| 
								 
								
								Bakıdakı 8 nömrəli orta  ümumtəhsil məktəbində 
								"Ekologiya ili"nə həsr olunmuş tədbir  
								keçirildi. Tədbirin təşkilatçısı  ibtidai sinif 
								müəllimi  Mina Hüseynzadə iştirakçıları  
								salamlayaraq onlara ölkə  Prezidenti İlham 
								Əliyevin sərəncamı ilə elan olunan  "Ekologiya 
								ili"nin əhəmiyyəti barədə  geniş məlumat  verdi. 
								
								
								...Səhnədə yaradılan Şirvanşahlar Sarayı 
								kompleksinin təsviri iştirakçılarda xoş ovqat 
								yaratdı.  Sonra  üçüncülərin  "Gəlin, təbiəti 
								qoruyaq" mövzusuna həsr etdikləri ədəbi-bədii 
								kompozisiya  nümayiş olundu. Şagirdlərin 
								ifasında  Xəzər dənizi ətrafında yaşayan 
								türkdilli xalqların  mədəniyyəti, incəsənəti, 
								tarixi, təbii sərvətləri xatırlandı, tamaşalar, 
								səhnəciklər  göstərildi,  mahnılar səsləndi və 
								təbiətin gözəlliklərindən  söz açıldı. 
								 
								
								
								Müxtəlif məqamlarda səslənən  muğam parçaları və 
								ifa olunan "Lalələr" rəqsi kompozisiyanı daha da 
								rövnəqləndirdi. Sonda direktor Aytən Baxşıyeva  
								kompozisiyanın hazırlanmasında əməyi olan 
								ibtidai sinif müəllimi Mina Hüseynzadəyə öz 
								təşəkkürünü bildirdi. Qeyd etdi ki, təhsil 
								ocağında  şagirdlərdə təbiətə məhəbbət hissləri 
								aşılayan  tədbirlərin bundan sonra keçirilməsi  
								ənənəyə çevriləcək. 
								
								
								  
								
								
								*** 
								
								
								Bakıdakı 38 nömrəli  orta məktəbdə  isə  
								"Ekologiya məktəblilərin  gözü ilə" mövzusuna 
								həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbir  
								başlamazdan  öncə  foyedə təşkil olunan  sərgi 
								iştirakçıları məmnun etdi.  Məktəbin  VII sinif 
								şagirdi Münəvvər  Kərimovanın  ilmələrlə 
								toxuduğu  "Çin  səddi" rəsmi   maraq doğurdu.
								 
								
								
								Sonra  kimya elmləri namizədi,  Beynəlxalq 
								ekologiya cəmiyyətinin Azərbaycan üzrə 
								inspektoru Aydın  Əhmədzadə "Ekologiya nədir?" 
								mövzusunda geniş məruzə etdi, şagirdlərə ekoloji 
								biliklərə yiyələnməyin vacibliyini vurğuladı. 
								Şagirdlərdən Vəfa, Fidan, İlahə, Ləman,  
								Sürəyya, Nəzrin, Elminə ekologiya ilə bağlı 
								fikir  mübadiləsinə qoşuldular. Gündüz Abbasov 
								və Yusif İbrahimov "Ekoloji pozuntular"ın acı 
								nəticələrindən bəhs edən slaydları nümayiş 
								etdirdilər. 
								
								
								Məktəbin direktoru Yaşar Əliyev tədris ocağının  
								ərazisində  şagirdlərin yaxın köməkliyi  ilə  
								müxtəlif ağac növlərinin və gül kollarının  
								əkilib və becərildiyini bildirdi. 
								
								
								Beynəlxalq Avrasiya Mətbuat  Fondunun  əməkdaşı  
								Cəmilə Şahverdiyeva, direktor müavini Gülnarə 
								Vəliyeva, müəllimlər - Kəmalə Məhərrəmova, 
								Balaxanım  Cavadova, Ülfət Abbasova, Lalə 
								İsmayılova və Zenfira Qafarova  diskussiya 
								şəraitində keçən "dəyirmi masa"da  fəal iştirak 
								etdilər.   
								
								
								
								Sifai SƏFƏROVA  |