| 
								 
								
								Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət 
								göstərən Heydər Əliyev lektoriyasında  növbəti, 
								141-ci məşğələ keçirilmişdir. "Heydər Əliyev və 
								dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda 
								məşğələni giriş sözü ilə açan rektor, akademik 
								İsa Həbibbəyli  31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								münasibəti ilə kollektivi təbrik etmiş, 
								həmkarlarına möhkəm cansağlığı, uğurlar 
								arzulamışdır. Rektor bu əlamətdar günün tarixi 
								əhəmiyyətindən, Azərbaycan xalqının milli 
								həmrəyliyinin və yekdilliyinin formalaşmasında 
								ümummilli lider Heydər Əliyevin misilsiz 
								xidmətlərindən danışmışdır. Heydər Əliyevin 
								Azərbaycan diasporunun formalaşması uğrunda 
								məqsədyönlü siyasətindən, dünya 
								azərbaycanlılarının qurultaylarının 
								keçirilməsindəki rolundan, bu tarixi missiyanın 
								bu gün Prezident cənab İlham Əliyev tərəfindən 
								də uğurla həyata keçirilməsindən bəhs olunmuş, 
								qeyd edilmişdir ki, dahi öndərin azərbaycançılıq 
								ideologiyası bütün nəsillərin amalına, məramına 
								çevrilməlidir.  
								
								
								Magistratura üzrə dekan, tarix elmləri üzrə 
								fəlsəfə doktoru Elbrus İsayev mövzu üzrə məruzə 
								edərək dünya azərbaycanlılarının vahid lideri 
								Heydər Əliyevin ikinci dəfə siyasi fəaliyyətə 
								başlaması ilə Azərbaycanda milli müstəqillik 
								ideyalarının daha geniş vüsət aldığını 
								bildirmişdir. Tarixçi alim 1989-cu ildə Naxçıvan 
								MR-dən başlayan sərhəd hərəkatı ilə milli birlik 
								uğrunda mübarizənin təməlinin qoyulduğunu, 
								1989-cu ilin dekabrında baş vermiş tarixi 
								hadisələrin məhz ilk dəfə Heydər Əliyev 
								tərəfindən qiymətləndirildiyini, Naxçıvan MR Ali 
								Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 
								31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar 
								imzaladığını xatırlatmışdır. Məruzəçi xaricdə 
								yaşayan həmvətənlərimiz haqqında statistik 
								məlumatlara nəzər salmış, bu gün dünyanın dörd 
								bir qitəsində yaşayan, fəaliyyət göstərən 
								yurddaşlarımızın müstəqil Azərbaycan kimi vahid 
								vətəni və yeganə dayağı olduğunu söyləmiş, 
								Azərbaycan diasporunun milli maraqlarımızın, 
								müstəqilliyimizin müdafiəsi istiqamətində 
								gördüyü işlərdən  iftixarla söz açmışdır. 
								
								
								Məşğələ zamanı universitet televiziyasının 
								efirində magistrant Elnur Kəlbizadənin 
								hazırladığı "Heydər Əliyev və dünya 
								azərbaycanlılarının həmrəyliyi" adlı sənədli 
								film böyük maraqla izlənilmişdir.   
								
								
								
								Mehriban SULTAN  |