| 
								 
								
								Bakıdakı 5 nömrəli orta məktəb ölkəmizdə gedən 
								təhsil islahatının yeniləşmə prosesindən kənarda 
								qalmayıb. 700  şagird üçün  nəzərdə tutulan 
								məktəbin əsası  1970 -ci ildə  qoyulub. 
								Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin 
								olunub. Onlardan  1 nəfər əməkdar müəllim, 2 
								nəfər 2008-2009-cu dərs ilində "Ən yaxşı 
								müəllim" adına layiq görülüb. 2009-2010-cu dərs 
								ilində  rəhbərlik etdiyim təhsil ocağı "Ən yaxşı 
								ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.
								 
								
								
								 Bu 
								gün məktəbin  fəaliyyət planı və idarə olunması 
								demokratik prinsiplər əsasında qurulur. 
								Məktəbin  metodiki şurası ayrı-ayrılıqda təqvim 
								planlarının qurulmasında, Milli Kurikulumun, 
								İKT-nin dərslərdə tətbiqində, müəllimlərin 
								innovasiya fəaliyyətinin artırılmasında və 
								fənlər üzrə monitorinqlərin aparılmasında mühüm 
								rol oynayır. Məktəbimizdə bütün pedaqoji şura və 
								valideyn iclasları müasir texnologiyalar 
								vasitəsi ilə  həyata keçirilir. Pedaqoji 
								şuralarda təhsillə bağlı bir sıra məsələlərin 
								müzakirəsi ilə yanaşı, qabaqcıl müəllimlərin iş 
								təcrübəsinin yayılması da ənənə halını alıb. 
								
								
								Hazırda 5 nömrəli orta məktəbdə şagirdlərin 
								vətənpərvərlik ruhunda tərbiyə olunması və 
								Azərbaycan dövləti üçün hərtərəfli inkişaf etmiş 
								şəxsiyyət kimi formalaşdırılması istiqamətində 
								ciddi addımlar atılır. Bu məqsədlə təhsil 
								ocağında özündə milli və vətənpərvərliyimizi  
								əks etdirən müxtəlif  sərgilərin keçirilməsinə 
								geniş yer verilir. Məktəbin "Cəsurlar" və 
								"Şahin" hərbi idman komandası Bakı zona 
								turnirində müxtəlif nominasiyalar üzrə qalib 
								yerləri tutub. 
								
								
								Qəbul imtahanlarında 500-700 arasında bal 
								toplayan şagirdlərin göstəriciləri 
								ürəkaçandır.Məktəb rəhbərliyi şagirdlərin 
								buraxılış imtahanlarına hazırlıq mərhələsini də 
								diqqət mərkəzində saxlayır, fənlər üzrə 
								monitorinq və qiymətləndirmə aparır, nəticələr 
								təhlil edilərək nöqsanların aradan qaldırılması 
								sahəsində geniş işlər görülür. 
								
								
								Təhsil islahatının vacib tərkib  hissələrindən 
								biri də  valideynlərin məktəb həyatında  rolunu 
								artırmaqdır. Bununla əlaqədar valideynlərin rəy 
								və təkliflərini qəbul edib operativ həll etmək 
								üçün elektron poçtumuz və İnternetdə veb-sayt 
								səhifəmiz fəaliyyət göstərir. 
								
								
								2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə 
								əlaqədar cari dərs ilində pedaqoji kollektivimiz 
								valideynlər və ictimaiyyətin birgə nümayəndələri 
								ilə yaşıllaşdıma kampaniyası həyata keçirmiş və 
								məktəbyanı sahədə 300-ə yaxın şam ağacı 
								əkilmişdir. 
								
								
								Qarşıdan Yeni il gəlir,  arzularımız 
								tükənməzdir. Mən rəhbərlik  etdiyim pedaqoji 
								kollektiv adından bütün təhsil işçilərini Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								münasibətilə  təbrik edirəm. Arzu edirəm ki, 
								2011-ci il xalqımız üçün daha uğurlu il  olsun!  
								  
								
								
								
								Nərminə GÜNDÜZLÜ,  
								Bakıdakı 5 nömrəli orta məktəbin direktoru   |