| 
								 
								
								Naxçıvan Dövlət Universitetində yeni elektron 
								mühafizə sisteminin və virtual tədris üçün  
								müasir avadanlıqların təqdimatı keçirilmişdir. 
								
								
								Universitetin rektoru, akademik İsa Həbibbəyli 
								son illər bu ali məktəbdə müasir 
								informasiya-kommunikasiya texnologiyalarının 
								tətbiqinin uğurlu bəhrələrindən danışmışdır. 
								Qeyd olunmuşdur ki, 110 hektarlıq universitet 
								ərazisini əhatə edən Wi fi  kampus İnternet 
								şəbəkə sistemi virtual əməkdaşlıq üçün geniş 
								imkanlar açmışdır. Ənənəvi "Elektron Naxçıvan" 
								proqramı, çoxsaylı videokonfranslar, 
								universitetin dünyanın elm, təhsil sisteminə 
								inteqrasiyası, inkişafı istiqamətində atılan 
								mühüm addımlardır.  
								
								
								İnformasiya-kommunikasiya texnologiyaları 
								şöbəsinin müdiri Xaliq Babayev yeni elektron 
								mühafizə sistemi və "polyjom HDX 8000" markalı 
								İnternet konfrans kamerası haqqında ətraflı 
								məlumat vermişdir. Bildirilmişdir ki, server 
								otağından mərkəzləşdirilmiş şəkildə idarə 
								olunan, bütün tədris korpuslarında quraşdırılmış 
								kameralardan ibarət mühafizə sistemi 
								təhlükəsizliyin təminatı və nizam-intizamın daha 
								da möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.
								 
								
								
								İnternet konfrans kamerası isə virtual dərslərin 
								təşkilində istifadə olunacaq ən müasir 
								texnologiyadır. 4 mbt. sürəti olan kamera 
								vasitəsilə eyni zamanda 4 məkanla bağlantı 
								qurmaq mümkündür. Yüksək audiovizual keyfiyyəti 
								və yaddaş tutumu olan kameranın 9 m. məsafədən 
								səs qeydə almaq, telefona qoşulmaq, qarşı 
								tərəfdən də idarə olunmaq imkanları var.   
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri  |