
								Həmrəylik Gününə həsr olunmuş film nümayiş 
								olundu.  
								
								
								*** 
								
								
								Dünya Azərbaycanlılarının  Həmrəylik  Gününə 
								həsr   olunan "Hay ver, eloğlu!" adlı 
								ədəbi-bədii, musiqili kompozisiyanı  Bakıdakı 
								164 nömrəli orta məktəbdə seyr etdik.  Tədbirin 
								təşkilatçısı, şair, puplisist Şəhla Gündüz 
								qonaqları salamlayaraq sözü məktəblilərə verdi.
								 
								
								
								Tədbir  Nərminin, Leylanın, Jalənin, İldırımın, 
								Aytənin ifalarında  türk millətini vəsf edən 
								şeirlərlə başladı. İsveçrədə yaşayan həmyerlimiz 
								Araz Elsəsin  ifaları səsləndi. Nigar və İzel 
								türkün böyuklüyünü, gücünü, əzəmətini, qüdrətini 
								tərənnüm edən şeirlər söyləyib mahnılar  
								oxudular. "Təbrizim" şeiri isə tədbirə bir 
								nisgil və həsrət gətirdi.  "Kimlik"  
								studiyasının xor kollektivi "Qərə qız" və  "Bu 
								mənim ana dilimdir" mahnısını oxudu. Ayxanın, 
								Anarın və Sərxanın  ifasında "Nadir şah" 
								səhnəciyi  nümayiş olundu. Sənan Bayramzadə isə  
								türk  ruhunun simvolu olan sazla "Sudan gələn 
								sürməli qız" xalq mahnısını  məharətlə ifa etdi. 
								
								
								Ədəbii-bədii  kompozisiya "Zaman birlik  
								zamanıdır"  mahnısının sədaları  altında başa 
								çatdı. 
								
								
								*** 
								
								
								Bakıdakı 258 nömrəli orta məktəbdə də həmin gün 
								təntənə ilə qeyd olundu. 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Gününə həsr 
								olunmuş tədbirdə əvvəlcə Azərbaycanın bölgələri 
								ilə tanışlıq oldu. Belə ki, siniflərdə 
								bölgələrimiz  haqqında tədbir iştirakçılarına  
								geniş məlumat verildi.  Tədbir məktəbin akt 
								zalında davam etdi.  
								
								
								Həmrəylik Günü  haqqında tədbir iştirakçılarına 
								məlumat verən məktəbin direktoru Sədaqət 
								Hüseynova sözü gecənin aparıcılarına verdi.  
								Tədbirin aparıcıları bu günün yaranma 
								tarixindən  və dünyada azərbaycanlılar 
								tərəfindən təntənə ilə qeyd olunmasından 
								danışdılar.  
								
								
								Şagirdlərin sevincinə qoşulan Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin nümayəndəsi Rza Ellazov və 
								Qadın Yazarlar Birliyinin sədri Nüşabə Məmmədova 
								belə tədbirlərin təhsil ocaqlarında 
								keçirilməsini müsbət qiymətləndirdilər. 
								 
								
								
								Tədbir şagirdlərin ifasında mahnılarla, 
								söylədikləri şeirlərlə yadda qaldı.   
								
								
								
								"Azərbaycan müəllimi"  |