| 
								 
								
								 Bakıdakı 
								29 nömrəli orta məktəbdə 2010-cu il "Ekologiya 
								ili"nə həsr  olunmuş  "açıq dərs" keçirildi.
								 
								
								
								Öncə Dövlət himni səsləndirildi. Sonra məktəbin 
								direktoru Ələddin Əliyev çıxış edərək bildirdi 
								ki, əsası  ümummilli liderimiz Heydər Əliyev 
								tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişaf 
								strategiyasını bu gün Prezident İlham Əliyev 
								uğurla davam etdirir. Məhz bu diqqət və qayğının 
								nəticəsidir ki, dövlət başçımızın sərəncamı ilə 
								ölkəmizdə 2010-cu il "Ekologiya ili"  elan 
								edilmişdir. Məktəbin pedaqoji kollektivi də 
								xeyli iş  görüb. Tədbiri keçirməkdə məqsədimiz 
								bu görülən işlərin davamı olaraq   məktəbin üç 
								fənn müəlliminin komandalar şəklində keçdikləri 
								"açıq dərs"i  dinləməkdir.   
								
								
								Sonra biologiya müəllimi Məhəbbət Tağıyeva, 
								coğrafiya müəllimi İmamət Əhmədova və kimya 
								müəllimi Fazilə Məmmədova keçdikləri "açıq dərs" 
								barədə qonaqlara məlumat verdilər. Şagirdlər 3 
								fənn üzrə ayrı-ayrı  komandalar şəklində öz 
								yerlərində oturdular  və hər komandaya aid  
								suallar paylandı. 
								
								
								Nəhayət,  fənlər üzrə ayrı-ayrı komandaların 
								cavabları dinlənildikdən sonra coğrafiya I, 
								biologiya II və kimya komandası isə III yeri 
								tutdular. 
								
								
								Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri 
								fərmanla təltif olundu.  
								
								
								"Açıq dərs"də  iştirak edən Xətai Rayon İcra 
								Hakimiyyəti başçısının müavini Xeyrulla 
								Hüseynli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								əməkdaşları Böyükağa Əhmədov, Nigar Şərifova, 
								BDU-nun professoru Allahverdi Doluanov, dosent 
								Telman Xəlilov, Azərbaycan Dövlət Neft 
								Şirkətinin nümayəndələri Ceyhun Şıxəliyev və 
								Mikayıl  Cabbarov hər üç fənn müəlliminin "açıq 
								dərs"indən razı qaldılar. 
								
								
								Qonaqlar  bildirdilər  ki, ekologiya mövzusunda 
								aparılan "açıq dərs"lər  gənc  nəslin sağlam və 
								hərtərəfli inkişafına zəmin yaradır və tərbiyəvi 
								təsirə  malikdir. Bütün təhsil ocaqlarında  bu 
								cür tədbirlərin keçirilməsi məqsədəuyğun hesab 
								edildi.  
								
								
								
								Şakir CƏFƏROV  |